booked.net

Azərbaycan Respublikasının Dövlət Bayrağı Prezident cənab İlham Əliyev tərəfindən Xankəndi şəhərində ucaldılıb


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərinə səfər edərək, şəhərin mərkəzi meydanında Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb, çıxış edərək suveren Azərbaycanın hər yerində Dövlət Bayrağının dalğalandığını bildirib və bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edib.
Prezident cənab İlham Əliyev xalqa müraciət edərək bildirib ki: “O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.
Qalib Azərbaycan xalqı qürur dolu anları bir daha yaşadı. 2020-ci ilin 27 sentyabrında başlayıb, 10 noyabrında əldə etdiyimiz tarixi Qələbənin n bu günlərdə bir daha şahidi olduq. 2023-cü ilin 15 oktyabrı xalqımızın yaddaşına əbədi həkk olundu. Prezident İlham Əliyevin 15 oktyabrda Xankəndi şəhərində üçrəngli Azərbaycan Bayrağını ucaltması və xalqa etdiyi müraciət hər birimizi qürurlandırdı.
“Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir”.
Ulu Öndər Heydər Əliyevin 100 illiyi ərəfəsində onun tarixi arzularının gerçəkləşməsi də mənəvi məsələdir. Çünki Heydər Əliyevin tamamilə Vətən adamı olmağı heç kəsə sirr deyil. Onun təvəzökarlığı, sadəliyi təmtərağlı mərasimlərdən uzaq olması, işgüzarlığı və sadə insanlarla hər zaman ünsiyyətə önəm verməsi buna gerçək sübutdur.
“Bu il “Heydər Əliyev İli”dir. Biz Heydər Əliyevin 100 illiyini il boyunca qeyd edirik. Necə qeyd edirik? Onun siyasətinə, onun tarixi irsinə hörmət göstərərək, onun siyasətini davam etdirərək qeyd edirik. Mən Ulu Öndərin ad gününü Şuşada keçirdim. Bilirəm, o vaxt bəziləri sual verirdi ki, təntənəli iclas harada keçiriləcək, təntənəli iclasda kim çıxış edəcək, hansı xarici qonaqlar gələcək? Sonra da gördülər ki, heç bir təntənəli iclas keçirilməmişdir. Nə üçün? Ona görə ki, bizim Ulu Öndərin xatirəsinə hörmətimiz əməli işlərlə ölçülməlidir. Bu, birincisi. İkincisi, Heydər Əliyev çox təvazökar insan idi, heç vaxt təmtəraqlı mərasimlər keçirmirdi. Onun 50 illiyini mən yaxşı xatırlayıram. 1973-cü ildə evdə ancaq ailə üzvləri onu qeyd etdik. Altmış illiyini də xatırlayıram, o zaman Moskvada çalışırdı. Orada da heç bir qonaq yox idi. Yetmiş illiyini Naxçıvanda oraya gələrək atamla birlikdə qeyd etmişdim. Səksən illiyini isə,- artıq sağlamlığı o qədər də yerində deyildi, - Ankarada xəstəxanada, xəstəxananın yeməkxanasında keçirmişik. Ona görə də atamın 100 illiyini bizim üçün böyük rəmzi məna daşıyan, hər bir azərbaycanlının ürəyində yaşayan Şuşada qeyd etməli idim. Orada Azərbaycan xalqına müraciət edərək öz ürək sözlərimi dedim. Bu gün Ulu Öndərin, bizim bu günü görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbaycan xalqı olub, onların davamçıları olub.”
Azərbaycan Prezidenti Xankəndidəki çıxışında ermənilərin azərbaycanlılara qarşı hərbi və müharibə cinayətlərindən, soyqırımlarından söz açdı.”Bizə qarşı soyqırımı törədilmişdir, Xocalı soyqırımı. Ondan çox ölkə Xocalı soyqırımını tanıyıb. ”Xocalıya ədalət!” hərakatı geniş beynəlxalq vüsət almışdır. O çətin dövrdən bu günə qədər keçdiyimiz yol şərəf və ləyaqət yoludur”.
Qarabağdakı ermənilərin və azərbaycanlıların bu ərazilərdə tarixən sülh şəraitində yaşadığını vurğulayan Dövlət başçısı regionda Ermənistanı siyasi alətə çevirən dövlətlərin bütün dönəmlərdə eyni olduğunuda xatırlatdı. “Vaxt var idi burada azərbaycanlılarla ermənilər dostluq şəraitində yaşamışdır. Vaxt var idi nəinki Xankəndidə, Qarabağda, Bakıda, Gəncədə, İrəvanda, Göyçədə, Zəngəzurda, Dərələyəzdə, Basarkeçərdə azərbaycanlılar və ermənilər dostluq şəraitində yaşamışlar. Mən o illəri xatırlayıram və xüsusilə Heydər Əliyev sovet Azərbaycanında rəhbərliyə gələndən sonra Qarabağda o vaxta qədər olmuş bəzi millətçi qüvvələr tamamilə kənara çəkilmişdi. Düz 18 il. 1969-cu ildən 1982-ci ilə qədər bir dənə də xoşagəlməz hala rast gəlinməmişdi. Mən xatırlayıram, atamla birlikdə burada olmuşam. O ab-havanı mən xatırlayıram”. Yeri gəlmişkən, Azərbaycan Qarabağda yaşayacaq ermənilərin inteqrasiyası layihəsini hazırladığı halda, müxtəlif dövlətlərdən əraziyə köçürülmüş hətta, terrorçu, speratçı erməni təşkilatlarına ianələr etdiyi   istisna olunmayan ermənilər bölgədən qaçmağa üstünlük veriblər. Ancaq gedən hər kəs, həmçinin revançist qüvvələr Dövlər başçısının çıxışında söylədiyi kimi, Azərbaycanın apardığı Vətən müharibəsini, həmçinin nail olduğu qələbələri unutmasınlar.
Ölkə başçısının da səsləndirdiyi kimi, cəmi altı il Azərbaycan Heydər Əliyevsiz qalmışdır və bu altı il bizim üçün faciəvi, böhranlı, utancverici illər kimi tarixdə qaldı. Torpaqlar işğal altına düşdü, bir-birini dəyişən antimilli hökumətlər faktiki olaraq ancaq öz şəxsi maraqlarını qorumağa çalışırdılar, həm sovet dövründə, həm müstəqillik dövründə. Xüsusilə AXC-Müsavat antimilli cütlüyünün xəyanətkar və satqın fəaliyyəti nəticəsində bütün bu boyda ərazi işğal altına düşdü, sonra da qorxaqcasına öz vəzifələrini guya donduraraq kənara çəkildilər. Azərbaycanın dövlət müstəqilliyini qoruyan məhz Ulu Öndər Heydər Əliyev oldu. Ulu Öndər Heydər Əliyevin dühası, onun siması, Heydər Əliyev amili Azərbaycan xalqının yardımına yetişdi və biz haqlı olaraq Ulu Öndəri Xilaskar adlandırırıq.
Ölkə rəhbərinin vurğuladığı kimi, artıq Azərbaycanla dünyada hesablaşırlar. Ötən iyirmi il ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Ötən illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaradıldı.
Ölkə başçısı qeyd etdi ki, güclü iqtisadiyyat yarandı. Son 20 il ərzində əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın və ordun olmalıdır.
Dövlət başçısı vurğuladı ki, biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik. Bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror tədbirləri bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir.
Ölkə başçısı vurğuladı ki, antiterror tədbirləri qaçılmaz idi. Ermənistan bir qarış torpaq belə bizə qaytarmaq fikrində deyildi. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olmuş vasitəçilər faktiki olaraq münaqişəni dondurmaq istəyirdilər, münaqişəni əbədi etmək istəyirdilər. İstəyirdilər ki, bu yara heç vaxt sağalmasın.
"Vətən müharibəsi cəmi 44 gün çəkdi. Şuşanı - bizim müqəddəs ocağımız olan, alınmaz qala sayılan Şuşanı azad edəndən sonra artıq düşmən öz məğlubiyyətini dərk etdi, ağ bayraq qaldırdı və biz müharibəni dayandırdıq. Bütün işləri vaxtında etməliyik və etmişik. Azərbaycan xalqının böyük əksəriyyəti noyabrın 10-da və ondan sonrakı dövrdə çox yaxşı başa düşürdü ki, biz istədiyimizə nail olacağıq."
20 il bundan əvvəl Prezident seçilən İlham Əliyev Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyinə və  ərazi bütövlüyümüzü qoruyacağına söz vermişdir: “Azərbaycan xalqı hər gün, hər saat öz müqəddəs məqsədinə doğru gedirdi. Hər gün Azərbaycan xalqı müqəddəs anı yaxınlaşdırırdı. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan dövlət başçısı İlham Əliyev  qarşısına bir nömrəli vəzifə qoymuşdur ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə,  torpaqlarda, şəhər və kəndlərdə qaldırılsın. Bu gün həmin qürurlu anların sevincini və xoşbətliyini yaşayırıq. Müzəffər Ali Baş Komandan bir daha nəyi, necə, nə vaxt etmək lazım olduğunu nümayiş etdirdi. İşğaldan azad olunmuş torpaqlarda dalğalanan üçrəngli bayrağımız qürurumuz, kimliyimiz və dünyaya ünvanlanan bu mesajımızdır ki, bu torpaqlar bizimdir və burada əbədi olacağıq. Bu gün Xankəndinin mərkəzində, Azərbaycan Gerbi, Bayrağı altında olmaq böyük xoşbəxtlikdir və tarixi hadisədir. Bu Qələbə  tariximizdə əbədi olacaq. Yeni  nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər.”
Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev 15 oktyabr tarixli Qarabağ səfəri zamanı, həmçinin Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında, Suqovuşan su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimində, Sərsəng su anbarının ərazisində, Ağdərə şəhərində, Xocalı şəhərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində və Xocavənd şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması mərasimlərində iştirak edib, Xankəndi şəhərinin Kərkicahan qəsəbənin, Şuşa rayonunun Malıbəyli kəndinin və Əsgəran qalasının ərazisinə baxış keçirib, Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanış olub.




Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff