booked.net

AZƏRBAYCAN-ALMANİYA MÜNASİBƏTLƏRİ TARİXİ KÖKLƏRƏ MALİKDİR


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş olacaqdır”
Azərbaycan öz enerji təhlükəsizliyini təmin etməklə yanaşı, tərəfdaş ölkələrində enerji təhlükəsizliyinə töhvə  verir. Bu xüsusilə də son illərdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol özünü həm ənənəvi, həm də alternativ enerji ehtiyatlarının təchizatı üzrə göstərməkdədir.
Prezident İlham Əliyevin cari ilin 26 aprel tarixində Almaniyada mətbuat konfransında çıxış edərək xatırladıb ki, son vaxtlar mənim Almaniyaya səfərlərim müntəzəm xarakter alıb. Deyə bilərəm ki, son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır. Mən keçən ilin mart ayında burada idim, iki ay bundan əvvəl biz Münxendə cənab Kansler ilə görüşmüşdük. İkitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev Almaniyanın COP29  ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib və qeyd edib ki, bizim komandalarımızın üzvləri bir-biri ilə sıx təmasdadırlar. COP29-a ev sahibliyi etmək bizim üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Biz buna hazırıq və Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir.

AZƏRBAYCAN İLƏ ERMƏNİSTAN ARASINDA GEDƏN SÜLH DANIŞIQLARINI YÜKSƏK QİYMƏTLƏNDİRİRİK
Azərbaycanla Ermənistan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası və hətta demarkasiyası prosesi də başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılır. Onu da bildirməliyəm ki, Azərbaycanda yerləşmiş Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də öz fəaliyyətini bu gün səhər dayandırdığını vurğulayan dövlətimizin başçısı qeyd edib: “Yəni, sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var. Bütün bu işdə bizə kömək etmək istəyən ölkələrlə biz əməkdaşlıq etməyə hazırıq”.
Kansler Olaf Şoltsun dəvəti ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin bu yaxınlarda Almaniyada görüşdüklərini xatırladan dövlətimizin başçısı bildirib: “Növbəti görüş Qazaxıstanda keçiriləcək və beləliklə, biz sülh sazişinin imzalanmasına doğru əlavə addımlar atırıq. Regional təhlükəsizliyə gəldikdə, Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını biz yüksək qiymətləndiririk”.
Qarabağda və Şərqi Zəngəzurda bütün bərpa, yenidənqurma işləri maksimum şəffaf şəkildə aparılır. Ayrılan vəsaitlə bağlı, müntəzəm olaraq ictimaiyyətə, o cümlədən media nümayəndələrinə məlumat verilir və sirr deyil. Bu yaxınlarda elan edilmiş məlumat göstərir ki, işin həcmi doğrudan da genişmiqyaslıdır. Bu ilin sonuna qədər, müharibə başa çatandan sonra Qarabağa və Şərqi Zəngəzura 12 milyard manat, yəni, təqribən 7 milyard dollar ətrafında vəsait yatırılır və yatırılacaqdır. Görülən bütün işlər göz qabağındadır. Tender prosedurlarına tam əməl edilir. Mən sözün düzü bilmirəm, sizdə bu məlumat haradandır. Yəqin ki, siz bunu hansısa dəqiqləşdirilməmiş mənbədən götürürsünüz. Amma azad olunmuş torpaqlara müntəzəm surətdə media turları təşkil edilir. O cümlədən xarici media nümayəndələri də vəziyyətlə tanış olurlar. Əgər sizin belə imkanınız olsaydı, görərdiniz ki, Ermənistan bizim torpaqlarımızı necə viran qoyub və azad edilmiş torpaqlara bu gün qayıdan vətəndaşlar hansı sevinc hissləri yaşayırlar.
Prezident İlham Əliev diqqətə çatdırıb ki,  müharibədən cəmi üç il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.
Bu ilin sonuna qədər 20 min məcburi köçkünün dogma yurduna qayıdacağını bildirən dövlətimizin başçısı Azərbaycan Ordusuna, Azərbaycan rəhbərliyinə minnətdarlıq hissi ilə şəhidlərimizə Allahdan rəhmət diləyərək qayıdır. Bu, ümumxalq məsələsidir. “Torpaqlarımızın azad edilməsi ümumxalq məsələsi idisə, bu gün torpaqların bərpa edilməsi də ümumxalq məsələsidir”,-deyə Prezident bildirib.

“AZƏRBAYCANDA MEDİA AZADLIĞI TƏMİN EDİLİR”
Azərbaycanda media azadlığı təmin edildiyinin, heç bir senzura olmadığlnı, azad internet, yüzlərlə media orqanı fəaliyyət göstərdiyini qeyd edən dövlətimizin başçısı “Azərbaycanı medianın inkişafını guya əngəlləmək istiqamətində atılmış addımları ilə tənqid etmək ədalətsiz olardı. Əgər internet azaddırsa, hansı məhdudiyyətdən söhbət gedə bilər”?-deyə vurğulayıb.

“AZƏRBAYCAN NEFTDƏN, QAZDAN ƏLDƏ OLUNMUŞ GƏLIRLƏRDƏN DÜZGÜN ISTIFADƏ EDIR. BUNA GÖRƏ DƏ AZƏRBAYCANDA YOXSULLUQ ŞƏRAITINDƏ YAŞAYANLARIN FAIZI SON 20 IL ƏRZINDƏ 50 FAIZDƏN 5 FAIZƏ DÜŞMÜŞDÜR”
Prezident İlham Əliyev qeyd edib ki, Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıdır. Neft və qaz Tanrıdan verilən böyük nemətdir və ölkələrə bu nemətə görə qiymət verilməlidir. Azərbaycan neftdən, qazdan əldə olunmuş gəlirlərdən düzgün istifadə edir. Buna görə də Azərbaycanda yoxsulluq şəraitində yaşayanların faizi son 20 il ərzində 50 faizdən 5 faizə düşmüşdür. Məhz buna görə Azərbaycan öz iqtisadi potensialını ortaya qoya bilib. Bizim birbaşa xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 7,9 faizinə bərabərdir. Neftdən, qazdan gələn gəlirlər cəmiyyətdə ədalətli bölünür və bu gün, ilk növbədə, Qarabağın və Şərqi Zəngəzurun bərpasına istiqamətləndirilir.
Ona görə neftlə, qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr, o cümlədən bizdən əvvəl COP-u keçirmiş Misir və Birləşmiş Ərəb Əmirlikləri iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir və bu gün Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliya, - bildiyiniz kimi, Braziliyada da təbii sərvətlər kifayət qədər böyükdür, - üçlük şəklində fəaliyyət göstərirlər. Bizim niyyətimiz budur. Biz istəyirik ki, əldə edilmiş gəlirləri yaşıl enerjiyə sərf edək, bu istiqamətdə addımlar atırıq və COP29 da qarşıdurma arenası olmayacaq. Azərbaycan ev sahibi kimi körpülər yaradacaq. Azərbaycan Qərblə Qlobal Cənub arasında körpü rolunu oynamaq fikrindədir, o cümlədən yaşıl enerjiyə keçidlə və iqlim dəyişikliyi ilə bağlı.
Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, neftlə, qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr, o cümlədən bizdən əvvəl COP-u keçirmiş Misir və Birləşmiş Ərəb Əmirlikləri iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir və bu gün Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliya, - bildiyiniz kimi, Braziliyada da təbii sərvətlər kifayət qədər böyükdür, - üçlük şəklində fəaliyyət göstərirlər. Bizim niyyətimiz budur. Biz istəyirik ki, əldə edilmiş gəlirləri yaşıl enerjiyə sərf edək, bu istiqamətdə addımlar atırıq və COP29 da qarşıdurma arenası olmayacaq. Azərbaycan ev sahibi kimi körpülər yaradacaq. Azərbaycan Qərblə Qlobal Cənub arasında körpü rolunu oynamaq fikrindədir, o cümlədən yaşıl enerjiyə keçidlə və iqlim dəyişikliyi ilə bağlı. Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələbat artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu rəqəm 12 milyarda çatıb. Biz əlavə sərmayə qoyuruq, əlavə vəsait ayırırıq ki, Avropa ölkələrini bu məsələdə dəstəkləyək. Beləliklə, həm ənənəvi enerji növləri, eyni zamanda, bərpaolunan enerji növləri ilə zəngin Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş olacaqdır”.

“2027-CI ILIN SONUNA QƏDƏR 9 GÜNƏŞ VƏ KÜLƏK ELEKTRIK STANSIYASI ISTISMARA VERİLƏCƏK”
Prezident  İlham Əliyev bildirmişdir ki, 2027-ci ilin sonuna qədər 9 Günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və Günəş elektrik stansiyası tikiləcək ki, onun da potensialı 5 qiqavata qədərdir. Biz indi Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışırıq və hesab edirəm ki, təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır.
Prezident İlham Əliyevin cari ilin 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib.

“COP29-A EV SAHİBLİYİ EDƏCƏK ÖLKƏ KİMİ YEKDİL QƏRARLA SEÇİLMƏK BİZİM ÜÇÜN HƏQİQƏTƏN BÖYÜK ŞƏRƏFDİR”
Prezident İlham Əliyev tədbirdə çıxış edib. Dəvətə görə  təşəkkürünü bildirən dövlətimizin başçısı  bildirib ki,  COP 29-a ev sahibliyi edəcək ölkə kimi  Azərbaycan qlobal tədbirə hazırlığın fəal mərhələsindədir. “COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Nəhayət bu, böyük məsuliyyətdir, çünki biz nəinki yaxşı tədbir təşkil etməli, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq. Hesab edirəm ki, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq”.
120 ölkəni birləşdirən  Qoşulmama Hərəkatında dörd il ərzində sədrliyimizi vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycana  sədrlik  zamanı biz Hərəkatın bir çox üzvləri ilə olduqca məhsuldar münasibətlər qurub: “Sədrliyimiz COVID-19-a təsadüf etdi. Beləliklə, biz çox məsuliyyətlə davrandıq və 80-dən artıq ölkəyə humanitar, maliyyə və texniki yardım göstərdik. Bir sözlə, ümid edirəm ki, həmin beynəlxalq platforma bizə Qlobal Cənub ölkələrini ümumi gündəliyə əlavə etmək imkanını yaradacaq. Eyni zamanda, bir çox Avropa ölkələri ilə münasibətlər uğurla inkişaf edir. Avropa İttifaqının doqquz üzvü ilə Azərbaycan “Strateji Tərəfdaşlıq” haqqında razılaşmalar və bəyannamələr imzalayıb, yaxud qəbul edib. Bunları söylədikdə, ümid edirəm ki, həmin beynəlxalq əlaqələr bizə həmrəyliyi gücləndirməyə imkan verəcək. Bizə məhz bu lazımdır. Bizə maliyyə lazımdır. Bizə həmrəylik lazımdır və bizə ortaq məsuliyyət lazımdır”.
Azərbaycan faydalı qazıntı ilə zəngin olan ölkə kimi OPEC+ platformasının üzvü olduğunu vurğulayan dövlətimizin başçısı bildirib ki, bu,  əlavə üstünlükdür, çünki təbii sərvətləri, xüsusən də neft və qazı zəngin olan ölkə iqlim dəyişmələri məsələlərinin həllində ön cərgədə olmalıdır. Beləliklə, həmin müxtəlif rollar, fikrimcə, yaxşı həmrəylik ruhunu yaradacaq və bizə məqsədlərimizə nail olmağa imkan verəcək. COP-a ev sahibliyi edəcək ölkə kimi seçilməyimizdən dərhal sonra bəzi mətbuat orqanları əsas diqqətini bizim enerji quruluşumuza və enerji tarixçəmizə yönəltdilər. Mən hər zaman demişəm ki, neft və qaz ehtiyatları bizim günahımız deyil. Bu, Tanrıdan verilən vəsilədir. Buna görə biz mühakimə olunmalı deyilik. Biz həmin ehtiyatların ölkənin inkişafına, yoxsulluğun və işsizliyin azaldılmasına, yaşıl gündəliklə bağlı tutduğumuz hədəflərə yönəldilməsinə görə dəyərləndirilməliyik.

“NEFT VƏ QAZIMIZ, HƏMÇİNİN AVROPA BAZARLARINA HƏLƏ UZUN İLLƏR ƏRZİNDƏ LAZIM OLACAQ”
2022-ci ildə Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb və bizim Avropa İttifaqına təbii qaz təchizatımız artmaqdadır. Bu, Avropa Komissiyasının xahişi idi. Biz buna müsbət cavab verdik. Hazırda təbii qaz ixracımızın yarısı, xüsusən də 12 milyard kubmetri Avropa İttifaqının bazarına gedir. Qeyd edilən Memoranduma əsasən, 2027-ci ilə qədər Avropa İttifaqına ixracımız 20 milyard kubmetrə çatmalıdır. Hamımız anlayırıq ki, bu geosiyasi durumda həmin məsələ Azərbaycanın məsuliyyətli olmağının təzahürüdür, çünki biz qaz hasilatımızın artırılmasına böyük həcmdə sərmayə yatırırıq və Avropaya yeni mənbələrdən daha çox qaz lazımdır. Eyni zamanda, yaşıl gündəliyimiz hələ COP29 qərarından əvvəl icra olunmağa başlanıb.
Xarici tərəfdaşlar və sərmayədarlarla yaşıl keçid üzrə artıq nəhəng layihələrə başladığımızı söyləyən dövlətimizin başçısı yalnız bu il ərzində 1300 meqavat Günəş və külək enerjisini istehsal etmək imkanını yaradacaq enerji stansiyalarının təməlqoyma mərasiminin keçiriləcəyini diqqətə çatdırıb:” 2027-ci ilin sonuna qədər ümid edirik və əslində, müqavilələr imzalandığına görə əminik ki, 2000 meqavat Günəş və yaşıl enerji imkanlarımız olacaq. Doqquz elektrik enerjisi stansiyası olacaq və 2030-cu ilə qədər əlavə 10 Günəş və külək enerjisi stansiyaları qurulacaq ki, onların gücü 5000 meqavat (5 qiqavat) təşkil edəcək. Bu potensialdan istifadə edərək, biz qaz istehlakımızı əksər hissədə elektrik enerjisi istehsalı ilə əvəzləyəcəyik. Həcmlərə gəldikdə isə düşünürəm ki, Avropaya ən azı əlavə 5 milyard kubmetr qaz ixrac olunacaq. Bir sözlə, bu, əslində, hər kəs üçün uduşlu variantdır. Biz olduqca münbit sərmayə mühitini yaratmışıq. Qeyd etdiyim bütün həmin yaşıl enerji layihələri xarici sərmayədarlar tərəfindən maliyyələşdirilir.
Azərbaycanın  Avropaya lazım olan böyük həcmdə təbii qaza qənaət edəcəyiini bildirən dövlətimizin başçısı qeyd edib ki, hazırda Xəzərdə külək enerjisi stansiyalarından Avropaya vahid ötürülmə xətlərini, o cümlədən Qara dənizin dibi ilə kabeli çəkmək üçün texniki əsaslandırma işlərinin son mərhələsindəyik. “Bu, dörd qiqavat həcmində Azərbaycanın yaşıl enerjisini Avropaya ixrac etmək imkanını yaradacaq. Dənizdə külək enerjisinin təsdiqlənmiş ehtiyatlarımız 157 qiqavatdır. Bu, potensialın təzahürüdür”.
Prezident İlham Əliyev çıxışının sonunda vurğulayıb ki, enerji təhlükəsizliyi birmənalı olaraq ölkələrin milli təhlükəsizlik məsələsi hesab edilməlidir. “Ayrı-seçkilik olmamalıdır. Faydalı qazıntı ilə zəngin olan ölkənin rəhbəri kimi, əlbəttə ki, biz həmin ölkələrin sərmayəni və hasilatı davam etdirmək hüququnu müdafiə edəcəyik, çünki dünyanın buna ehtiyacı var. Lakin, eyni zamanda, artıq qeyd etdiyim kimi faydalı qazıntısı olan ölkələr iqlim dəyişmələri məsələlərinə aid həmrəyliyi nümayiş etdirən ölkələr sırasında olmalıdırlar”.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff