booked.net

Növbədənkənar parlament seçkiləri bu il baş tutacaq ikinci böyük hadisədir


44 günlük Vətən müharibəsindəki şanlı Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində dövlətimizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası uzun illər  doğma yurdlarının həsrətini çəkən, torpaqlarından məcburi şəkildə ayrı düşən insanlarımızı ən müqəddəs arzularına qovuşdurdu. Beləliklə, ölkəmizin tarixində yeni bir dövr başladı. İctimai-siyasi həyatın bütün sahələrində həyata keçirilən ciddi dəyişikliklər birmənalı olaraq növbədənkənar parlament seçkilərinin keçirilməsini də labüd etdi.

2024-cü il iyunun 27-də Konstitusiya Məhkəməsinin Plenumu erkən parlament seçkisi keçirilməsinin mümkünlüyü ilə bağlı Azərbaycan Prezidentinin sorğusuna müsbət cavab verdi. Xatırladaq ki, iyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması üçün Prezident İlham Əliyevə müraciət etmişdi.
Parlamentin qənaətinə görə, COP29 zamanı Milli Məclisin Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra yeni tərkibdə təmsil olunması, parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə edilməsi, habelə ölkə üçün bu əhəmiyyətli tədbir zamanı normayaratma fəaliyyətinin fasiləsiz həyata keçirilməsi üçün həmin vaxta qədər Milli Məclisin yeni çağırışının "tam formalaşdırılması zəruridir."
Bir sözlə,  Azərbaycanda yeni dövrün tələbinə uyğun parlamentin formalaşdırılması da zamanın tələbidir. Milli Məclisə növbədənkənar seçkilər zamanı müstəqillik dövründə ilk dəfə olaraq Qarabağ və Zəngəzuru təmsil edən millət vəkilləri məhz bu ərazilərdə keçirilən seçkilər nəticəsində mandat alacaqlar. Hakim partiyadan olan deputatlar bu məqamı nəzərə alaraq seçkilərin 2 ay əvvələ çəkilməsi təklifi ilə parlament sədrinə müraciət etdilər. Bununla bağlı dövlət başçısı sərəncam imzaladı.
Artıq Mərkəzi Seçki Komissiyası 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin yüksək səviyyədə təşkili, azad, ədalətli və şəffaf keçirilməsi, eləcə də müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi və məlumatlandırılması məqsədi ilə genişmiqyaslı kampaniyaya start verdi.             
İlk növbədə qeyd edək ki, ölkəmizdə bərqərar olan ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi, bütün siyasi qüvvələr arasında yaradılan bərabərhüquqlu siyasi mühit  seçkilərin ədalətli və şəffaf  keçirilməsinə hərtərəfli imkan yaradır.
Prezidentin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nı rəhbər tutmaqla hazırlanan və seçki iştirakçıları üçün müxtəlif istiqamətləri əhatə edən maarifləndirmə proqramı həyata keçirilməkdədir. 
Parlament seçkilərinin keçiriləcəyi 125 seçki dairəsi üzrə 6400-dən çox seçki məntəqəsində seçicilərin səs verməsi üçün bütün lazımi şərait yaradılır.
Sentyabrın 1-də keçiriləcək parlament seçkilərində işğaldan azad edilmiş bölgələrdə yaşayan vətəndaşlar ilk dəfə öz doğma yurdlarında səs verəcəklər. Xatırladaq ki, 2024-cü il fevralın 7-də olan prezident seçkilərində işğaldan azad olunmuş bölgələrdə daimi əsaslarla 26 seçki məntəqəsi yaradılmışdı. Ümumilikdə isə işğaldan azad edilmiş ərazilərdə 47 məntəqə fəaliyyət göstərirdi. MSK-dan verilən məlumata görə, parlament seçkilərində həmin bölgələrdə məntəqələrin sayı kifayət qədər artacaq.
Seçkilərdə demokratikliyi və şəffaflığı təmin etmək məqsədi ilə geniş coğrafiyanı əhatə edən beynəlxalq müşahidəçilər üçün Milli Məclis, Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyası tərəfindən dəvətlər göndərilib.
Xüsusi qeyd olunmalıdır ki, media subyektlərinin nümayəndələrinin heç bir qurumdan icazə almadan seçkilərin işıqlandırılması prosesində sərbəst şəkildə iştirak etdiyi yeganə ölkə  Azərbaycandır. 
Ölkəmizdə penitensiar müəssisələrdə cəza çəkən məhkumların da səsvermə hüququ tam təmin edilir. Penitensiar müəssisələrdə keçirilən seçkilər təlimata uyğun aparılır və xüsusi komissiya yaradılır. Seçki günü səsverməni izləmək üçün media subyektləri cəlb olunurlar.
Mərkəzi Seçki Komissiyasının 2024-cü il iyunun 27-də keçirilmiş iclasında "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında" 2023-cü il 5 dekabr tarixli Qanunla əlaqədar olaraq 96 saylı Goranboy, 97 saylı Tərtər-Naftalan-Goranboy, 118 saylı Ağdam şəhər, 119 saylı Ağdam kənd və 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairələrinin hüdudlarında və adlarında qismən dəyişikliklər olunmasına qərar verilmişdir. Qərara əsasən, qeyd edilən seçki dairələri müvafiq olaraq 96 saylı Goranboy-Naftalan, 97 saylı Tərtər-Ağdərə-Goranboy, 118 saylı Ağdam-Xocalı, 119 saylı Ağdam və 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsi adlandırılmışdır.
2024-cü il iyulun 10-da Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilmiş müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi- Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev 28 iyun 2024-cü il tarixinə olan məlumata əsasən ölkə üzrə seçicilərin  sayının  6 334 444 nəfər olduğunu vurğulamışdır. Xatırladaq ki, ölkə üzrə keçirilən  son seçkilərdə, yəni 7 fevral 2024-cü il tarixli prezident seçkilərində seçicilərin sayı 6 254 556 nəfər olub.
PA rəsmisi bildirmişdir ki, indiyə qədər azad edilmiş ərazilərə 1997 ailə köçürülüb. 20 mindən çox insan abadlıq-quruculuq işlərinə cəlb edilib. Ümumilikdə həmin ərazilərdə 26 seçki məntəqəsi fəaliyyət göstərəcək. Əsas məsələ seçki prosesinin qanunvericiliyin bütün tələblərinə cavab verməklə keçirilməsini təmin etməkdir.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi- Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev seçki komissiyalarının rəhbərlərinə tövsiyə edib ki, hər hansı mənfi hallar aşkarlandığı halda müvafiq ünvanlara müraciət etsinlər.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff