booked.net

QARABAĞ: SUVERENLİK, TARİX VƏ MÜASİR REALLIQ


Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri Azərbaycanın həmin ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri və formalaşmış yeni reallıqlarla yerində tanışlıq baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq tanınır. Bu baxımdan, Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndələrin ölkənin müxtəlif bölgələrinə, o cümlədən QarabaQğ və Şərqi Zəngəzura səfər etməsi təbii və normal diplomatik fəaliyyətdir.
Məhz bu səbəbdən həmin səfərə Ermənistanın müxtəlif siyasi və ictimai dairələrində verilən kəskin reaksiyalar müəyyən suallar doğurur. Azərbaycanın öz ərazisində həyata keçirilən diplomatik səfərin Ermənistanın ictimai-siyasi gündəminə çevrilməsi regionda mövcud reallıqların hələ də bəzi dairələr tərəfindən tam qəbul edilmədiyini göstərir.
Məsələnin digər mühüm tərəfi tarixi və mədəni irsə münasibətdir. Azərbaycan ərazisində yerləşən Gəncəsər, Xudavəng və digər tarixi abidələrlə bağlı müxtəlif yanaşmaların səsləndirilməsi fonunda indiki Ermənistan ərazisində tarixən yaşamış azərbaycanlıların mədəni irsi məsələsi də diqqətdən kənarda qalmamalıdır.
Tarixi irsə münasibətdə vahid və obyektiv prinsip tətbiq olunmalıdır. Bir xalqın mədəni irsinin qorunması tələb edilirsə, digər xalqın yaratdığı tarixi-mədəni irsə də eyni hörmətlə yanaşılmalıdır. Tarixi həqiqətlər siyasi mövqelərdən asılı olmayaraq elmi mənbələr, arxiv sənədləri və tarixi faktlar əsasında araşdırılmalıdır.
Qafqaz Albaniyasının Azərbaycan ərazisində formalaşmış tarixi və mədəni irsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu irsin öyrənilməsi və qorunması elmi yanaşma tələb edir. Tarixi-mədəni irsin siyasi mübahisələrin predmetinə çevrilməsi isə region xalqları arasında qarşılıqlı anlaşmaya xidmət etmir.
Azərbaycan bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirir. Yeni yaşayış məntəqələri salınır, infrastruktur qurulur, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Xarici diplomatların bu ərazilərə səfəri həmin proseslərlə yerində tanış olmaq baxımından mühüm imkan yaradır.
Regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün mövcud reallıqların qəbul edilməsi, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət göstərilməsi xüsusi əhəmiyyət daşıyır.
Sülh yalnız siyasi sənədlərlə deyil, həm də cəmiyyətlərin düşüncəsində və siyasi ritorikada öz əksini tapmalıdır. Keçmiş münaqişənin yaratdığı qarşıdurma və düşmənçilik gələcək nəsillərə ötürülməməlidir.
Qərbi Azərbaycanda tarixən yaşamış azərbaycanlıların mədəni irsi məsələsi də obyektiv araşdırılmalı, tarixi abidələrin və mədəni irs nümunələrinin qorunması beynəlxalq hüququn və mədəni irsin mühafizəsi prinsiplərinin tələblərinə uyğun təmin edilməlidir.
Bu gün region qarşısında yeni imkanlar açılıb. Əsas məqsəd keçmiş münaqişəni yenidən gündəmə gətirmək deyil, sülh, sabitlik və əməkdaşlıq üçün dayanıqlı zəmin yaratmaqdır.
Reallıq dəyişib. Bu reallığın qəbul edilməsi isə regionda davamlı sülhə gedən yolun mühüm şərtlərindən biridir.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff