booked.net

Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir.


Noyabrın 9-da Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbirdə iştirak edib.
10 ölkəni özündə birləşdirən təşkilat Avrasiyanın inkişafına əhəmiyyətli təsir göstərə biləcək tərkibdədir. 1985-ci ilə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədi ilə yaradılan İqtisadi Əməkdaşlıq Təşkilatı 1964-1979-ci illərdə fəaliyyət göstərən Regional Əməkdaşlıq və İnkişaf təşkilatının varisi hesab olunur.
1992-ci il noyabr ayının 28-də 7 ölkə - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan İqtisadi Əməkdaşlıq Təşkilatına qoşulub və hal-hazırda təşkilatın 10 üzvü var.
İqtisadi Əməkdaşlıq Təşkilatının hədəfləri öz əksini təşkilatın fəaliyyətini tənzimləyən əsas sənəd olan İzmir müqaviləsində tapır. Sənədə əsasən birliyin əsas məqsədləri, Region daxilində ticarətdə məhdudiyyətlərin aradan qaldırılması; Digər regionların təcrübəsini və qlobal iqtisadi meylləri nəzərə alaraq regiondaxili və regionlararası ticarəti genişləndirməkdir.
Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığa önəm verir və birliyin səmərəli fəaliyyət göstərməsində maraqlıdır. Ölkəmiz 2006-2013-cü illərdə İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantılarına ev sahibliyi edib və bu tədbirlərdə qəbul edilmiş sənədlərdən üzv ölkələr arasında bir sıra sosial-iqtisadi siyasi əlaqələrin əsas prinsipləri, Regional münasibətlərin prİoritetləri və istiqamətləri öz əksini tapıb.
Bu gün Region ölkələri həm böyük bir coğrafiyada enerji təhlükəsizliyi həm də, nəqliyyat dəhlizlərinin şaxələndirilməsində həlledici rol oynayır. Azərbaycanın mövqeyi isə hər iki seqment üzrə bütün tərəfdaşlar üçün vacibdir. Və yeni çağırışlar qarşısında Daşkənd  Zirvə görüşü vacib müzakirə platforması kimi görünür.
Azərbaycan və Özbəkistan arasında strateji əməkdaşlıq çox uğurla inkişaf edir. İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycan Təşkilatın işində fəal iştirak edir. İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclasının ötən ay Şuşada keçirilməsini xatırladan Prezident cənab İlham Əliyev bildirib ki,  “Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Biz hazırda bu dəhlizlər boyu dəmiryolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işləyirik.
Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub və bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu, ölkəmizdə olan münbit sərmayə iqliminin nəticəsidir”.
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının təmiz enerji mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənib.
Prezident vurğulayıb ki, Azərbaycanın neft-qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpa olunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirilir. Azərbaycanın bərpa olunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir. “Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzaladığımız sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpa olunan enerji 10 qiqavata çatacaq. Bu ilin oktyabr ayında Azərbaycanda Masdar şirkəti tərəfindən inşa edilmiş 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı olub. Bu, Xəzər dənizi və Qafqaz regionunda ən böyük günəş elektrik stansiyasıdır.
Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.”
Dövlət başçısı tədbir iştirakçılarına Azərbaycanın 20 faiz torpağının 30 ilə yaxın işğala məruz qalmasından, 2020—ci ildə Vətən müharibəsində öz tarixi torpaqlarını işğaldan azad etməsi və bu il sentyabrda keçirilən bir günlük antiterror əməliyyatı haqqındada məlumat verib.” Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Biz ərazi bütövlüyümüzü və suverenliyimizi güc yolu ilə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq bərpa etmişik və bununla qürur duyuruq”.
Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığını dahada genişləndirməkdə qərarlı olduğunu deyən Prezident cənab İlham Əliyev ölkəmizin təşkilata növbəti Zirvə görüşünə ev sahibliyi etməyinə hazır olduğunuda diqqətə çatdırıb.
Ölkəmizin ECO-ya üzv ölkələrlə əlaqələrində bir sıra məqamları qeyd etmək mümkündür. Belə ki, dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun bütün ECO ölkələri üçün açıq olduğunu bildirib. Eyni zamanda, rəsmi Bakı ilə Tehran arasında İran ərazisi vasitəsilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə razılıq əldə olunub. Füzuli şəhərində Özbəkistan tərəfindən məktəb tikilib istifadəyə verilib və Qazaxıstan tərəfindən yaradıcılıq mərkəzinin inşası davam etdirilir. Bu, ölkələrimiz arasında qardaşlığın, həmrəyliyin və dostluğun növbəti bariz təzahürü kimi qiymətləndirilir. Azərbaycan, həmçinin Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alan Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyir. Habelə regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edən Azərbaycan 3+3 əməkdaşlıq formatını irəli sürüb. Bütün bu təşəbbüslərin reallaşması təşkilata üzv ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə, Şərqdən Qərbə yüklərin daha qısa zamanda və sərfəli qiymətə daşınmasına xidmət edəcək.
Azərbaycan ECO-nun fəaliyyətinə töhfələrini davam etdirir. Ölkəmiz təşkilatın bir sıra toplantılarına uğurla ev sahibliyi edib. Belə ki, təşkilatın 9-cu və 12-ci Zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda reallaşıb. Bu il oktyabrın 10-da isə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib. Eyni zamanda, Şuşa şəhəri 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilib.
Əhəmiyyətli təşəbbüslərə gəlincə rəsmi Bakı ilə Tehran arasında İran ərazisi vasitəsilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə razılıq əldə olunub. Füzuli şəhərində Özbəkistan tərəfindən məktəb tikilib istifadəyə verilib və Qazaxıstan tərəfindən yaradıcılıq mərkəzinin inşası davam etdirilir.
Azərbaycan, həmçinin Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır. Bu layihə çərçivəsində Bakının Tehranla çox səmərəli əməkdaşlığı qurulub. Azərbaycan öz dəmiryollarını İran dəmiryolları ilə əlaqələndirmək üçün Astara-Astara dəmiryol xəttinin çəkilməsi, Araz çayı üzərindən dəmiryol körpüsünün,  İran Astarasında yük terminallarının tikintisini tam başa çatdırıb. Hazırda Araz çayı üzərində yeni və daha geniş avtomobil körpüsünün tikintisi davam etdirilir. Bundan əlavə, Rəşt-Astara dəmiryol xəttinin tikintisinə dəstək verilir. İran üzərindən axını artacaq yüklərin vaxtında daşınmasını təmin etmək üçün Bakıdan Astaraya, həmçinin Bakıdan Rusiya sərhədinə qədər olan dəmiryol xətləri tamamilə yenidən qurulur.
Azərbaycan bütün müstəvilərdə üzərinə götürdüyü öhdəliklərə əməl edir. Ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlər, beynəlxalq təşkilatlar Azərbaycanın etibarlı tərəfdaş olduğunu həmişə etiraf edirlər. Rəsmi Bakı ECO-nu üzv dövlətlərlə tərəfdaşlığın inkişafı üçün əlverişli müstəvi olaraq görür və bu müstəvidə ən aktiv iştirakçılardan biridir.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff