booked.net

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib


Dövlət başçısı müsahibəsində AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması və bundan sonra hadisələrin inkişafı ilə bağlı fikirlərini bölüşüb.  
Prezident İlham Əliyev Sankt-Peterburqa MDB Zirvə görüşünə xalqımızı dərindən üzən bu hadisə haqqında məlumatlandırılan kimi  təyyarənin geri- Bakıya dönməsi barədə dərhal göstəriş verib: "Bakıya gələn kimi burada hava limanında operativ müşavirə keçirdim. Hələ Bakıya qayıdarkən mənim göstərişimlə Dövlət Komissiyası yaradılmışdır və müvafiq qurumların nümayəndələrindən ibarət heyət Aktau şəhərinə dərhal ezam edilmişdir. Çünki onlar dərhal işə başlamalı idilər. İlk növbədə, təyyarənin qalıqlarının vəziyyəti ilə tanış olmalı idilər, yerində müşahidə aparmalı idilər, video və fotomateriallar əldə etməli və onları ictimaiyyətə təqdim etməli idilər.Eyni zamanda, Azərbaycan həkimlərindən ibarət qrup ezam edilmişdi. Baxmayaraq ki, Qazaxıstan tərəfi yaralıları sağaltmaq və onlara tibbi xidmət göstərmək üçün əlindən gələni əsirgəmirdi. Eyni zamanda, mənim göstərişimlə Azərbaycan Baş Prokurorluğu cinayət işi açmışdır və bilirəm ki, həm Qazaxıstanda, həm Rusiyada oxşar addımlar atılmışdır." 
Prezident İlham Əliyev təyyarənin Aktauda qəzaya "kənar müdaxilə" səbəbindən uğramasını əminliklə söyləyib və əlavə edib ki, son versiya “qara qutu”lar açılandan sonra bəlli olacaq. Bununla belə, fakt faktlığında qalır- Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. 
Dövlət başçısı müsahibəsində təyyarəmizin radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınması, eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsinin də böyük dərəcədə zədələnməsi və s. təkzibolunmaz faktlarn ilkin olaraq kimin tərəfindənsə atılmış quş versiyasını tamamilə gündəlikdən çıxardığını deyib.  
Rusiyanın bəzi dairələrinin qondarma versiyaları, əlbəttə, əsl həqiqəti ört-basdır etməyə, ictimaiyyətdən gizlətməyə hesablanmışdı. "Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir."- deyən dövlət başçısı hadisəyə ən düzgün qiymətin  Rusiyanın öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəməli və bunu ictimaiyyətə bildirməli olduğunu vurğulayıb. Əfsuslar olsun ki, birinci üç gün ərzində Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşidilmədi.  
Prezident İlham Əliyev bu faciəvi hadisənin obyektiv araşdırılması üçün qətiyyətli mövqeyni də bəyan edib, bildirib ki, bu işlə beynəlxalq ekspertlərdən ibarət qrup məşğul olacaq və istintaqın obyektivliyinin tam təmin olacağına əmindir.
Prezident İlham Əliyev müsahibəsində sual kimi qalan bir çox məsələlərə aydınlıq gətiriləcəyini də bildirdi: "Məsələn, təyyarə nə üçün Qroznı şəhərinə enə bilmədi? Radioelektron mübarizənin təsiri nə dərəcədə təyyarənin idarə olunmasına təsir göstərmişdir? Havada endirilən zərbə və təyyarənin yanında olan partlayışın nəticələri nə dərəcədə təsirli oldu? Çünki onu da bildirməliyəm ki, bu, açıq-aydın faktı inkar etmək və burada gözdən pərdə asmaq cəhdləri həm cəfəngiyyatdır, həm də ağılsızlıqdır. Çünki xoşbəxtlikdən ekipajın qəhrəmanlığı sayəsində elə hadisə baş verdi ki, təyyarə enə bildi, qəza enişi olsa da, təyyarə enə bildi. Sərnişinlərin bir çoxu xilas edildi, onların ifadələri var. Təyyarəni deşən qəlpələrin sərnişinlərə və ekipaj üzvlərinə yetirdiyi xəsarət göz qabağındadır. Bunu hansısa quşlarla bağlamaq, yaxud da ki, qaz balonunun partlaması kimi qələmə vermək həm ağılsızlıqdır, həm də vicdansızlıqdır."
Əlbəttə, “qara qutu”lar açılandan sonra bilinəcək ki, nə üçün təyyarə enə bilməyib? Dəqiq nə vaxt təyyarəyə yerdən atəş açılıb? Nə üçün yaxında olan hava limanlarına təyyarə eniş cəhdi etməyib, daha yaxın Minvod və Mahaçqala hava limanları idi. Təyyarə Aktauya göndərildimi, yoxsa bu, obyektiv seçim idi? Müxtəlif fərziyyələr var.                      
Dövlət başçısı müsahibəsində bəzi mütəxəssislərin fikirlərinə də toxunub. Onların fikrincə, Aktau ona görə seçilmişdir ki, orada açıq məkandır və yaşayış yerləri hava limanından uzaqdır və təyyarə ekipajı fərz edə bilərdi ki, bu, qəza enişi olacaq və bunun üçün daha uyğun yer seçmişdi. Ancaq digər tərəfdən, yaxın hava limanları olan halda, təyyarə idarəolunmaz vəziyyətdə olan halda daha uzaq məsafəyə, özü də dənizin üzərindən uçmaq daha riskli idi. Yəni, bütün bu suallara hələ ki, cavab yoxdur.
Prezident İlham Əliyev bu dəhşətli qəzanın obyektiv araşdırılmasında Azərbaycan tərəfi, şəxsən dövlət başçısı ədalətli olmağa çalışır. Ölkə ictimaiyyəti müntəzəm olaraq bu məsələ ilə, bu istintaqın gedişatı ilə bağlı məlumatlandırılacaq və məlumatlandırılır. 
Dövlət başçısı vida mərasimində iştirak edib, həlak olan ekipaj üzvlərinin yaxınlarına başsağlığı verib. Ölkə rəhbəri onların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirib.  Pilotlar və bütün ekipajın qəhrəmanlığı sayəsində idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla endirə biliblər. 
Prezident İlham Əliyev ekipaj üzvlərinin təltifi ilə bağlı Sərəncam  imzalayıb. AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinə- İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş, sağ qalan şəxslər- Əsədov Zülfiqar Sərdar oğlu, Rəhimli Aydan Vaqif qızı 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər.
Prezident İlham Əliyev müsahibəsində Qazaxıstanın dəstəyini və həmrəyliyini xüsusi qeyd edib. Çünki qəza baş verən kimi Qazaxıstan xilasediciləri dərhal hadisə yerinə yetişdilər və insanları o dağılmış füzelyajdan çıxartmağa başlamışdılar. Öz həyatlarını risk altına atmışdılar. Eyni zamanda, həkim personalının fəaliyyəti də çox qiymətli idi. Çünki yaralı sərnişinlər dərhal tibb məntəqələrinə aparıldılar. Buna görə Prezident Tokayevə təşəkkürünü bildirən dövlətimizin başçısı bu həmrəyliyi yüksək qiymətləndirib: "Qazaxıstanlı qardaşlarımızın, bacılarımızın həmrəylik nümayişi də mən bilirəm ki, Azərbaycan xalqının qəlbində çox böyük iz buraxmışdır. Adi vətəndaşlar bizim Aktaudakı konsulluğa gələrək gül qoydular, öz münasibətlərini bildirdilər, bizimlə həmrəy olduqlarını bildirdilər. Əsl dostluq, qardaşlıq belə olar."
Prezident İlham Əliyev müsahibəsində bildirib ki, dekabrın 27-də Azərbaycanın Rusiyadan tələbləri artıq rəsmi qaydada onlara çatdırılıb: "Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır."
Prezident İlham Əliyev müsahibəsinin sonunda ümidvar olduğunu bildirb ki, Azərbaycanın şərtləri qəbul ediləcək.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff