booked.net

Azərbaycan və İtaliya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir


İtaliya Azərbaycan Respublikasının müstəqilliyini 1 yanvar 1992-ci ildə tanımış, 8 may 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr yaradılmışdır. 1997-ci ilin mart ayında İtaliya höküməti Cənubi Qafqaz ölkələri arasında ilk dəfə Azərbaycanda öz səfirliyini təsis etmişdir. 2003-cü ilin dekabr ayında Azərbaycan Respublikasının İtaliyada Səfirliyi təsis edilmişdir.
İtaliya ilə Azərbaycan arasında məsafə 3100 km-dir. İki ölkə  arasında qarşılıqlı etimad, hörmət, ortaq maraqlar və dostluq mövcuddur. Cənubu Qafqazın ən güclü və modern dövləti, siyasi, qtisadi və mədəni mərkəzi olan Azərbaycanı İtaliya ilə sıx əlaqələr bağlayır. İtaliya ilə münasibətlərin inkişaf dinamikası olduqca yüksəkdir. Ölkələrimiz arasında müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələri daim genişlənir. Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin İtaliyaya bu gün nəzərdə tutulan səfəri həm regional, həm də beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyətə malikdir. İki ölkə arasındakı yüksək siyasi dialoq hazırkı dövrlə yanaşı, gələcək illərdə də əlaqələrin şaxələnməsinə, beynəlxalq əhəmiyyətli məsələlərdə səmimi tərəfdaşlığa xidmət edir.
“UZUN İLLƏR ƏRZİNDƏ AZƏRBAYCAN VƏ İTALİYA STRATEJİ TƏRƏFDAŞLAR KİMİ FƏALİYYƏT GÖSTƏRİRLƏR”
Sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edərək qeyd edib: “Bizim ticarət əməkdaşlığımız olduqca fəaldır. İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollarına yaxın olub. Biz artım üçün potensialı yalnız enerji sektorunda deyil, digər sahələrdə də görürük.
 “Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. Bu da bizim əməkdaşlığımızın vacib hissəsidir”,-deyə dövlət başçısı əlavə edib.
Son illərdə iki ölkə arasında siyasi, iqtisadi və enerji təhlükəsizliyi sahələrində də böyük uğurlara imza atıb. 2021-ci ildə Azərbaycan TAP qaz kəməri ilə İtaliyaya 7 milyard kubmetrə yaxın qaz nəql edib, bununla da Azərbaycan İtaliyanın qaz bazarında üçüncü tərəfdaşı olub.
“HAZIRDA 10 ÖLKƏ AZƏRBAYCANDAN QAZ ALIR VƏ ONLARDAN 7-Sİ AVROPA İTTİFAQININ ÜZVÜDÜR”
İtaliya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində çox önəmli rol oynayır və xüsusi ilə neft sənayesinin inkişafına təkan verir. İtaliyanın 100-dən çox şirkəti hazırda Azərbaycanda fəaliyyət göstərir. “Bu gün enerji təchizatı onu aydın şəkildə nümayiş etdirir ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir”,- deyən Prezident İlham Əliyev bildirib ki, hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.
Qeyd edək ki, ölkəmizlə Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. Təbii ki, bu həcmin Avropaya çatdırılmasında Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP da mühüm rol oynayacaq.
İndiyədək TAP-la Avropaya  təxminən 26 milyard kubmetr təbii qaz nəql edilib. TANAP boru kəməri ilə Türkiyə  sərhədində birləşən TAP boru kəməri Yunanıstanın şimalına, Albaniyaya, daha sonra Adriatik dənizindən keçməklə İtaliyanın Apuliya region sahillərinə çatır. Qaz boru kəməri texniki nöqteyi-nəzərindən obyektiv və əsaslı töhfə olmaqla yanaşı, xəttin keçdiyi bütün ölkələrin maraqlarını birləşdirən siyasi infrastrukturu təmsil edir.
“İTALİYANIN BEŞ APARICI UNİVERSİTETİ – LUİSS, SAPİENZA, BOLONYA, MİLAN VƏ TURİN UNİVERSİTETLƏRİ VƏ ONLARIN AZƏRBAYCANDAN OLAN TƏRƏF-MÜQABİLLƏRİ BU MÜŞTƏRƏK TƏSİSATI YARADIB”
Prezident İlham Əliyev  çıxışı zamanı   İtaliyanın beş aparıcı universitetinin Azərbaycanda olan tərəf müqabilləri ilə birgə təhsil ocağı təsis etdiklərini xatırladan dövlət başçısı bildirib ki, orada təhsil almağa başlayacaq tələbələr Azərbaycan ilə İtaliya arasında təbii körpü rolunu oynayacaqlar.  “Bu, bizim gələcək əməkdaşlığımız üçün mühüm əhəmiyyət kəsb edəcək. Çünki orada bu gün təhsil alan və gələcəkdə təhsil alacaq tələbələr İtaliya ilə təbii bağlantı rolunda çıxış edəcəklər. Onlar italyan dilində səlis danışacaq, italyan mədəniyyətini və italyan xalqının geniş tarixi irsini daha yaxından tanıyacaqlar”- deyə ölkə rəhbəri vurğulayıb.
“BİZİM BEYNƏLXALQ SƏVİYYƏDƏ TANINMIŞ ƏRAZİLƏRİMİZ 30 İL ƏRZİNDƏ ERMƏNİSTANIN İŞĞALI ALTINDA İDİ”
Prezident İlham Əliyev  çıxışında   Azərbaycanın təkcə Qafqazda deyil, daha geniş coğrafiyada Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası başlıca amil olduğunu bildirib: “Beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə, o cümlədən Ermənistan qoşunlarının bizim torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən və hüquqi öhdəlik yaradan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, işğal davam etmişdir. ATƏT bu məsələ ilə məşğul olacaq xüsusi bir qrup da yaratmışdır və həmin qrup 28 il ərzində sıfır nəticə hasil etmişdir. Bu, onu nümayiş etdirir ki, ədaləti və sülhü təmin etmək üçün təkcə beynəlxalq hüquq kifayət deyil.
O zaman işğal altında olan ərazilərimizin böyük hissəsi 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad edildi. Lakin məsələ bununla bitmədi, çünki separatçılar Azərbaycanın suverenliyinə xələl gətirməyə davam edirdilər. Bu məsələdə sonuncu nöqtə ötən ilin sentyabrında qoyuldu və Azərbaycanın suverenliyi tam şəkildə bərpa edildi. Münaqişəyə nəhayət son qoyuldu və bu, məhz belə də olmalı idi”- deyə dövlət başçısı qeyd edib.
Bu, bu gün ərazi bütövlüyünü və suverenliyini bərpa etmək istiqamətində uğura nail olmaqda çətinlik çəkən bir çox ölkə üçün yaxşı nümunədir. Azərbaycan öz nümunəsi ilə onu nümayiş etdirdi ki, beynəlxalq hüquq, güclü siyasi iradə, cəmiyyətin səfərbər olması və fiziki güc ciddi siyasi dəyişikliklə nəticələnə bilər. Beləliklə, Sovet İttifaqının süqutundan sonra ilk dəfədir ki, biz Cənubi Qafqazda sülhə nail ola bilərik. Bu, mümkündür - Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində baş verən hadisələr, sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizinin razılaşdırılması, sərhədin delimitasiyası prosesinin başlanması və hətta kiçik addım hesab oluna bilən 13 kilometrlik hissəsinin demarkasiyasının, - halbuki sərhədin uzunluğu 1000 kilometrdən artıqdır, - özü belə düzgün istiqamətdə atılan addımdır.
Beləliklə, biz ümid edirik ki, sülh danışıqlarının başlanmasına dair Azərbaycanın təşəbbüsü sülh sazişinin imzalanması ilə nəticələnəcək. Bu isə təkcə Cənubi Qafqaz deyil, dünyanın bütün regionları üçün əhəmiyyətli olacaqdır. Bu, 30 il ərzində münaqişədə olmuş iki ölkənin birgə çalışaraq sülhə nail olmasının nümunəsi ola bilər. Baxmayaraq ki, burada işğaldan əziyyət çəkmiş və ərazisinin təqribən 20 faizinin tamamilə dağıdıldığı ölkə məhz Azərbaycandır.
“AZƏRBAYCAN İKİ AYDAN SONRA ƏN BÖYÜK İQLİM KONFRANSINA – COP29-A EV SAHİBLİYİ EDƏCƏK”
Prezident İlham Əliyev  çıxışında qeyd  edib ki, sonuncu məqam ondan ibarətdir ki, iki aydan sonra biz ən böyük iqlim konfransına – COP29-a ev sahibliyi edəcəyik. Bununla bağlı qərar ötən ilin dekabrında verildi və bizim hazırlıq üçün bir ildən az vaxtımız var idi. Burada ən vacib məqam ondan ibarətdir ki, bu qərar 200-ə yaxın ölkə arasında konsensusa əsaslanırdı. Biz bunu Azərbaycana olan ehtiramın təzahürü hesab edirik. Tarixdə ilk dəfə COP bizim regionumuzda keçiriləcək.
“Biz qlobal arenada müxtəlif aktorlar arasında körpülərin qurulması üzərində fəal çalışırıq. Hər kəsə məlumdur ki, iqlim mövzusu ölkələri və xalqları ayıran bir mövzudur. Qarşılıqlı iddialar və ittihamlar var – kim planetimizə xələl gətirməkdə daha çox günahkardır, kim daha çox ödəməlidir və sair. Yəni, beynəlxalq arenada qlobal aktor olmasaq belə, zənnimcə qlobal Cənub və qlobal Şimal arasında körpülərin qurulması mümkündür.
Bununla yanaşı, onu da vurğulamaq istərdim ki, bir çox Avropa ölkəsi ilə fəal əməkdaşlığa malik olmağımız, – yeri gəlmişkən Avropa İttifaqının 10 üzvü rəsmi olaraq Azərbaycanın strateji tərəfdaşıdır, – 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 4 il sədrliyimiz onu nümayiş etdirir ki, biz yaxşı nəticə hasil edə biləcək ölkəyik”- deyə Prezident İlham Əliyev vurğulayıb.
“RUSİYA VƏ UKRAYNA İLƏ YANAŞI, BİZ 70 İL ƏRZİNDƏ SOVET İTTİFAQININ TƏRKİB HİSSƏSİ OLMUŞUQ”
 “Bizim xalqlararası və siyasi səviyyədə şaxələndirilmiş münasibətlərimiz var. Bu gün bizim Rusiya və Ukrayna ilə çox yaxşı münasibətlərimiz var. Biz Ukrayna da daxil olmaqla, bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini güclü şəkildə dəstəkləyirik, deyə dövlət başçısı əlavə edib ki,  biz Rusiyaya qarşı sanksiyalar kampaniyasına qoşulmamışıq və belə bir niyyətimiz yoxdur. Beləliklə, biz praqmatik münasibətlərin mövcudluğu fonunda rol oynaya bilərik. Biz heç vaxt bunun təşəbbüskarı olmamışıq, çünki bu işdə yaxından iştirak etmək istəyənlər kifayət qədərdir. Ancaq bizim iştirakımıza zərurət yaranarsa, buna hazırıq.
“Burada deyə bilərəm ki, Ukrayna ərazisində qazın tranzitinin davam etdirilməsi ilə bağlı Rusiya, Ukrayna və Avropa təsisatları tərəfindən bizə müraciət edildi. Bir neçə aydır ki, biz ümumi məxrəcə gəlmək üçün böyük səylər göstəririk. Məlumdur ki, bu tranzit dayanarsa, - bu isə dekabr ayına təsadüf edəcək, - bir neçə Avropa İttifaqı ölkəsi təbii qazın fiziki əlçatanlığı ilə bağlı ciddi çətinliklərlə üzləşəcək. Biz, sadəcə, həmin ölkələri və Ukraynanı dəstəkləmək istəyirik. Çünki qazın tranziti dayandığı halda Ukraynanın qazpaylayıcı sistemi tamamilə iflic olacaqdır”.
Prezident İlham Əliyev: Bəli, hazırda hər iki ölkə Rusiya qazının tranziti müqaviləsinin uzadılması və Azərbaycan qazının Rusiya və Ukrayna ərazisindən Avropaya nəqli ilə bağlı müzakirələri Azərbaycan vasitəsilə aparır.
 “AZƏRBAYCAN 2001-Cİ İLDƏ AVROPA ŞURASINA ÜZV OLUB”
Moderatorun, Bu günlərdə ölkəniz Avropa Şurasının Parlament Assambleyasının bir sıra üzvlərini arzuolunmaz şəxs elan edib. Onların sırasında 5 italyan deputat da var. Bu, körpülərin qurulması, diplomatiyanın əhəmiyyəti və təmasların genişləndirilməsi ruhuna bir qədər ziddir, sualına Prezident İlham Əliyev: Bu suala görə təşəkkür edirəm, çünki bu məsələ ilə bağlı müəyyən anlaşılmazlıq var. Bu suala ətraflı cavab vermək üçün mən 20 il keçmişə qayıtmaq istəyirəm. Azərbaycan o zaman, 2001-ci ildə Avropa Şurasına üzv olub. O zaman parlamentin üzvü idim və Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyətinin ilk rəhbəri idim. Yəni, biz 2001-ci ildən etibarən orada idik. Bu illər enişli-yoxuşlu olub, əməkdaşlığımızın fəal mərhələsi də, Avropa Şurasının Parlament Assambleyası tərəfindən tənqid olduğumuz dövrlər də olub. Biz Avropa konvensiyalarının əksəriyyətinə qoşulmuşuq. Biz Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra edirik və sair.
….Buna səs verənlər bizi Avropa Şurasında görmək istəməyənlərdir. Yəni, Azərbaycanın qərarı adekvat idi. Bizim qərarımız buna cavab idi. Onlar tərəfindən qərarın dəyişdiriləcəyi və bizim hüquqlarımızı bərpa etdikləri təqdirdə, gələn ilin yanvar ayında belə bir fürsət olacaqdır, bizim tətbiq etdiyimiz qadağa aradan qaldırılacaq. Mən təəssüf edirəm ki, İtaliya parlamentinin üzvləri bu qərarın lehinə səs veriblər. Səmimi desəm mən 70-dən artıq şəxsdən ibarət bu siyahıda olanların adlarını bilmirəm. Ancaq vəziyyəti yaxşılaşdırmaq üçün imkan var. Bizim nümayəndə heyətimizin fəaliyyəti bərpa edilməlidir və o zaman bu qadağa aradan qaldırılacaq,- deyə dövlət başçısı  vurğulayıb.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff