Dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış etdi.
“2024-CÜ İL DƏ AZƏRBAYCAN İDMANI ÜÇÜN UĞURLU OLMUŞDUR. AZƏRBAYCAN İDMANÇILARI BEYNƏLXALQ YARIŞLARDA ÖLKƏMİZİ LƏYAQƏTLƏ TƏMSİL ETMİŞLƏR, 1700-Ə YAXIN MEDAL QAZANILMIŞDIR”
İdmançıları salamlayan dövlətimizin başçısı onları bu il əldə edilmiş uğurlar münasibətilə təbrik edib: “2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər, 1700-ə yaxın medal qazanılmışdır. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir.
Əlbəttə ki, ilin ən böyük yarışı Yay Olimpiya Oyunları idi və burada da biz tarixi nəticə əldə etmişik. Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edir və bu dəfə ən yüksək yerə layiq görülmüşdür, komanda hesabında Azərbaycan 30-cu yerdə qərarlaşmışdır. Bu, ən yüksək nəticədir. Bütövlükdə iki yüzdən çox milli komanda Olimpiya Oyunlarında iştirak edirdi. Onların arasında 30-cu olmaq çox böyük nailiyyətdir”.
Müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşdı. “Nəzərə alsaq ki, dünyada 60-a yaxın müsəlman ölkəsi var, bu da böyük və tarixi nailiyyətdir. Komandamız ikisi qızıl, ikisi gümüş, üçü bürünc olmaqla yeddi medal qazanaraq ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırmışdır”,-deyə Prezident İlham Əliyev qeyd edib. Bu il idmançılarımız “Paris-2024” Yay Paralimpiya Oyunlarında da idmançılarımız uğur qazanıblar.
Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunlarında 7 idman növü üzrə 18 idmançı ilə təmsil olunan Azərbaycan 4 qızıl, 2 gümüş və 5 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb. Ölkəmiz medal sıralamasında 169 ölkə arasında 28-ci yer tutub.
Prezident İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, Azərbaycan dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır. Ölkəmizdə keçirilən Dünya və Avropa çempionatları bir daha sübut etdi ki, həqiqətən də, Azərbaycanda idman uğurla və sürətlə inkişaf edir. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.Xalqımızın qəhrəmanlıq tarixini yazanlar da gənclərdir. Qazanılan uğurlar, bir daha onu sübut edir ki, hər bir gənc ölkə qarşısında qoyulan böyük məqsəd və məsuliyyəti dərk edir. “İdmanın və idman qələbələrinin ictimai məkanda çox böyük rolu var,- deyən Prezident İlham Əliyev xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır. “Nəzərə alsaq ki, bu Yay Olimpiya Oyunlarında Azərbaycan müzəffər ölkə kimi, qalib ölkə kimi iştirak edirdi, idmançılarımız isə müzəffər xalqın nümayəndələri kimi iştirak edirdilər. Əlbəttə ki, bu vətənpərvərlik amili daim diqqətdə olmalıdır”.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə Zəfər yürüşünə başlaması və 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək qələbə qazanması tariximizə yeni gün olaraq daxil edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Dövlətimizin başçısının dediyi kimi, O, ata vəsiyyətini, Ümummilli lider Heydər Əliyevin ən böyük arzusunu-Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi.
“FİZİKİ GÜC MƏNƏVİ SAFLIĞA DA YOL AÇIR VƏ ŞADAM Kİ, BİZİM İDMANÇILARIMIZIN MÜTLƏQ ƏKSƏRİYYƏTİ İDMANDA DA, MƏİŞƏTDƏ DƏ, CƏMİYYƏTDƏ DƏ NÜMUNƏDİRLƏR, ÖRNƏKDİRLƏR”
Bu gün dünya ölkələrinə müxtəlif məqsədlərlə səfər edən insanlarımız Qalib xalqın nümayəndəsi olaraq fəxarət hissi keçirirlər. Dünya arenasında idman ölkəsi kimi tanınan Azərbaycanın idmançıları bu gün yarışlara qalib ölkənin nümayəndələri kimi qatılırlar. “Əminəm ki, bu dəfə idmançılarımız qalib ölkənin nümayəndələri kimi idman arenalarına, döşəklərə, idman meydançalarına tamamilə fərqli bir ovqatla çıxırdılar. Bu gözəl nəticə dövlətimizin gücünü bir daha göstərdi”- deyən Prezident İlham Əliyev bildirib ki, gənc nəslin vətənpərvər ruhunda tərbiyə edilməsində idman nə qədər vacibdirsə, bir o qədər də hərbi hazırlıq və fiziki hazırlıq vacibdir. “Fiziki güc mənəvi saflığa da yol açır və şadam ki, bizim idmançılarımızın mütləq əksəriyyəti idmanda da, məişətdə də, cəmiyyətdə də nümunədirlər, örnəkdirlər. Onların davranışı, cəmiyyətdəki fəaliyyəti məni və əminəm ki, bütün xalqımızı sevindirir. Azərbaycan gənci məhz belə olmalıdır - vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf, öz xalqına, dövlətinə bağlı, heç bir kənar təsirə boyun əyməyən və ləyaqətli Azərbaycan gənci. Yenə də deyirəm, əlbəttə ki, 1996-cı ildən bu yana bütün Olimpiya Oyunlarında iştirakımız, o cümlədən bu məqsədi daşıyırdı. Biz özümüzə də, dünyaya da sübut etməli idik və edirdik ki, biz güclü dövlətik. Hər dövlətin gücü isə onun xalqının gücünə söykənir”.
Dövlətimizin başçısının rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu, tədbirlərin reallaşması idman sahəsində ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olub. Müxtəlif idman növləri-güləş, futbol,intellektual oyunlar, şahmat və s. növlərdə Azərbaycan Avropanın və dünyanın diqqətindən kənarda qalmayıb. İdmana ayrılan diqqətin nümunəsidir ki, mötəbər idman yarışları, tədbirlər ölkəmizdə davamlı olaraq təşkil olunub. “Bizim bundan sonrakı fəaliyyətimiz təbii ki, idmanın inkişafı ilə bağlı olacaq. Çünki bütün lazımi qərarlar verilib, bütün müvafiq strukturlar, federasiyalar, klublar, idman cəmiyyətləri, Olimpiya Komitəsi, nazirlik vahid strategiya əsasında fəaliyyət göstərirlər. Federasiyalarda gücləndirmə işləri aparılmışdır. Ümid edirəm ki, bizim həm ənənəvi medal gətirən idman növlərində, həm də bu günə qədər o qədər də inkişaf etməyən idman növlərində növbəti irəliləyiş olacaqdır. Uzun illər bütün bölgələrdə idmanla məşğul olmaq üçün dövlət öz fəaliyyətini aparıb. Hazırda bizim bölgələrimizdə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir və bu idman komplekslərinin bundan sonra da inşası nəzərdə tutulur, müxtəlif bölgələrdə, o cümlədən Qarabağ bölgəsində. Bakı şəhərində ən müasir idman infrastrukturumuz vardır. Biz hələ təxminən 10 il bundan əvvəl Bakıda mötəbər Avropa Oyunlarını keçirmişdik. Ondan sonra İslam Həmrəylik Oyunlarını keçirmişdik və keçən ay Bakıda COP29 beynəlxalq iqlim konfransı da Olimpiya Stadionunun içində və onun ətrafında keçirilmişdir,-deyə Prezident diqqətə çəkib.
Ölkəmizdə son illərdə idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülür. Milli Gimnastika Arenası, Su İdmanı Sarayı və Bakı Atıcılıq Mərkəzinin tikintisi böyük inventisiya tələb edən müasir idman qurğularıdır. Bakıda idman şəhərciyi fəaliyyət göstərir. Bakı Olimpiya Stadionu, Tofiq Bəhrəmov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, “Baku Crystall Hall”, Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, “Baksell Arena”, Bakı Atcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzi və digər idman kompleksləri müxtəlif növ yarışların keçirilməsinə imkan verir. Ölkəmizin bütün bölgələrində müasir Olimpiya idman kompleksləri fəaliyyət göstərir.
“ƏLBƏTTƏ Kİ, AZƏRBAYCANIN GÖRKƏMLİ İDMANÇILARININ AZAD EDİLMİŞ TORPAQLARA MÜNTƏZƏM SƏFƏRLƏRİ GƏNCLƏR ÜÇÜN DƏ, UŞAQLAR ÜÇÜN DƏ BÖYÜK HADİSƏ OLACAQ”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işləri böyük sürətlə həyata keçirilir. Artıq həmin ərazilərdə ilk beynəlxalq turnirlər təşkil olunub. Milli Olimpiya Komitəsi də Qarabağda Paralimpiya hərəkatının inkişaf etdirilməsini qarşıya məqsəd qoyub. Əsas hədəf bütün Azərbaycanı Paralimpiya hərəkatı ilə əhatə etməkdir. Bütün azad edilmiş şəhərlərin Baş Planı təsdiq edilib.Burada idman yeniliklərinin yaradılmasıda nəzərdə tutulur. Xankəndidə “Qarabağ” stadionu, Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin və s. təməlinin qoyulmasını föstərmək olar. İmarət stadionunun inşa edilməsinin böyük rəmzi mənası olduğunu bildirən dövlətimizin başçısı indi Ağdam şəhərində yeni, bütün beynəlxalq standartlara cavab verən stadion inşa edildiyini bildirib: “Füzuli şəhərində Olimpiya İdman Kompleksinin təməli qoyulub. Suqovuşan və Köndələnçay su anbarlarında artıq beynəlxalq avarçəkmə yarışları keçirilir. Şuşa şəhərində bir neçə idman yarışı keçirilmişdir. Xankəndi şəhərindəki stadion, - hansı ki, Azərbaycan büdcəsi hesabına hələ keçən əsrin 50-ci illərində inşa edilmişdir, - əsaslı şəkildə təmir edilir, demək olar ki, yenidən qurulur. Düz bir il bundan əvvəl Xankəndi stadionunda biz hamımız tarixi futbol yarışını izləmişik. Amma bu stadion da bütün beynəlxalq standartlara cavab verəcək və bu stadionun yenidən qurulması prosesi gələn il başa çatmalıdır. Azad edilmiş ərazilərimizdə digər idman qurğularının tikintisi nəzərdə tutulur və bütün bu işləri biz ardıcıllıqla edəcəyik”.
Prezident İlham Əliyev onu da bildirib ki, gələn ildən başlayaraq Gəncə şəhərində çox böyük təmir-bərpa işləri aparılacaq. Dövlətimizin başçısı deyib ki, həm şəhər infrastrukturu yenilənəcək, şəhər nəqliyyatı tamamilə yenilənəcək, tarixi binaların bərpası və digər infrastruktur layihələrimiz icra ediləcək ki, bizim qədim şəhərimiz olan, Nizami yurdu olan Gəncə bütün MDB məkanına və daha geniş coğrafiyaya öz gözəlliyini, eyni zamanda, tarixi simasını və müasirliyini təqdim etsin. Əlbəttə ki, biz təbii olaraq bu Oyunlara da hazırlaşırıq. Əminəm ki, bu Oyunların ev sahibi kimi Azərbaycan idmançıları, gənc idmançılar yaxşı nəticələr göstərəcəklər.
İdmançılarımızın müntəzəm olaraq Qarabağ və Şərqi Zəngəzur bölgələrərinə səfərlər etdiklərini vurğulayan dövlətimizin başçısı bildirib ki, artıq orada 10 min insan yerləşib. Onların böyük hissəsi uşaqlardır, gənclərdir. O yerləri heç vaxt görməyən uşaqlar, gənclər böyük həvəslə oraya qayıdırlar. Əlbəttə ki, Azərbaycanın görkəmli idmançılarının azad edilmiş torpaqlara müntəzəm səfərləri gənclər üçün də, uşaqlar üçün də böyük hadisə olacaq. Ona görə hesab edirəm ki, idman yarışları öz yerində, amma, eyni zamanda, indi müxtəlif tədbirlər çərçivəsində Azərbaycan idmançıları, cəmiyyətimizin digər tanınmış simaları, ziyalılar o bölgələrə nə qədər çox səfər etsələr, o qədər də yaxşı olacaq, həm onlar üçün, həm orada yaşayanlar üçün. Çünki orada həyat yenidən, sıfırdan qurulur. Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq.