booked.net

25 Noyabr – Kəlbəcər Şəhəri Günü: Tarixi yaddaşın, Zəfərin və Böyük Qayıdışın rəmzi


Kəlbəcərin tarixi mirası və strateji-coğrafi əhəmiyyəti
Kəlbəcər Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir və onun tarixi dərin köklərə malikdir. “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” mənasını verir. Bu adın daşıdığı semantika bölgənin həm coğrafi quruluşu, həm də qədim müdafiə stratejisi ilə səsləşir. Yaşayış məntəqəsinin yerləşdiyi qayalı ərazilərdə Tərtər çayı boyunca düzülmüş qədim süni mağaralar xüsusi arxeoloji əhəmiyyət daşıyır.
Aşkar edilən tapıntılar Kəlbəcər ərazisində 30 min ildən çox yaşı olan qədim yaşayış məskənlərinin mövcudluğunu təsdiq edir. Buradakı qaya təsvirləri 6 min il əvvəlki mədəniyyət qatlarını əks etdirir, qədim türk əlifbasının nümunələri isə bölgənin türklərin erkən mədəniyyət ocaqlarından biri olduğunu nümayiş etdirir. Kəlbəcər ərazisində orta əsr xristian abidələri, atəşpərəstlik izləri, VII əsrdən etibarən isə İslam dövrünə aid onlarca daş kitabələr, ibadət məkanları və memarlıq nümunələri mövcuddur.
Kəlbəcər həm də Azərbaycanın ən yüksək dağ rayonudur. Camışdağdakı 3724 metrlik və Dəlidağdakı 3616 metrlik zirvələr bu ərazinin relyefinin mürəkkəbliyini və strateji üstünlüklərini göstərir. Rayon Ermənistan, Daşkəsən, Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocalı və Laçınla həmsərhəddir. Bu yerləşmə Kəlbəcəri qədim dövrlərdən bu günə qədər regionun əsas nəzarət mərkəzlərindən birinə çevirib.
1930-cu ildə inzibati rayon statusu alan Kəlbəcərin işğala qədər əhalisi 53 min nəfərdən çox idi. Rayonun 3054 kv. km-lik ərazisində bir şəhər, bir qəsəbə və 145 kənd 55 inzibati ərazi dairəsi mövcud idi.

 İşğal illəri, beynəlxalq hüquq və 2020-ci ilə gedən yol
1993-cü il 2 aprel tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğalı Azərbaycanın müasir tarixində ən ağır faciələrdən biridir. İşğal nəticəsində 511 dinc sakin öldürülmüş, 321 nəfər əsir və ya itkin düşmüş, rayon əhalisi isə ölkənin 56 rayonunda 770-dən çox yaşayış məntəqəsinə səpələnərək məcburi şəkildə köçkünə çevrilmişdir.
İşğal zamanı Kəlbəcərin tarix-mədəniyyət irsi sistematik şəkildə məhv edilmiş, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, muzeylər, xəstəxanalar, inzibati binalar, minlərlə ev və təsərrüfat qurğuları talan olunmuşdur. Ermənistanın 1999-cu ildən etibarən rayon ərazisində həyata keçirdiyi qeyri-qanuni məskunlaşdırma beynəlxalq hüququn kobud şəkildə pozulması idi.
1993-cü il 30 aprel tarixli BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsi Kəlbəcər də daxil olmaqla işğal olunmuş bütün ərazilərdən Ermənistan qoşunlarının dərhal çıxarılmasını tələb etsə də, İrəvan bu qətnaməni heç vaxt icra etməmişdi.
2020-ci ildə Vətən müharibəsi zamanı Kəlbəcər ərazisi yenidən regionun hərbi-strateji baxımdan açar nöqtəsinə çevrildi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan Ordusu Kəlbəcərin şimal hissəsində bir sıra strateji yüksəklikləri azad etməklə Ermənistan ordusunun Basarkeçər–Kəlbəcər istiqamətində maneəsiz hərbi-logistik istifadə imkanlarını tamamilə məhdudlaşdırdı.
10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər 25 noyabrda Azərbaycana təhvil verildi. Ermənistan tərəfi ərazini tərk edərkən yaşayış məntəqələrini yandıraraq və dağıdaraq əsl vandalizm nümunəsi sərgilədi. Bu əməllər beynəlxalq humanitar hüquqa görə hərbi cinayət hesab olunur.

 Zəfərdən sonra Kəlbəcərin dirçəlişi: şəhərsalma, infrastruktur və enerji layihələri
Azərbaycan dövləti Kəlbəcərin azad olunmasından dərhal sonra rayonun kompleks şəkildə bərpası üçün genişmiqyaslı layihələrə start verdi. 2023-cü ilin 31 iyul tarixli Prezident Sərəncamına əsasən 25 noyabr Kəlbəcər şəhəri günü elan edildi.

Kəlbəcər şəhərinin 2040-cı ilədək Baş Planı
Nazirlər Kabinetinin 2024-cü il qərarı ilə təsdiqlənmiş Baş Plan şəhərin gələcək inkişafını iki dəfədən çox genişləndirir: əhalinin 17 min nəfərə çatdırılması, 4250 mənzilin tikilməsi, 4 məktəb, 4 uşaq bağçası, xəstəxanalar, reabilitasiya mərkəzi, ictimai-iaşə obyektləri, geniş yaşıllıq sahələri və müasir yol infrastrukturu nəzərdə tutulur. Şəhərdə adambaşına düşən yaşıllıq sahəsi 33 m² olacaq – bu göstərici ölkə üzrə mövcud normadan üç dəfə yüksəkdir.
Kəlbəcər şəhərində 524 ailəlik yaşayış məhəlləsinin birinci mərhələsi tamamlanıb və 201 ailə artıq köçürülüb. Prezident İlham Əliyev 2025-ci ilin avqustunda məhəlləyə köçən ailələrə mənzil açarları təqdim edib. Bu günədək Kəlbəcərə 338 nəfərdən ibarət 81 ailə qayıdıb.
Eyni zamanda Yanşaq, Zallar və Zar kəndlərinin yenidən qurulması layihələri həyata keçirilir. Bu üç kənddə ümumilikdə 1763 ailə üçün fərdi evlərin inşası planlaşdırılıb və məktəb, uşaq bağçası, sosial obyektlərdən ibarət tam yaşayış infrastrukturu formalaşdırılır.
Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun 82 kilometrlik uzunluğu boyunca 5 tunel tikilir. Bu tunellərdən ən böyüyü – Murovdağ tuneli (11,7 km) – dünyanın ən uzun avtomobil tunellərindən biri sayılır və MDB məkanında birinci yerdədir.
AzərEnerji tərəfindən Kəlbəcərin potensialından istifadə məqsədilə “Meydan”, “Çıraq-1”, “Çıraq-2”, “Soyuqbulaq”, “Vəng”, “Nadirxanlı” və “Çaykənd” su elektrik stansiyaları yenidən qurulub. Bu stansiyalar rayonu bərpa olunan enerji mərkəzinə çevirir.

 Böyük Qayıdışın reallığı: sosial layihələr və “İstisu” brendinin bərpası
Kəlbəcər Böyük Qayıdışın simvol rayonlarından biridir. Yaşayış məntəqələrinin bərpası ilə yanaşı, regionun iqtisadi potensialını canlandıran mühüm layihələrdən biri də “İstisu” Müalicə-İstirahət Kompleksi və “İstisu” mineral su zavodudur.
80 min m²-lik ərazidə inşa olunan kompleks müasir sağlamlıq turizminin inkişafına xidmət edəcək. Burada hotel, kotteclər, tibbi müalicə mərkəzləri, SPA və digər xidmət infrastrukturunun yaradılması nəzərdə tutulur.
2022-ci ildə təməli qoyulan zavod 2024-cü ildə tam istifadəyə verilib. Zavodun illik istehsal gücü 100 milyon şüşədən artıqdır və burada çalışanların əksəriyyəti Kəlbəcərin yerli sakinləridir. Bu, həm məşğulluğun artırılması, həm də regionun iqtisadi həyatının canlandırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
25 noyabr – Kəlbəcər şəhəri günü yalnız bir tarixi faktın xatırlanması deyil, həm də Azərbaycanın dövlətçilik iradəsinin, xalqın səbr və qətiyyətinin, müasir bərpa konsepsiyasının təcəssümüdür. Kəlbəcər bu gün həm zəngin tarixi irsini qoruyur, həm də yeni inkişaf dövrünə qədəm qoyur. Dağların qoynunda yenidən doğulan bu şəhər Böyük Qayıdışın ən parlaq nümunələrindən biri kimi Azərbaycanın gələcək strateji və iqtisadi güc mərkəzlərindən birinə çevrilməkdədir.

Kəlbəcərin dirçəliş salnaməsi:  Prezident İlham Əliyevin azad olunmuş Kəlbəcərə tarixi səfəri

2021
Müzəffər Ali Baş Komandan İlham Əliyev 16 avqust 2021-ci ildə azad olunmuş Kəlbəcərə səfər edərək bölgədə aparılan tikinti və infrastruktur işləri ilə tanış oldu. Səfər çərçivəsində Ömər aşırımı ilə tanışlıq, Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11,6 kilometr uzunluğunda tunelin təməlqoyma mərasimi və 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında aparılan yenidənqurma işləri qiymətləndirildi. Həmçinin 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışı, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğunda tunelin təməlqoyma mərasimi və Kəlbəcərdə arıçılarla görüş keçirildi Prezident İlham Əliyev Kəlbəcər şəhərində Dövlət bayrağının ucaldılması, “N” saylı hərbi hissədə yaradılmış şəraitlə tanışlıq, dağıdılmış “İstisu” sanatoriyasına baxış və yeni tikilən 51 kilometr uzunluğunda İstisu-Minkənd avtomobil yoluna baxış etdi.

2022
26 iyun 2022-ci ildə Kəlbəcərə səfər zamanı Prezident İlham Əliyev “Kəlbəcər-1”  Kiçik Su Elektrik Stansiyasının açılışı, rayonun hərbi hissəsinin açılışı və Kəlbəcər-Laçın avtomobil yolunun inşası ilə tanışlıq etdi. Kəlbəcər şəhərinin Baş planı ilə tanışlıq, İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimi, Rəqəmsal İdarəetmə Mərkəzinin və “İstisu” mineral su zavodunun təməlqoyma mərasimləri, “Çıraq-!1 Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi və “İstisu” sanatoriyasının təməlqoyma mərasimi ilə tanışlıq baş tutdu.

2023
27 may 2023-cü il səfərində Prezident İlham Əliyev Kəlbəcər rayonunun Yanşaq və Zallar kəndlərinin təməlqoyma mərasimində iştirak etdi. Rayonun “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik Stansiyalarının açılışı, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər və Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanışlıq, Kəlbəcərdə hərbi hospitalın açılışı, şəhərdə ilk yaşayış məhəlləsinin və məktəb binasının təməlqoyma mərasimi həyata keçirildi. 25 avqust 2023-cü ildə Kəlbəcərdə “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışı, “İstisu” mineral sudoldurma zavodunun tikintisi, Müalicə-İstirahət Kompleksində görülən işlər,” AzərEnerji” ASC-nin “Çıraq-1” və “Çıraq-2”  Kiçik Su Elektrik Stansiyalarının açılışı və Zar kəndinin təməlqoyma mərasimi baş tutdu. 7 noyabr 2023-cü ildə Vəngli kəndinə baxış keçirildi.

2024
2 sentyabr 2024-cü il səfərində Tərtər çayı üzərində “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışı, Xudavəng monastır kompleksinə baxış və Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və 15,2 kilometrlik yol hissəsində görülən işlərlə tanışlıq baş verdi. Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin, modul tipli məktəbin, inzibati binanın və 524 ailəlik yaşayış kompleksinin təməlqoyma mərasimi, “İstisu” mineral su zavodunun açılışı, Zar KSES-in açılışı, İstisu yarımstansiyasının açılışı və “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanışlıq həyata keçirildi Həmçinin İstisu qəsəbəsinin təməlqoyma mərasimi baş tutdu.

2025
21 avqust 2025-ci ildə isə Prezident İlham Əliyev Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış oldu. Kəlbəcər şəhərində 4-cü və 3-cü yaşayış komplekslərinin və şəhər parkının təməlqoyma mərasimi, “Balland – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası” nın açılışı, şəhər sakinləri ilə görüş və mənzillərin açarlarının təqdim olunması həyata keçirildi. Həmçinin “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” Kiçik Su Elektrik Stansiyalarının açılışı baş tutdu. Bu səfərlər Kəlbəcərin sosial, iqtisadi və infrastruktur potensialının gücləndirilməsində mühüm rol oynadı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Kəlbəcərə səfərləri bölgənin bərpası və inkişafı istiqamətində strateji əhəmiyyət kəsb etmişdir Bu səfərlər nəticəsində Kəlbəcərin infrastrukturunun, enerji sistemlərinin, yaşayış məntəqələrinin, təhsil və səhiyyə obyektlərinin bərpası və yeni layihələrin təməlqoyma mərasimləri həyata keçirilmişdir Prezidentin diqqət və qayğısı sayəsində Kəlbəcər həm iqtisadi, həm sosial, həm də turizm potensialı baxımından sürətlə inkişaf etməyə başlamış, şəhər və kəndlərdə yaşayan sakinlər üçün müasir şərait yaradılmışdır Bu səfərlər həm də azad edilmiş ərazilərin bərpası prosesində dövlətin məqsədyönlü siyasətinin, uğurlu idarəetmə və planlamanın əyani göstəricisi olmuşdur Nəticədə Kəlbəcər regionu Azərbaycanın milli irsini qoruyan, ekoloji balansı təmin edən və gələcək nəsillər üçün dayanıqlı inkişaf modeli kimi formalaşmışdır.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff