booked.net

Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı — Azərbaycanın enerji potensialında yeni dövr


Prezident İlham Əliyev: “Biz son 20 ildə Azərbaycanın energetika sistemini demək olar ki, sıfırdan qurmuşuq” 
İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib. Daha sonra dövlət başçısı “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində iştirak edən qonaqlarla görüşərək layihənin strateji əhəmiyyəti barədə fikirlərini bölüşüb. Görüşdə İtaliya və Çin şirkətlərinin stansiyanın yaradılmasında oynadığı mühüm rol və işlərin qısa müddətdə yekunlaşması xüsusi vurğulanıb.
“8 Noyabr”  Elektrik Stansiyasının 1880 meqavatlıq generasiya gücü ilə enerji sisteminə qoşulması Azərbaycanın strateji enerji potensialını nəzərəçarpacaq dərəcədə artırmaqla yanaşı, Mingəçeviri yalnız daxili bazar üçün istehsal mərkəzi deyil, həm də Cənubi Qafqaz regionunda enerji təhlükəsizliyinin təminatçısı və ixrac yönümlü infrastrukturun qovşağına çevirir. Bu gün Azərbaycan elektrik enerjisinin 40 faizdən çoxunu məhz bu şəhərdə istehsal etməklə, milli iqtisadiyyatın dayanıqlığına, sənayenin fasiləsiz enerji təchizatına və beynəlxalq enerji bazarındakı mövqeyinin möhkəmləndirilməsinə mühüm töhfə verir.
Mingəçevir energetika sahəsində zəngin tarixə malikdir. 1970-ci illərdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə burada “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməli qoyulmuş və 1981-ci ildə ilk bloku işə salınmışdır. Sovet dövründə bu stansiya Qafqazın ən önəmli enerji obyektlərindən biri hesab olunurdu. Müstəqillik illərində isə enerji sahəsində ciddi problemlər yanacaq çatışmazlığı və köhnəlmiş infrastruktur yaşanmışdı. Buna baxmayaraq, Mingəçevir stansiyası fasilələrlə enerji təminatında əsas rol oynamışdır.
İki il kimi rekord müddətdə tamamlanan 1880 meqavat gücündə "8 Noyabr" Elektrik Stansiyası Azərbaycanın enerji sahəsində milli maraqlara əsaslanan strateji kursunun növbəti real nəticəsidir. Bu layihə təkcə texniki uğur deyil, həm də enerji müstəqilliyinin möhkəmləndirilməsi, ixrac potensialının artırılması və ölkənin beynəlxalq enerji xəritəsindəki mövqeyinin gücləndirilməsi baxımından tarixi əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, son 20 ildə bu sahədə görülən işlər sıfırdan qurulan müasir enerji sisteminin təməlini təşkil edir.
Son illərdə ölkədə yeni elektrik stansiyaları tikilib, Mingəçevirdə isə əsaslı yenidənqurma işləri aparılıb. Keçmişdə baş vermiş qəza nəticəsində ölkənin böyük hissəsi işıqsız qalmışdı, lakin görülən tədbirlər sayəsində vəziyyət qısa müddətdə normallaşıb. 2018-ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulmasına başlanıb və 2020-ci ildə stansiya yenidən işə salınıb.
Hazırda Mingəçevirdə “Azərbaycan” stansiyasının generasiya gücü 1800 meqavat, “8 Noyabr” stansiyasının isə 1880 meqavatdır. Buradakı Su Elektrik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur. Beləliklə, ölkənin elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur və bu şəhər Azərbaycanla yanaşı, Cənubi Qafqazın əsas energetika mərkəzidir.
Cəmi iki il ərzində tamamlanan ‘8 Noyabr’ Elektrik Stansiyasının inşası Azərbaycanın texnoloji imkanları və strateji planlaşdırma bacarığının bariz göstəricisidir. Müqayisə üçün, Sovet dövründə cəmi 300 meqavat gücə malik ‘Azərbaycan’ İstilik Elektrik Stansiyasının tikintisi yeddi il davam etmişdi. Bu müqayisə, Azərbaycanın müasir dövrdə mühəndislik, maliyyə və idarəetmə sahələrində nə qədər irəlilədiyini açıq şəkildə ortaya qoyur. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu nəhəng enerji layihəsi Mingəçevirin Cənubi Qafqazın enerji mərkəzi kimi strateji mövqeyini daha da möhkəmləndirir.
Stansiyanın işə düşməsi ilə Azərbaycan öz enerji balansını möhkəmləndirməklə yanaşı, beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir.
Layihədə İtaliya və Çin şirkətləri mühüm rol oynayıb. Hər iki ölkə ilə əməkdaşlıq strateji xarakter daşıyır. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri, Çin isə bərpaolunan enerji sahəsində vacib tərəfdaşıdır. Çin şirkətləri Azərbaycanda yeni Günəş Elektrik Stansiyalarının təchizatında aktiv iştirak edir. Bu əməkdaşlıq beynəlxalq nümunə kimi qiymətləndirilir.
Yeni “8 Noyabr” Elektrik Stansiyası enerji istehsalında yüksək effektivliyi təmin etməklə yanaşı, şərti yanacaq istifadəsini əhəmiyyətli dərəcədə azaldacaq. Bu, həm təbii qaz ehtiyatlarının qorunmasına, həm də onların ixrac həcminin artırılmasına şərait yaradacaq. Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, enerji sistemimizin səmərəliliyi yüksələcək, generasiya gücümüz artacaq, şərti yanacaq sərfiyyatı isə kəskin azalacaq.
Azərbaycan bərpaolunan enerji sahəsində də böyük addımlar atır. 2030-cu ilədək planlaşdırılan 6500 meqavatlıq yaşıl enerji potensialı ölkənin enerji balansında bərpaolunan mənbələrin payını artıracaq, iqtisadi güc və enerji təhlükəsizliyini möhkəmləndirəcək.
Mingəçevirin enerji infrastrukturu həm tarixi, həm də təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır. Ermənistan-Azərbaycan münaqişəsi dövründə bu bölgə raket zərbələrinə məruz qalmışdır. Hazırda regionda sülh və sabitlik təmin olunub, Azərbaycan beynəlxalq arenada sabitlik və inkişaf məkanı kimi tanınır.
Prezident İlham Əliyev xüsusi vurğulayıb ki, “8 Noyabr” Elektrik Stansiyasının adı təsadüfi seçilməyib. Bu tarix Azərbaycan xalqının şanlı və tarixi zəfərinin simvoludur, müstəqilliyimizin, dövlətçiliyimizin və milli birliyimizin rəmzidir. “8 Noyabr” tarixi həmçinin ölkəmizin yeni dövrə qədəm qoymasının, inkişaf və tərəqqi yolunda atdığı əhəmiyyətli addımların göstəricisidir. Bu ad yalnız bir enerji obyektinin adlandırılması deyil, həm də Azərbaycan dövlətinin gücünün, xalqın iradəsinin və qətiyyətinin əbədiləşdirilməsi deməkdir. Dövlət başçımız  qeyd edib ki, bu stansiya həm texnoloji tərəfdən, həm də mənəvi baxımdan ölkəmizin gələcək inkişaf strategiyasının təməl daşıdır və Azərbaycanı regionun enerji nəhənginə çevirəcək.
Yeni stansiyanın istifadəyə verilməsi Azərbaycanın enerji müstəqilliyinin möhkəmlənməsində mühüm dönüş nöqtəsidir. Bu layihə ölkənin enerji təminatının davamlılığını və dayanıqlığını artırmaqla yanaşı, milli iqtisadiyyatın sürətli inkişafına əhəmiyyətli töhfələr verir. Eyni zamanda, stansiya regional enerji təhlükəsizliyinin təmin olunmasında strateji əhəmiyyətə malikdir və Azərbaycanın Cənubi Qafqazda enerji bazarındakı nüfuzunu gücləndirir. Beləliklə, “8 Noyabr” Elektrik Stansiyası ölkənin enerji potensialını artırmaqla yanaşı, həm də geopolitik mövqeyini möhkəmləndirərək regional sabitlik və inkişaf proseslərinə töhfə verir.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2022-ci il oktyabrın 25-də imzaladığı Sərəncama əsasən, Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində müstəqillik dövrünün ən böyük elektrik stansiyasının tikintisinə qərar verilmişdir. Layihədə Azərbaycan mühəndisləri ilə yanaşı, dünya səviyyəli enerji şirkətləri və ekspertlər iştirak edib.
Tikinti üçün xaricdən 1500-dən çox konteyner mal-material gətirilib. Çin “Dongfang” şirkətindən 20 min tonluq 4 Util Qazan, İtaliyanın “Ansaldo Energia” şirkətindən isə 300-400 tonluq qaz turbinləri və generatorlar gətirilib. Ağır avadanlıqların daşınması üçün körpülərin altı qazılıb, yollar bərpa olunub.
“8 Noyabr”  Elektrik Stansiyasının tikinti və quraşdırma işlərində 2500-dən çox yüksək ixtisaslı mütəxəssis iştirak etmişdir. Dayanıqlı qaz təchizatı üçün 10 km uzunluğunda yeni qaz kəməri, qazpaylayıcı və tənzimləyici stansiyalar, eləcə də kompressor qurğuları inşa olunmuşdur. Enerji sisteminə effektiv inteqrasiyanı təmin etmək məqsədilə yarımstansiyalar yenidən qurulmuş, 65,6 km uzunluğunda ötürmə xətti çəkilmiş və müasir enerji infrastrukturu yaradılmışdır.
Adətən, belə miqyaslı layihələrin icrası 3-5 il vaxt tələb edir. Lakin Azərbaycan bu strateji layihəni cəmi 2 il ərzində, həm də yüksək iqtisadi səmərəliliklə tamamlamışdır.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff