Şamaxı rayonunda “Zəkaların mübarizəsi 2” olimpiadasının bilik yarışının region mərhələsi keçirilib. Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə təşkil olunan tədbirdə bir sıra rəsmi şəxslər iştirak ediblər.
Bilik yarışında Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyubova, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov, müdir müavini Rahim Novruzov, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi səlahiyyətlərini icra edən Şəhriyar Soltan, rayon təhsil sektorlarının müdirləri və RTİ əməkdaşları iştirak ediblər.
Tədbir çərçivəsində Şamaxı şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri tərəfindən musiqi və rəqs kompozisiyaları təqdim olunub.
Yarışda hər bir yerli təhsil sektorunu təmsil edən 6 nəfərlik IX–XI sinif şagirdlərindən ibarət komandalar riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, eləcə də mədəniyyət və incəsənət sahələri üzrə sualları cavablandırıblar.
Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərdə fənlərin dərindən öyrənilməsinə marağın artırılması, onların dünyagörüşünün genişləndirilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması, müxtəlif regionlardan olan məktəblilər arasında dostluq əlaqələrinin qurulması və ümumilikdə öyrənməyə təşviqin gücləndirilməsidir.
Yekun nəticələrə əsasən, İsmayıllı rayonu üzrə təhsil sektorunun şagirdlərindən ibarət “İsmayıllı” komandası region mərhələsinin qalibi olub. Qalib komanda diplom və kubokla, digər iştirakçılar isə diplomlarla təltif edilib.
Qeyd edək ki, qalib komanda olimpiadanın respublika mərhələsində Dağlıq Şirvan Regional Təhsil İdarəsini təmsil edəcək.











