booked.net

Şamaxıda “Gender əsaslı zorakılığa qarşı mübarizə” mövzusunda dəyirmi masa keçirilib


Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən idarə və müəssisə rəhbərlərinin iştirakı ilə “Gender əsaslı zorakılığa qarşı mübarizə” mövzusunda dəyirmi masa keçirilib. Tədbirin əsas məqsədi cəmiyyətdə gender bərabərliyinin təşviqi, məişət və gender zorakılığı hallarının qarşısının alınması və bu sahədə ictimai maarifləndirməni gücləndirmək olub.


Dəyirmi masada çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının müavini və Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun sədri Mehriban Eyubova qeyd edib ki, ölkəmizdə hər sahədə gender bərabərliyi qorunur və Azərbaycan qadını tarixən milli-mənəvi dəyərlərin daşıyıcısı olaraq cəmiyyətin inkişafında aktiv rol oynayıb. O, həmçinin vurğulayıb ki, müasir dövrdə qadınlar müxtəlif sahələrdə söz sahibinə malikdir və onların iştirakını daha da genişləndirmək üçün sistemli tədbirlər həyata keçirilir.


Tədbirdə ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova, Şamaxı Dövlət Regional Kollecin direktoru İlham Vəliyev, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə nümayəndəsi Rəfail Tağızadə, rayon Ağsaqqallar Şurasının üzvü Nəzakət Abdurazaqova, sədri Mayıl Alıcanov, SXA-nin Dağlıq Şirvan Regional filialının müdiri Vüsal Məmmədov və Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin müdiri Yeganə Əsgərova çıxış edərək qeyd ediblər ki, qadınların cəmiyyətdəki rolu yalnız ailə daxilində deyil, həm də ictimai və peşə sahələrində əhəmiyyətlidir.


Bununla yanaşı, çıxışçılar cəmiyyətdə hələ də mövcud olan bir sıra problemlərə diqqət çəkiblər. Onlar qeyd ediblər ki, gender zorakılığı, məişət zorakılığı, təhsildən yayınma və erkən nikah kimi halların qarşısının alınması hələ də aktualdır və bu problemlərin mənfi nəticələri ailə institutuna ciddi təsir göstərir. Tədbir zamanı iştirakçılar bu kimi halların qarşısının alınması istiqamətində təklif və fikirlərini bölüşüblər, təhsil, hüquq-mühafizə orqanları və ictimai təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.


Dəyirmi masada qeyd olunub ki, bu sahədə əldə olunan müsbət nəticələr yalnız dövlət qurumlarının deyil, eyni zamanda cəmiyyətin bütün təbəqələrinin birgə səyləri nəticəsində mümkündür. Belə tədbirlər cəmiyyətdə gender bərabərliyinin təşviqinə, maarifləndirmənin artırılmasına və zorakılıq hallarının azaldılmasına xidmət edir.



Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff