booked.net

21 Noyabr – Yeni Azərbaycan Partiyasının yaradılması günüdür


21 Noyabr – Azərbaycan Respublikasının müstəqilliyinin qoruyub-saxlanılmasında, xarici və daxili siyasətdə dayanıqlı dövlət kimi formalaşmasında, davamlı inkişaf edərək güclü dövlətə çevrilməsində və müasir ordu yaradaraq ərazi bütövlütünün bərpa edilməsində müstəsna xidmətləri olan Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması günüdür.
Yeni Azərbaycan Partiyası “91”lərin müraciəti əsasında 1992-ci il noyabrın 21-də Naxçıvanda Ümummilli lider Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransı ilə yaradılmış, 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınmışdır. YAP Azərbaycan Respublikasının Konstitusiyası və Qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır. 1992-ci il noyabrın 21-də Ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu. Müxalifət partiyası kimi yaranan YAP 1993-cü ildə partiyanın sədri, Ümummilli lider Heydər Əliyevin prezident seçilməsi və 1995-ci ildə keçirilən parlament seçkilərində qalib gəlməklə Azərbaycanda iqtidar partiyasına çevrildi. Yeni Azərbaycan Partiyasının sədri 1992-2003-cü illərdə Ulu Öndər Heydər Əliyev olub. 2005-ci ildən isə YAP-ın sədri Prezident cənab İlham Əliyevdir. Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur. Məhz Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır.
1992-ci il noyabrın 21-də YAP-ın təsis konfransının keçirilməsi təsadüfi hadisə deyildi, bu, xalqın istəyi ilə yaradılan bir siyasi aksiya idi. Naxçıvanda keçirilən YAP-ın təsis konfransında Ümummilli lider Heydər Əliyev yekdilliklə yeni yaradılan partiyanın Sədri seçildi. Qısa zaman kəsiyində, YAP siyasi hakimiyyətə gəldi. Bunun əsas qayəsi inam və etibar idi. YAP öz yaranışı ilə Azərbaycanın ictimai-siyasi fikir, siyasi fəaliyyət və mübarizələr tarixinə yeni bir keyfiyyət gətirdi. Qarşıda ölkəni çətin və böhran vəziyyətindən çıxarmaq kimi ciddi məqsəd var idi. 1993-cü il iyunun 15-də Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Ümummilli lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycanın siyasi hakimiyyətinə gəlməsəydi, indi nə Azərbaycandan, nə də ölkəmizdəki bugünki əmin-amanlıqdan və inkişafdan danışmaq olmazdı.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı və qətiyyətli addımları nəticəsində, çox keçmədi ki, ölkə böhran vəziyyətindən çıxarıldı. Bütün sahələrin inkişafına xüsusi diqqət yetirildi. Xalqın sabahına hesablanmış mütərəqqi siyasət həyata keçirildi. Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında və beynəlxalq əlaqələrdə dönüş yarandı. Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Ümummilli Liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəsin elan olunmasına, "Əsrin müqaviləsi"nin imzalanmasına, 1995-ci ildə Konstitusiyasının qəbul edilməsinə, Şərqlə Qərbi birləşdirən Qədim İpək Yolunun bərpa edilməsinə və digər mühüm əhəmiyyətli işlərin həyata keçirilməsinə nail olundu. Ümummilli lider Heydər Əliyev "Müstəqilliyin qoruması onu əldə etməkdən qat-qat çətindir" məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Böyük Şəxsiyyət Heydər Əliyevin siyasi kursu nəticəsində, Azərbaycanın dünyaya inteqrasiya olunmasına töhfələrini verdi. Dahi Liderin düşünülmüş və müdrik siyasəti nəticəsində, qısa zamanda, Azərbaycan iqtisadiyyatı inkişaf etdi. Bununla da, Azərbaycanın iqtisadi tərəqqisi başlanmış oldu. YAP Aərbaycan dövlətçiliyinin, onun müstəqilliyinin, bu gününün və sabahının qarantına çevrildi. Xalqın düzgün seçimi yeni və qüdrətli Azərbaycanın yaranması ilə nəticələndi.
YAP Azərbaycanın tarixində bu qədər insanı öz sıralarında birləşdirən yeganə siyasi partiyadır. Partiyanın sıralarında bu qədər insanın cəmləşməsi tarixi bir nailiyyətdir. Bu, sadəcə statistika deyil, eyni zamanda siyasi güc, həmrəylik deməkdir. Bu, Ümummilli lider Heydər Əliyevin yaratdığı partiyaya və onun istinad etdiyi prinsip və dəyərlərə, partiyanın Sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın göstəricidir. Ulu öndər Heydər Əliyev 2003-cü ildə Azərbaycan xalqına tarixi müraciətində “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” - deməklə yanılmayıb.
YAP-da xalqımızın siyasi cəhətdən ən fəal və yüksək potensiala malik intellektual insanları bir araya gəlib. YAP ölkəmizdəki siyasi proseslərin önündə gedərək bir çox məsələlərlə bağlı mövqeyini nümayiş etdirir. Bütün bunlar cəmiyyətimiz üçün böyük əhəmiyyət daşıyır. 2021-ci il mart ayının 5-də  YAP-ın VII qurultayının keçirilməsi partiyanın inkişafında yeni tarixi mərhələ olub. Prezident cənab İlham Əliyev YAP-ın VII qurultayında çıxışında deyib: “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq”.
Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi islahatlar strategiyasının tərkib hissəsi kimi böyük ictimai-siyasi əhəmiyyətə malikdir. VII qurultay istər partiyanın, istərsə də ictimai-siyasi münasibətlər sistemimizin tarixində mühüm bir hadisə kimi yadda qaldı. Nəzərə almaq lazımdır ki, YAP-ın 2018-ci ildə keçirilmiş VI qurultayından ötən  vaxtda ölkəmiz üçün əlamətdar və mühüm tarixi hadisələr baş verib. Ölkədə parlament və prezident seçkiləri keçirilib, cəmiyyət həyatının müxtəlif sahələrində ciddi dəyişikliklər olub, yeni siyasi konfiqurasiya yaranıb, Azərbaycan ərazi bütövlüyünü bərpa edib.  YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. Hazırda YAP-ın 720 830 üzvü var.
Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası  Prezident cənab İlham Əliyevin təbiri ilə desək, “mütərəqqi fikirli insanlar -  indi YAP-ın ətrafında birləşən siyasi elita yüksək səriştəlilik, qabiliyyət və peşəkarlıqla əhatə olunmuşdur”. Strateji funksiyanın uğurla reallaşması yalnız elitanın keyfiyyətli kadr tərkibi,  həmçinin cəmiyyətdə qərarlaşan ictimai rəyin vəziyyəti və onun qəbul edilən siyasi qərarda əks etdirilməsi ilə müəyyən olunur. Ölkəmizin  getdikcə mədəni, intellektual, gedişli- gəlişli meydana çevrilməsində, beynəlxaq, diplomatik əlaqələrimizin genişlənməsində,“iqtidar- xalq” modelinin real gercəkliyində  Birinci vitse- prezidentin,Yeni Azərbaycan Partiyası Sədrinin Birinci müavini  Mehriban xanım Əliyevanın böyük əməyi vardır. Pariyamıza savadli, bilikli gənclərin axını, tərəqqi, inkişaf mərhələsinin yeni dalğaları Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyətinin   bəhrəsidir. YAP-da siyasi elitanın formalaşmasında siyasi toplumun məfkurəsindəki novatorluq həm də Mehriban xanım Əliyevanın fəaliyyəti ilə səciyələndirilir.
Siyasi elitanın fəaliyyəti ilə bağlı olan funksiyalardan digəri kommunikativ əlaqələndirici funksiyadır,- yəni xalqın bütün təbəqələri ilə daim təmasda, əlaqədə olmaq işidir. Bu funksiya siyasi proqramlarda əhalinin müxtəlif sosial qrupları və təbəqələrinin mənafe və tələbatının əks etdirilməsini və bunların praktiki fəaliyyətdə reallaşmasını nəzərdə tutur. Kommunikativ funksiya özündə müxtəlif sosial birliklərin əhval- ruhiyyəsinin xüsusiyyətlərini üzə çıxarmağı, ən mühüm müxtəlif  məsələlərə dair  ictimai rəydə baş verən dəyişikliklərə dərhal və düzgün münasibət bildirməyi səciyyələndirir. Bu funksiya eləcə də sosial məqsədlərin, ideya və dəyərlərin müdafiə olunmasını nəzərdə tutur.
Azərbaycan dövlətinin bütün sahələrdə əldə etdiyi uğurlar YAP-ın yeni proqramının hazırlanmasını şərtləndirən mühüm faktorlardır. Prezident cənab İlham Əliyevin çıxışlarından irəli gələn vəzifələri rəhbər tutaraq və ölkəmizin davamlı inkişafı, Azərbaycanın xarici siyasət sahəsində strateji maraqları, dördüncü sənaye inqilabının ictimai həyata göstərdiyi təsirləri və 44 günlük Vətən müharibəsində şanlı qələbənin yaratdığı reallıqları nəzərə alaraq, YAP-ın “Biz birlikdə güclüyük!” devizi altında yeni proqramı işlənib hazırlanıb və partiyanın İdarə Heyətinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilib.
Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin məqsəd və vəzifələri eyni zamanda onun Sədri olduğu partiyanın məqsəd və vəzifələri deməkdir. Buna görə də Prezident cənab İlham Əliyevin təsdiq etdiyi, cəmiyyətin müxtəlif sahələrinin inkişafını nəzərdə tutan milli prioritetlər, dövlət proqramları, konsepsiyalar, İnkişaf strategiyaları və fəaliyyət planlarındakı müddəalar partiyanın proqramında öz əksini tapır. Partiyanın yeni proqramı beş fəsildən - “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” ibarətdir. Hər bir fəsil sosial-iqtisadi, siyasi, mənəvi-mədəni, ordu quruculuğu, xarici siyasət, vətəndaş cəmiyyəti və s. sahələri əhatə edən bölmələrə ayrılır. Hər bir bölmədə partiyanın qarşısında dayanan hədəflər və vəzifələr göstərilir.
Proqramda Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət müəyyən olunub: Ümummilli lider Heydər Əliyevin yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət və demokratik ənənələrin inkişafı. Bundan əlavə, YAP-ın yerli təşkilatları da yenidən formalaşdırılıb.
Partiyadaxili münasibətləri xarakterizə edən əsas meyarlar-peşəkarlıq, işgüzar münasibətlər,şəxsi inkişaf,sağlam rəqabət, etik davranış və milli dəyərlər, innovativ inkişaf və kreativli,elmlilik və müasirlikdir.
Partiyanın proqramında demokratik ənənələrə əsas dəyərlərdən biri kimi baxılır, eyni zamanda göstərilir ki, “YAP dövlətin idarə olunmasında və partiyadaxili fəaliyyətin təşkilində demokratik prinsipləri əsas götürür, siyasətdə açıq və peşəkar münasibətlərin tərəfdarı kimi çıxış edir”. YAP hüquqi dövlətin və vətəndaş cəmiyyətinin inkişafı üçün demokratik dəyərlərə böyük əhəmiyyət verir. Partiya hesab edir ki, demokratik siyasi münasibətlər dövlətin tərəqqisini şərtləndirən vacib amillərdəndir. Azərbaycanda aparılan genişmiqyaslı islahatlar dövlət idarəçiliyinin və siyasi sistemin təkmilləşməsində, iqtisadiyyatın inkişafında, əhalinin sosial müdafiəsinin gücləndirilməsində, xalqımızın milli-mədəni irsinin və dəyərlərinin qorunmasında böyük əhəmiyyət kəsb edir. Bu islahatlar Azərbaycanın gələcək inkişafında yeni uğurların bünövrəsini qoyur.
YAP-ın proqramında partiyadaxili münasibətlərin və partiya fəaliyyətinin əsasları dəqiq şəkildə müəyyənləşdirilir, onların peşəkarlıq, işgüzar münasibətlər, şəxsi inkişaf, sağlam rəqabət, etik davranış və milli dəyərlər, innovativ inkişaf və kreativlik, elmilik və müasirlik kimi meyarlara söykəndiyi göstərilir. Qeyd olunur ki, Azərbaycan xalqının maraqlarına cavab verən və mütərəqqi xarakter daşıyan müasir dəyərlərdən bəhrələnmək YAP-ın fəaliyyətinin əsaslarından biridir. Partiya digər siyasi təşkilatlarla və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın demokratik prinsiplər əsasında möhkəmlənməsinə üstünlük verir.
YAP-ın yeni proqramında “Ulu öndər Heydər Əliyev irsinin təbliği və təşviqi”, “Güclü iqtisadiyyat və davamlı inkişaf”, “İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı”, “Şəffaflığın artırılması”, “Vətəndaş cəmiyyətinin inkişafı”, “Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi”, “Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması”, “Vətəndaş həmrəyliyinin təminatı”, “Milli maraqlar və xarici siyasət”, “Ordu quruculuğu” və “İşğaldan azad olunmuş ərazilərə Böyük qayıdış”la bağlı hədəflər və onlara nail olmaq üçün vəzifələr göstərilmişdir.
Proqramda Azərbaycanı tərəqqiyə aparan Ümummilli lider Heydər Əliyev irsinin indiki və gələcək nəsillər üçün zəngin xəzinə, Vətənə, xalqa və dövlətə xidmət nümunəsi olduğu bildirilir. Xüsusilə gənc nəslin dövlətçilik və vətənpərvərlik ruhunda formalaşmasında Ulu Öndərin irsinin təbliğinin vacibliyi göstərilir. Ulu öndər Heydər Əliyevin hələ sovetlər dönəmində respublikaya rəhbərlik etdiyi dövrdə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən böyük uzaqgörənliklə Azərbaycanın gələcəkdə müstəqil dövlət kimi yaşamasını təmin edəcək sosial-iqtisadi və milli-mənəvi bünövrə yaratdığı vurğulanır.
Proqramda ictimai-siyasi, sosial-iqtisadi və mənəvi-mədəni sferalarda, idarəetmə münasibətlərində və xarici siyasətdə hədəflər müəyyən edilərkən bu sahələrdə əldə olunmuş nailiyyətlər əsas götürülür. Güclü iqtisadiyyat və davamlı inkişaf naminə hədəflərin sırasına makroiqtisadi sabitlik və yüksək iqtisadi artım, uğurlu neft strategiyası, qeyri-neft sektorunun inkişafı, daxili və xarici təsirlərə dayanıqlıq, rəqəmsal inkişaf və nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, ətraf mühitin, ekoloji tarazlığın qorunması və s. daxil edilmişdir.
Əhalinin sosial müdafiəsinin təmin olunması və insan kapitalının inkişaf etdirilməsi Prezident cənab İlham Əliyevin apardığı siyasətin prioritet istiqamətlərindəndir. Bu sahədə görülən işlərin nəticəsində Azərbaycanda xeyli sayda yeni iş yerləri açılır, əməkhaqları, pensiyalar və digər sosial ödənişlər artırılır, işsizlik və yoxsulluq səviyyəsi ildən-ilə azaldılır. Əhalinin gəlirlərinin artırılması istiqamətində atılan addımlar, o cümlədən əməkhaqlarının, pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin məbləğlərinin layiqli səviyyəsinə nail olunması, əmək siyasəti və əməyin ödənilməsi sahəsində islahatların həyata keçirilməsi inklüziv cəmiyyətin, ədalətli sosial təminatın və insan kapitalının inkişafına böyük stimul verir. Bu uğurlardan çıxış edən YAP hamı üçün layiqli həyat səviyyəsinin təmin olunmasını əsas hədəflərindən biri hesab edir. İnklüziv cəmiyyətin inkişafı və yüksək sosial rifahın təmin olunması, paytaxt və regionların tarazlı inkişafı, XXI əsrin tələblərinə uyğun elm və təhsil, əhalinin sağlamlığının təmin olunması və yüksəkkeyfiyyətli səhiyyə, gender bərabərliyi və ailə institutunun inkişafı, gənclərin potensialının gücləndirilməsi və yaşlıların təcrübəsindən faydalanması sahəsində konkret vəzifələr müəyyən edilir.
Yeni Azərbaycan Partiyasının  20 ildə qazandığı uğurların təməlində sözlə əməl birliyi dayanır. Dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edən YAP-ın cəmiyyətdə nüfuzunun artmasında, sıralarının genişlənməsində bu amilin rolu inkaredilməzdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin YAP-ın nəinki ölkənin, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olduğunu bildirməsi də deyilənlərin bariz nümunəsidir.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff