booked.net

Göylər kəndinin "əli" göydədir...


31 il idi dörd igidindən xəbər yox idi. Amma camaat ümidlərini üzməmişdi. Nə vaxtsa onlardan bir xəbər çıxacağına inanırdı. Lap elə Mələksima nənənin özü- hər qapı açılanda yerində diksinirdi. İçəri daxil olanın kimliyini görməyincə ürəyinin döyüntüsü "nəfəsini dərməzdi". Doğrudur, oğlu Babanın gülümsər çöhrəsi gözlərinin önündən nə vaxt çəkilmişdi ki? Amma neçə illər idi qəlbində rahatlıq tapmayan bir dərdi də vardı... Doğma kənddən şəhid düşənlərin analarına apardığı yeganə "həsəd"in "günahkarı" da elə həmin acısı idi. Şəhid anaların  Baba kimi qəhrəman, nər övladların çoxu Vətən savaşından "Göylər"imizə geri dönüb, bu əziz torpağın qoynuna baş qoya bilmişdilər. O qəhrəmanların analarının üz söykəyib, övladlarını ağıları ilə ovundurub, laylaları ilə əzizləməyə, oxşamağa "yerləri" var. Amma bu kəndin dörd igidindən heç bir xəbər-ətər yoxdur. İgidi itkin düşən ananın dərdini dağ çəkməz, bala. Deyər ki, dağ da yazıqdı o böyüklükdə dərdin altına girməyə.
  
       Bu yerdə xatırlatma: 
Göylər kəndi Birinci və İkinci Qarabağ müharibəsində 14 şəhid verib. Onlardan 4-ü itkin hesab edilir:
      Bayramov Kamil Canbala oğlu (1965-1992) Daşaltıda itkin düşüb.
      Mikayılov Baba Balakişi oğlu (1969-1992) Daşaltıda itkin düşüb.
      Məhyəddinov Veyis Rövşən oğlu (1973-1993) Kəlbəcərin Qamışlı istiqamətində xüsusi tapşırığı yerinə yetirərkən itkin düşüb. 
      Səfərov Sərdar Ələddin oğlu (1973-1994) Murovdağ döyüşlərində itkin düşüb. 

...Nəhayət, Göylər kəndinin üzünə "işıq" düşdü. Birinci Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda könüllü savaşa yollanan qəhrəman döyüşçümüz Baba Balakişi oğlu Mikayılovun nəşinin qalıqları Daşaltı erməni işğalından azad olunandan sonra kənddə azərbaycanlıların basdırıldığı kütləvi məzarlıqda aşkarlandı.

Onu da qeyd edək ki, kütləvi məzarlıqlarda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilən itkin düşənlərin siyahısı açıqlanıb. 15 nəfər itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib. Onların 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir. İndiyədək onlardan ikisi dəfn olunub. 15 nəfərdən 7-si Daşaltı kəndində, 4 nəfəri Kəlbəcərdə, 4-ü Füzuli rayonunda itkin düşənlərdir. 

Sözümüzün bu yerində Şamaxı şəhidlərinin ömür yoluna işıq tutan "Zəfər yolçuları" kitabı bizə bələdçilik edəcək:

"Baba Balakişi oğlu Mikayılov 1969-cu il oktyabr ayının 21-də Şamaxı rayonunun Göylər kəndində anadan olub. Burada 1 saylı tam orta məktəbdə təhsil alıb. 
        ...1991-ci ildən daxil olduğu könüllər batalyonunun tərkibində Şuşa ətrafında bir sıra döyüşlərdə iştirak edir. Amma Daşaltı əməliyyatı bir çox  qeyrətli vətən oğulları kimi Babanın da son döyüşü olur. 27 yanvar 1992-ci il axşam saatlarında könüllülərdən ibarət Azərbaycan ordusunun 3 bölüyü Şuşanın Daşaltı kəndini azad etmək üçün əməliyyata başlasa da, sonluq uğursuz olur. Şəhidlər arasında Baba Mikayılov da da vardı."   
        ...31 ildən sonra Birinci Qarabağ müharibəsi zamanı Şuşanın Daşaltı kəndində itkin düşmüş Baba Mikayılovun meyitinin qalıqları Şamaxı rayonunun Göylər kəndinə gətirilib. Onun cənazəsini Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin müvafiq bölmələrinin hərbi qulluqçuları, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, ailə üzvləri, yaxınları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri qarşılayıblar.
Göylər kəndində şəhidin dəfn mərasimi keçirilib. Cənazə namazı qılınıb, daha sonra izdiham kənd qəbiristanlığına yollanıb.
Mərasimdə kənd sakinləri, ictimaiyyət nümayəndələri iştirak edib. Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov mərasimdə çıxış edib.
Şamaxı Cümə Məscidinin imamı Mərhəmət Mustafayev cəmi şəhidlərimizin ruhuna dualar oxuyub.
Baba Mikayılov Göylər kəndinin Sarıtəpə qəbiristanlığında dəfn olunub.

...Hamı əmindir ki, şəhidimizin ruhu bundan sonra dinclik tapacaq. Bir də ki... Mələksima ananın gözləri yollardan yığılacaq. Çünki qəhrəman övladını köksünə sıxmaq üçün üz tutacağı müqəddəs yer bəllidir.  


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff