Haqqımızda
Baş redaktor Könül MƏMMƏDOVA
Tərəqqi medallı
"Ziya"nın başladığı işıqlı yol
Azərbaycanın ilk mətbu orqanı olan "Əkinçi" qəzeti Azərbaycanın ictimai fikir tarixində rolu bu gün də böyük minnətdarlıqla qeyd olunur. .
Maarifçilik mövzusu qəzetin ən çox müraciət etdiyi sahə idi. Təsadüfi deyil ki, "Əkinçi" deyəndə, biz ən çox onun maarifçilik missiyasını qabardırıq və qeyd edirik ki, qəzet daha çox maarifçilik işi üçün həyata atılmışdı
Qəzet dünyada baş verən problem xarakterli xəbərlərdən də bolluca istifadə etmişdir. İstifadə olunan xəbərlər fakta söykənirdi. Xəbərlərin coğrafiyası da olduqca genişdir, dünyanın çox ölkələrini əhatə edir.
Seyid Əzim Şirvani "Qəzet nədir?" şeirində bu barədə yazırdı:
"Xassə ol kim, "Əkinçi"yi-dana,
Əhli-islamı eyləyib ehya
Gah Peterburqdan olur guya,
Gah olur Hindi-Şərqdən peyda.
Gah Dünyadan qəzet verir xəbəri,
Gah Parisdən gəlir onun əsəri.
Kəşf edir karxanədən səməri,
Söyləyir hər kraldan xəbəri".
Qəzetin müxbirləri arasında Şamaxı ziyalıları da çox olmuşdur. Onlar bu qəzetdə yazıları, oçerk və şeirləri ilə çıxış etmişlər. Xalqın mədəni tərəqqisinə kömək edən "Əkinçi"nin bağlanma təhlükəsini olduğunu hiss edən S.Ə.Şirvani ilk dəfə öz etiras səsinin ucaltmaqla yanaşı, bütün ziyalıları bu işə köməkə çağırmışdı:
Bəs "Əkinçi" cəlalımızdı bizim,
Hacehu-xoş məqamımızdı bizim .
Sə‘y edin, eyguruhi- niksifət,
Etməsin ma bizim "Əkinçi".
Azərbaycanın ilk milli mətbuat orqanı olan "Əkinçi" bağlandıqdan sonra anadilli qəzetlərin çapı gündəmə gəldi və bu yöndə ilk cəhdi Bakı gimnaziyasının şəriət müəllimi Mirzə Məhəmməd bəy etdi. Mirzə Məhəmməd bəyin "Cam hacannüma və ayişeyi bədənnüma" adlı qəzet nəşr etmək istəyi baş tutmadı. Milli mətbuatdakı boşluğu "Əkinçi"nin bağlanmasından iki il sonra Səid Ünsizadə "Ziya" qəzeti ilə aradan qaldırdı. XIX əsrin sonu Azərbaycan milli mətbuatı tarixinə Həsən bəy Zərdabinin "Əkinçi"sindən sonra "Ziya" qəzeti öz möhürünü vurdu. Azərbaycanda mətbuatın formalaşmasında, mətbəəçilik işinin dövrün tələblərinə uyğun qurulmasında böyük xidmətlər göstərmiş və nəşr etdikləri mətbuat nümunələri ilə jurnalistikamıza xidmət etmiş Cəlal, Səid, Hamid Ünsizadə qardaşlarının həyat və fəaliyyətləri, şəxsiyyətləri maraq doğurur. Mətbuat fədailəri olan bu qardaşların atalarının adı Şamaxı hakimi Cəfərqulu xanın şeirlərinin birində çəkilir, alim bir şəxs kimi təqdim olunur. Əldə olunan materiallardan bəlli olur ki, Əbdürrəhman əfəndi "Ünsi" təxəllüsü ilə şeirlər yazmış, yaşadığı Şamaxı və ətraf bölgələrdə tanınmışdır.
Ünsizadə qardaşlarının Tiflisdə nəşr etdirdikləri "Ziyayi-Qafqaziyyə" qəzetinin 6 nömrəsi 1883-cü ildə Şamaxıda çap olunmuşdur. Əslində Şamaxı mətbuatının tarixi də elə bu tarixdən hesablanmalıdır.
1925-ci ildə Şamaxıda "Yeni Şirvan" adlı qəzet də çap olunmuşdur. Ümumən götürsək, Şamaxı mətbuatı fasiləsiz olaraq 1932-ci ildən çıxmağa başlayıb. Digər şəhər və rayon qəzetləri müxtəlif maliyyə çətinliyi ucbatından çapını dayandırsa da, şamaxılılar öz qəzetlərini- "Yeni Şirvanı"ı həmişə yaşatmışlar. Respublika Dövlət Nəşrkomu 1978-ci ildə qəzetin rus dilində də ("Novıy Şirvan") nəşr olunmasına icazə vermişdir.
Qəzetin ilk redaktoru Səməd Əliyev olmuş və qəzetin əhali arasında yayılması işində müstəsna rol oynamışdır. Çox təəssüf olsun ki, Şamaxıda arxiv yandığı üçün 1932-ci ildən bu günümüzə qədər qəzetdə fəaliyyət göstərmiş işçiləri haqında müffəsər məlumat öyrənmək mümkün deyil. Yaşlı Şamaxı ziyalılarının yaddaşında bu adlaq qalıb: İslam Həsənov, Əlihəsən Məlikov, Əkrəm Hüseynov, Kamal Bədəlov, şair Qürbət Əziz müxtəlif illərəd qəzetin baş redaktoru olublar. Eyni zamanda, Əşrəf Şükürov, Fəxrəddin Orxan, eləcə də qəzetin əməkdaşları şair İskəndər Etibar, Tahir Tayisoğlu, Zahid Sarıtorpaq qəzetin fəaliyyətində böyük əmək sərf ediblər.
Dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir, qalanlara isə cansağlığı arzulayırıq.
"Yeni Şirvan" qəzetinin həyatında qadın jurnalistlərin də əvəzsiz rolu olub. Züleyxa Allahyarlı, Nazilə Əsədova, Tahirə İsrəfilova və başqalarının adı indi də rayon ictimaiyyəti tərəfindən hörmətlə yad edilir.