booked.net

Lider-Xalq birliyi Azərbaycanı yeni qələbələrə aparır


2003-cü ildə Azərbaycan xalqı növbəti dəfə tarixi seçim etdi, Heydər Əliyev siyasətinin davamına səs verdi. Bu eyni zamanda yeni mərhələnin başlanğıcı idi. Bu vaxtadək sabitlik və dövlət quruculuğu təmin olunsa da, ölkə qarşısında həllini gözləyən məsələlər var idi. İqtisadi şaxələndirmə, sosial məsələlərin həlli, yeni texnologiyaların tətbiqi ilə müasir quruculuq, ordunun gücləndirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli başlıca prioritetlər idi. İnkişafın bütün komponitetləri tarixi missiyanın gerçəkləşdirilməsinə, ərazi bütövlüyü və suverenliyinin təmin olunmasına yönəldilməli idi, belə də oldu. Güclü iqtisadiyyat, güclü ordu, Lider-Xalq birliyi tarixi qələbəyə nail olmağa, ali məqsədə çatmağa imkan verdi.

“BİZ BU DÖVRƏ ALNIMIZ AÇIQ, BAŞIMIZ DİK DAXİL OLURUQ. BU DÖVRÜN BÖYÜK NAİLİYYƏTLƏRİ OLACAQ, MƏN BUNA ŞÜBHƏ ETMİRƏM”.
SÖZ VƏ ƏMƏL: “2003-CÜ İLDƏ VERDİYİM BÜTÜN VƏDLƏR YERİNƏ YETİRİLDİ”.
 

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Andiçmə mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva, dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları iştirak ediblər.
Mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi hərarətlə qarşılayıblar.
Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi açıq elan olunub.
Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının Dövlət Bayrağını və Azərbaycan Respublikası Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətiriblər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri səhnəyə dəvət olunublar.
Fərhad Abdullayev çıxış edərək Konstitusiya Məhkəməsinin 2024-cü il 13 fevral tarixli Qərar ilə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan etdiyini diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə andiçməyə dəvət olunub.
Prezident cənab İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içib: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!”.
Sonra Prezident müqəddəs “Qurani-Şərif”ə əl basaraq and içib: “Əlimi “Qurani-Şərif”ə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam”.
Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Prezident cənab İlham Əliyev təzim edərək, Azərbaycan Respublikasının Dövlət Bayrağını öpüb.
Prezident cənab İlham Əliyev andiçmə mərasimində nitq söyləyib.
Yenidən  böyük etimad və dəstək göstərən Azərbaycan xalqına dərin təşəkkürünü ifadə edən Prezident cənab İlham Əliyev Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyünün qorunması üçün əlindən gələni əsirgəməyəcəyini bildirdi. Qeyd etdi ki, 2003-cü ildə verilən bütün vədlər yerinə yetirilib. İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı tarixidir. Cəmi 44 gün ərzində bütün tarixi və strateji vəzifələr təmin edildi. Müharibədən keçən dövr ərzində də Azərbaycan öz prinsipial mövqeyini bütün məsələlərdə göstərdi. Prezident cənab İlham Əliyev bildirdi ki, Ermənistanın üzərinə götürdükləri bütün öhdəliklər icra edilməlidir. Ancaq vaxt getdikcə yenidən bizə qarşı ərazi iddialarını irəli sürüldüyünü, onların yenidən çirkin əməllərindən əl çəkmək istəmədiklərini deyən dövlət başçısı vurğuladı ki, beləliklə Ermənistan sanki İkinci Qarabağ müharibəsinin nəticələrini unutmuşdu. Ona görə də Antiterror əməliyyatı qaçılmaz idi. “İkinci Qarabağ müharibəsindən Antiterror əməliyyatına qədər keçən dövr ərzində bunun bütün xronoloji məqamlar bir daha onu göstərir ki, Azərbaycanın mövqeyi ədalətli mövqedir. Düzdür, Ermənistan və onun arxasında duran qüvvələr bunu görmək istəmirlər. Ancaq hər şey sənədləşdirilib, bu gün heç nəyi gizlətmək mümkün deyil... Hər bir addımımızın məntiqi mənası var idi, hər bir addım əvvəlki addımın məntiqi davamı idi, istər Laçın-Xankəndi yolu ilə əlaqədar, istər Antiterror əməliyyatının keçirilməsi ilə əlaqədar. Mən digər addımları da qeyd etməliyəm, o cümlədən Azərbaycan və Ermənistan şərti sərhədində baş vermiş hadisələr, hesab edirəm ki, bax bugünkü reallığın əldə edilməsi üçün çox önəmli rol oynamışdı. Ola bilər o vaxt bəziləri obyektiv səbəblərə görə bunu tam dərk edə bilmirdi, ancaq bu gün keçmişə baxdıqda hər kəs görür ki, bir dənə də olsun addımımız situativ xarakter daşımırdı, avantüra xarakteri daşımırdı və mənasız deyildi. Biz, ümumiyyətlə, heç vaxt mənasız addımlar atmırıq, atmamışıq və atmayacağıq. Bu gün hansı addımlar atılırsa, o addımların hədəfə doğru getmək üçün böyük mənası var”.

 XANKƏNDİDƏ SEPARATÇILARIN TABUTUNA VURULAN SON MİSMAR
Bu prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirildi. Prezident cənab İlham Əliyev Xankəndidə səs verməsinə də toxundu. “Xankəndidə səs verdiyim binada xalqımıza qarşı soyqırımı planlaşdırılırdı və oradan idarə olunurdu. Məhz səs verdiyim binanın önündə yerləşən meydanda erməni millətçiləri və ondan sonra Ermənistan dövləti bizə qarşı ərazi iddialarını irəli sürmüşdü. Məhz o binada Qarabağı Azərbaycandan ayırmaq üçün hələ Sovet dövründə xüsusi komitə yerləşdirilmişdi və o komitənin əsas məqsədi Qarabağı Azərbaycandan ayırmaq idi, bunu hər kəs bilir. Ona görə məhz orada otuz il bizim tarixi yerimizi, Pənahəli xan tərəfindən salınan o məkanı qanunsuz zəbt edən şeytanlar məhz orada da öz süqutunu özləri təsdiq etmişlər, təbii ki, məcburən. Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi. İndi isə yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Mənim buna şübhəm yoxdur. Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik. Uzun danışıqlar prosesi çərçivəsində dəfələrlə bizə hansısa yarımçıq təkliflər irəli sürülürdü, təklif edilirdi. Ancaq o təkliflər bizim üçün qəbuledilməz idi, mən hər dəfə deyirdim ki, Azərbaycan Bayrağı ərazimizin hər bir yerində dalğalanacaq”.
Növbəti illərdə qarşıda duran əsas vəzifələrdən biri ordunun silahlı qüvvələrinin daha da gücləndirilməsidir. Biz elə ordu yaratmışıq ki, bundan sonra da bu işlər davam edəcək, heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz. Bu günlərdə Ermənistan tərəfindən törədilmiş yeni təxribata dərhal adekvat cavab verildi, düşmən cəzalandırıldı.  “Ermənistanın nə qədər havadarları olsa da, heç kim bizi dayandıra bilməz. Bizim siyasətimiz beynəlxalq hüquqa əsaslanır. Bizim Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər. Bizdən əsassız iddialarla, şantaj dili ilə danışmaq onlara baha başa gələcək və onu yəqin ki, hər kəs görür. Beləliklə, ordu quruculuğu prosesi davam etdiriləcək. Bizim dövlət büdcəmizdə bu gün də ən böyük xərclər hərbi xərclərdir və hərbi xərclərlə bərabər, Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır… Biz, eyni zamanda, sərhədlərimizi daha da güclü qorumalıyıq. Bunu da qarşıya önəmli vəzifə kimi qoyuram. Bu istiqamətdə də önəmli addımlar atılmışdır. Xüsusilə nəzərə alsaq ki, İkinci Qarabağ müharibəsindən sonra biz həm o vaxt işğal altında olan Azərbaycan-İran sərhədinə qayıtmışıq, həm də Azərbaycan-Ermənistan şərti sərhədində yerləşmişik. Əlbəttə ki, sərhəd infrastrukturunun qurulması xüsusi əhəmiyyət daşıyır və biz burada da ən müasir üsullardan istifadə edirik və edəcəyik. Sərhədimiz elə möhkəm bağlı olmalıdır ki, bir quş belə uça bilməsin. Sərhədlərimizin qorunması, eyni zamanda, bizi xarici risklərdən qoruyacaq”.

QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR BİZİM İQTİSADİ İNKİŞAFIMIZIN YENİ BİR DAYAQ NÖQTƏSİ OLACAQDIR
Təhlükəsizliyin gücləndirilməsində digər mühüm məqam isə özümüzü ideoloji risklərdən qorumaqdır. Bu məsələdə gənclərimizin milli ruhda, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi hər kəsin qarşısında duran önəmli vəzifədir. Növbəti önəmli vəzifə Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Bu günə qədər təxminən 5400 keçmiş köçkünün beş yaşayış məntəqəsinə göndərildiyini deyən Prezident cənab İlham Əliyev qeyd etdi: “Bu il azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Planda azad edilən torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. Böyük Qayıdış proqramının birinci mərhələsi 2026-cı ilin sonunda başa çatacaq və o vaxt 140 min köçkün öz torpaqlarına qayıdacaq. Bütün bu işlərin icrasının təməlində iqtisadiyyatımızın durduğunu qeyd edən Prezident cənab İlham Əliyev bildirdi ki, sağlam maliyyə sistemimizin göstəriciləri bizə imkan verir ki, biz müstəqil siyasət aparaq”.
Dövlət başçısı nitqində ölkəmizdə sosial sahədə görülən işlərdən də danışdı: “Əgər əvvəlki illərdə investisiyalar daha çox neft-qaz sahəsinə qoyulurdusa, bu gün qeyri-neft sektoruna qoyulan sərmayə milyardlarla dollar səviyyəsindədir. Əldə edilmiş razılaşmalar, imzalanmış kontraktlar yaxın bir neçə ildə özünü elə göstərəcək, sıçrayış elə böyük olacaq ki, bunu hər kəs görəcək… Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaqdır. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcəkdir”.
Sosial sahədə vacib məsələlərdən biridə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsidir. Bu koteqoriyadan olan insanların 100 faizinin evlərlə təmin olunması prosesi sürətlə gedir. Digər məsələ isə texnoloji inkişafımızdır. Dövlət başçısı bildirdi ki, texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiq edilməsi – bütün bunlar bizim gündəlik həyatımızın əlamətlərinə çevrilməlidir. Dövlət qurumları, özəl sektor və cəmiyyətin bütün digər seqmentləri buna hazır olmalıdırlar. Bərpa olunan enerji məsələlərinə gəlincə isə Azərbaycan burdada ön sıralardadır. “Azərbaycan o ölkələrdəndir ki, açıq dənizlərə çıxışı yoxdur. Ancaq buna baxmayaraq, dediyim o səbəblərə görə bu gün biz nəqliyyat mərkəzlərindən birinə çevrilmişik. Getdikcə rolumuz artacaq, bizə müraciətlər də çoxalacaq, necə ki, bu gün xahişlə müraciət edirlər ki, “bizə qaz verin, bizə qaz verin, bizdə qaz çatmır” və sair, burada da eyni mənzərə olacaqdır. Biz heç kimdən heç nə xahiş etmirik. Mən 20 ildən çoxdur ki, prezidentəm, bu günə qədər heç kimdən heç nə xahiş etməmişəm, çünki buna ehtiyac da olmayıb. Biz özümüzü tam təmin edən ölkəyik"

BU GÜN DÜNYA İCTİMAİYYƏTİ AZƏRBAYCANIN SİYASƏTİNİ DƏSTƏKLƏYİR
 
 
Prezident cənab İlham Əliyev vurğuladı ki, bundan sonra da xarici siyasətimiz çox aydın olacaq və bu gün dünya ictimaiyyəti Azərbaycanın siyasətini dəstəkləyir. Ölkə rəhbəri çıxışında beynəlxalq ictimaiyyət adından çıxış edən bəzi qüvvələrə də cavab verib: “Sözü olmayanda deyir ki, beynəlxalq ictimaiyyət bu məsələni yaxşı qəbul etməz, beynəlxalq ictimaiyyət o məsələni yaxşı qəbul etməz. Birincisi, bu, təvazökarlıqdan uzaq olan məsələdir. Məhdud sayda olan hər hansı 20-30 ölkə beynəlxalq ictimaiyyət adından danışa bilməz, o ki qaldı bir ölkə, ümumiyyətlə, danışa bilməz. Beynəlxalq ictimaiyyət isə bizim tərəfimizdədir və İkinci Qarabağ müharibəsi zamanı, Antiterror əməliyyatı zamanı beynəlxalq ictimaiyyət bizi dəstəkləmişdir”.
İlk növbədə Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizin davam etdiriləcəyini deyən dövlət başçısı vurğuladı ki, bizim ailəmiz Türk dünyasıdır. “Bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”.
Dövlət başçısı İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına da Azərbaycanın münasibətini xüsusi qeyd etdi və vurğuladı ki, Azərbaycan bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıdır. “Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Ona görə xarici siyasətimizdə yeni istiqamətlər üstünlük təşkil etməlidir. Biz dünyanı narahat edən problemlərin həllində daha fəal olacağıq, o cümlədən iqlim dəyişikliyi ilə əlaqədar. Nəzərə alsaq ki, COP29-un ev sahibi və sədri olacağıq, eyni zamanda, dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq. Neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq”.
Azərbaycan-Ermənistan münasibətlərinə də toxunan Prezident cənab İlham Əliyev  bildirdi ki, bu məsələnin əhəmiyyəti süni şəkildə şişirdilib. Sülh müqaviləsinin imzalanmasında Azərbaycanın mövqeyini bir daha bəyan edən dövlət başçısı vurğuladı ki, Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək. “Hesab edirəm ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. Çünki yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, gedin, öz işinizlə məşğul olun. Ona görə mən bu mövzuya, ümumiyyətlə, çox vaxt ayırmaq istəmirəm, çünki buna dəyməz. Biz öz məsələmizi həll etmişik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək. Bu yolda hamımıza uğurlar, yolumuz açıq olsun!”.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff