Şamaxı şəhərinin sosial-iqtisadi inkişafını daha sistemli və davamlı şəkildə təmin etmək məqsədilə şəhərin yeni baş planının hazırlanmasına start verilib. Layihə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən sifariş olunub və beynəlxalq təcrübəyə malik İntegris MMC, Oneworks və HK Planlama Mühendislik Danışmanlık İnşaat Bilişim ve Ticaret A.Ş şirkətləri tərəfindən həyata keçiriləcək.
Baş planın hazırlanması ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətində geniş tərkibdə iclas keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Komitənin məsul nümayəndəsi Şahnaz Bədəlova, layihənin yerli icraçısı olan “İntegris” MMC-nin direktoru Ceyhun Zeynalov, Türkiyəni təmsil edən “HK Planlama...” şirkətinin sahibi Hidayət Kandemir, İtaliyanın “Oneworks” şirkətinin idarəedici tərəfdaşı Leonardo Cavalli, eləcə də aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Görüş zamanı baş planın hazırlanmasının əsas istiqamətləri və prioritetləri ətraflı müzakirə olunub. Bildirilib ki, layihə hazırlanarkən şəhərin zəngin tarixi irsi və ənənəvi memarlıq üslubu xüsusi diqqətdə saxlanılacaq. Mövcud tarixi abidələrin qorunması və bərpası, onların şəhər mühitinə uyğun inteqrasiyası əsas məqsədlərdən biri kimi müəyyənləşdirilib.
Eyni zamanda, müasir şəhərsalma yanaşmalarına uyğun olaraq, şəhərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, yol şəbəkəsinin optimallaşdırılması və əhalinin rahat hərəkətinin təmin olunması istiqamətində tədbirlər nəzərdə tutulur. İctimai məkanların genişləndirilməsi, yaşıllıq zonalarının artırılması, sosial və mühəndis infrastrukturunun inkişafı da layihənin mühüm komponentləri sırasında yer alır.
Qeyd olunub ki, yeni baş plan şəhərin gələcək inkişaf perspektivlərini müəyyən edəcək strateji sənəd olacaq və Şamaxı şəhərinin turizm potensialının daha səmərəli istifadəsinə, iqtisadi fəallığın artırılmasına və əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.






