booked.net

Şamaxıda Göylər və Yenikənd sakinləri ilə səyyar qəbul keçirilib


Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu rayonun Göylər və Yenikənd kəndlərinin sakinləri ilə keçirilib. Qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin rəhbərləri, həmçinin müxtəlif xidmət təşkilatlarının məsul şəxsləri və kənd sakinləri iştirak ediblər.

Görüş zamanı çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov son illər ölkədə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi inkişaf proqramlarından, regionların inkişafına yönəlmiş dövlət siyasətindən və bu siyasətin nəticəsi olaraq Şamaxı rayonunda aparılan quruculuq və abadlıq işlərindən ətraflı bəhs edib. Bildirilib ki, rayonun kənd və qəsəbələrində infrastrukturun yaxşılaşdırılması, yol, su, elektrik və digər kommunal xidmətlərin keyfiyyətinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir və bu proses davam etdiriləcək.

Göylər kəndində keçirilən səyyar qəbul zamanı sakinlər onları narahat edən bir sıra məsələləri diqqətə çatdırıblar. Xüsusilə kəndə gedən marşrut xəttinə əlavə avtobusların ayrılması, yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə yol nişanlarının quraşdırılması, kənd məktəbinin içməli su ilə təmin olunması, həmçinin əkin sahələrində ziyanvericilərə qarşı mübarizə aparmaq üçün kənd təsərrüfatı preparatları ilə təminat məsələləri əsas problemlər kimi qeyd olunub.

Bununla yanaşı, sakinlər digər sosial və məişət xarakterli suallarla da müraciət ediblər. Qaldırılan bütün məsələlər yerindəcə müzakirə olunub, onların həlli istiqamətində konkret addımların atılması üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Rayon rəhbərliyi tərəfindən vətəndaş müraciətlərinə həssaslıqla yanaşıldığı və problemlərin operativ həlli üçün zəruri tədbirlərin görüləcəyi vurğulanıb.

Səyyar qəbul çərçivəsində vətəndaşlarla birbaşa ünsiyyətin əhəmiyyəti qeyd olunaraq belə görüşlərin davamlı xarakter daşıyacağı bildirilib.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff