booked.net

Şamaxıda aqrar sahənin inkişafı istiqamətində görülən işlərə baxış keçirilib


21 sentyabr 2026-cı il tarixində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin Şamaxı rayonunda icrası ilə bağlı görülən işlərlə yerində tanışlıq keçirilib.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 6-cı ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Taleh Zeynalov və aidiyyəti dövlət qurumlarının nümayəndələri rayon ərazisində fəaliyyət göstərən sahibkar və fermer təsərrüfatlarına baş çəkiblər.
Səfər çərçivəsində Heydər Rahib Paşa oğlunun, Qasımov Əyyub Qarakişi oğlunun, Şıxıyev Hacıbaba Hacıbala oğlunun və “Şirvan Aqro” MMC-nin təsərrüfatlarına baxış keçirilib. Təsərrüfatlarda görülən işlər, əldə olunan nəticələr və qarşıda duran məsələlər barədə məlumat verilib.
Sahibkar və fermerlərlə görüş zamanı əkin sahələrindən səmərəli istifadə, məhsuldarlığın artırılması, müasir aqrotexnologiyaların tətbiqi, su təminatının yaxşılaşdırılması, istehsal imkanlarının genişləndirilməsi və yeni təsərrüfat layihələrinin həyata keçirilməsi məsələləri müzakirə olunub. Təsərrüfat sahiblərinin qarşılaşdıqları problemlər dinlənilib və onların həlli ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, kənd təsərrüfatının inkişafı Şamaxı rayonunun iqtisadi potensialından səmərəli istifadə, əhalinin məşğulluğunun artırılması və yerli istehsalın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə fermer və sahibkarların fəaliyyətinin dəstəklənməsi, mövcud imkanlardan səmərəli istifadə olunması və məhsuldarlığın yüksəldilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Dövlət Proqramının aqrar sahənin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, rayonun kənd təsərrüfatı potensialının geniş olduğunu qeyd edərək, müasir texnologiyaların tətbiqinin, istehsalın artırılmasının və fermerlərin fəaliyyət imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb.
Ağa-Əli Əhmədov çıxışında torpaq və su ehtiyatlarından səmərəli istifadə, müasir aqrotexnologiyaların tətbiqi, məhsulun keyfiyyətinin yüksəldilməsi və fermerlərin bilik və bacarıqlarının artırılmasının aqrar inkişafın əsas istiqamətlərindən olduğunu diqqətə çatdırıb.
Taleh Zeynalov isə aqrar sahədə həyata keçirilən tədbirlər, fermer və sahibkarların fəaliyyətinin dəstəklənməsi və mövcud imkanlardan daha səmərəli istifadə olunması istiqamətində görülən işlər barədə məlumat verib.
Sonda Dövlət Proqramı çərçivəsində Şamaxı rayonunda qarşıda duran vəzifələr, görüləcək işlərin əlaqələndirilməsi və aqrar sahənin inkişafı üçün mövcud potensialdan daha səmərəli istifadə olunması ilə bağlı müzakirələr aparılıb.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff