booked.net

"Mən öz yazımda halal oldum, böyük sözü qorudum"


Xalq yazıçısı,  Mövlud Süleymanlı bütün yaradıcılığı boyu böyük ədəbi sözə xidmət etdi. 
Yol məni yazıçının bir vaxtlar anasının nəfəsilə isinən bir evin qənşərinə gətirir. Əvvəldən məlumatlı olduğundan Mövlud müəllimin doğma əmisi oğlu qarşılayır məni. İçəri dəvət edir. İkimiz də bir müddət susqun dayanırıq. Böyük qələm adamının bu dünyadan köçünün hüznü  hələ də bu qapıdan, həyət-bacadan çəkilməyib. 
Zaman kişi söhbətimizə handan-hana dillənir: Mövludla kiçik yaşlarından birlikdə böyümüşük. Dörd yaş fərqimiz olub- deyir. Sonra nəyi isə xatırlamağa çalışır. Üzündən xəfif bir təbəssüm süzülür. Sonra da başlayır xatırladıqlarını az qala kəlmə-kəlmə danışmağa:- Rayona gələndə həmişə görüşərdik. Mütləq həmsöhbət olardıq. Bizim tərəflərə "Dağ Borçalı" deyərdilər. Gürcüstan ilə həmsərhəddə yerləşir. "Aran Borçalı" qalıb  Gürcüstanda. Bir tərəfimiz də Türkiyənin Qars vilayətinə açılırdı. Mövlud belə gözəl təbiətli türk yurdunda- Qərbi Azərbaycanın Kalinino rayonunun Qızıl Şəfəq kəndində doğulmuşdu. Atası Süleyman Məhəmməd oğlu 1945-ci ilin aprel ayının 23-də Berlin uğrunda döyüşlərdə həlak olmuşdu. Anası Bağdagül Mahmud qızı bədahətən şeirlər söylərmiş.  
Mövlud Süleymanlı orta məktəbi qonşu kənddə- İlməzlidə bitirmişdi. Ali təhsil almaq arzusu onu Bakıya qanadlandırdı. Ali məktəb illəri... Duyğu və düşüncələrini ən əvvəl misralara düzdüyü unudulmaz illər. "Əllərim" adlı ilk şeiri 1964-cü ildə "Azərbaycan gəncləri" qəzetində çap olunur. Bir müddət sonra "Bir ünvan" adlı şeir kitabı da çapdan çıxır. Nəsr yaradıcılığına keçəndən sonra Mövlud Süleymanlı imzası ədəbi mühitdə daha maraqla qarşılanır, yazdığı hər yeni əsər diqqət mərkəzində olur. 
Söhbətində Zaman kişi onu da deyir ki, əvvəllər də, sonrakı qaçqınçılıq dövründə də erməni zülmünü  hər bir Qərbi azərbaycanlı yaşayıb. Qaçqınçılıqdan sonra da bu ağrı qəlbimizə yük olub əydi bizi. Sağ olsunlar Şamaxı camaatını- o vaxt bizə dayaq oldular. Xeyli ailə elə bu kəndə- Kərkənc obasına sığındı. Amma yurd yurddu. Yurdsuzluğun ağrısı ömrü uzunu Mövlud müəllimin qəlbini göynətdi.   
Müsahibim sonra nə düşündüsə gözlərinə aydınlıq gəldi:- Əmim oğlunun sazda gözəl ifa etməsi vardı. İfa eliyəndə elə bil yurd yerlərimizi yağının əlindən qoparıb gözlərimizin önünə gətirirdi. "Bulağ"ında durulurduq, "Tanrı duaları"nda (Mövlud Süleymanlının bir vaxtlar Azərbaycan Radiosunda hazırladığı verilişlər nəzərdə tutulur- red.) biz yerin yox, göyün olardıq.  
Ədib 1980-ci illərdən başlayaraq daha çox roman janrına müraciət edib.  "Köç", "Ceviz qurdu" "Səs" romanları çağdaş Azərbaycan romançılığının inkşafında bir pillə olub. "Köç"(1980) xalqın milli keçmişindən, sovet hakimiyyətinin gəlişinə qədərki taleyindən söhbət açıb. Xalq şairi Bəxtiyar Vahabzadə "M. Süleymanlıya açıq məktub"unda ""Köç" xalqımızın yüz illərdən bəri keçib gəldiyi yolların tarixi, adət və ənənələrini qoruyub saxladığı köçəri ruhunun bədii etnoqrafiyası" adlandırıb.  
Mövlud Süleymanlının "Dəyirman" povesti isə ədəbiyyatımızda əsl hadisə oldu. Əsər çap olunandan sonra ədəbi mühitdə böyük əks-səda yarandı. Əks-qütbdə dayananlar, müəllifi "dar ağacına çəkənlər" daha çox idi. 
Yazıçı Mövlud Süleymanlı özü açıqlamasında bu əsəri ilə bağlı belə demişdi: "...O vaxt Rəsul Rza mənim haqqımda çox gözəl bir yazı yazmışdı- “Dəyirman dərdi”. Xəstəxanada müalicə olunurdu, Anarla birlikdə yanına getdik. Başını qaldırıb dedi ki, “Nəhayət ki, “dəyirmançı” gəldi.
“...O vaxt Mərkəzi Komitənin birinci katibi işləyən Heydər Əliyev məni xilas elədi. Bir dəstə adam yığışıb onun yanına getmiş, əsərdəki söyüşləri işarələyib ona təqdim etmişdilər. Hardasa 72-73 söyüş var imiş əsərdə. Sözün düzü mən indi o ifadələri istifadə edə bilmərəm. Amma yazı prosesində belə ifadələr böyük bir mətnin məna yükünü ifadə edir. Heydər Əliyev bu ifadələrlə bağlı şikayət edənlərə demişdi ki, əgər bu ifadələrə qalsa, gərək rus xalqı Şoloxovu məhkəməyə versin." 
Görkəmli ədib müsahibələrinin birində demişdi ki, -"Mən öz yazımda halal oldum, böyük sözü qorudum. Böyük ədəbi sözə xidmət etdim."  
Əslində, bu, yazıçıdan xalqına, millətinə ən böyük miras və ən müqəddəs əmanətdir. 
Ədibin əmisi oğlu Zaman kişi: "Mövlud müəllimin bir də ən çox işlətdiyi bir ifadəsi vardı- deyərdi ki, yox idik, olduq. Olduq, yox olacağıq”.
...İkimizin də gözləri yol çəkir.

 Könül Məmmədova "Şirvan" qəzetinin baş redaktoru


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff