booked.net

Müstəqillik – Azərbaycan xalqının tarixi iradəsinin təntənəsi


18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü xalqımızın şanlı tarixi yaddaşında milli qürur, azadlıq və dövlətçilik iradəsinin təntənəsi kimi əlamətdar yer tutur. 1991-ci ildə qəbul edilmiş “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan xalqı öz taleyinə sahib çıxaraq, əsarət və asılılıq illərinə son qoydu, azad, suveren dövlət qurmaq iradəsini bütün dünyaya bəyan etdi.

Müstəqillik bərpa olunduğu ilk illərdə ölkəmiz son dərəcə mürəkkəb və təhlükəli bir dönəmdən keçirdi. Siyasi xaos, iqtisadi böhran, vətəndaş qarşıdurması və torpaq itkisi müstəqil dövlətin gələcəyini ciddi təhlükə altına salmışdı. Belə bir şəraitdə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdaraq ölkəni parçalanmaq təhlükəsindən xilas etdi, dövlətçiliyin möhkəm təməlini qoydu. Onun uzaqgörən siyasəti sayəsində Azərbaycanda sabitlik bərqərar edildi, iqtisadi və siyasi islahatlar həyata keçirildi, beynəlxalq aləmdə ölkəmizin mövqeləri möhkəmləndi.

Yeni Azərbaycan Partiyası məhz bu tarixi mərhələdə yaranaraq, dövlətçilik ideyalarının daşıyıcısına və xalqın etimad ünvanına çevrildi. Ulu Öndərin müəyyən etdiyi siyasi xətt bu gün Prezident, YAP sədri İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə davam etdirilir.

Bu gün Azərbaycan müstəqilliyinin 34-cü ilini regionun ən güclü dövlətlərindən biri kimi qeyd edir. Son iki onillikdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dayanıqlı inkişaf yoluna qədəm qoyub, iqtisadi, sosial, hərbi və diplomatik gücünü qat-qat artırıb. Dövlətimizin həyata keçirdiyi enerji və nəqliyyat layihələri, beynəlxalq əməkdaşlıq təşəbbüsləri, sosial rifah proqramları və yenilənən idarəetmə modeli müstəqilliyin real məzmununu formalaşdırır.

Xüsusilə 2020-ci ildə xalqımızın qazandığı tarixi Zəfər dövlət müstəqilliyimizin və milli birliyimizin zirvəsi oldu. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə təkcə torpaqlarını azad etmədi, həm də dövlət suverenliyinin toxunulmazlığını bütün dünyaya nümayiş etdirdi. Bu Zəfər, illərlə formalaşan güclü dövlətin, xalqla rəhbərliyin sarsılmaz birliyinin nəticəsi idi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizin müstəqilliyini daha da möhkəmləndirir. Azərbaycan bu gün beynəlxalq aləmdə etibarlı tərəfdaş, sözünə və imzasına sadiq dövlət kimi tanınır. Müstəqil xarici siyasət kursu, iqtisadi modernləşmə, sosial ədalət və vətəndaş rifahının artırılması istiqamətində görülən işlər Azərbaycanın sabit gələcəyini təmin edir.

Müstəqillik sadəcə keçmişin xatirəsi deyil, həm də hər bir vətəndaşın gündəlik həyat fəlsəfəsidir. Yeni Azərbaycan Partiyası olaraq biz bu dəyərləri qorumağı, gələcək nəsillərə güclü və suveren dövlət miras qoymağı ən ali vəzifəmiz sayırıq.

18 oktyabr – Dövlət Müstəqilliyi Günü xalqımızı bir daha dövlətinə, bayrağına, vətəninə bağlılıq ruhunda birləşdirir. Bu gün hər bir azərbaycanlı qürurla deyə bilər: Azərbaycan müstəqil, güclü və əbədidir!




Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff