booked.net

Amnistiya təşəbbüsü suveren dövlətin humanist gücünü nümayiş etdirir


Azərbaycan dövləti müstəqillik yolunda keçdiyi mürəkkəb və şərəfli inkişaf mərhələsində güclü dövlətçilik ənənələri formalaşdırmış, hüquqi və siyasi institutlarını möhkəmləndirmişdir. Bu prosesin ideoloji və hüquqi əsasları Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi ilə müəyyən edilmiş, 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçilik modelimizin əsasını təşkil etmişdir. Ulu Öndərin müəyyən etdiyi strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir.


Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü, müstəqil və suveren dövlət kimi regionda və beynəlxalq müstəvidə öz mövqelərini möhkəmləndirməklə yanaşı, daxili siyasətdə insan mərkəzli idarəetmə modelini əsas prinsip kimi qəbul etmişdir. Dövlət başçısının həyata keçirdiyi siyasətdə humanizm yalnız sosial sahədə deyil, hüquq-mühafizə və cinayət-hüquq sistemində də aparıcı xəttə çevrilmişdir. Cəzanın mahiyyəti yalnız məhdudlaşdırma deyil, insanın islahı və cəmiyyətə qaytarılması kimi qəbul edilir.


“Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiya elan edilməsi təşəbbüsü məhz bu yanaşmanın məntiqi davamıdır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, Konstitusiyanın bütün ərazilərdə real hüquqi qüvvəyə malik olması dövlətçilik tariximizin zirvə nöqtələrindən biridir. Bu tarixi mərhələdə humanizm və mərhəmət prinsiplərinə əsaslanan qərarların qəbul edilməsi güclü dövlətin özünəinamının göstəricisidir.


Prezident İlham Əliyevin 15 dekabr 2025-ci il tarixində irəli sürdüyü amnistiya təşəbbüsü cəmiyyətin sosial birliyinin möhkəmləndirilməsinə, dövlətlə vətəndaş arasında etimadın daha da güclənməsinə xidmət edir. Bu təşəbbüs cəzadan azad ediləcək şəxslərin gələcək davranışlarına olan inamı, onların cəmiyyətə inteqrasiyasına verilən şansı əks etdirir.


Amnistiya aktının layihəsində xüsusi diqqət Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə yönəldilmişdir. Vətən müharibəsinin və 2023-cü il antiterror tədbirlərinin iştirakçıları, həmin döyüşlərdə həlak olmuş və ya itkin düşmüş şəxslərin ailə üzvləri, habelə Ermənistanın hərbi təxribatları nəticəsində zərər çəkmiş mülki şəxslər amnistiyanın əsas benefisiarları sırasındadır. Eyni zamanda, qadınlar, ahıl şəxslər, yetkinlik yaşına çatmayan məhkumlar və az ağır cinayətlər törətmiş şəxslər üçün cəzanın yüngülləşdirilməsi nəzərdə tutulur.


Miqyasına görə bu amnistiya müstəqil Azərbaycanın tarixində ən geniş əhatəli humanist akt olacaq. İlkin hesablamalara əsasən, 20 mindən artıq şəxs amnistiya aktının tətbiq dairəsinə düşəcək, minlərlə insan azadlıqdan məhrum etmə və digər cəzalardan azad ediləcək və ya cəzalarının müddəti azaldılacaq. Bu göstərici dövlətin hüquq sisteminin cəza yönümlü deyil, sosial yönümlü olduğunu bir daha təsdiqləyir.


Azərbaycanın amnistiya və əfv siyasəti təsadüfi xarakter daşımır. 1995-ci ildən bu günə qədər onlarla əfv fərmanı və bir neçə amnistiya aktının qəbul edilməsi dövlətin hüquqi-humanist xəttinin institusional səviyyədə formalaşdığını göstərir. Bu prosesdə Ümummilli Lider Heydər Əliyevin siyasi irsi, Prezident İlham Əliyevin ardıcıl siyasəti və Mehriban Əliyevanın təşəbbüsləri xüsusi yer tutur.


Nəticə olaraq qeyd etmək olar ki, “Konstitusiya və Suverenlik İli”ndə irəli sürülmüş amnistiya təşəbbüsü hüquqi mexanizm olmaqla yanaşı, Azərbaycan dövlətinin siyasi yetkinliyinin, humanist dəyərlərə sadiqliyinin və öz vətəndaşına olan etimadının parlaq ifadəsidir. Bu təşəbbüs güclü dövlətin mərhəmətli və məsuliyyətli üzünü nümayiş etdirir.



Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff