booked.net

Bölgələrdə tərəqqi ön mövqedədir


Prezident İlham Əliyev: “Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır”

Şirvan suvarma kanalının yenidən qurulması su ehtiyatlarından səmərəli istifadə, ekoloji tarazlığın qorunması  və kənd təsərrüfatında yeni texnologiyaların tətbiq olunması ilə məhsuldarlığın artırılması istiqaməti üzrə irəliyə atılan ən mühüm addımdır.
Prezident İlham Əliyevin 2024-cü ildə imzaladığı “Şirvan suvarma kanalının yenidən qurulması haqqında” sərəncamında da qeyd olunduğu kimi ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı Şirvan düzündə yerləşən Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Kürdəmir, ismayıllı və Ağsu rayonlarının 112 min hektardan artıq əkin sahəsini suvarma suyu ilə və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir. Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının əsasının qoyulması aqrar sahə üçün əlamətdar hadisə oldu. Uzun illər ərzində isitismar olunan Yuxarı Şirvan kanalının böyük hissəsinin yararsız hala düşməsi nəticəsində böyük su itkilərinə gətirib çıxarırdı. Şirvan kanalı istifadəyə verildikdən sonra bu problem aradan qalxacaq. 
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxış edərək vurğulayıb ki,   Bu, çox əlamətdar hadisədir. Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında bu layihənin xüsusi əhəmiyyəti vardır. Çünki Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır. Təbii olaraq bu da itkilərə səbəb olub, su itkiləri kifayət qədər çoxdur. İtkilərə və su sızmalarına görə ətraf torpaq sahələri şoranlaşmış, əkin üçün yararsız vəziyyətə düşmüşdür.
Prezident İlham Əliyev qeyd edib ki, Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir və bu gün kanalın, - artıq bu kanal Şirvan kanalı adlandırılır, - yeni mərhələsi başlayır. Faktiki olaraq kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq.

İCRA EDİLƏCƏK YENİ LAYİHƏ 230 MİN HEKTAR ƏKİN SAHƏSİNİ ƏHATƏ EDƏCƏK
Əkin sahələrinin iki dəfədən çox artırılacağını vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, icra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək:” Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi, bax, arxamdakı Hacıqabul gölü olacaq. Hacıqabul gölü də 10 ildən çoxdur ki, tamamilə quruyub. Kanal istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaqdır.”
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədinin ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdan ibarət olduğunu bildirən dövlətimizin başçısı son illər ərzində əsas infrastruktur layihələri icrasından söz açaraq qeyd edib ki, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Son illər ərzində əsas infrastruktur layihələri icra edilmişdir. Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini göstərir. Əvvəlki illərdə bu sahəyə aid bir çox böyük layihələr icra edilmişdir. Onların arasında, ilk növbədə, Taxtakörpü-Ceyranbatan suvarma kanalını qeyd etməliyəm. Taxtakörpü su anbarının tikintisi də xüsusi əhəmiyyətə malik olan layihə idi. Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihəsi idi. Beləliklə, həm Şimal, həm Qərb bölgələrində əkin üçün yararlı olan torpaqların həcmi və sahəsi böyük dərəcədə artırılmışdır. Şirvan kanalının əhəmiyyəti də göz önündə olacaqdır. Bu, bizim ən böyük - suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihəmiz olacaqdır. Əminəm ki, yaxın gələcəkdə 10 rayon üzrə yerləşən məntəqələrdə bu yeni kanalın əhəmiyyətini hər kəs görəcək deyə bildirib.
İqlim dəyişikliyi ilə bağlı dünyada, o cümlədən Azərbaycanda böyük narahatlıq olduğunu bildirən ölkə rəhbəri bu ilin faktiki olaraq əvvəlki illərdən fərqləndiyini nə qeyd edib: “Bu il kifayət qədər qar, yağış yağmışdır və bizim su hövzələrimizdə, su anbarlarında kifayət qədər su var. Ancaq əvvəlki illərdə biz hər il quraqlıqla üzləşirdik. Bizim dağlarımıza daha az qar yağırdı. Çaylarımızda suyun səviyyəsi əvvəlki illərdə aşağı düşürdü, bəzi hallarda əsas çaylarımız quruyurdu. Xəzər dənizinin dayazlaşması göz önündədir. Bunu hər kəs görə bilir. Belə olan halda su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir”.
Dövlət başçısı Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapıb_qazlaşdırılmanın səviyyəsi 96 faizə çatıb: “Elektrik enerjisi ilə təminat və yeni elektrik stansiyalarının yaradılması geniş vüsət alıb və əhəmiyyətli dərəcədə irəliləyişə nail olmuşuq. Bütün ölkəmiz yeni, müasir yollarla əhatə olunur. Ona görə növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri arasında başlıca vəzifə içməli su layihələri və suvarma layihələri olacaqdır”.

