Şamaxı şəhər Yaradıcılıq Mərkəzində Şamaxı rayonunun Mərzəndiyyə kəndinə yeni su xəttinin çəkilişinə başlanılması ilə əlaqədar tədbir təşkil olunub.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin sədr müavini Şöhrət Süleymanov, Coca-Cola Şirkətinin Avrasiya regionu üzrə ictimaiyyətlə əlaqələr direktoru Elşad Fərzəliyev, EcoHub Ekoloji Platformasının direktoru Tükəzban Ağababayeva və Mərzəndiyyə kəndinin sakinləri iştirak ediblər.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında son illər rayon ərazisində həyata keçirilən geniş miqyaslı abadlıq və infrastruktur layihələrindən, o cümlədən kənd və qəsəbələrin su təminatının gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb. O, Şamaxı rayonunun bir sıra kəndlərində su probleminin həlli ilə bağlı “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında“ komissiyasının toplantısında verilən qərarlar üçün və ilk olaraq Mərzəndiyyə kəndinə su xəttinin çəkilişinə dəstək göstərən bütün tərəfdaşlara təşəkkürünü bildirib.
Digər çıxış edən natiqlər ölkəmizdə əhalinin dayanıqlı və keyfiyyətli içməli suya çıxışını yaxşılaşdırmaq, eləcə də əkin sahələrinin suvarma suyu ilə təminatını yüksəltmək məqsədilə dövlət qurumları tərəfindən həyata keçirilən layihələr barədə məlumat veriblər. Həmçinin sektorlararası əməkdaşlığın bu kimi işlərin sürətləndirilməsində mühüm rol oynadığı, özəl sektorun da korporativ sosial məsuliyyət çərçivəsində su təminatı sahəsinə diqqət ayırmasının əhəmiyyətindən bəhs olunub. Tədbir zamanı Şamaxı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Mərzəndiyyə kəndinə su xəttinin çəkilişi sahəsində aparılan işlər barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, Mərzəndiyyə kəndinə su xəttinin çəkilişi layihəsi Şamaxı Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Coca-Cola Fondu və EcoHub Ekoloji Platformasının birgə tərəfdaşlığı ilə həyata keçirilir.