booked.net

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib


Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev, Birinci vitse-prezident xanım Mehriban Əliyeva paradda iştirak ediblər.
Azad olunan ərazilərimizdən verilən hər bir mesaj Azərbaycanın 30 ilə yaxın dövrdə apardığı siyasi gedişin təsdiqidir. Bu mesajlar cənab Prezident İlham Əliyevin  rəhbərliyi ilə azad edilən yurd yerimizdən dünyaya çatdırılır. Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın Xankəndi şəhərində keçirilməsi buna əyani sübutdur. Xankəndidə hərbi parad Azərbaycanın öz ərazisində suverenliyinin tam bərpasının təsdiqidir. 
Qalib Azərbaycanda Zəfər dolu günlər davam  edir. Oktyabrın 15-də Xankəndidə, Xocalıda, Ağdərədə, Əsgəranda və Xocavənddə Azərbaycanın Dövlət Bayrağını ucaldan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Xankəndi şəhərində dünyaya səs salan  Vətən müharibəsində tarixi Zəfərimizin üçüncü ildönümünə həsr olunan hərbi paradda iştirak etdi.Möhtəşəm, qürurverici bayram tədbirləri bir daha sübut edir ki, dövlətinin, xalqının gələcəyini düşünən cənab Prezident İlham Əliyev əvəzolunmaz lider və tarixi şəxsiyyət kimi hər bir vədini reallığa çevirir, qalib Azərbaycanımızın imzasının imzalar arasında görünməsini, beynəlxalq arenada rolunun, dəyərinin yüksəldilməsini əsas hədəf kimi qarşıya qoyur. Bu, artıq təsdiqini tapmış təkzibolunmaz faktdır ki, İlham Əliyev sözü ilə əməli vəhdət təşkil edən qətiyyətli Prezidentdir.
Dövlətimizin başçısı hərbi paraddakı çıxışında Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Xatırlayıram, beş il bundan əvvəl - 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi.” fikirləri ilə ölkə rəhbəri kimi fəaliyyətinin əsas hədəfini açıqladı. Əgər bu gün artıq tarixi sahibinə qovuşmuş torpaqlarımızda Azərbaycanın üçrəngli Bayrağının qürurla dalğalanmasından bəhs ediriksə, unutmamalıyıq bu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, tarixi ədalətə və beynəlxalq hüquqa söykənən müdrik siyasətinin, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı hər bir qəsdin qarşısını alan rəşadətli Ordumuzun gücünün, qüdrətinin, xalqımızın birliyinin, həmrəyliyinin nəticəsidir. Müzəffər Ali Baş Komandan hərbi paraddakı çıxışında böyük qürurla qeyd etdi ki, Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır. Şuşa əməliyyatı, 44 gün ərzində apardığımız bütün digər hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti bir qəhrəmanlıq dastanıdır. Qırx dörd gün ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edərək Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq göstərmişdir. Hər gün biz irəli gedirdik, bir gün belə geriyə addım atmamışdıq. Düşmən ordusu Azərbaycan Ordusunun, Silahlı Qüvvələrin peşəkarlığını, fədakarlığını görərək daha da böyük təşvişə düşürdü və onların özlərinin etirafına görə, 44 günlük müharibə zamanı Ermənistan ordusunda 12 min fərari olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin bir nəfər də olsun hərbçisi döyüş meydanını tərk etməmişdir. Bu, Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi.
Döyüş meydanı göstərdiki, kimin daha çox vətənə bağlı, daha yenilməz, daha cəsarətli idi. Və sübut etdi ki, bu torpaqların həqiqi sahibi kimdir.
Xankəndidə keçirilən parad həm də uzun illər  beynəlxalq aləmdə ölkəmizə qarşı qərəzli mövqe tutan işğal faktoru ilə barışmağımızı istəyən antiazərbaycan qüvvələri üzərində diplomatik qələbəmizin ifadəsi idi.
Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı cəmi bir gün, ondan da az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejim idi. Beləliklə, biz tarixi ədaləti bərpa etdik. 20 sentyabr 2023-cü il bizim tariximizdə qalacaq, necə ki, 8 Noyabr. Noyabrın 8-də Şuşa əməliyyatından sonra düşmən ordusunun beli qırıldı və bir gün sonra kapitulyasiya aktına imza atdı. Bu il aprelin 23-də biz Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümüzü tam bərpa etdik və sentyabrın 20-də dövlət suverenliyini tam bərpa etdik. Bununla separatçıların kitabı bağlandı. Artıq Azərbaycanda separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları bu gün, bax, bu meydanda dayanan bizim igidlərimizdir və on minlərlə Azərbaycan hərbçiləridir. Onların qanı-canı bahasına biz bu Qələbəni əldə etmişdik.
Mən bir daha demək istəyirəm ki, biz 20 il ərzində bu günə doğru gedirdik, hazırlıq işləri gedirdi, beynəlxalq hüquq müstəvisində Azərbaycan mövqeləri möhkəmləndirilirdi. Siyasi müstəvidə apardığımız uğurlu fəaliyyət nəticəsində bütün dünya artıq bilməyə başlamışdır ki, haqlı tərəf bizik. İqtisadi sahədə apardığımız islahatlar imkan verdi ki, müstəqil iqtisadiyyat quraq, heç kimdən asılı olmayaq, öz həyatımızı özümüz quraq. Güclü siyasi iradə imkan verdi ki, müstəqil xarici siyasət aparaq, daxili siyasət aparaq, imkan verməyək kimsə bizim işimizə müdaxilə etsin. Halbuki belə cəhdlər tarixdə çox olmuşdur.- dövlət başçısı qeyd edib.
“ Dörd il bundan əvvəl, bax, qarşıdakı Xankəndi şəhər stadionunda Ermənistanın baş naziri çıxış edərkən təkəbbürlə demişdi: “Qarabağ Ermənistandır və nöqtə”. Biz ona, onun kimilərinə və onların arxasında duranlara döyüş meydanında qan tökərək, şəhidlər verərək göstərdik ki, o, səhv yolda idi. Biz göstərdik ki, Qarabağ Azərbaycandır, döyüşərək, vuruşaraq, heç nəyə baxmayaraq və bu gün hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin. Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin. Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz. Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin.
Bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Düşmən bizim qabağımızda diz çökdü və bu gün mən burada müzəffər Silahlı Qüvvələrin qarşısında çıxış edirəm. Yəni, biz bütün vəzifələri icra etmişik, ancaq bununla bərabər, bundan sonra da ordu quruculuğu məsələləri bizim üçün prioritet məsələlərdən biri olacaq. Bunu hamı bilsin və heç kim bunu unutmasın” deyə dövlət başçısı vurğulayıb.
Şuşa əməliyyatı, təbii ki, 44 günlük Vətən müharibəsi dövründə xüsusi yerə malikdir. Çünki çox çətin coğrafi vəziyyətdə yerləşən, alınmaz qala sayılan Şuşanı yüngül silahlarla, bir çox hallarda əlbəyaxa döyüşlər nəticəsində azad etmək böyük güc, peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan övladları bunu göstərmişlər.
Üç il bundan öncə bəzi dünya güclərinin havadarlıq etdiyi yağı və hiyləgər düşmən üzərində qazanılan böyük Qələbə çoxəsrlik tariximizə yeni-yeni Zəfər səhifələrinin yazılmasını şərtləndirdi. Dövlətimizin başçısı daim çıxışlarında bu çağırışı edir ki, əldə olunan uğurlarla kifayətlənməməli, irəli baxmalıyıq. Təbii ki, bu çağırış bütün sahələri əhatə edir. Əgər Azərbaycan 1993-2020-ci illərdə işğal altında olan torpaqlarının azad edilməsini qarşısına əsas hədəf kimi qoymuşdusa, son üç ilin reallıqları dövrün çağırışlarına uyğun olaraq yeni vəzifələrin yerinə yetirildiyini nümayiş etdirir. Bu gün Azərbaycanın ordu quruculuğu sahəsində atdığı ardıcıl və məqsədyönlü addımlar davamlılığı ilə dünyanın diqqət mərkəzindədir. Prezident İlham Əliyevin Xankəndi paradında qeyd etdiyi kimi, Ermənistanda revanşist qüvvələrin baş qaldıracağını, işğalçının arxasında dayanan və erməniləri bizə qarşı hərəkətə təhrik edən xarici qüvvələrin onlara yenə də təxribatçı siqnallar verəcəklərini bilirdik. Keçirilmiş bir neçə hərbi əməliyyat nəticəsində bu gün Azərbaycan-Ermənistan sərhədində vəziyyət ölkəmizin nəzarətindədir. Bununla bərabər, Qarabağ bölgəsində həyata keçirilmiş bir neçə hərbi əməliyyat bu bölgədə də əlverişli yüksəkliklərə sahib olmaq üçün şərait yaratdı. Bu əməliyyatlar Ermənistan siyasi rəhbərliyinə bir mesaj oldu ki, kapitulyasiya aktında təsbit edilmiş bütün müddəaları icra etməlisiniz. İlk növbədə, Ermənistan silahlı qüvvələri Qarabağdan çıxmalı idi. Amma reallıqda bunun əksini gördük. Ermənistanın bu kimi təxribatçı addımları Azərbaycan Silahlı Qüvvələrinin birgünlük lokal xarakterli antiterror tədbirlərini həyata keçirməsinə səbəb oldu. Sonsuz xoşbəxtlikdir ki, artıq separatçı-terrorçulardan tamamilə təmizlənmiş ərazilərimizdə Azərbaycan Bayrağının ucaldılmasının qürurunu yaşayırıq. Noyabrın 8-də Xankəndidə Zəfər Günü münasibətilə hərbi paradın keçirilməsinin xoşbəxtliyi hər bir azərbaycanlının dilində yenilməz sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna ifadə edilən minnətdarlıq hissində özünün aydın ifadəsini tapır.
Vurğulamaq lazımdır ki, Azərbaycanın 8 Noyabr- Zəfər günündə Xankəndidə hərbi parad keçirməsi regionda sabitliyə maneə olmaq istəyən qüvvələrə önəmli bir mesaj oldu.
Bu parad anda sədaqətin, peşəkar, döyüş ruhlu, fədakar xalqının milli ləyaqətini bərpa edən  XXI əsrin yenilməz  şanlı ordusunun nümayişi idi.
 Bu gün Xankəndidə dalğanan ay-ulduzlu üçrəngli bayrağımız haqqın-ədalətin rəmzidir. Bu bayraq dövlətimizin xalqımızın varlığıyla yanaşı dünyadakı gücünün nişanəsidir.
“Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə mən Azərbaycan Bayrağını qaldırdım. Bundan böyük xoşbəxtlik ola bilməz - həm mənim üçün, həm sizin üçün, həm Azərbaycan xalqı üçün, həm də bütün dünya azərbaycanlıları üçün… Bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Düşmən bizim qabağımızda diz çökdü və bu gün mən burada müzəffər Silahlı Qüvvələrin qarşısında çıxış edirəm. Yəni, biz bütün vəzifələri icra etmişik, ancaq bununla bərabər, bundan sonra da ordu quruculuğu məsələləri bizim üçün prioritet məsələlərdən biri olacaq. Bunu hamı bilsin və heç kim bunu unutmasın.
Mən bir daha, əziz hərbçilər, sizi və bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm. Eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə! Qarabağ Azərbaycandır!


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff