booked.net

8 NOYABR- ŞUŞA ŞƏHƏRİ GÜNÜ


2020-ci il noyabrın 8-i tariximizin ən şanlı səhifələrindən biridir. Həmin tarixdə müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək xalqımızın qəlbində uzun illərdir qövr edən yurd həsrətinə son qoydu.  
Azərbaycan Prezidenti İlham Əliyev bu möhtəşəm Qələbənin tarixi əhəmiyyətini nəzərə alaraq imzaladığı Sərəncamla noyabrın 8-ni Zəfər Günü elan etdi. 
Dövlətimizin başçısı 2021-ci il yanvarın 14-də mədəniyyətimizin incisi olan bu şəhərə səfəri zamanı Şuşada şanlı üçrəngli bayrağımızı ucaltdı.
Qazanılan qələbə, ən əvvəl, xalqımızın birliyinin, həmrəyliyinin təntənəsidir. Ordunu düşmən üzərinə aparan komandanın yüksək sərkərdəlik məharətinin nəticəsidir.  
44 günlük Vətən müharibəsində Zəfərə aparan yol uzun, olduqca mürəkkəb ictimai-siyasi burulğanlardan keçib. Birinci Qarabağ müharibəsi dövründə torpaqlarımızın müdafiəsi üçün vahid komandanlıq, nizami ordunun olmaması xalqımıza çox acılar yaşatdı. Buna baxmayaraq igid Vətən oğulları qeyrətlərinə sarılıb döyüş meydanında neçə-neçə hünər dastanı yazdılar. 
2020-ci il sentyabrın 27-də Ermənistanın silahlı birləşmələri Azərbaycana qarşı növbəti irimiqyaslı hərbi təcavüz həyata keçirsə də cavabı çox sarsıdıcı oldu- Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev Ordumuza bütün cəbhə boyu əks-hücuma keçməyi əmr etdi. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlıqla dolu savaş yolu Zəfərlə sona yetdi. 
Həmin il noyabrın 6-da yüngül  silah-sursat ilə təchiz edilmiş, hərəsi 100 nəfərdən ibarət olan dörd qrupa bölünmüş 400 nəfərlik Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Şuşanın sıldırımlarına iplərlə dırmaşaraq səhər saatlarında şəhərə dörd tərəfdən daxil olmuşdur. Şuşa əməliyyatı dünya hərb praktikasında unikaldır və bu, ölkəmizin hərbi komandanlığının, cəsur, yenilməz Azərbaycan döyüşçüsünün hərb elminə gətirdiyi yenilikdir. 
Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi. Şuşa zəfəri, əslində, müharibənin taleyini həll etdi. Ertəsi gün daha 70-dən çox kəndin azad olunması xəbəri gəldi və bundan bir gün sonra Ermənistanın Baş naziri Azərbaycan Prezidentinin şərtlərini qəbul edərək kapitulyasiya aktını imzalamağa məcbur oldu.
Ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycanda ictimai-siyasi şəraitin həddən artıq gərginləşdiyi, Ermənistan silahlı qüvvələrinin ölkəmizin ərazilərində apardığı işğalçılıq hücumlarının miqyasının daha da  genişləndiyi bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev xilaskarlıq missiyasını öz üzərinə götürdü. 
1993-cü il noyabrın 2-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına tarixi müraciəti insanlarımızın inam hissinin özünə qayıtmasında böyük rol oynadı. Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, suverenliyini, müstəqilliyini qorumaq hər bir vətəndaşın, hər bir azərbaycanlının ən ümdə vəzifəsinə çevrildi.   
Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi, qətiyyətli və ardıcıl siyasəti ilə ordu quruculuğuna yeni məzmun verdi. Qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Azərbaycanın Silahlı Qüvvələri möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan orduya çevrilməyə başladı.  
İkinci Qarabağ müharibəsinin hər günü, hər anı Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı və əsl qəhrəmanlıq dastanına çevrildi. Hər gün yeni bir kəndin, yeni bir şəhərin azad edilməsi xəbəri xalqın ruhunu yüksəltdi və ordunun əzmini daha da möhkəmləndirdi. 
44 günlük Vətən müharibəsi zamanı düşmən ordusunda on mindən çox fərari olduğu halda, bizim bir əsgərimiz belə döyüş meydanından yayınmadı.
“Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq!”- Bu sözləri 2020-ci il noyabrın 8-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük qürur və sevinc hissi ilə dedi. Bununla da Azərbaycan xalqının tarixində yeni bir səhifə açıldı. Şuşanın azad edilməsi Vətən müharibəsinin həlledici anı və Zəfərin simvolu oldu.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa işğaldan azad olunan gün - noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciətində verdiyi bu xoş xəbər Azərbaycanı ayaq üstə qaldırdı. İnsanlar küçələrə, meydanlara axışaraq qürur və böyük sevinc hisslərini paylaşır, bir-birinə gözaydınlığı verirdilər.
"Əziz Şuşa, sən azadsan!
 Əziz Şuşa, biz qayıtmışıq!
 Əziz Şuşa, biz səni dirçəldəcəyik!"
Prezident İlham Əliyevin həmin gün səsləndirdiyi bu sözlər indi də hər bir azərbaycanlının qəlbini iftixar, qürur hissi ilə doldurur. Şuşanın işğaldan azad olunduğu gün Prezidentin Sərəncamı ilə “Zəfər günü” kimi qeyd olunur. 
Qırx dörd gün davam edən müharibədə xalqımız Ordumuzu, dövlətimizin başçısının uğurlu siyasətini fəal şəkildə dəstəklədi. Üç minə yaxın şəhid Vətən uğrunda canını qurban verdi. Biz bir evdən iki şəhid verib, “Ana Vətən sağ olsun” deyən xalqın nümayəndələriyik. Belə xalqın Ordusu bu Zəfəri qazanması labüd idi.
Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır.
Milli və dini mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan ordusunun hər bir əsgəri, zabiti İkinci Qarabağ müharibəsində əsl qəhrəmanlıq göstərdi. Bu əməliyyata "Dəmir Yumruq" adının verilməsi, qələbəyə addımlayan əsgərlərimizin, o cümlədən, xalqımızın yumruq kimi birləşdiyinin göstəricisidir. Prezident İlham Əliyev qeyd etdiyi kimi, biz Azərbaycanda yaşayan bütün millətlərin birliyinin şahidi olduq. Bu da bizim ən böyük sərvətlərimizdən biridir: "Bu müharibə zamanı bütün millətlərin, etnik qrupların nümayəndələri son damla qanlarına qədər döyüşürdülər. Onlar Vətənləri uğrunda döyüşürdülər. Azərbaycanda müxtəlif etnik qruplardan ibarət xalqımızın Vətən sevgisi, vahid dil və dövlətçilik naminə güclü konsolidasiyası baş verdi. Mən bundan fərəhləndim və bu gün də fəxr edirəm ki, biz belə vətəndaşlar tərbiyə etmişik".
Şuşa azadlığına qovuşandan sonra digər azad edilmiş ərazilərimizdə olduğu kimi bu şəhərdə də bərpa, quruculuq və yenidənqurma işlərinə, infrastrukturun bərpasına start verildi və burada ölkə əhəmiyyətli açılışlar həyata keçirildi və bu gün də davam edir. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. İgid Vətən oğullarının Şuşaya doğru dağların, meşələrin qoynu ilə irəliləyərək açdığı cığır boyu  indi avtomobil yolu salınıb. Prezident İlham Əliyev Şuşaya 101 kilometr uzunluğu olan bu yolu “Zəfər Yolu” adlandırıb.
Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı Sərəncamla Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Şuşanın mədəniyyət paytaxtı statusu, onun tarixi əhəmiyyətini və mədəni irsinin bərpasını prioritet məsələyə çevirdi. Azərbaycan hökuməti bu qədim şəhərin tarixi simasının bərpa olunması, tarixi abidələrinin, məscidlərinin, mədəniyyət ocaqlarının dirçəldilməsi və yenidən canlandırılması üçün genişmiqyaslı layihələrə start verdi.
Şuşada aparılan işlər çərçivəsində şəhərin tarixi-memarlıq abidələri, küçə və meydanları bərpa olunur. Həyata keçirilən geniş bərpa-quruculuq və yeni infrastruktur layihələri sayəsində Şuşa, həm yerli, həm də xarici qonaqlar üçün mədəni turizm mərkəzinə çevrilib. Şuşada “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri və digər mədəniyyət tədbirləri bərpa edilərək yenidən keçirilir. Bu tədbirlər Şuşanın Azərbaycanın mədəni həyatında oynadığı əhəmiyyətli rolu bir daha vurğulayır və şəhərin zəngin mədəni irsini gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır. 
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncamla noyabrın 8-i Şuşa Şəhəri Günü kimi təsis edildi. Bu tarix İkinci Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi Zəfərin ən mühüm rəmzi olan Şuşa şəhərinin azad olunduğu gündür. 8 Noyabr artıq hər il Şuşanın mədəni, tarixi və strateji əhəmiyyətini vurğulamaq və Azərbaycanın qələbəsini anmaq məqsədilə təntənəli şəkildə qeyd olunur.
Prezident İlham Əliyevin 2021-ci il may ayının 7-də imzaladığı Sərəncam ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan etdi. Bu Sərəncam Şuşa şəhərinin əvvəlki statusunun bərpası, tarixən malik olduğu şöhrətinin özünə qaytarılması, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasına xidmət edir. Əlbəttə, dövlətimizin başçısı tərəfindən 2022-ci ilin “Şuşa İli” elan olunması barədə Sərəncamın imzalanması da eyni məqsədlərə xidmət edən növbəti tarixi qərardır və bu qərarların hər biri həm Şuşamızın, həm də bütünlükdə Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələr verməkdədir. 
2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı” və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının Mədəniyyət Paytaxtı” elan edilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi altında Şuşa şəhərinin qısa müddət ərzində yenidən qurulması, həyatın bu qədim yurdumuza qaytarılması, eyni zamanda tarixi-mədəni və dini abidələrin bərpa edilərək istifadəyə verilməsi istiqamətində aparılan intensiv işlər, Şuşanın beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi müsəlman ölkələri və ICESCO tərəfindən yüksək dəyərləndirilib.
Şuşa şəhəri Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən, o cümlədən İslam sivilizasiyasının simvollarından biri olmaqla beynəlxalq tədbirlərə, böyük mədəniyyət layihələrinə ev sahibliyi  edir. Bu qədim şəhərimizdən dünyaya sülh, birlik və humanizm mesajları verilir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev mürəkkəb regionda bu qətiyyətli qərarı və çox mürəkkəb prosesi diplomatiyanın, siyasətin mümkün etdiyi ən mahir incəliklə idarə etməyi bacardı, Azərbaycan xalqı bu prosesdə bir daha sübut etdi ki, ölkəmizdə xalq-iqtidar birliyi olduğu təqdirdə ən çətin məsələlər belə həll edilir. 
44 günlük Vətən müharibəsində Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi çox çətin  sınaqlardan keçdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı ən doğru zamanda, ən doğru qərarı qəbul etməklə xalqımızın tarixi Qələbəsini təmin etdi. Ölkəmizin başçısının diplomatik, siyasi və hərbi müstəvidə əldə etdiyi qələbələrlə qalibiyyətimizin simvoluna çevrildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ərazilərimizə səfərləri zamanı burada görülən işlərlə tanışlıq və təməlqoyma mərasimlərinin keçirilməsi böyük abadlıq-quruculuq işlərinin davamı olmaqla yanaşı, burada görülən işlərin sürətlə aparıldığını bir daha təsdiqləmiş olur

Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən xoşbəxtliyinin daha bir məqamını dilə gətirdi: «Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır!»
Prezident İlham Əliyev 2021-ci ilin 14 yanvarında Şuşaya Zəfər yolu ilə səfər edərək, bu tarixi missiyanın uğurlu təməlini qoydu. Həmin səfər zamanı dövlət başçısı illərdir didərgin həyatı yaşayan Natəvanın, Üzeyir bəyin, Bülbülün güllələnmiş büstlərini də öz doğma yerlərinə qovuşdurdu, onların da ruhlarını şad etdi.
Dövlət başçısı İlham Əliyevin ailə üzvləri ilə birgə Şuşaya səfəri mart ayında, Novruz bayramında oldu. Vaqifin məqbərəsində tezliklə bərpa işlərinin başlayacağının, məscidlərin bərpası ilə bağlı artıq müvafiq göstərişlər verildiyinin, otuz il ərzində ermənilərin qurutduğu bütün bulaqlarımızın bərpa ediləcəyinin və bir çox möhtəşəm planların xoş xəbərini çatdıran ölkə Prezidenti Cıdır düzündə Novruz tonqalını yandırdı. Bu mühüm hadisə Ermənistana və havadarlarına ciddi mesaj oldu.
«Xarıbülbül» musiqi festivalı ənənəsinin bərpasını xalqımız böyük sevinclə qaşıladı. Mayın 12-13-də keçirilən festivalda Prezident İlham Əliyev qürurla qeyd etdi ki, biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək. 
Şuşa növbəti dəfə qonaqlarını 15 İyun- Milli Qurtuluş Günündə qarşıladı. Bu səfər bir çox məqamlarla tarixə yazıldı. Qardaş ölkə olan Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan işğaldan azad edilmiş ərazilərimizə ilk səfər edən dövlət başçısı oldu. Həmçinin Şuşa Azərbaycan və Türkiyə müttəfiqliyini təsdiqləyən sənədin imzalanmasına şahidlik etdi. 
Avqust ayında  dövlət başçısı İlham Əliyevin mədəniyyət paytaxtımıza növbəti səfəri zamanı “Qarabağ” hotelinin, dahi Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin bərpadan sonrakı açılışı, Molla Pənah Vaqifin büstünün, Bülbülün Ev-Muzeyinin bərpadan sonra, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışları oldu. Beləliklə, Vaqif Poeziya Günləri ənənəsi bərpa edildi. Dövlət başçısı İlham Əliyev Vaqif Poeziya Günlərinin açılışında bildirmişdir ki, Şuşa şəhərində artıq çox böyük işlər görülüb və bura ikinci-üçüncü dəfə gələnlər bunu görürlər, Şuşanın bərpası ilə bağlı qısa müddət ərzində böyük işlər görülüb. İlk növbədə Zəfər yolu çəkilib. Magistral yol da çəkilir, Şuşanın elektrik təsərrüfatı bərpa edilib, yarımstansiya tikilib. Şuşaya suyun verilməsi bərpa edilib və hazırda iki mənbədən Şuşaya su gəlir. Şuşanın tarixi abidələrinin bərpasına start verilib. Vaqifin məqbərəsi artıq bərpa edilib. Ermənilər tərəfindən dağıdılan Vaqifin büstü bərpa olunub və açılışı həyata keçirilib. Görülən işlər sırasında Natəvan bulağının da bərpasını qeyd etməliyik.
Şuşanın işğaldan azad edildiyi və Zəfər Günü kimi təsis olunan 8 noyabr tarixində də dövlət başçısı İlham Əliyev mədəniyyət paytaxtımıza səfər etdi. Ölkə Prezidenti noyabrın 7-də Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak etdi. Daha sonra Daşaltı kəndində məscidin, Şuşa Radio-Televiziya yayım qülləsinin, Şuşa Şəhər Xəstəxanasının təməllərini qoydu. Dövlət başçısı Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhərağa məscidində və Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxışnda bir daha bu fikri böyük inam və qətiyyətlə bildirdi ki, bundan sonra bu torpaqlarda müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq. Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq.
Müzəffər Ali Baş Komandanın Şuşaya 2021-ci ilə sonuncu səfəri dekabr ayında oldu. 60 illik yubileyini mədəniyyət paytaxtımızda qeyd edən dövlət başçısının sevinci hüdudsuz idi. 
Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2022-ci il «Şuşa İli» elan edildi. Bu mühüm hadisə bərpa və quruculuq işlərinin sürətinə, miqyasına təsirsiz qalmadı.  
Prezident İlham Əliyevin həmin il aprelin 4-də Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və bu yolun üzərindəki tunellərin tikintisi ilə tanışlığı ümumən bölgənin sosial-iqtisadi inkişafında rol oynayacaq ciddi işlərin həyata keçirildiyindən xəbər verdi. Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı isə ölkə həyatında daha bir əlamətdar hadisə idi. 
Prezident İlham Əliyevin mayın 5-də Şuşadakı inzibati binada və Şirin su hamamında aparılan bərpa işləri ilə, habelə məşhur tarzən Sadıqcanın Şuşadakı evinin bərpası işləri ilə, Şuşada Mehmandarovların malikanə kompleksində aparılan bərpa işlərinin hazırkı mərhələsi ilə tanışlığı şəhərin tarixi zənginliyinin, mənəvi ruhunun özünə qaytarılması nöqteyi-nəzərdən olduqca əhəmiyyətli idi. “Shusha Boutique Hotel”in yerləşəcəyi əraziyə baxış, Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə tanışlıq, Şuşa şəhərində “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı ölkə rəhbərliyinin mədəniyyətimizin incisi olan bu şəhərin inkişafına göstərdiyi diqqətin daha bir ifadəsi idi. 
Həmin il mayın 12-də Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı oldu. Mərasimdə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak etdilər. Festival çərçivəsində milli rəqs, muğam sənəti təqdim olunub, ölkəmizin müxtəlif regionlarını və milli azlıqları təmsil edən folklor kollektivlərinin konsertləri keçirildi, Azərbaycan xanəndələrinin müxtəlif illərdə Şuşada lentə alınmış ifalarından ibarət videoçarxlar nümayiş etdirildi, klassik musiqi əsərləri təqdim olundu. 
Ölkə başçısının sentyabrın 27-28-də Şuşada Yuxarı Gövhərağa məscidini ziyarəti, Şuşada yeni yaşayış kompleksində tikinti işlərinin gedişi ilə, habelə Şuşa şəhərində hotel və konfrans mərkəzində aparılan tikinti işləri ilə, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binasında yaradılan şəraitlə tanışlıq bu şəhərin işğaldan azad edildiyi qısa zaman içində necə sürətlə inkişaf etsitini göstərdi. Şuşada Mehmandarovların malikanə kompleksində aparılan bərpa işlərinin gedişi, Şuşada təmir və bərpa edilən hoteldə görülən işlər, Şuşa şəhərində 1 saylı tam orta məktəbin binasında aparılan tikinti işlərinin gedişi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidmətinin inzibati binasında bərpa işlərinin gedişi onu göstərdi ki, ölkə rəhbərliyi bu sahədə aparılan işlərə xüsusi diqqət göstərir.   
Prezident İlham Əliyev noyabrın 11-də isə Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak etdi. Tədbirdə çıxışında Zəfərimizdən qürurla söz açdı: "Bu Qələbə, bu Zəfər bizə bu imkanı verdi, bütün xalqımıza inam verdi, ruh verdi. Biz təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu bərpa etdik. Buna görə, əziz hərbçilər, sizə borcluyuq, sizin kimi on minlərlə əsgər, zabitə borcluyuq və Azərbaycan xalqı bunu yaxşı bilir. Mən də Ali Baş Komandan kimi sizinlə fəxr edirəm".
Prezident İlham Əliyevin 2023-cü ildə Şuşaya etdiyi səfərlər ölkə həyatı üçün əlamətdar hadisələrlə zəngin oldu. Ölkə başçısının mayın 5-də  Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda iştirakı, iyunun 22-də Şuşa rayonunun Daşaltı kəndinin yenidən qurulması ilə bağlı görüləcək işlərlə, habelə Şuşa şəhər xəstəxanasının binasında tikinti işlərinin gedişi ilə, Şuşa şəhərində 1 nömrəli tam orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanışlıq göstərdi ki, burada tikinti-bərpa işləri ildən-ilə daha böyük vüsət alır. 
Şuşa şəhəri müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya toplayan foruma ev sahibliyi etmişdir.
21-23 iyul tarixlərində Şuşa şəhərində "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda 1-ci Şuşa Qlobal Media Forumu keçirilmişdir. "Heydər Əliyev İli" çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu iştirak etmişdir. Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış etdi və forumun iştirakçılarının suallarını cavablandırdı. 
Həmin il avqustun 23-də Azərbaycan ilə Özbəkistan prezidentləri və xanımları Şuşaya səfər edilər. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Şuşa şəhərinə səfər ediblər.İki qardaş ölkənin dövlət başçıları və xanımları Saatlı məscidində olub, Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə, Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxdılar.   Şuşanın Baş planı ilə tanışlıqdan sonra prezidentlər və xanımları Natəvan bulağında, Yuxarı Gövhər Ağa məscidində, Bülbülün ev-muzeyində, Mehmandarovların malikanə kompleksində və Cıdır düzündə oldular. 
Dövlətimizin başçısının noyabrın 11-də Şuşada 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanışlığı, Şuşa şəhərində peşə məktəbinin və kollecin binasına baxış, Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin açılışı, Şuşada Heydər Əliyev Fondu tərəfindən Mamayı məscidində aparılan bərpa işləri ilə tanışlıq, Şuşada İsa bulağına baxış, Şuşa şəhərində “Qızlar gimnaziyası” tarixi abidə binasında həyata keçiriləcək işlərlə tanışlıq, Şuşa şəhərində Qala divarına və ətraf əraziyə baxış,  Şuşada Pənahəli xan küçəsində yerləşən bir sıra binalarda həyata keçiriləcək bərpa və yenidənqurma layihələri ilə tanışlıq, habelə Şuşada “Yasəmən” hotelinin açılışı şəhərin həyatında əlamətdar görüşlər, ciddi yeniliklərlə yadda qaldı. 
Prezident İlham Əliyevin 2023-cü il 21-22 dekabr tarixli səfəri də şəhərin həyatında əlamətdar hadisələrlə yadda qalıb. Şuşada 23 binadan ibarət ilk yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi ilə, Şuşa şəhərinin Qarabağ küçəsində aparılan tikinti işləri ilə, habelə Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə, Şuşa rayonunun Daşaltı kənd məscidində tikinti işlərinin gedişi ilə tanışlıqlar, Şuşa rayonundakı “Saxsı”, “Turşsu” bulaqlarına , Şuşa rayonunun Turşsu qəsəbəsinə baxış dediklərimizə əyani nümunədir. 
Ölkə rəhbəri 2024-cü ildə də bir neçə dəfə Şuşaya səfər edib. Prezident İlahm Əliyevin martın 12-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ilə  Şuşaya səfəri iki ölkə arasında qardaşlıq bağlarının sarsılmaz olduğunu göstərdi.  
Dövlət başçısı İlham Əliyev 10-11 may tarixində Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak etdi. Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə, habelə Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış oldu. Şuşada Şirin su hamamının bərpadan sonra açılışında iştirak etdi. Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq, Mamayı məscidinin bərpadan sonra açılışı, Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş, Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanışlıq, habelə Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlinin qoyulması, Şuşada ISESCO-nun Baş direktorunun qəbulu, Şuşada VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa- İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılışında iştirak da dövlət başçısının səfər proqramına daxil idi. 
Ölkə rəhbəri mayın 17-də isə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenk ilə Şuşa şəhər etdilər. Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxış keçirildi. 
İki müttəfiq ölkə Prezidenti Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə gülləboran edilmiş heykəllərinə baxdılar. Dövlətimizin başçısı qonağa Şuşa şəhərinin baş planı haqqında məlumat verdi. Sonra birlikdə Şuşadakı Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisilə tanış oldular.  Şuşada Bülbülün ev-muzeyinə, Cıdır düzünə baxış qonaqda zəngin təəssürat oyatdı. İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada birgə nahar etdilər. 
Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il iyulun 5-də Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib.
Vətən müharibəsindən sonra İsa bulağı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edilib. Bulağın özü mərmərdən hazırlanıb, “İsa bulağı” sözləri isə milli ornamentlə yazılıb və bulağın su təminatı da tam bərpa olunub. 
Ölkə başıçıs iyulun 5-də Şuşa sutəmizləyici qurğular kompleksinin açılışında iştirak edib. Şuşa şəhərinə verilən içməli suyun keyfiyyət göstəricilərinin standartlara uyğunluğunu təmin etmək məqsədilə Təxirəsalınmaz Tədbirlər Proqramı çərçivəsində mövcud sutəmizləyici qurğunun yenidən qurulması layihəsinin icrasına başlanılıb.
Prezident İlham Əliyevin iyulun 5-də Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak zamanı bildirilib ki, Şuşa şəhəri işğal altında olduğu illərdə erməni vandalizminə məruz qalmış Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri başa çatıb. 
Dövlətimizin başçısı iyulun 5-də Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında da iştirak edib.
Ümumi daxili sahəsi 2600 kvadratmetr olan Dövlət Xidmətləri Mərkəzinin yenidənqurma və təmir işlərinə ötən ilin mayında başlanılıb. Buradakı keçmiş poçt binasında və onun yerləşdiyi ərazidə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən əsaslı təmir işləri aparılıb, geniş yaşıllıq zonası salınıb.
İyulun 6-sı daha çox Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü ilə yadda qalıb. 
Şuşada TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının qarşılanma mərasimi yüksək səviyyədə keçib.   Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsi imzalanıb. 
İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev bu beynəlxalq tədbirdə iştirak edib və sualları cavablandırıb. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib.
Muzey binasında aparılan bərpa işlərinin yekununda yeni ekspozisiya yaradılıb. Burada muzeyin konsepsiyası üzrə Üzeyir Hacıbəylinin ev-muzeyinin xilas edilən eksponatları nümayiş olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Şuşada Bayraq Meydanının açılışında iştirak edib.
Bayraq Meydanının yeni̇dən qurulması i̇şləri̇nə 2024-cü ilin may ayında başlanılıb. Amfiteatr ilə əhatələnən Bayraq Meydanının ətrafında Şuşa şəhərinin Baş Planına uyğun olaraq Zəfər muzeyinin, çoxfunksiyalı konsert-tamaşa zalının və alış-veriş mərkəzinin inşa edilməsi nəzərdə tutulur.



Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff