Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı cənab Tahir Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Qaleybuğurd kəndində baş tutub. Görüşdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, o cümlədən təhsil, səhiyyə, mədəniyyət sahələrinin nümayəndələri, xidmət təşkilatlarının məsul şəxsləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbulda çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ölkə rəhbərliyi tərəfindən regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində rayonda və kəndlərdə görülən genişmiqyaslı quruculuq, abadlıq işləri, yol-nəqliyyat infrastrukturu, su təchizatı, elektrik və digər kommunal xidmətlərlə bağlı layihələrin icra vəziyyəti barədə ətraflı məlumat verib. O, dövlətin kəndlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində gördüyü işləri xüsusi vurğulayaraq, bu siyasətin davamlı xarakter daşıdığını qeyd edib.
Görüş zamanı kənd sakinləri tərəfindən əsasən kənddaxili yolların bərpası, pay torpaq sahələrinin sərhədlərinin müəyyənləşdirilməsi, eləcə də digər sosial və məişət məsələləri ilə bağlı müraciətlər səsləndirilib. Sakinlərin suallarını dinləyən icra başçısı hər bir məsələ ilə ayrı-ayrılıqda maraqlanıb, onların operativ şəkildə araşdırılması və həlli məqsədilə aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verib.
Səyyar qəbulda vətəndaşların müraciətlərinə baxılması, onların arzu və təkliflərinin yerində öyrənilməsi məqsədilə keçirilən bu cür görüşlərin davamlı xarakter daşıdığı və əhalinin məmnunluğunun təmin edilməsində mühüm rol oynadığı bir daha qeyd olunub. Qaleybuğurd kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər.











