booked.net

22 İyul Milli Mətbuat Günüdür


AZƏRBAYCAN MƏTBUATININ 150 İLLİK ZƏFƏR YOLU
Azərbaycan mətbuatının şanlı və zəngin tarixi, xalqımızın milli oyanışında, azadlıq mübarizəsində və dövlətçiliyin bərqərar olmasında əvəzsiz rol oynamışdır. Bu gün biz, 22 iyul – Milli Mətbuat Gününü qeyd edərkən yalnız jurnalistikanın bir sahə olaraq inkişafını deyil, bütövlükdə xalqımızın maariflənmə tarixini, milli təfəkkürünün formalaşma yolunu da yada salırıq. Çünki mətbuat – təkcə informasiya vasitəsi deyil, həm də millətin güzgüsüdür.
Ulu Öndər Heydər Əliyev milli mətbuatımızın tarixini Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsinin ayrılmaz hissəsi kimi dəyərləndirmiş, bu sahədə maarifçi ənənələrin davam etdirilməsinə hər zaman böyük önəm vermişdir:
“Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.”
Müstəqillik dövründə isə mətbuatın qarşısında yeni üfüqlər açıldı. Azad söz və ifadə azadlığı prinsipləri üzərində qurulan müasir Azərbaycan mediası artıq təkcə daxili deyil, beynəlxalq informasiya mühitində də öz sözünü deməyə başladı. Prezident İlham Əliyev Azərbaycan mətbuatının bu günkü vəziyyətini yüksək qiymətləndirərək bildirib:
“Bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm.”
Azərbaycan mediası informasiya təhlükəsizliyi, ictimai-siyasi sabitliyin qorunması, dövlətçilik maraqlarının müdafiəsi sahəsində üzərinə düşən mühüm missiyanı yerinə yetirir. İstər 44 günlük Vətən müharibəsi, istərsə də işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq prosesi zamanı milli jurnalistlərimiz ön cəbhədə informasiya savaşının əsgərlərinə çevrilmişdir.
Prezident İlham Əliyev 2022-ci ildə Milli Mətbuat Günü münasibətilə media nümayəndələrinə ünvanladığı təbrikdə xüsusi olaraq vurğulamışdır:
“Müstəqillik dövrümüzdə ilk dəfə Azərbaycan jurnalistləri Ermənistanın 30 ilə yaxın davam edən işğalından sonra öz peşə bayramlarını ölkəmizin mədəniyyət paytaxtı, milli mətbuatımızın inkişafında xüsusi yeri olan, Qarabağın tacı Şuşa şəhərində qeyd edirlər. Bu, Azərbaycan mediasının tarixində əlamətdar hadisə olacaqdır.”
Bu cümlələr bir daha göstərir ki, milli mətbuatımız təkcə tariximizin deyil, bu günümüzün də ayrılmaz hissəsidir. Dövlətin və cəmiyyətin inkişafında mətbuatın rolu danılmazdır. Azad, peşəkar və məsuliyyətli mətbuatın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmaqla yanaşı, milli dəyərlərimizin də qorunmasına xidmət edir.
AZƏRBAYCAN MİLLİ MƏTBUATININ ƏSASI: “ƏKİNÇİ” QƏZETİ VƏ SONRAKI İNKİŞAF
Azərbaycan milli mətbuatının təməl daşlarından biri sayılan “Əkinçi” qəzeti 1875-ci il iyulun 22-də görkəmli ziyalı, maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başladı. Bu qəzet yalnız milli mətbuatımızın ilk nümunəsi olmaqla qalmadı, eyni zamanda o dövr Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynadı. “Əkinçi” 1875-ci ilin iyulundan 1877-ci ilin sentyabr ayına qədər cəmi 56 sayı işıq üzü gördü. Qısa ömrünə baxmayaraq, milli mətbuatın təşəkkül tapması və inkişafında onun rolu əvəzsiz oldu.
“Əkinçi” əsasən maarifçilik missiyasını öz üzərinə götürmüşdü. Qəzet qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə xalq arasında geniş rəğbət qazandı. Ancaq bu uğur Çar Rusiyasının diqqətini çəkdi. Çar hakimiyyəti, qəzetin ictimai-siyasi proseslərdə rolunu görərək onu təhlükə kimi qiymətləndirib nəşrini dayandırdı. Buna baxmayaraq, “Əkinçi”nin səhifələrində fəaliyyət göstərən maarifçi və demokratik ideyalar Azərbaycan ictimai fikrinin formalaşmasına, milli oyanışa, inkişafına və demokratik düşüncələrin yayılmasına mühüm töhfə verdi.
“Əkinçi”dən sonra milli mətbuatımız sayca çoxalıb, mövzu və ideyaca zənginləşərək Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafında mühüm rol oynadı. Bu dövrdə “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Dəbistan”, “İrşad”, “Tazə həyat”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”, “Açıq söz” kimi qəzet və jurnallar anadilli mətbuatımızın inkişafını davam etdirdilər.
1896-cı ildən Həsən bəy Zərdabi ilə yanaşı, onun kürəkəni Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə nəşr olunan rusdilli “Kaspi” qəzeti də Zərdabi ideyalarının daşıyıcısı kimi Azərbaycan ictimai fikrində mühüm yer tutdu.
Müasir Azərbaycanın kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı geniş imkanlar yaradılmışdır. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü islahatlar cəmiyyət həyatının bütün sahələrini əhatə etmiş, ölkədə senzura və söz azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmışdır. Bu dövrdə medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, medianın problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun artırılması üçün ardıcıl tədbirlər görülmüşdür.
1993-cü ildən etibarən demokratik KİV-in inkişafında əldə olunan nailiyyətlər Ümummilli Liderin sahəyə göstərdiyi misilsiz diqqət və qayğının nəticəsidir. Jurnalistlərin “dostu” adını qazanmış Ulu Öndər, ölkəmiz müharibə şəraitində yaşamasına baxmayaraq, ilk növbədə hərbi senzuranı aradan qaldırmış, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etmişdir.
Bu ali siyasi iradə nəticəsində Azərbaycanda mətbuat azadlığı prinsipləri bərqərar olmuş və qəzet-jurnal bolluğu yaranmışdır. Prezident İlham Əliyevin rəhbərliyi altında “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” hazırlanaraq qəbul edilmişdir.
AZƏRBAYCAN MİLLİ MƏTBUATININ İNKIŞAFINDA STRATEJİ İSLAHATLAR VƏ DÖVLƏT DƏSTƏYİ
Azərbaycan mediasının qarşısında duran vəzifələr getdikcə daha da genişlənir. Dövlət başçısı İlham Əliyevin sözlərinə görə, mətbuat müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalətin və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin və siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm rol oynamalıdır. Jurnalistika peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə sadiq qalmalı, söz və məlumat azadlığından sui-istifadənin qarşısını qətiyyətlə almalıdır.
Hazırda respublikada çoxsaylı qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik sürətlə inkişaf edir. İnformasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin ayrılmaz hissəsinə çevirmişdir.
Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə milli mətbuatımızın 125, 130, 135, 140 və 145 illik yubileyləri ölkə miqyasında geniş şəkildə qeyd edilmiş, bu yubileylər milli jurnalistikamızın tarixinə ədalətli qiymət verilməsini və nəsillərin varisliyini təmin etməklə mediamızın gələcək perspektivlərinə aydın baxış yaratmışdır.
Sürətlə qloballaşan informasiya məkanında mövcud qanunvericiliyin təkmilləşdirilməsi zərurəti yaranmışdır. Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü işlər görülür. 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanla Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılmışdır. MEDİA Agentliyi ölkədə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi və mütərəqqi layihələrin davamlı dəstəklənməsi üçün müxtəlif tədbirlər həyata keçirir
Mətbuat sahəsində Azərbaycanın inkişafı və modernləşməsi uzunmüddətli strateji islahatlar və müvafiq hüquqi bazanın yaradılması ilə müşayiət olunmuşdur. Bu istiqamətdə ən mühüm addımlardan biri 2021-ci il dekabrın 30-da qəbul olunmuş “Media haqqında” Azərbaycan Respublikası Qanunudur. Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən etməklə yanaşı, kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımı üçün ümumi qaydalar təyin edir. Bu sənədin məqsədi informasiya məkanının təhlükəsizliyini təmin etmək, yerli medianın inkişafını dəstəkləmək, rəqabət qabiliyyətini artırmaq və jurnalistikanın peşəkarlıq səviyyəsini yüksəltməkdir. Qanun rəqəmsal dövrün çağırışlarına uyğun media fəaliyyətini tənzimləyir və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasına xidmət edir.
Azərbaycan milli mətbuatının 150 illik yubileyi ölkə miqyasında böyük önəm daşıyır. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2025-ci il 3 fevral tarixində “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı təsis edilmiş, 25 aprel 2025-ci il tarixində isə yubiley tədbirlərinin keçirilməsi haqqında sərəncam imzalanmışdır. Bu münasibətlə ölkəmizdə media sahəsində yüksək səviyyəli tədbirlər və layihələr planlaşdırılmışdır.
Müasir informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin fəal üzvünə çevirmişdir. İnternet qəzetçilik sürətlə inkişaf edir, jurnalistlər beynəlxalq təşkilatların dəstəyi ilə peşəkar bacarıqlarını artırmaq üçün treninqlərdə iştirak edir, yeni çağırışlara hazırlaşırlar.
Azad söz və mətbuat azadlığı Azərbaycan Konstitusiyasının əsas prinsiplərindəndir və ölkədə güclü, müstəqil media institutunun formalaşmasına təkan verir. Bu azadlıq medianın cəmiyyətdə şəffaflığın və demokratik münasibətlərin inkişafında önəmli rol oynamasına şərait yaradır.
Jurnalistlərin sosial müdafiəsi və informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi də dövlətimizin diqqətindədir. Media nümayəndələrinə birdəfəlik yardımlar göstərilir, onların sosial təminatı yaxşılaşdırılır. Milli mətbuatın inkişafına verdikləri töhfəyə görə jurnalistlər fəxri adlarla təltif olunurlar. 2022-ci ildə ipoteka kreditləri sahəsində jurnalistlər üçün güzəştlər tətbiq edilmiş, 5 il və ya daha çox müddət jurnalist kimi fəaliyyət göstərən şəxslər güzəştli ipoteka kreditlərindən yararlanmaq imkanına malik olmuşdur.
Vergi sahəsində də media subyektləri üçün əlverişli şərait yaradılmışdır. 2023-cü ilin yanvarından etibarən media ilə bağlı fəaliyyətlərdən əldə olunan gəlirlər, reklam gəlirləri və MEDIA Agentliyinin verdiyi yardımlar gəlir və sadələşdirilmiş vergilərdən 3 il müddətinə azad edilmişdir. Eyni zamanda, rəqabət qabiliyyətini artırmaq üçün media məhsullarının istehsalı və təqdimatı əlavə dəyər vergisindən azad olunmuş, qeyri-rezidentlərin media ilə əlaqəli xidmətləri də müvafiq vergilərdən azad edilmişdir.
“Jurnalistlərin dostu” mükafatları ölkəmizdə mətbuata olan yüksək diqqət və qayğının təzahürüdür. Həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev bu sahəyə prinsipial diqqət göstərmiş, mətbuat işçiləri ilə mütəmadi görüşlər təşkil etmişlər. Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə Ulu Öndər 2002-ci ildə, Prezident İlham Əliyev isə 2010, 2013, 2017 və 2018-ci illərdə “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür.
Bu gün milli informasiya resurslarının inkişafı və qlobal informasiya şəbəkəsində mövqelərinin möhkəmləndirilməsi ölkəmiz üçün prioritet vəzifələrdəndir. Son illərdə media sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi, iqtisadi əsasların gücləndirilməsi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması, dövlət kommunikasiya siyasətinin müasir tələblərə uyğun həyata keçirilməsi, peşəkarlığın və çevikliyin artırılması istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Habelə, medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması bu sahədəki irəliləyişləri daha da sürətləndirmişdir.
Bu islahatlar Azərbaycanın media sahəsinin dayanıqlı inkişafına təkan verərək, müasir çağırışlara cavab verən, azad, obyektiv və peşəkar medianın formalaşmasını təmin edir.
AZƏRBAYCAN JURNALİSTİKASININ VƏTƏNPƏRVƏRLİK MİSSİYASI VƏ STRATEJİ ƏMƏKDAŞLIQ
Azərbaycan jurnalistikası ölkəmizin dövlətçilik maraqlarını uca tutan, vətənpərvərlik, yüksək milli şüur və ali məqsədlər uğrunda cəmiyyətin səfərbər olunmasına layiqli töhfələr verən peşəkarlar tərəfindən formalaşır. Bu gün qlobal informasiya müharibəsinin fəallaşdığı, saxta və yalan məlumatların geniş yayıldığı şəraitdə Azərbaycan jurnalistləri prinsipial mövqe nümayiş etdirməli, vətəndaşların dolğun və düzgün məlumat əldə etmək hüququnu təmin etməli, cəmiyyətimizin tərəqqisi üçün var gücləri ilə çalışmalıdırlar.
Cəmiyyətdə demokratik münasibətlərin inkişafı azad mətbuatın inkişafı ilə sıx bağlıdır. Azərbaycanda azad sözün cəmiyyətdə aşkarlıq və plüralizm prinsiplərinin möhkəmləndirilməsində əsas vasitə olduğu qəbul edilir. Bu baxımdan, Azərbaycan hakimiyyəti medianın inkişafı üçün hər zaman xüsusi qayğı göstərir. Bu gün ölkəmizdə müasir standartlara cavab verən medianın mövcudluğu və qazandığı uğurlar məhz dövlət dəstəyinin nəticəsidir.
Prezident İlham Əliyev isə söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti kimi qiymətləndirir. O, vurğulayır ki, Azərbaycanda aparılan siyasi islahatların əsas məqsədi ölkənin hərtərəfli inkişafı, vətəndaşların bütün azadlıqlardan istifadəsinin təmin edilməsidir. Söz və mətbuat azadlığının təmin olunması prioritet məsələlərdən biri kimi diqqətdə saxlanılır və Azərbaycan bu sahədə böyük nailiyyətlər əldə edib.
Müharibə dövründə Azərbaycan mediyası əsl vətənpərvərlik nümunəsi göstərərək haqq səsini dünya ictimaiyyətinə çatdırmış, düşmənin və havadarlarının saxta məlumatlarını ifşa etmişdir. Həm Birinci, həm də İkinci Qarabağ müharibələrində media üzərinə düşən vəzifəni layiqincə yerinə yetirərək, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olmuşdur. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan mediası ölkəmizin informasiya mübarizəsində fəal iştirak etmiş, postmüharibə dövründə də işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyəti dünya ictimaiyyətinə çatdırmağa davam edir.
Azərbaycan jurnalistləri fasiləsiz davam edən informasiya müharibəsində peşəkarlıq və vətənpərvərlik nümunəsi göstərir. Onlar cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramında fəal iştirak ediblər. Müharibədə fərqlənən jurnalistlərin medallarla təltif olunması bu sahəyə dövlətin yüksək etimadının göstəricisidir.
Azərbaycan ilə Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq da ölkələrimizin informasiya təhlükəsizliyinin və media potensialının möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. 2020-ci ildə imzalanmış Anlaşma Memorandumu ilə iki ölkənin mediası arasında bilik və təcrübə paylaşılması, beynəlxalq arenada dezinformasiyaya qarşı birgə mübarizə, televiziya və kino sahəsində əməkdaşlıq, peşə təhsili və mübadilə proqramları kimi sahələrdə sıx əməkdaşlıq formalaşmışdır.
ŞUŞADA QLOBAL MEDİA FORUMLAR: YENİ MEDİA VƏ DEZİNFORMASİYAYA QARŞI MÜBARİZƏ
Şuşa şəhərində 2023 və 2024-cü illərdə keçirilən Qlobal Media Forumlar “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” və “Yalan Məlumatların İfşası: Dezinformasiyaya qarşı mübarizə” mövzularını işıqlandıraraq Azərbaycan mediasının qlobal trendlərlə ayaqlaşmasını təmin etmişdir.
Bugünkü Azərbaycan mediyası ölkəmizin tərəqqisində fəal iştirak edir, beynəlxalq əlaqələrini genişləndirir və qlobal informasiya məkanında təsir imkanlarını artırır. Lakin dünya nizamında dəyişikliklərin, siyasi proseslərin intensivləşməsinin yaratdığı yeni çağırışlar Azərbaycan mediası qarşısında da yeni vəzifələr qoyur. Bu vəzifələrə qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellektin tətbiqi, media savadlılığının yüksəldilməsi, dezinformasiya ilə mübarizə və effektiv kommunikasiya daxildir. Media həmçinin Azərbaycanın dövlət maraqlarını daim uca tutmalı, müasir beynəlxalq münasibətlər sistemində ölkəmizin rolunu və həyatımızda baş verən pozitiv dəyişiklikləri geniş ictimaiyyətə çatdırmaqda fəal olmalıdır.
Beləliklə, peşəkar jurnalistika Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, demokratik inkişaf və milli həmrəyliyin təmin olunmasında əvəzsiz rol oynayır. Azərbaycanın media nümayəndələri bu missiyanı yüksək vətəndaşlıq məsuliyyəti ilə daşımalı, informasiya mübarizəsində prinsipial və qətiyyətli mövqe göstərməlidirlər.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff