booked.net

Xankəndidə Zəfər matçının qalibi doğma Azərbaycandır!


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Qarabağ” və Bakının MOİK oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir!”
30 ildən sonra ilk dəfə Azərbaycanın işğaldan azad olunmuş ərazisində möhtəşəm futbol matçı keçirildi. Həyatın bütün sahələrində böyük uğurların qazanıldığı 2023-cü il ilin  21 dekabrı daha bir tarixi hadisə ilə əlamətdar oldu. 
Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu Xankəndi stadionunda keçirildi.   Bu, işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra keçirilən və televiziya ilə canlı yayımlanan ilk futbol matçı, kütləvi idman yarışı idi. O vaxt daşnak töküntüsü “komissar”ın adını daşıyan şəhərin stadionunda azərbaycanlı azarkeşlər futbol oyununu axırıncı dəfə 36 il öncə, 1987-ci ildə izləmişdilər.
.....Tarixi ədalət, gec də olsa, təsdiqin tapdı. 2020-ci ilin 44 günlük Vətən müharibəsi və üç il sonra 2023-cü ilin 23 saatlıq  əməliyyatı ilə Azərbaycanın külli – Qarabağda suverenliyi tam və qəti şəkildə bərqərar oldu. Üç ay sonra  isə “Qarabağ” Xankəndidə meydançaya çıxdı.....
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxmaq üçün stadiona gəliblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Dövlətimizin başçısı oyundan əvvəl  stadionda tarixin yaddaşına əbədi yazılacaq çıxış etdi.
"Əziz dostlar, Xankəndiyə xoş gəlmisiniz!
İlk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilir. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Bu gün qəhrəman şəhidlərimizin uşaqları, ailə üzvləri bizim yanımızdadır. Gəlin, hamımız birlikdə onları salamlayaq.
Bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. Əfsuslar olsun ki, 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq.”
Tarixi həqiqətləri bir daha diqqətə çatdıran ölkə başçısı bildirdi ki, üç ay bundan əvvəl Xankəndinin işğaldan azad edildiyini,birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin edildiyini bir daha vurğuladı. “Bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır. Bu, böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər.
Biz – bu torpaqların sahibləri qurub-yaradırıq, o cümlədən Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır. Bu stadion cəmi iki ay ərzində, demək olar ki, yenidən inşa edilmişdir, əsaslı təmir olunmuşdur. Separatizm simvolikasını əks etdirən bütün yazılar artıq tarixin zibilxanasına atıldı. Bütün başqa şəhərlər kimi, bu gün Ağdam şəhəri də yenidən qurulur. O cümlədən bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşa edilməsinə başlanılacaq.
Bugünkü oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! Bugünkü oyunda “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması, təbii ki, böyük rəmzi məna daşıyır. Qarabağ–Ordu–Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir.
Əziz dostlar, dörd il bundan əvvəl bu stadionda bəziləri “Qarabağ Ermənistandır və nöqtə” demişdilər. Biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır!”
Respublika Prezidenti İlham Əliyev işğal edilmiş torpaqların böyük hissəsi üç il bundan əvvəl – İkinci Qarabağ müharibəsi nəticəsində işğalçılardan azad edildiyini qeyd etdi: “Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Bayrağı qaldırıldı. Üç ay bundan əvvəl – sentyabrın 19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də bütün bu şəhərlərdə mən Azərbaycan Bayrağını ucaltdım. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Bu gün isə bu gözəl idman bayramını biz birlikdə qeyd edirik.
Bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağıq! Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır!”
Şanlı Azərbaycan Ordusu  bütün dünyaya sübut etdi ki, Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri Azərbaycan xalqıdır. Bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır. Bundan sonra bütün Qarabağ torpaqlarında Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Azərbaycanlılar bu torpaqlarda əbədi yaşayacaq!


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff