booked.net

Azərbaycan – Tacikistan əlaqələri qarşılıqlı etimad və hörmətə əsaslanır


Prezident İlham Əliyev: “Qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır. Bu gün dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb”
32 illik diplomatik münasibətləri olan Azərbaycanla Tacikistanın çoxtərəfli əməkdaşlığı, xalqlarımızın mehriban dostluğuna, dövlət başçılarının siyasi iradəsinə əsaslanır.

Prezident İlham Əliyevin cari ilin 23 may tarixində Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında bildirib ki, nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə, həmçinin təkbətək görüş əsnasında qarşılıqlı fəaliyyətimizlə bağlı məsələlərin geniş spektrini müzakirə edilib, sənaye kooperasiyası, humanitar sahədə əməkdaşlıq üzrə iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair hökümətimizin üzvlərinə  konkret tapşırıqlar verib: “İlin sonunda Emoməli Şaripoviç yenidən ölkəmizə səfər edəcək, biz bir daha bütün məsələləri nəzərdən keçirəcək və verilən tapşırıqların yerinə yetirilməsinə nəzarət edəcəyik. Mən Tacikistan Prezidentini noyabrda keçiriləcək iqlim konfransında iştiraka dəvət etdim. Bu dəvət qəbul olundu. Biz bu beynəlxalq tədbirin keçirilməsinə fəal hazırlaşırıq və Tacikistanın aktiv iştirakını gözləyirik. Əminəm ki, tacik dostlarımız bu konfransın uğurla keçirilməsinə və yaxşı nəticələr əldə edilməsinə böyük töhfə verəcəklər”.

“AZƏRBAYCAN ÖZ ƏRAZİSİNDƏ BÜTÜN İRİ NƏQLİYYAT VƏ LOGİSTİKA LAYİHƏLƏRİNİ PRAKTİKİ OLARAQ BAŞA ÇATDIRIB”
Dövlətimizin başçısı münasibətlərimizin xarakterini, xalqlarımızın iradəsini əks etdirən  Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalandığınıda vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, Bəyannamə qarşılıqlı fəaliyyətin demək olar ki, bütün sahələrini əhatə edir. “Bu gün biz sənaye kooperasiyası ilə bağlı məsələləri ətraflı müzakirə etdik və əminəm ki, haqqında danışdığımız məsələlər, hökumət üzvlərinə verilən tapşırıqlar ən qısa zamanda icra olunacaq. Nəqliyyat sektoru da diqqət mərkəzimizdə olub. Biz Orta Dəhlizi və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizini Tacikistandan yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə logistika əlaqələrinə dair məsələləri ətraflı nəzərdən keçirdik. Mən həmkarıma məlumat verdim ki, Azərbaycan öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini praktiki olaraq başa çatdırıb və bu gün müxtəlif istiqamətlərdə - Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba və əks istiqamətdə böyük həcmdə yükləri qəbul etməyə hazırdır”.
Prezident İlham Əliyev həmçinin geosiyasi dəyişikliklərin, dünyadakı vəziyyətin, regionlarımızdakı şərait ilə bağlı məsələlərin müzakirə edildiyinidə qeyd edib. Dövlət başçı vurğulayıb ki,  biz təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və bu sahədə əməkdaşlığın inkişafı, təhsil, mədəniyyət və kənd təsərrüfatı ilə bağlı məsələləri ətraflı nəzərdən keçirdik. “Başqa sözlə, hətta ölkələrimizin nümayəndə heyətlərinin tərkibi də geniş gündəmdən xəbər verir. Amma, əlbəttə, əsas olan münasibətlərimizdəki səmimiyyət, Tacikistanla Azərbaycan arasındakı münasibətlərin dostluq, qardaşlıq xarakteri, təbii ki, dövlət başçılarının şəxsi təmaslarıdır. Keçən il mən Tacikistanda iki dəfə - həm dövlət səfərində oldum, həm də Emoməli Şaripoviç məni Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə görüşünə fəxri qonaq qismində dəvət etdi. Həmçinin ötən il biz BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının - SPECA-nın Sammitini keçirdik və Emoməli Şaripoviç ölkəmizə səfər etdi. Yəni, bizim Tacikistan və Azərbaycanda müntəzəm təmaslarımız, - hələ beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşləri demirəm, - əlbəttə ki, qarşılıqlı fəaliyyətimizin ən mühüm amilidir, münasibətlərin konkret olaraq zənginləşməsi üçün bütün sahələrə güclü təkan verir”,-deyə Prezident İlham Əliyev vurğulayıb.

Səfər çərçivəsində mayın 23-də Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin və Tacikistan Respublikasının   Prezidenti Emoməli Rəhmonun iştirakı ilə Azərbaycan-Tacikistan sənədlərinin imzalanması mərasimi olub.
 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon  “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə” ni imzalayıblar. Eyni zamanda “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Tacikistan Respublikasının Sənaye və Yeni Texnologiyalar Nazirliyi arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Tacikistan Respublikası Hökuməti yanında İcra Xidməti arasında məhkəmə aktlarının və digər orqanların aktlarının icrası sahəsində əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Tacikistan Respublikası Hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıbdır. Eyni zamanda “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş” i və  “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıbdır.
AZƏRBAYCANIN MƏRKƏZİ ASİYA DÖVLƏTLƏRİ ARASINDA TACİKİSTANLA MÜNASİBƏTLƏRİ XÜSUSİ ƏHƏMİYYƏTƏ MALİKDİR
İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.
Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü göstərir. Belə ki, Prezident İlham Əliyev Tacikistana indiyədək altı dəfə səfər edib.
Ölkələrimiz arasında münasibətlər parlamentlər səviyyəsində də uğurla davam etdirilir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Tacikistan Respublikasının Ali Məclisinin hər iki palatasında Azərbaycan Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu mövcuddur.
Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında ümumilikdə 70-dən çox sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Xüsusu vurğulamaq lazımdır ki, dövlətimizin başçısının ötən il Tacikistana  dövlət səfəri çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə dair 14 sənəd imzalanıb.
İki ölkə arasında elm və təhsil sahəsində münasibətlər də mühüm yer tutur. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomu təqdim olunub. 2018-ci il avqustun 11-də Azərbaycanda rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona ADA Universitetinin Fəxri Doktoru diplomu təqdim edilib. Hazırda Azərbaycanda 40-dək tacikistanlı tələbə təhsil alır.
Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən, bir qədər də uzağa getsək, Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir, bu da Azərbaycana marağı getdikcə artırır. 


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff