booked.net

Narkomaniya bəşəriyyət üçün təhlükə mənbəyidir


Narkomaniya yalnız narkotik asılılıqdan əziyyət çəkən şəxsin deyil, ümumilikdə cəmiyyətin problemidir. Zərərli vərdiş birbaşa və ya dolayı yolla cəmiyyətin bütün üzvlərinə təsir edir. Narkotiklərdən istifadə insanın sağlamlığında silinməz izlər buraxır və bir çox hallarda proseslər sürətlə geridönüşü olmayan bir məcraya yönələrək ağır nəticələrə səbəb olur, ölümə qədər gətirib çıxarır.
Çox vaxt narkotik qəbul etmək təklifi alan gəncin bu vasitələrin təhlükəliliyi haqqında informasiyaya malik olmaması, onun tərəfindən bu qorxunc və olduqca təhlükəli bəlanın başa düşülməməsi və təhlükəsinin lazımi dərəcədə qiymətləndirilməməsi şəraitində baş verir və bu dəhşətli vasitəyə ömürlük asılılıq yaranır. Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyətin mühüm bir hissəsi bütövlükdə cəmiyyətin, hər bir vətəndaşın, ictimai qurumların, kütləvi informasiya vasitələrinin üzərinə düşür.
Azərbaycan müstəqillik əldə etdikdən sonra bir çox sahələrdə gedən inkişaf və aparılan islahatlar narkomanlığa qarşı mübarizə problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəni zəruri edib.
Narkomaniya ilə mübarizə bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da daima diqqət mərkəzində saxlanılır. Bu problemin həlli istiqamətində ölkənin bütün aidiyyəti strukturları qəbul edilmiş müvafiq Dövlət Proqramlarına uyğun olaraq qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı aparılan təhlillər onu göstərir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə dövlətin siyasətində, yanaşmasında aydın ifadə olunur. Dövlətin siyasəti narkotik vasitələrin qanunsuz dövriyyəsinin aşkara çıxarılması, narkotik vasitənin qeyri-tibbi qəbulunun profilaktikası, narkomanlıq xəstəliyindən əziyyət çəkən şəxslərin müalicəsi və reabilitasiyası istiqamətinə yönəlib və bu dövlət orqanları tərəfindən həyata keçirilən strateji sistemdir.
Problemin həllinə xidmət edən mühüm addımlardan biri maarifləndirmə işinin lazımi səviyyədə qurulmasıdır. Əsas məsələ gənclərin belə zərərli vərdişlərdən uzaq olmasıdır. Bunun üçün təbliğata xidmət edən müxtəlif tərkibli tədbirlərin həyata keçirilməsi önəmlidir.
Azərbaycan dövləti gənclərə diqqət və qayğını həyata keçirdiyi siyasətin əsas tərkib hissəsinə çevirib. Ardıcıl şəkildə qəbul olunan Dövlət proqramları gəncliyin inkişafına, onların potensial imkanlarının genişləndirilməsinə öz müsbət təsirini göstərir. Gənclər arasında idmanın, mədəni-kütləvi tədbirlərin genişləndirilməsində, idmana marağın artırılması naminə inşa olunan idman komplekslərinin tikilməsində də əsas məqsədlərdən biri, məhz sağlamlığın təmin edilməsi, ən əsası insanların belə ağır fəsadlar törədən vərdişlərdən uzaqlaşmasına nail olmaqdır.
BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hesablamalarına əsasən, dünyada narkotik alveri üçüncü ən çox gəlir gətirən sahə hesab olunur. Dünyada milyonlarla, ölkəmizdə minlərlə insan bu bəladan əziyyət çəkir. Narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Narkomaniya digər vərdişlərə görə daha təhlükəlidir: narkodilerlər - narkotikləri satan insanlar həmişə yeni alıcı axtarışında olur. Valideynlər və övladları arasındakı yaxşı münasibət narkotiklərə qarşı mübarizədə böyük rol oynayır. Valideyn hər zaman övladı ilə ünsiyyətdə olmalıdır.
 
Bu dəhşətli bəlaya qarşı ayrı-ayrı dövlət strukturları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə sistemi birgə mübarizə aparmaqla onun yayılmasının və kütləvi xarakter kəsb etməsinin qarşısını ala bilər. Narkomaniyaya qarşı məqsədyönlü mübarizə ümumxalq işinə çevrilməlidir. Unudulmamalıdır ki, narkotik asılılığını aradan qaldırmaq çətin olsa da, bu, mümkündür. Narkotiklərdən istifadə edənlərin erkən müraciəti çox hallarda uğurlu müalicə ilə nəticələnir. Narkotik istifadəçiləri (narkomanlar) çox vaxt qısa zamanda ailəsini, dostlarını, işini, əmlakını, sağlamlığını və həyatlarını itirmiş olurlar. Bu uçuruma sürüklənməyi saxlamaq hər bir gəncin öz əlindədir və bu işdə də onlar tək deyillər. 
Sağlam həyat tərzinin təbliği, gənclərin dövlətçiliyə sadiq layiqli vətəndaşlar kimi tərbiyə olunması Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin prioritet vəzifələrindən birini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması dövlətin əsas prioritetlərindən birinə çevrilmiş,  narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizənin təmin edilməsi məqsədilə cənab Prezident İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” uğurla icra olunmaqdadır. Dövlət Proqramı ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsinə, antinarkotik təbliğat, narkotiklərin qanunsuz alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə, sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, cəza tədbirlərinin səmərəliliyinin öyrənilməsi üçün elmi və praktik araşdırmaların aparılması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və digər geniş miqyaslı məsələlərin həllinə  əhəmiyyətli təsirini göstərmişdir.

Şamaxı rayon prokurorunun müavini 
Tural Maqsudov 



Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff