booked.net

Prezident İlham Əliyev: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir”


“İRAN-AZƏRBAYCAN BİRLİYİ, DOSTLUĞU SARSILMAZDIR. HEÇ KİM BİZİM ARAMIZA GİRƏ BİLMƏZ”
Prezident İlham Əliyevin cari ilin 19 may tarixində Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxış edərək, vurğuladı ki, İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bizim aramıza girə bilməz. Bu səylər əbəsdir və biz bugünkü mərasimlə bunu bir daha sübut edirik.
Prezident İlham Əliyev Azərbaycan Respublikası və İran İslam Respublikasının dövlət sərhəddində görüşü  “Tarixi bir görüş” kimi dəyərləndirib: “Biz ta qədimdən gələn ulu əcdadlarımızın arzularını həyata keçiririk. Əminəm ki, bundan sonra da iki qardaş xalq bir-biri ilə sıx təmasda yaşayacaq, belə gözəl xariqələr yaradacaq”,- deyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev diqqətə çatdırıb. Ölkələrimiz arasında mehriban qonşuluq, qardaşlıq və dostluq münasibətlərinin inkişafını təmin edən siyasətin töhfəsi olaraq uzun illərdir fəaliyyət göstərən Araz, Mil-Muğan su anbarları və Araz Su Elektrik Stansiyasından sonra Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihəsinin həyata keçirilməsi onu göstərir ki, Azərbaycan və İran səmərəli əməkdaşlıq imkanlarını uğurla davam etdirəcəkdir.
Qeyd edək ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası dövlət sərhədində - Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə tikilib. Hidroqovşaqların layihələri Sovet İttifaqı ilə İran arasında 1977-ci ilin oktyabrında imzalanan razılaşma əsasında hazırlanıb. Layihələri 1990-cı illərin əvvəllərində yenidən işlənilən hidroqovşaqların tikintisi Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilməsi nəticəsində dayandırılsa da, sonrakı dövrlərdə tikinti işləri yalnız İran İslam Respublikası tərəfindən aparılıb.
2020-ci ildə Vətən müharibəsi nəticəsində Azərbaycanın torpaqları, o cümlədən hidroqovşaqların tikildiyi ərazi işğaldan azad edilib. Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismara qəbulu ilə əlaqədar bəzi məsələlər barədə Sərəncama əsasən, 2021-ci ildə “AzərEnerji” ASC Azərbaycan Respublikası tərəfindən sifarişçi kimi müəyyən edilib.
Araz çayının su ehtiyatlarından səmərəli istifadə olunmaqla elektrik enerjisinin istehsalı və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına xidmət edəcək “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarında su bəndlərinin tikintisi üzrə işlər tamamlanıb, su anbarlarının doldurulması işlərinə başlanılıb. Hazırda “Xudafərin” su anbarında 503 milyon kubmetr, “Qız Qalası” su anbarında isə 42 milyon kubmetr su yığılıb ki, bu da ümumi tutumun 40 və 85 faizini təşkil edir.

“BÖLGƏNİN SABİTLİYİ ÜÇÜN, GƏLƏCƏK TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİNİN GÜCLƏNDİRİLMƏSİ ÜÇÜN İRAN-AZƏRBAYCAN DOSTLUĞU, QARDAŞLIĞI ÖNƏMLİ AMİLDIR” 
Araz çayının su və energetika ehtiyatlarının birgə istifadəsini nəzərdə tutan hidroqovşaqların istismara verilməsi xüsusi əhəmiyyətə malikdir. Su tutumu 1,6 milyar kubmetr olan “Xudafərin” və 56,75 milyon kubmetr su tutumuna malik “Qız Qalası” hidroqovşaqları, həmçinin hər bir tərəf üçün ümumi qoyuluş gücü 140 MVt olan “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları paritet əsasında ölkələrimizin maraqlarına xidmət etməklə Azərbaycan-İran təcrübəsində transsərhəd sulardan istifadənin örnəkləri olacaq. Bu layihə təkcə Azərbaycana mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələriinin suvarılması, illik 358 milyon kilovat-saat elektrik enerjisi istehsalı, 80 milyon kubmetr qaza qənaət imkanı yaradacaq.
“Xudafərin” və “Qız Qalası” Şərqi Zəngəzurun  “Yaşıl enerji zonası” kimi inkişafının mühüm elementlərindən olmaqla bərabər, regional əməkdaşlıq əlaqələrinə də təkan verəcək.
Stansiyaların qoşulacağı “Cəbrayıl” enerji qovşağı ölkəmizin Şərqi Zəngəzur və Naxçıvan bölgələri arasında yeni enerji bağlantısına xidmət edəcək.
“Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri, eləcə də Naxçıvan bölgəsi Azərbaycanda “yaşıl enerji” zonaları elan edilib. Bu bölgələr bizim ərazimizin təxminən 25 faizini təşkil edir. Bu bölgələrdə “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgə üçün fayda verəcək. İşğaldan azad edilmiş torpaqlarda son üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları inşa edilib. Bu stansiyaların istehsal gücünü 500 meqavata çatdırmaq üçün konkret proqramımız var və yaxın iki-üç il ərzində bu, həll olunacaq. Nəzərə alsaq ki, İranla Azərbaycan arasında elektrik xətlərinin müasirləşdirilməsi artıq həll olunub və qarşılıqlı təchizat məsələləri də həll edilib, bu, ölkələrimiz və digər ölkələr üçün də fayda gətirəcək layihələr olacaq”- deyə Prezident İlham Əliyev bildirib.

“BİZ ÜZV OLDUĞUMUZ BÜTÜN BEYNƏLXALQ TƏŞKİLATLARDA BİR-BİRİMİZİ DƏSTƏKLƏYİRİK VƏ BUNDAN SONRA DA BU DƏSTƏYİ GÖSTƏRƏCƏYİK”
Prezident İlham Əliyev çıxışında  Azərbaycan və İranın bütün beynəlxalq təşkilatlarda bir-birlərini dəstəklədiklərini diqqətə çatdırıb: “Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də bir-birimizə dəstək verməklə, eyni zamanda, öz siyasətimizi, öz niyyətimizi ifadə edirik.
Bizi birləşdirən layihələrin arasında təbii ki, nəqliyyat layihələri xüsusi rol oynayır. Bu gün nəinki ölkələrimiz üçün, daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə səylər göstərilib. Bu günə qədər göstərilən səylər artıq real layihələrə çevrilib. Bundan sonra həm İran ərazisində, həm Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir. Hər iki ölkə burada öz səylərini birləşdirib. Onu bildirməliyəm ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə keçən il yükdaşımaların həcmi 50 faizdən çox artıb, bu ilin üç ayında da artıb. Bütövlükdə isə İranla Azərbaycan arasındakı yükdaşımaların artımı 50 faizdən çoxdur və bu, hələ başlanğıcdır, dəmir yolu tam istismara veriləndən sonra bu rəqəmlər daha da artacaq”.
Dövlətimizin başçısı bu gün Ağbənd istiqamətində yeni avtomobil körpüsünün tikildiyin də bildirib: “Bu körpü tikiləndən sonra o da Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizinin bir parçasıdır. Qeyd etdiyim kimi, həm Şimal-Cənub, eyni zamanda, Şərq-Qərb Nəqliyyat dəhlizlərinin bir hissəsi olacaq”.
Cənab Prezident İlham Əliyev Azərbaycanın azad edilmiş torpaqlarında bu gün çox genişmiqyaslı nəqliyyat layihələrinin həyata keçirildiyini də bildirib: “Avtomobil yolları, hava limanları, dəmir yolu Ağbəndə qədər çəkilir və yaxın gələcəkdə istismara veriləcək. Beləliklə, biz birgə səylərlə həm ölkələrimizin gələcək inkişafını, eyni zamanda, bir çox ölkələrin nəqliyyat təhlükəsizliyini təmin edəcəyik.
Bizim energetika sahəsində çox böyük planlarımız var. Artıq qeyd olunduğu kimi burada 280 meqavat gücündə iki su elektrik stansiyasının inşası nəzərdə tutulur. Enerji güclərinin də bərabər bölünməsi hər iki ölkəyə əlavə fayda verəcək”.

“İRAN-AZƏRBAYCAN ƏLAQƏLƏRİNİN GƏLƏCƏK İNKİŞAFI ÇOX MÜSBƏTDİR”
Azərbaycan-İran arasında bir çox sahələrdə əlaqələr mövcuddur ki, bu da həm ölkələri gücləndirir. Eyni zamanda, regional əməkdaşlığa müsbət təsirini göstərir . “Ticarət dövriyyəsinin artırılması, yeni birgə müəssisələrin yaradılması - bütün bunlar göz qabağındadır. Təbii ki, bütün planları həyata keçirmək üçün gələcəkdə də yaşadığımız bölgədə sülh, əmin-amanlıq, sabitlik olmalıdır. Əfsuslar olsun ki, uzun illər burada vəziyyət tam başqa istiqamətdə cərəyan etmişdir. Bildiyiniz kimi, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri 30 ilə yaxın Ermənistanın işğalı altında idi. Bax, burada - bu yaxınlıqda yerləşən ərazilər işğal altında idi. Torpaqlarımızın təxminən 20 faizi zəbt edilmişdi, oradan Azərbaycan əhalisi çıxarılmışdı, bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdı, bir milyon azərbaycanlı evsiz-eşiksiz qalmışdı. Uzun illər bu məsələ ilə məşğul olan ATƏT-in Minsk qrupu və onun həmsədrləri məsələni həll etmək üçün yox, məsələni dondurmaq üçün çalışırdılar. 28 il ərzində fəaliyyət göstərən, əslində, fəaliyyətsiz olan Minsk qrupunun tamamilə ləğv edilməsi Azərbaycanın haqlı tələbidir. Onlar 28 il ərzində məsələni həll etməyə yox, yenə də deyirəm, dondurmağa səylər göstərmişlər”, - söyləyən Prezident İlham Əliyev bildirib ki, bölgədə sülhün və əminamanlığın carcısı olan Azərbaycan sülhsevər siyasətini uğurla reallaşdırır: “Bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin edilməlidir. Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir. Biz Azərbaycan olaraq bütün ölkələrlə əlaqələri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq və qarşılıqlı mənfəət əsasında qururuq və bundan sonra da quracağıq. Əgər kimsə - buradan minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, bizimlə danışsınlar. Yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və verməyəcək. Hesab edirəm ki, Ermənistan səhv addım atmamalıdır. Regional məsələlər region ölkələrinin bilavasitə iştirakı və iradəsi ilə həll olunmalıdır. Ermənistan uzun illər ərzində buradan uzaqlarda yerləşən ölkələrin himayəsinə, dəstəyinə bel bağlamışdır. Nəticə nə oldu? Nəticə onlar üçün o qədər də ürəkaçan olmamışdır. Yəni, növbəti səhv buraxmasın. Bölgədə yaşayan xalqlar burada tarixən yaşayıb. Bölgə dövlətləri güclü dövlətlərdir, müstəqil siyasət aparan dövlətlərdir. Heç bir kənar qüvvə bu günə qədər bu dövlətlərin iradəsinə təsir etməyib və etməyəcək. Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcəkdir” ,- deyə dövlətimizin başçısı bildirib.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff