booked.net

SİZİNLƏ FƏXR EDİRİK!


Həyəcan, intizar dolu anlar arxada qaldı. Yuxusuz gecələrin, çəkilən zəhmətin bəhrəsi onlara tükənməz sevinc, ürəkdolusu qürur yaşatdı. Hər il olduğu kimi, bu il də minlərlə abituriyentin qazandığı tələbə adının sevincindən onların valideynlərinə, doğmalarına da pay düşdü. 
Doğma Şamaxımızın orta təhsil məktəblərindən məzun olanların böyük əksəriyyəti ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etdi. Çətin sınaqda yüksək bilik nümayiş etdirən abituriyentlər arasında bizim rayonun məzunları da var. Fəxr edirik ki, Nüydü kənd orta məktəbindən Vüqar Qabil oğlu  Həsənov, Şamaxı şəhər E.Hüseynov adına 2 nömrəli tam orta məktəbindən   Cəlil Rəsul oğlu  Əliyev,    Fərid Əli oğlu Səmədov, Göylər kənd Ə.Məmmədov adına 1 saylı tam orta məktəbindən Xavər Mayıl qızı Qasımova, Göylər kənd T.Kərimov adına 2 saylı tam orta məktəbindən Azər Araz oğlu Abdulcəlilov,   Şamaxı Avropa Liseyindən  Günay Rəşad qızı  Şiraliyeva,     Nərgiz Rövşən qızı Əsgərova, Çuxuryurd kənd tam orta məktəbindən Vüsalə Vüqar qızı    Əfəndiyeva, Şamaxı şəhər M.Hadi adına 9 nömrəli tam orta məktəbindən Namik Emin oğlu  Məmmədov,   Şamaxı THT liseyindən Çinarə Kazım qızı Abdurahmanova 600-dən yuxarı bal toplayaraq hamımızı qürurlandırdı.    
Bu ilki tələbə qəbulunda rayonumuzdan ən yüksək nəticəyə isə Nağaraxana kənd tam orta məktəbinin məzunu Gülbikə Səfa qızı Ehtibarova nail oldu- 669,1 bal! -Böyük nailiyyətdir! 
Onun üçün, həmçinin valideynləri, doğmaları üçün çox sevincli bir gündə fəxri məzunumuzla həmsöhbət olduq. 
-Bu, çox gözəl hissdir- dedi,- Bir daha əmin oldum ki, çəkilən zəhmət itmir, mütləq "əvəz"ini qaytarır. O "əvəz" dediyim bir insan köksünə sığmayacaq qədər böyük olan sevincdir.  
Gülbikə Səfa qızı Ehtibarova 2012-ci ildə Kəlbəcər rayon 89 saylı məktəbə daxil olub, 2021-ci ildən təhsilini Nağaraxana kənd tam orta məktəbində davam etdirib. Kiçik yaşlarından humanitar fənlərə xüsusi maraq göstərib. Ona dərs deyən müəllimlər Gülbikənin bu sahədə xüsusi bilik və qabiliyyətini yüksək qiymətləndirəndə daha da fərəhlənib və 3-cü ixtisas qrupuna daha böyük həvəslə hazırlaşıb. O, davamlı olaraq bilik yarışlarında iştirak edib. Gülbikə Şamaxı Hazırlıq Mərkəzinin təşkil etdiyi yarışda iki dəfə 2-ci yerə layiq görülüb, iki dəfə fəxri fərmanla mükafatlandırılıb. 9-cu sinifdə 279.4 bal toplayaraq fərqlənmə attestatı qazanıb. 10 və 11-ci siniflərdə Respublika fənn Olimpiadalarında "Azərbaycan dili və Ədəbiyyatı” üzrə 2- ci tura keçid qazanıb. 
"Təhsildə uğur qazanmağın hansısa düsturu varmı? Müvəffəqiyyət necə qazanılır?"- sualımıza müsahibimiz belə cavab verdi: "Fikrimcə, təhsildə uğur qazanmağın əsas yolu əzmkarlıq və inamdan, dərslərə məsuliyyət hissi ilə yanaşmaqdan, intizamlı olmaqdan keçir. İnsan əgər bir hədəfə çatmaq istəyirsə bu yolda əziyyətlərə qatlaşmalı və nələrdənsə keçməyi bacarmalıdır. Bu "qurbanlar" kimisi üçün yuxu, kimisi üçün telefon, kimisi üçün isə sevdikləri ilə vaxt keçirmək ola bilər. Amma əsas odur ki, siz nə üçün çalışdığınızı bilə və inamınızı itirməyəsiniz."
Gülbikə Ehtibarova hədəfinə çatmaq üçün sadaladıqları bütün "qurbanlar"a hazır olub və məqsədinə doğru addım-addım, əzmlə  irəliləyib. Doğrudur, ali məktəbə hazırlıq dövründə, xüsusi ilə də 10 və 11-ci siniflərdə abituriyentlərin əksəriyyəti kimi o da dərs yükünün ağırlığından şikayətlənib, amma bu da keçici olub. Gülbikənin yeganə gileyi həmin vaxtlar yaşadığı psixoloji yorğunluqla bağlıdır. Deyir ki, uzun müddət imtahan stressindən yaxa qurtara bilmədim.  
Fəxri məzunumuz şagirdin bilik qazanmasında müəllim faktorunu belə dəyərləndirdi: "Düşünürəm ki, birinci növbədə şagird müəllimini sevməlidir, çünki bu zaman müəllimlə şagird arasında bir bağ yaranır ki, bu, şagirdin dərsi qavramasında, istərsə də dərsə davamiyyətində, nizam-intizamında, məsuliyyətində vacib rol oynayır."
Gülbikə bu sözləri deyə-deyə onun üzündəki ciddiyyəti xoş təbəssüm əvəz etdiyi nəzərimizdən qaçmır. Bir anlıq sözlərinə ara verir və xəyalən orta məktəbdə oxuduğu ilk illərə qayıdır. Gözləri önündə sevimli müəllimlərinin işıqlı, nurlu çöhrələrini canlandırır: "Birinci sinifdə bizə dərs deyən İlhamə müəllimin zəhmətini böyük minnətdarlıqla xatırlayıram. O, yalnız 4 il boyunca deyil, bütün məktəb həyatımda məndən sevgi və qayğısını əsirgəmədi. İngilis dilindən Aytən müəllimin qəlbimdə yeri xüsusidir. Gülnarə müəllimin də zəhməti unudulmazdır-o, iki illik hazırlıq müddətində qarşıma çıxan ən yaxşı insanlardan biri oldu."
Müsahibim düşünür ki, şəxsiyyətin formalaşmasında məktəbin rolu danılmaz olsa da, bu, yetərli deyil. İnsanın cəmiyyətdə özünü ifadə edə bilməsi, insanlarla ünsiyyət qurmaq bacarığı kimi xüsusiyyətlər də şagirdin xarakterinin formalaşmasında əhəmiyyətli rol oynayır. Əlbəttə ki, bunların da təməli məhz məktəbdə qoyulur. 
Gülbikə hədəfinə inamla irəliləyib. Qarşısına çıxan çətinliklər onu bir an da olsun məqsədindən yayındıra bilməyib. Ali məktəbə qəbul imtahanlarında qazandığı yüksək nəticəni daha böyük arzularının yolunda başlanğıc hesab edir.  Əmindir ki, gələcəkdə daha yüksək uğurlar qazanacaq. 
2023-2024-cü tədris ilində Azərbaycan Dillər Universitetində “ingilis dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə təhsil almaq haqqı qazanan Gülbikə Səfa qızı Ehtibarova gələcək məzunlara söz deməyi də unutmadı: "Məzunlara çəkdikləri əziyyətlərin yerdə qalmayacağını demək istəyirəm. Ən əsası da odur ki, nizamlı şəkildə oxusunlar və inamlarını itirməsinlər. Şübhəsiz ki, bu yolun sonunda onları işıqlı bir gələcək gözləyir."
Şamaxımızın fəxri məzunu ilə ən xoş arzularla sağollaşdıq. Onun timsalında tələbə adını qazanan bütün abituriyentlərə uğurlar diləyirik.              
         Tələbə adınız mübarək! 


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff