14 iyun 2025-ci il tarixində Şamaxı rayonunun ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirildi. Bu əlamətdar gün təkcə tədris ilinin başa çatması ilə yadda qalmadı – həm də minlərlə şagird üçün həyatlarının mühüm bir mərhələsinin sonu, eyni zamanda yeni bir yolun – arzulara, məqsədlərə, gələcəyə aparan yolun başlanğıcı oldu.
Şəhər 1 və 2 saylı tam orta məktəblərdə keçirilən mərasimlərdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir müavini Rahim Novruzov iştirak edib, gənclərin sevincinə ortaq olublar.
Çıxışlarda Azərbaycanın təhsil sahəsində əldə etdiyi uğurlar, müəllim və şagirdlər üçün yaradılan imkanlar, eləcə də gəncliyə göstərilən dövlət qayğısı vurğulanıb. Rəsmilər məzunları təbrik edərək, onlara uğurlu gələcək, böyük məqsədlərə aparan aydın yollar arzulayıblar.
Tədbirin xüsusi məqamlarından biri Şəhər 1 saylı tam orta məktəbdə yaşanıb. Burada 1979-cu ilin məzunları, onların bir vaxtlar dərs dediyi hörmətli müəllimləri – xarici dil müəllimi Asif Ağayev, fizika müəllimi Adilə Dəmirova və uzun illər məktəbə rəhbərlik etmiş, hazırda 91 yaşında olan riyaziyyat müəllimi Süleyman Zərbəliyev tədbirə qatılıblar. Onların iştirakı məktəbin tarixinə, müəllim-şagird bağının sarsılmaz gücünə duyğulu bir örnək olub.
Bu gün – 14 iyun tarixi, yaddaşlarda yalnız bir tədris ilinin tamamlandığı gün kimi deyil, həm də gənclərin gələcəyə ümidlə və inamla yola salındığı bir gün kimi qalacaq. Hər çalınan son zəng sədası, eyni zamanda yeni başlanğıcların xəbərçisi idi – ümid dolu, üfüqlərə doğru...









