booked.net

25 noyabr - Kəlbəcər Şəhəri Günüdür


Prezident İlham Əliyev: “Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu”
“Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal edilmişdir. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuşdur. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur”. Bunu Prezident İlham Əliyev noyabrın 25-də xalqa müraciəti zamanı bildirib. Onu da qeyd edib ki, Kəlbəcər rayonunun işğal altına düşməsi böyük faciə idi: “Hər bir rayonun işğal altına düşməsi böyük faciə idi. 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğal altına düşməsindən sonra Kəlbəcərin də işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı. Hər kəs yaxşı bilir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan Respublikası ilə sərhədi yox idi. Ermənistanı Dağlıq Qarabağdan Laçın rayonu ayırırdı, Laçın dəhlizi ayırırdı. Laçın, Şuşa və ondan sonra Kəlbəcər rayonlarının işğal altına düşməsi böyük ərazidə Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdı və düşmənin məqsədi məhz bundan ibarət idi. Kəlbəcərin işğal altına düşməsindən sonra demək olar ki, Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradıldı və ilk növbədə, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir. Eyni zamanda, Ermənistanın sonrakı işğalçılıq siyasətinə də bu, böyük üstünlüklər təmin etmişdir”.
8 avqust 1930-cu ildə rayon statusu almış Kəlbəcər rayonu  Azərbaycan Respublikasında inzibati-ərazi vahididir.
 1993-cü ilin aprel ayının 3-də Kəlbəcər rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 27 il işğal altında olan rayon 10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli Bəyanata əsasən  həmən ilin 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadılmışdır. Buna səbəb olaraq isə ərazi relyefinin mürəkkəb olması, ərazinin böyüklüyü və humanizm göstərilmişdir.
 Beləliklə, Kəlbəcər rayonu 25 noyabr 2020-ci ildə işğaldan azad edilmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır. Ağdam rayonu kimi, Kəlbəcərin də itkisiz, bir güllə atmadan işgaldan azad edilməsi, ölkəmizin gücünün, qüdrətinin  göstəricisi, diplomatiq qələbəmizin təzahürüdür.
"Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) "çay üstündə qala" deməkdir. Kevli "çayın üstü", çer/car "qala" mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər.
Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır.
Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.
Kəlbəcərin yaranma tarixinə gəlincə Kəlbəcərə inzibati rayon statusunun verilməsi 1930-cu ilə təsadüf olunur. İşğala qədər rayonun əhalisi 53478 nəfər təşkil edirdi. Rayonun ərazisi 3054 kv.km təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi.
Nə xalqımız, nə də kəlbəcərlilər Kəlbəcərin işğal tarixini heç vaxt unutmayacaq. 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.
Rəsmi İrəvanın hərbi cinayətinə isə dünya dövlətləri bu gün də göz yumur. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır. BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsinə gəlincə Qətnamədə işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi.
Kəlbəcərin doğma sahiblərinə qayıtması həm xalqımızın, həm də kəlbəcərlilərin yaddaşına qızıl hərflərlə əbədi həkk olundu. Prezident İlham Əliyevin söylədiyi kimi, “İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq”. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir qüllə atılmadan Azərbaycana təhvil verilmişdir. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib.
Kəlbəcərdə alban dövrünə aid xeyli tarixi abidələr var. Bunlardan ən məşhuru Xudavəng məbəd kompleksidir. Bu abidə kompleksi Kəlbəcər rayonunun şərqində - rayonunun 29 kilometrliyində yerləşir. "Xudadəng" də adlandırılan abidə kompleksi VI-VII əsrlərdə alban knyazı tərəfindən tikilib, XV əsrdə isə bu abidə alban knyazlığının dini məbədi olub. Sonralar məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub və nəhayət alban hökmdarı Həsən Cəlal tərəfindən yenidən inşa edilib. Həsən Cəlalın arvadı Minə Xatun bu qalada dəfn olunub. Anası Arzu Xatun və dövrün görkəmli ziyalısı Mxitar Qoş bu məbəddə olmuş və xatirə üçün nişan daşları qoymuşdur. Üstü gümbəz kimi tikilmiş bu kompleksin tikintisində ağac materialından da istifadə edilib. Binanın divarlarında yağlı boya ilə çəkilmiş çoxlu şəkillər və yazılar var. Abidənin tikintisində istifadə olunmuş daşlar Tərtər çayının sahilində – bir dərədə yığılaraq suxurlaşmış və kiristallaşmış gildən əmələ gəlmişdir. Kəlbəcər rayonunun Vəng kəndi ərazisində də digər bir alban məbədi yerləşir.
Kəlbəcədəki digər qədim Alban abidələri bunlardır: "Laçınqaya", "Lev", "Uluxan", "Qalaboynu", "Comərd". Kəlbəcərin Ağdaban kəndinin də qədim alban tayfasının adını daşıdığı güman edilir. "Alban" adının Ağuan, Aluan, Ağvan, Andan kimi təhrif olunmuş adlarından birinin də Ağban olması istisna deyil.
Kəlbəcər rayonunun Vəng kəndi ərazisində alban məbədi, Çərəkdar kəndində alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı işğal zonasında qalaraq, Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən dağıdılıb.
Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarı -"əkiz"lərdir. "Soltan Heydər", "Qurbağalı çay", "Turşsu", "Ayçınqıllı", "Gəlinqayası", "Böyükdəvəgözü", "Sərçəli" və s. yerlərdəki qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edir. Kustar şəkildə, bazalt daşına həkk edilmiş keçələrdən, ov səhnələrindən, yallıyabənzər oyunlardan, göy cismlərindən, qədim heyvanlardan və s. ibarət bu daş kitabələr Kəlbəcərin tarixinin, mədəniyyətinin qədimliyini əks etdirir. Bu təsvirlərdən biri belədir: Bir insan fiquru ayağının birini bir dairənin, o birini isə digər bir dairənin üzərinə qoyaraq yuxarıdakı kürəyə baxır. Güman olunan budur ki, insan bir planetdən digərinə uçmaq arzusundadır. İnsan fiqurunun ayağı altındakı dairənin biri Yer, o biri isə Ay güman olunur.
2020-ci il noyabrın 26-da Prezident cənab İlham Əliyevin imzaladığı Sərəncam ilə “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilmişdir.Sözü gedən medulla Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu  təltif olunmuşdur.
Dövlətimizin başçısı 31 iyul 2023-cü il tarixində möhtəşəm Zəfər günlərimizi   əbədiləşdirmək məqsədilə Sərəncam imzalamışdır. Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olunmuşdur.
PREZİDENT: “BİZ KƏLBƏCƏRİ BƏRPA EDƏCƏYİK, HEÇ KİMİN ŞÜBHƏSİ OLMASIN VƏ HƏYAT QAYIDACAQ”
“Başqa cür ola da bilməzdi. İndi gənc nəsil xatırlamır, ancaq bilməlidirlər ki, o vaxt Azərbaycana kimlər rəhbərlik edirdi, hansı bilik sahibləri, hansı səriştə sahibləri”,- tarixi müraciətində dövlət başçısı bildirib ki, o adamların heç bir təcrübəsi yox idi: “O adamlar - o vaxt rəhbərlikdə təmsil olunmuş adamlar, yüksək postlar tutmuş adamlar bir gün belə heç bir idarəyə, heç bir kiçik bir müəssisəyə rəhbərlik etməmişdilər. Onlar ölkəni, xüsusilə böhranlı vəziyyətdə olan ölkəni necə idarə edə bilərdilər? Amma onların vəzifə hərisliyi, tamahı, iştahası, görməmişliyi Azərbaycanı bax, bu vəziyyətə gətirib çıxardı. Baxın, görün, Azərbaycanı o vaxt kimlər idarə edirdi?! Parlamentin sədri kiçik elmi işçi idi, özü də uğursuz bir elmi işçi idi. Dövlət katibi - komsomoldan çıxmış karyerist, özü də sonrakı mərhələdə öz liderinə xəyanət etmiş, onun kürsüsünə, kreslosuna göz dikmiş, onun ölümünə hamıdan çox sevinmiş və ondan sonrakı həyatını, sadəcə olaraq, xarici dairələrin idarəsi altında keçirən bir adam. Onlardan hansı idarəçilik gözləmək olardı? Onlardan hansı vətənpərvərlik gözləmək olardı? Hansı peşəkarlıq gözləmək olardı?»,-deyən Prezident İlham Əliyev bildirib.
Prezident İlham Əliyev  xalqa müraciətində bildirmişdi. "Bəli, həmin tarixi Qələbə günündən bir il ötüb. Xalqımız sözü imzası qədər qüvvətli olan qalib lider, Prezident İlham Əliyevin bu günə qədər verdiyi bütün vədlərin, o cümlədən Qarabağla bağlı vədlərinin də yerinə yetirməsinin şahidi olmaqdadır.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva cari ilin avqustun 16-da «Dəmir yumruq» əməliyatı ilə Güclü Ordumuzun qəhrəman əsgər və zabitlərimizin rəşadəti ilə azad etdiyi Kəlbəcər və Laçına səfəri zamanı həm sözü, həm jesti, həm də amiranəliyi ilə gerçəyi çılpaqlığı ilə çatdırdı.
Azərbaycan Prezidenti səfər zamanı bildirdi: «Yolumuz Kəlbəcərədir, işğaldan azad edilmiş Kəlbəcərə. Ömər aşırımından keçərək Kəlbəcərə gedirik. Bu yol son bir neçə ay ərzində genişləndirildi. Çünki bu yol demək olar ki, keçilməz idi. İndi yol boyunca tunellər tikilir. Tunellər tikiləndən sonra gediş-gəliş çox rahat olacaq”.
Həmin günü dövlət başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində - Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməlinin qoyulması mərasimində iştirak etdilər. Qeyd edək ki, Göygöl və Kəlbəcər rayonlarını 81 kilometr, 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilən yeni yol birləşdirəcək.
Dövlət başçısı, həmçinin Kəlbəcər Kiçik Su Elektrik Stansiyasında görülən işlərlə də tanış olub. Bildirilib ki, hazırda Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası tamamilə yenidən qurulur, stansiyanın maşın zalı, aqreqatı, generatoru, idarəetmə panelləri, transformatorları yenilənir. Suyu hidroaqreqata ötürən dağıdılmış plastik su borusu 1,3 kilometr məsafədə diametri 1,8 metr olan metal borularla əvəz edilir. Stansiyanın maşın zalı və 110/6 kilovoltluq yarımstansiyasında isə işlər tamamlanıb. Beləliklə, ermənilər tərəfindən dağıdılaraq yandırılan “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası tam yenidən tikilir və işlərin qarşıdan gələn aylarda başa çatdırılması planlaşdırılır.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak ediblər. Kəlbəcər rayonunun Qamışlı kəndi ərazisində müasir avadanlıqlarla təchiz olunaraq inşa edilən yeni yarımstansiyada 80 MVA gücündə yeni transformatorlar quraşdırılıb. Yarımstansiyada 110 kilovoltluq açıq, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular yaradılıb. “Kəlbəcər” yarımstansiyası məsafədən idarəolunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulub və bunun üçün yeni idarəetmə binası tikilib. Burada ən yeni rəqəmsal texnologiyalardan istifadə edilib. Beləliklə, bu yarımstansiya Kəlbəcər rayonunu elektrik enerjisi ilə təchiz edəcək.
Həmçinin, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonun Qorçu kəndinin ərazisində inşa ediləcək Beynəlxalq Laçın Hava Limanının təməl qoyma mərasimində iştirak edib. Laçın Hava Limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometrə barəbər hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq.
 Azərbaycan Prezidenti necə söz vermişdi, elə də gerçəkləşdirdi: “Demişdim ki, azad edilmiş torpaqlarda üç beynəlxalq hava limanı tikiləcək. Artıq Füzulidə və Zəngilanda bu işlərə start verildi. Füzuli Beynəlxalq Hava Limanı bu ilin sonuna, ya da gələn ilin əvvəlinə istismara tam hazır olacaq. Dünya tarixində belə relyefdə bəlkə də ilk dəfə hava limanı tikilir. Çünki bütün hava limanları adətən düzən ərazidə inşa edilmişdir. Burada belə yer olmadığı üçün yeganə yer bura - Laçın rayonunun Ovçu kəndi seçilib. Bu yerin üstünlüyü, eyni zamanda, ondadır ki, Laçın şəhərinə məsafə 30 kilometrdən bir qədər çox, Kəlbəcər şəhərinə məsafə isə 60 kilometrdən bir qədər çoxdur. Eyni zamanda, Şuşa şəhərinə məsafə də 70 kilometrə yaxındır. Yəni, gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq”.
Şərqi Zəngəzur, Qarabağ bərpa olunur. Laçın Beynəlxalq Hava Limanı tikintisinin çoxları üçün gözlənilməz olduğunu söyləyən dövlət başçısı bəzilərinin bunu möcüzə hesab etdiklərini vurğulayıb. Çünki sovet dövründə heç vaxt bu bölgədə - Kəlbəcər-Laçın zonasında hava limanı olmayıb. Bu hava limanını inşa edən Azərbaycan şirkəti olacaq. Bu da çox sevindiricidir.
Prezident onu da bildirib ki, Zəngilan, Laçın, Füzuli hava limanlarının inşa edilməsi və istismara verilməsi bölgənin canlanmasına gətirib çıxaracaq: “Bu hava limanlarından həm yüklər, həm sərnişinlər, daşınacaq, eyni zamanda, hərbi təyinatı da, təbii ki, göz önündədir. Biz daim hazır olmalıyıq, daim öz hərbi gücümüzü artırmalıyıq, hərbi infrastruktur yaratmalıyıq və yaradırıq, o cümlədən hava limanları bizim hərbi məqsədlərimizə də xidmət edəcək”.
Bəli, Prezident İlham Əliyevin bu günə qədər verdiyi bütün vədlər artıq reallığa çevrilib. Ulu Öndər Heydər Əliyev: «İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm»,-vəsiyyətini reallaşdıran Prezident İlham Əliyev: «Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm»,-deyərək son 18 illik Prezidentlik fəaliyyətinin nəticəsidir ki, son 30 il ərzində həsrətində olduğumuz Qarabağ Azərbaycandır!ımıza, haqq və şərəf işimiz olan, Azərbaycan Respublikamızın suverenliyi və ərazi bütövlüyümüzə və nəhayət Qələbə Zəfərimizə nail olduq!
44 gün davam edən Vətən Müharibəsi bir daha Ermənistanın məğlub ölkə olduğunu göstərdi. Bu, həmişə belə olub və bugünkü müharibə bir daha dünyaya nümayiş etdirdi. Dövlət başçımızın dediyi kimi: «Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!»
Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan əzad olunmuş torpaqlara davamlı səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, dünyaya bir mesajdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16.08.2021-ci il tarixli səfəri zamanı Azərbaycan bayrağını ucaldıb. Həmin gün  Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməlqoyma mərasimində iştirak edib. 4,4 meqavat gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında aparılan yenidənqurma işləri ilə tanış olub. 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışı, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 km uzunluğunda tunelin təməlqoyma mərasimi, Kəlbəcər şəhərində “N” saylı hərbi hissədə yaradılmış şəraitlə tanışlıqı,Dağıdılmış “İstisu”  sanatoriyasına  və Yeni tikilən 51 km uzunluğunda İstisu-Minkənd avtomobil yoluna baxışı  yadda qaldı.
Ölkə başçısının 26.06.2022-ci il tarixli səfərində “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Kəlbəcər rayonunda hərbi hissələrin açılışında iştirak edib. Kəlbəcər-Laçın avtomobil yolunun inşası ilə tanış olub. Kəlbəcər şəhərinin Baş planı ilə tanışlıq, İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma, Kəlbəcərdə “İstisu” mineral su zavodunun təməlqoyma mərasimi baş tutub. Kəlbəcərdə “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanışlıq olub və vKəlbəcərdə “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib.
Prezident İlham Əliyevin 27.05.2023-cü il tarixi səfəri zamanı Yanşaq kəndinin təməlqoyma, Zallar kəndinin təməlqoyma mərasimi,“Qamışlı” Kiçik Su Elektrik Stansiyasının, “Meydan” Kiçik Su Elektrik Stansiyasının açılışı olub. Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanışlıqı, Hərbi hospitalın açılışı, İlk yaşayış məhəlləsinin təməlqoyma mərasimi və  960 şagird yerlik məktəb binasının təməlqoyma mərasimi mühüm əhəmiyyət daşıyıb.
Respublika Prezidentinin 25.08.2023-cü il tarixli səfəri zamanı Kəlbəcər–Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində görülən işlərlə tanış olub. Zar kəndinin təməlqoyma və “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılış mərasimində iştirak edib. “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış olub   və “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 5,3 meqavat gücündə olan “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılış mərasimində iştirak edib.
 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07.11.2023-cü il tarixli səfəri zamanı  Vəngli kəndi ilə tanışlığı  xalqımızın yaddaşına xoş anlarla əbədi həkk olundu.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff