Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarından Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.
Rayon Mədəniyyət Mərkəzində keçirilən təqdimat mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, Vətən müharibəsi Qəhrəmanı Elyar Vəliyevin atası Hacı Arif Vəliyev, şəhid Aqil Mirzəliyevin anası Aynurə Mirzəliyeva, şəhid Orxan Nəbiyevin atası Rza Nəbiyev və şəhid Yalçın Rəhimovun atası Elçin Rəhimov bildiriblər ki, şəhidlərimizin xatirəsi daim əziz tutulur, dövlət tərəfindən şəhid ailələrinə diqqət və qayğı göstərilir. Onlar həmçinin şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərdən və həyata keçirilən tədbirlərdən bəhs edərək, təqdim olunan Xatirə kitabının ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlıqlarını ifadə ediblər.
Çıxışlardan sonra redaksiya tərəfindən hazırlanan kitabda bəhs olunan şəhidlərdən biri haqqında film nümayiş olunub. Tədbirin sonunda isə şəhid ailələrinə xatirə kitabları təqdim edilib.











