Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin formalaşmasında və inkişafında tarixi rol oynayan görkəmli liderdir. 1923-cü ildə Naxçıvanda doğulan Heydər Əliyev gənc yaşlarından dövlət idarəçiliyində çalışaraq təhlükəsizlik və idarəetmə sahəsində böyük təcrübə qazanmışdır. 1969-cu ildə respublikaya rəhbərliyi dövründə Azərbaycanı iqtisadi və sosial gerilikdən çıxarmış, idarəetmədə nizam-intizam yaratmış, inkişafın əsaslarını formalaşdırmışdır.
1990-cı ilin Qanlı Yanvarından sonra Heydər Əliyev SSRİ rəhbərliyinin siyasətinə etiraz edərək istefa verdi və Azərbaycanın müstəqilliyi uğrunda ardıcıl mövqeyini göstərdi. 1991–1993-cü illərdə Naxçıvan Ali Məclisinin Sədri kimi blokadaya baxmayaraq mühüm islahatlar həyata keçirdi, Azərbaycançılıq ideyasını və milli rəmzləri bərpa etdi.
1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılmasına rəhbərlik etdi və 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdaraq ölkəni xaos və parçalanmadan xilas etdi. Prezident kimi Heydər Əliyev sabitlik yaratdı, nizami ordu qurdu, atəşkəsə nail oldu, Konstitusiyanın qəbulunu təmin etdi və “Əsrin müqaviləsi” ilə Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirdi. Onun dövründə ölkənin beynəlxalq nüfuzu artdı.
Heydər Əliyev qadın hüquqları, mətbuat azadlığı, dövlət dili və demokratik dövlət quruculuğunun inkişafına da xüsusi diqqət ayırdı. Bu gün onun siyasi kursu Prezident İlham Əliyev tərəfindən davam etdirilir və Azərbaycanın inkişafına əsas yaradır.
