booked.net

Rusiya-Azərbaycan əlaqələri dinamik inkişaf edir


Prezident İlham Əliyevin cari il aprelin 22-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə təkbətək görüşündə qeyd etdiyi kimi, tarixin müxtəlif məqamları ölkələrimiz və xalqlarımızı yaxınlaşdırır. Artıq iki ildir ki, 2022-ci ilin fevralında  Kremldə imzalanmış əsas siyasi sənəd olan gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən mütəffiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyənnamə çərçivəsində işlər görülür. Ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlər, geniş hüquqi baza və mütamadi qaydada keçirilən iqtisadi form və konfranslar ikitərəfli münasibətlərin inkişafında həlledici rol oynayır. Ölkəmizin Beynəlxalq arenada yürütdüyü siyasət habelə Rusiya ilə qurulmuş düzgün münasibətlər nəticəsində Azərbaycan qarşısında duran tarixi vəzifələrin həllinə nail olub. Ərazi bütövlüyü və suverenliyini bərpa edib.

Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mətbuata bəyanatlarla çıxış ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Azərbaycan və Rusiya müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir”
Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev çıxış edərək, bildirib ki, “Bu gün  gündəlikdə duran məsələləri bird aha müzakirə edəcəyik. Əminəm ki, səfər həm Sizin, həm də münasibətlərimiz üçün  xoş olacaq”. Dövlət başçısı bildirib ki, görüşlərimiz müntəzəm xarakter daşıyır. Bizim ən yüksək səviyyədə görüşlərimiz müntəzəm xarakter daşıyır. “Bu il iki dəfə - bir dəfə Moskvada, bir dəfə isə beynəlxalq tədbir çərçivəsində görüşmüşük. Amma, əlbəttə ki, dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyətə malikdir, belə demək mümkünsə, həm də dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir”.
Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 3 iyul 1997-ci il tarixli Müqavilə, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq və strateji tərəfdaşlıq haqqında 3 iyul 2008-ci il tarixli Bəyannamə və s. bu əlaqələrin təməlinin möhkəmlənməsində xüsusi əhəmiyyət kəsb edir.İkitərəfli münasibətlər Rusiya Federasiyasının  və Azərbaycan Respublikasının xalqlarının maraqlarına tam şəkildə cavab verir, regional və beynəlxalq təhlükəsizliyin və  sabitliyin təmin edilməsinə töhfə verir. Dövlətlərarası siyasi dioloq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq təmzimlənib. Müstəqillik dövründə iki ölkə arasında mövcud olan münasibətləri qoruyub saxlamaq keyfiyyət və mahiyyətcə yeni səviyyəyə çıxarmaq mümkün olmuşdur.Bu gün Rusiya-Azərbaycan münasibətləri strategi tərəfdaşlıq xarakteri daşıyır və əməkdaşlığın bütün sahələrini, o cümlədən siyasi, iqtisadi-ticarət, sosial, mədəniyyət, humanitar, təhsil istiqamətləri nəzərdə tutur, eyni zamanda böyük həcmdə hərb-texniki əməkdaşlığı əhatə edir.
 Prezident İlham Əliyevin Rusiyaya ardıcıl rəsmi səfərləri Azərbaycanın şimal qonşumuzla dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına verdiyi önəmi təsdiqləyir. Məhdud tərkibdə keçirilən görüşdə Prezident İlham Əliyevin bildirdiyi kimi, biz ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin səviyyəsindən çox məmnunuq:
“2022-ci ilin fevralında imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin müddəaları uğurla yerinə  yetirilir, həm siyasi, həm də iqtisadi sahədə  çox müsbət dinamika, yaxşı rəqəmlər görürük. Əlbəttə, həm energetika, həm də nəqliyyat sahəələrində əməkdaşlıq edirik, hümanitar əlaqələrə, həmçinin bir çox sahələrə xüsusi diqqət yetiririk”.
Sahələrdən biri də humanitar sahədir. Azərbaycanda rus ədəbiyyatına və mədəniyyətinə böyük maraq var. Məktəblərdə rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri var. Bakıda Azərfbaycan Dövlət Rus Dram Teatrı və Slavyan Universiteti fəaliyyət göstərir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir.
Regional təhlükəsizlikdən söz açan ölkə başçısı bildirdi ki, ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib.
Yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır.
Dövlətlərarası münasibətlərimiz üçün müstəsna əhəmiyyətə malik olan nəqliyyat dəhlizlərindən söz açan ölkə başçısı söylədi ki, regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları və “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi kimi məsələlərin aktuallığı danılmazdır.

“AZƏRBAYCANIN ƏRAZİSİNDƏ “ŞİMAL-CƏNUB” DƏHLİZİNİN HƏM DƏMİR YOLU, HƏM DƏ AVTOMOBİL YOLU SEQMENTLƏRİ TAM ŞƏKİLDƏ REALLAŞDIRILIB VƏ UĞURLA FƏALİYYƏT GÖSTƏRİR”
Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək və onun dəmir yolu sahəsinin modernləşdirilməsi üçün lazımi işlər görülür.
İldə 15 milyon ton və daha çox – 30 milyon tonadək yüklərin daşınması tamamilə realdır. Hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər. Cari il həmin dəmir yolu sahəsinin tələb edilən ötürücülük qabiliyyətinə malik olması üçün modernləşdirilməsi məqsədilə təxminən 120 milyon dollar ekvivalentində vəsait nəzərdə tutulub.
Prezident İlham Əliyev qeyd etdi ki, Rusiya və Azərbaycanın müxtəlif şəhərləri arasında hər gün 20 reys həyata keçirilir. Hətta Sovet İttifaqı dövründə bu qədər qarşılıqlı reyslər olmayıb. Bu, məhz ondan xəbər verir ki, insanlar arasında təmaslar mütəmadi xarakter daşıyır. Bu gün, həmçinin ölkələrimizin vətəndaşları arasında qarşılıqlı səyahətlərin artım dinamikası da müşahidə olunur.
Perspektiv əməkdaşlıq istiqamətlərinə gəlincə energetika sahəsində həm neft-qaz sektorunda, həm də elektrik enerjisi sahəsində fəal işlər aparılır.

 “AZƏRBAYCANIN COP29 İQLİM KONFRANSINDA EV SAHİBİ QİSMİNDƏ NAMİZƏDLİYİ RUSİYA TƏRƏFİNDƏN DƏSTƏKLƏNİB”
Ekoloji fəlakətin meydana çıxmasını artıq açıq-aşkar görürük. Mümkün ekoloji fəlakətin qarşısını almaq üçün birgə tədbirlərin görülməsi də nəzərdə tutulur. Azərbaycanın COP29 iqlim konfransında ev sahibi qismində namizədliyi Rusiya tərəfindən dəstəklənib. Rusiyanın dəstəyi müstəsna dərəcədə mühümdür və hazırda ikitərəfli formatda da bu iqlim konfransına hazırlıqla bağlı məsələlər üzərində işlər aparılır.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin: “Bakıda olmağıma, şəhərə bir daha tamaşa etməyimə şadam. Şəhər inkişaf edir, uğurla inkişaf edir, deyərdim ki, bir növ regionun oazisinə çevrilir”
Rusiya Prezidenti Vladimir Putin çıxışında rus dilinə göstərilən diqqətə görə azərbaycanlı həmkarı İlham Əliyevə təşəkkürünü bildirib: “Azərbaycanda rus dilindən hər yerdə və sərbəst istifadə olunur. Hiss edirik ki, Azərbaycan Respublikasının rəhbərliyi bu tendensiyanı hərtərəfli şəkildə dəstəkləyir. İlham Heydər oğlu, rus dilinə göstərilən bu diqqətə görə Sizə minnətdarıq” .
Bakıda Rusiya- Azərbaycan Universitetinin yaradılması təşəbbüsünün müzakirə olunduğunu vurğulayan Vladimir Putin əlavə edib: “Azərbaycan Prezidenti bu ideyanı dəstəkləyib. Ümidvaram ki, biz onu kifayət qədər tez həyata keçirəcəyik. Bizim tərəfimizdən Sankt-Peterburq Dövlət Universiteti layihəyə qoşulmağa hazırdır”.

 “CƏNUBİ QAFQAZDA SABİTLİK BÜTÜN DÖVLƏTLƏRİN VƏ REGİON XALQLARININ KÖKLÜ MARAQLARINA TAM CAVAB VERİR”
 Prezident Putin Azərbaycana səfərinin yekunlarından məmnunluğunu ifadə edib. O, aparılan danışıqların və əldə olunan razılaşmaların Rusiya- Azərbaycan strateji tərəfdaşlığının gələcəkdə də möhkəmlənməsinə xidmət edəcəyini əminliyini bildirib.
"Danışıqlarda regional gündəliyə dair, təbii ki, Azərbaycanın  Xəzər regionunda və Cənubi Qafqazda oynadığı rol nəzərə alınaraq bir sıra məsələlər də nəzərdən keçirildi, aktual beynəlxalq mövzulara da toxunuldu” – deyən Rusiya Lideri vurğulayıb ki, hər iki ölkə xarici siyasətdə beynəlxalq hüququn aliliyi, suverenlik və daxili işlərə qarışmamaq prinsipini qətiyyətlə müdafiə edir.
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi MDB   Dövlət Başçıları Şurasının iclasına dəvət edib. O deyib: “ Rusiya və Azərbaycan əsas çoxtərəfli platformalarda, o cümlədən BMT və Müstəqil Dövlətlər Birliyində öz səylərini sıx əlaqələndirir. Oktyabrda İlham Heydər oğlunu MDB Dövlət Başçıları Şurasının iclasında, həmçinin Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində “ autriç” formatında görüşdə görməyə şad olacağıq” .

 “AZƏRBAYCAN İLƏ ERMƏNİSTAN ARASINDA MÜNASİBƏTLƏRİN HAZIRKI VƏZİYYƏTİNƏ DƏ DİQQƏT YETİRDİK”
Rusiyanın gələcək də Azərbaycan- Ermənistan qarşılıqlı fəaliyyətinin normallaşdırılmasına və 2020-2022- ci illərdə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında əldə olunmuş məlum üçtərəfli razılaşmalar əsasında sülh sazişinin bağlanmasına hərtərəfli kömək göstərəcəyini deyən Prezident Putin vurğulayıb:
“Biz, həmçinin hələ Sovet İttifaqı vaxtından bizdə qalan müvafiq sənədləri nəzərə almaqla sərhədlərin delimitasiyası və demarkasiyasına, transsərhəd marşrutlarının açılmasına, humanitar təmasların yaradılmasına kömək etməyə hazırıq.
Bizim mövqeyimiz ondan ibarətdir ki, Cənubi Qafqazda sülh və sabitlik bu regionun bütün dövlətlərinin və xalqlarının köklü maraqlarına tam şəkildə cavab verməlidir.
Sonda bir daha vurğulamaq istərdim ki, biz səfərin yekunlarından tamamilə məmnunuq. Əminəm ki, bu gün aparılan danışıqlar və əldə olunan razılaşmalar Rusiya-Azərbaycan strateji tərəfdaşlığının gələcəkdə də möhkəmlənməsinə xidmət edəcək”.

İMZALANMIŞ SƏNƏDLƏRİN MÜBADİLƏSİ
Avqustun 19-da Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış sənədlər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır. “Azərbaycan Respublikasının ixracın və investisiyaların təşviqi Agentliyi - AZPROMO ilə “Rusiya Birbaşa İnvestisiyalar Fondunun idarəedici şirkəti” Səhmdar Cəmiyyəti arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında iqlim dəyişmələri və aşağı karbonlu inkişaf üzrə Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Federal Əmək və Məşğulluq Xidməti (Rusiya Federasiyası) arasında əməyin təftişi məsələləri üzrə qarşılıqlı anlaşma və əməkdaşlıq Memorandumu”, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında qida məhsullarının təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında səhiyyə, tibbi təhsil və tibb elmi sahələrində əməkdaşlıq haqqında Saziş” mübadilə olunub.



Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff