booked.net

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü -Hər bir azərbaycanlı üçün inam və ümid anı


Minilliklər boyu bəşər sivilizasiyasına böyük töhfələr vermiş Azərbaycan tarixin çox sınaqlarından keçməli olmuşdur. Tarxi ədalətsizlik səbəbindən ikiyə bölünmüş Vətən torpağının ağrı-acısını qəlbində ovunduran xalqımız birlik, həmrəylik arzusunu həsrət dolu nəğmələrə, niskilli misralara köçürmüşdür.  
1989-cu il dekabrın axırlarında tarixi gün yaşandı. Araz çayının hər iki sahilində yaşayan azərbaycanlılar sərhədə doğru yürüş etdilər. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri yıxıldı. Birlik şüarı həftələrlə davam etdi. Bu, azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırdı. Azərbaycanı bütövləşdirmək cəhdi   xalqmızın həyatında heç vaxt unudulmayacaq tarixi hadisə idi. 
1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın xalqımızın taleyində böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq,  dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, həmin Gün dünya azərbaycanlılarının ən əziz bayramlarından biri kimi xalqmızın tarixinə yazıldı. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir.
Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ümummilli Lider  Heydər Əliyev xarici dövlətlərə səfərləri zamanı həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, soydaşlarımıza daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. 
2001-ci il mayın 23-də Heydər Əliyevin imzaladığı sərəncamla 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultayda dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev  dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsilə yanaşı, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında da fikirlərini bildirdi:-"Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!"- müdrik rəhbərin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir.
Prezident İlham Əliyev 2003-cü ilin dekabrında Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə müraciətində həmvətənlərimizi ümumi maraqlarımız ətrafında sıx birləşməsinin tarixi zərurət olduğunu vurğulamış və ümummilli lider Heydər Əliyevin bu sahədə əldə etdiyi nailiyyətləri daha da yüksəltmək üçün mühüm addımlar atılacağını bəyan etmişdir. Dövlət başçısı dünyada gedən mürəkkəb proseslərin və ziddiyyətlərin fonunda respublikanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi üçün diaspora ilə əlaqələrin böyük əhəmiyyət daşıdığını dəfələrlə vurğulamışdır. Dünyanın hansı yerində yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var;- müstəqil, suveren Azərbaycan Respublikası.
Ölkə başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Cənab Prezidentin bu istiqamətdə göstərdiyi siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir. 
Prezident İlham Əliyevin “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olmuş, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynamışdır.
2007-ci il martın 9-da Bakıda möhtəşəm tədbir- Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumu keçirilib. Forum bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrilmiş, Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyasının birliyinə verdiyi əhəmiyyətin parlaq təzahürü kimi tarixə düşmüşdür. 
Prezident forumdakı çıxışında xaricdə yaşayan soydaşlarımızın problemlərinin həll edilməsi məqsədilə bütün imkanlardan istifadə olunacağını da xüsusi vurğulamışdı:“Xaricdə yaşayan soydaşlarımızın fəallığı bizi çox sevindirir. Biz də buna çalışırıq və əlimizdən gələni edirik ki, bu proseslər daha da sürətlə getsin."
17 noyabr 2014-cü ildə İstanbulda “Qarabağda üç nəslin bir soyqırımı” mövzusunda sərgi çərçivəsində keçirilən beynəlxalq konfransda da Azərbaycan və Türkiyə diaspor təşkilatlarının əməkdaşlığının daha da gücləndirilməsi ilə bağlı məsələlər diqqət mərkəzində olub.
Dünya Azərbaycanlılarının I qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilmiş iclası və həmin toplantı dövlətimizin diaspor siyasətinin yeni inkişaf mərhələsi kimi dəyərləndirilir. Bu tədbir müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu bir daha təsdiqlədi.
Prezident İlham Əliyevin 2018-ci 6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradımaqla dövlətin diaspora siyasətində daha bir əhəmiyyətli addım atıldı. Məqsəd xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etməkdir.
Müasir dövrdə diaspor anlayışı beynəlxalq münasibətlərin vacib elementlərindən birinə çevrilib. Azərbaycan Diasporuna Dəstək Fondunun hədəfində xaricdə yaşayan azərbaycanlılara və onların yaratdıqları qurumlara beynəlxalq hüquq normaları çərçivəsində öz tarixi Vətəni ilə əlaqə yaratmaqda, milli-mənəvi dəyərləri mənimsəməkdə, yaşatmaqda və inkişaf etdirməkdə, eləcə də Azərbaycana dost münasibəti bəsləyən digər xalqların diasporları ilə əlaqələr qurmaqda kömək etmək və s. kimi çox vacib və əhəmiyyətli məsələlər var. 
44 günlük Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlıların böyük fəallığı,  yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün göstərdiyi səylər olduqca əhəmiyyətli idi. Prezident İlham Əliyev bu xüsusda demişdir,- "Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur.” 
Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi. Böyük Zəfərin qazanılmasında siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının göstərdiyi milli həmrəylik mühüm rol oynadı. 
“Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır",- Dövlət başçısının 22 aprel 2022-ci ildə Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında- Zəfər Qurultayında dediyi bu sözlər nəinki qurultay iştirakçılarının, həmçinin hər bir azərbaycanlının qəlbində böyük iftixar duyğusu yaratdı. 
Prezident İlham Əliyev 2023-cü ildə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində ölkəmizin suverenliyinin bərpasını xüsusi qeyd etmiş və bununla fəxr etdiyini qürurla bildirmişdir: "Tarixi Zəfərimiz- İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. “Dəmir yumruq” bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir və Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, “Dəmir yumruq” hər zaman yerində olacaq.”


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff