Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının təsis edilməsinin 33-cü ildönümü münasibətilə təşkilatda “Yeni Azərbaycan Partiyasının yaranması siyasi zərurətdən irəli gəlib” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə partiya fəalları, ictimaiyyət nümayəndələri və gənclər geniş tərkibdə iştirak ediblər.
Əvvəlcə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad edib, abidə önünə gül dəstələri qoyublar.
Daha sonra Ulu Öndərin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edənlər – YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Şamaxı Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova, 09 saylı ƏPT sədri Şasəddin Mikayılov və Şamaxı Ağsaqqallar Şurasının üzvü Nəzakət Abdulrazaqova qeyd ediblər ki, Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatında mühüm yer tutur və müasir Azərbaycanın inkişafında əhəmiyyətli rol oynayır.
Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis olunan partiya qısa müddətdə xalqın böyük etimadını qazanaraq aparıcı siyasi qüvvəyə çevrilib. Hazırda isə partiya Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyətini uğurla davam etdirir ölkədə sabitliyin təmin olunmasına, müstəqilliyin möhkəmlənməsinə və vətəndaşların rifahının yüksəldilməsinə töhfə verir.
Sonda bir qrup partiya üzvü fəxri fərman və təşəkkürnamələrlə təltif olunub, yeni üzvlərə isə partiya vəsiqələri təqdim edilib.



