ŞİRVAN VƏ QARABAĞ KANALLARI TAXTAKÖRPÜ KANALI  İLƏ BİRLİKDƏ ƏN BÖYÜK SUVARMA KANALLARI OLDUĞU ÜÇÜN BU LAYİHƏLƏRƏ XÜSUSİ ƏHƏMİYYƏT VERİLİR
Genişmiqyaslı proqramın artıq işlənib hazırlandığını vurğulayan dövlət başçısı qeyd edib ki, Şirvan və Qarabağ kanalları Taxtakörpü kanalı  ilə birlikdə ən böyük suvarma kanalları olduğu üçün bu layihələrə xüsusi əhəmiyyət verilir. Prezident artıq qəbul edilmiş proqram əsasında Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcəyini qeyd edib. Məsələn, Qəbələ rayonundakı Yengicə su anbarının inşasına artıq start verilmişdir. O anbar inşa ediləndən sonra orada bu günə qədər suvarılmayan 10 min hektar torpaq, əkin sahələri suvarılacaq. Əgər bizim suvarma ilə bağlı ümumi layihələrimizi götürsək görərik ki, bir neçə ildən sonra ən azı 500 min hektardan çox torpağa su veriləcəkdir. Eyni zamanda, müasir idarəetmə sistemləri, itkilərin azaldılması - indi Şirvan kanalında itkilər 30 faizə yaxındır. İndi beton məcralı kanal inşa ediləndən sonra itkilər maksimum 5 faiz olacaq. Yəni, suya qənaət hər birimizin işidir, ilk növbədə, dövlətin və biz bu işi görürük.
Bunlar ancaq Azərbaycanın bir hissəsinə aid olan layihələrdir. Əgər biz işğaldan azad olunmuş ərazilərdə layihələri əlavə etsək, mənzərə daha ürəkaçan olacaq. Çünki Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində biz bu gün öz su mənbələrimizə tam sahib olmuşuq. Vaxtilə Ermənistan təkcə bizim torpaqlarımızı yox, bizim su resurslarımızı da işğal etmişdir. Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları bizim ümumi su resurslarımızın 25 faizini təşkil edir. Bu su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi odur ki, bunlar daxili mənbələr hesabına formalaşan su resurslarıdır. Çünki bildiyiniz kimi, bizim əsas çaylarımız xaricdən gəlir - Kür çayı, Araz çayı, Samur çayı. Bizim əsas çaylarımız xaricdən gəlir, ona görə Qarabağın və Şərqi Zəngəzurun su resursları daxili mənbələr olduğu üçün bunun xüsusi əhəmiyyəti var. Biz qısa müddət ərzində böyük infrastruktur layihələrini icra etmişik və bu işlər davam etdirilir.

YAXIN GƏCƏKDƏ KÖNDƏLƏNÇAY SU ANBARININ AÇILIŞI OLACAQ
Bir müddət   bundan əvvəl Ağdam rayonunda Xasınçay su anbarının aşılısı olduğunu qeyd edən ölkə rəhbəri bəyan edib ki, Füzuli rayonundakı Köndələnçay su anbarının yaxın gələcəkdə açılışı olacaq: “Hazırda Zabuxçay su anbarının inşası gedir. Suqovuşan su anbarı demək olar ki, yenidən qurulub və o anbardan çıxan iki kanalın biri artıq tam təmir edilib, ikinci kanal da təmir ediləcək və beləliklə, erməni işğalına görə sudan məhrum olmuş bir neçə rayona artıq su veriləcək. Yeni əkin sahələrinin həcmi 100 min hektara yaxın olacaq. Ona görə mən deyəndə ki, ən azı 500 min hektar torpağa su veriləcək, bunu nəzərdə tuturam. Nəzərə alsaq ki, Azərbaycanda suvarılan əkin sahələrinin həcmi o qədər böyük deyil, bu layihələrin xüsusi əhəmiyyəti var. Qarabağ və Şərqi Zəngəzurda digər böyük suvarma layihələri nəzərdə tutulur. Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi nəzərdə tutulur. İndi texniki-iqtisadi əsaslandırmalar hazırlanır və hesab edirəm ki, gələn ildən biz bu layihələrin icrasına da başlaya bilərik”.
Bütün bu layihələrin həyata keçirilməsi üçün böyük vəsait tələb olunduğunu söyləyən Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan dövləti güclü dövlətdir. Öz gücünə, öz imkanlarına arxalanan dövlətdir. “Biz Qarabağda və Şərqi Zəngəzurda elə genişmiqyaslı işlər görürük ki, bunun dünyada misli-bərabəri yoxdur. Həm yaşayış evləri, infrastruktur layihələri, suvarma layihələri, dəmir yolları, tunellər, hava limanları – cəmi üç il ərzində görülmüş işlər dövlətimizin gücünü, hökumətimizin və dövlətimizin iradəsini göstərir. Dediyim bu layihələrin hamısı icra ediləcək. Hələ bunlardan başqa bir çox layihələr olacaq ki, sadəcə onlar işin həcmi nöqteyi-nəzərdən daha kiçikdir. Amma hər bir layihənin əhəmiyyəti var və beləliklə, su ehtiyatları məhdud olan Azərbaycan bu sahədə də özünü tam təmin etmiş olacaq”.
Prezident İlham Əliyev çıxışı zamanı bir daha layihənin anonsunu  qeyd edərək, bildirib ki, indi bu layihə üzərində iş aparılır. Bu da Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsidir:” Bu layihə həyata keçiriləndən sonra biz Xəzər dənizinin suyundan da həm suvarma üçün, həm içməli su kimi istifadə edəcəyik. Dünyanın bir neçə ölkəsi duzsuzlaşdırma sahəsində böyük təcrübəyə malikdir və bizim də Xəzər dənizi kimi böyük su hövzəmiz var. Təbii ki, biz bu imkandan da istifadə edəcəyik. Beləliklə, bu gün təməlini qoyduğum kanalın yaxın gələcəkdə çox böyük müsbət nəticələri olacaq.
Mən bir həftə bundan əvvəl Hacıqabul rayonunda yerləşən aqroparkın fəaliyyəti ilə tanış olmuşam. Mənə məlumat verildi ki, burada 4 mindən çox hektarda taxıl əkini aparılmışdır və məhsuldarlıq hər hektardan buğda üzrə 7 tona yaxın olmuşdur. İndi müqayisə üçün deyim ki, ölkəmizdə orta məhsuldarlıq hər hektardan 3 tondan bir qədər çoxdur. Burada - Hacıqabulda heç vaxt o sahələrdə əkin aparılmamışdır – nə sovet vaxtında, nə müstəqillik dövründə. Çünki su yox idi və torpaq da o qədər münbit deyil. Su olanda, yeni texnologiyalar tətbiq ediləndə, texnika, dövlətin dəstəyi, özəl sektorun fəaliyyəti – bütün bu amillər birləşəndə, bax, biz bu nəticəni görürük – Hacıqabulda hər hektardan 7 ton. Amma torpağı daim münbit olan yerlərdə bu rəqəm daha da arta bilər. Ancaq mən sizə deyim ki, hər hektardan taxıl üzrə 7 ton məhsuldarlıq - bu, inkişaf etmiş ölkələrin səviyyəsidir. Özü də bu, ərzaqlıq buğdadır ki, bizə ən çox lazım olan ərzaqlıq buğdadır. Biz hələ ki, idxaldan asılıyıq. Əgər bu texnologiyalar təkcə Şirvan kanalı boyunca, bax, orada göstərilən, yerləşən ərazilərdə tətbiq olunsa, onda biz idxaldan asılılığı böyük dərəcədə azaldacağıq. Sadaladığım digər layihələr icra edildikdə biz bəlkə də nə vaxtsa idxaldan, ümumiyyətlə, imtina edəcəyik”.

İŞĞALDAN AZAD EDİLMİŞ QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR TORPAQLARINDA İNDİ QURUCULUQ İŞLƏRİ İLƏ BƏRABƏR, KƏND TƏSƏRRÜFATININ İNKİŞAFI GENİŞ VÜSƏT ALMIŞDIR
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında aparılan quruculuq işlərilə bərabər, kənd təsərrüfatının inkişafının da geniş vüsət aldığını vurğulayan ölkə rəhbəri bildirib ki,  oraya qayıdan vətəndaşlar artıq öz imkanlarından istifadə edirlər: “Eyni zamanda, ən müasir texnologiyaların tətbiqi nəticəsində orada həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridir və kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Biz hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik.
Əminəm, Azərbaycan xalqı da tam əmindir ki, dediyimiz bütün sözlər, verdiyimiz bütün vədlər hər zaman yerinə yetirilir və bu gün dediyim, bu layihələrin icrası da tam təmin ediləcək. Biz üç ildən sonra - uzaqbaşı 2027-ci ilin sonuna qədər Şirvan kanalının da açılışını qeyd edəcəyik”.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff