booked.net

AZƏRBAYCAN-BMT ƏLAQƏLƏRİ DAHA GENİŞ VƏ ƏHATƏLİDIR


           BMT Təhlükəsizlik Şurasının 16 avqust 2020-ci il tarixində növbədənkənar iclasında Azərbaycanın diplomatik qalibiyyəti 

2023-cü il avqustun 16-da BMT Təhlükəsizlik Şurasının Ermənistanın tələbi ilə Qarabağdakı vəziyyətlə bağlı və Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın yolunun  guya “bağlanmasından” sonra ermənilər üçün yaranmış “humanitar böhranı” müzakirə etmək üçün təcili iclası keçirilib. Keçirilən iclas nəticəsiz başa çatıb və  BMT TŞ-nin 15 üzvünün – 5 daimi, 10 qeyri-daimi  üzvün  iştirakı ilə təşkil edilən iclasda heç bir qətnamə, bəyanat qəbul edilmədi. Bununla da rəsmi İrəvan növbəti zərbənidə aldı.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası səsvermə yolu ilə seçilən 10 qeyri-daimi və beş daimi üzvdən (Çin, Rusiya, Böyük Britaniya, ABŞ və Fransa) ibarətdir. 
Təhlükəsizlik Şurası qeyri-zoraki münaqişə həlli və profilaktik tədbirləri əsas götürməklə, dövlətlər əleyhinə güc istifadəsi üçün nəzərdə tutulmuş qətnamələr hazırlamaq səlahiyyətinə malikdir. Bir dövlət əleyhinə silahlardan istifadəyə görə qətnamə vermək üçün heç bir qadağa olmadan 15 üzvdən ən azı 9-dan "hə" səsi alınmalıdır. Yalnız onun daimi üzvlərinin veto qoymaq səlahiyyəti vardır. Onun tərkibi BMT nizamnaməsinə əsasən qurulmuşdur və Çin, Fransa, Rusiya, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları kimi 5 daimi üzvdən ibarətdir. Bundan əlavə, 2 il müddətinə seçilmiş 10 qeyri-daimi üzv Şurada xidmət göstərir. Qeyri-üzvlər dinləmələrdə və iclaslarda iştirak edə bilər, amma səs verə bilməz. 

BMT TƏHLÜKƏSİZLİK ŞURASI DÜNYADA SÜLHÜN VƏ TƏHLÜKƏSİZLİYİN QORUNMASI  ÜÇÜN  BMT-NİN ƏHƏMİYYƏTLİ BİR QURUMUDUR
2011-ci il oktyabrın 24-də Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və bu quruma rəhbərlik etməsi əlaqələrin möhkəm əsaslar üzərində qurulduğunun göstəricisi sayıla bilər. Beynəlxalq təşkilatlarla, dünya dövlətləri ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulması və əlaqələrin dövlətlərin maraqlarına uyğun inkişaf etdirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin ana xəttini təşkil edir. Bu baxımdan, Azərbaycan beynəlxalq təşkilatlarda daim aktiv fəaliyyət göstərməsi ilə fərqlənmiş və milli maraqlarımızın təmin olunmasına yönəlmiş siyasət həyata keçirmişdir. Ölkəmizin beynəlxalq təşkilatlarda nüfuzunun yüksək olmasının nəticəsidir ki, Azərbaycan 2019-cu ildən etibarən Qoşulmama Hərəkatına sədrlik edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qoşulmama Hərəkatı dünyanın inkişafına mühüm töhfələr verən qlobal əhəmiyyətli tədbirlər keçirilib. Koronavirus pandemiyasının qarşısının alınması və dövlətlərin bu istiqamətdə əməkdaşlığının gücləndirilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə Qoşulmama Hərəkatının videokonfrans formatında toplantısı keçirilib. Eyni zamanda, dünya ölkələrinin pandemiya ilə mübarizədə fəaliyyətlərinin artırılması məqsədi ilə Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının konfransı keçirilib.

“LAÇIN DƏHLİZİ” ADLANAN YOL AZƏRBAYCANIN SUVEREN ƏRAZİSİ DAXİLİNDƏ NƏZƏRDƏ TUTULMUŞ YOLDUR
Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev iclasda çıxış edib.
Yaşar Əliyevin çıxışında da qeyd edildiyi kimi, Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı, əslində, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təxribat xarakterli və məsuliyyətsiz siyasi kampaniyadır. Hadisələrin gedişi bir daha sübut edir ki, Ermənistan məsələni həll etmək niyyətində deyil. Bunun əvəzində beynəlxalq səviyyədə manipulyasiya və çaşqınlıq səylərini davam etdirmək məqsədilə regionda gərginliyi süni şəkildə alovlandırmağa çalışır. 
Müzakirələrdə bir daha bu reallıq da diqqətə çatdırıldı ki, “Laçın dəhlizi” adlanan yol Azərbaycanın suveren ərazisi daxilində nəzərdə tutulmuş yoldur. Azərbaycan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq bu yolda hərəkətə icazə verib. Azərbaycan Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis etdikdən sonra da bu, olduğu kimi qalır. Sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini qorumaq üzrə təməl hüququ çərçivəsində yaradılıb. Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib. Belə bir əminlik də ifadə edildi ki, beynəlxalq ictimaiyyət və ilk növbədə, Təhlükəsizlik Şurası bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi yolu ilə hər iki ölkənin legitim maraqlarına uyğun olaraq, bərabər və qarşılıqlı hörmətə əsaslanan bu yanaşmanı dəstəkləyəcək.
Qarabağ bölgəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğunu və orada yaşayan etnik ermənilərin Azərbaycanın sakinləri hesab edildiyini vurğulayan daimi nümayəndə bildirib ki, Azərbaycan hökuməti bu sakinlərin zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir. Bu məqsədlər beynəlxalq hüquqa və beynəlxalq humanitar hüququn prinsiplərinə tam uyğundur ki, bu da Azərbaycanın sözügedən standartlara riayət etməkdə sarsılmaz sadiqliyini nümayiş etdirir.

FRANSANIN AŞKAR DƏSTƏYİ  FAYDA VERMƏDİ
Sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini qorumaq üzrə təməl hüququ çərçivəsində, Ermənistanın bu marşrutdan Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyası, silah, sursat, mina və xarici terrorçuların daşınması, habelə bu ərazidən təbii sərvətlərin qanunsuz çıxarılması və daşınması kimi qeyri-qanuni hərbi və digər fəaliyyətlər üçün ardıcıl və açıq-aşkar sui-istifadə etməsinin qarşısını almaq məqsədilə yaradılıb.
Yaşar Əliyev sərhəd-buraxılış məntəqəsinin yaradılmasının mülki əhalinin Laçın yolu ilə gediş-gəlişinə mane olmadığını, 2023-cü il iyunun 15-dək bu cür hərəkətlərin sayının faktiki olaraq nəzərəçarpacaq dərəcədə artdığını diqqətə çatdıraraq deyib: “Həmin tarixdə Ermənistanın davam edən təxribatının növbəti nümunəsi Ermənistan silahlı qüvvələrinin Azərbaycan sərhədçiləri və onları müşayiət edən Rusiya sülhməramlı qüvvələrinə hücumu zamanı baş verib. Bu hücum Azərbaycan sərhədçisinin ağır yaralanması ilə nəticələnib və eyni zamanda, BQXK-nın əməkdaşları və məntəqədən keçən mülki şəxslər üçün birbaşa təhlükə yaradıb.
Bununla yanaşı, Ermənistan həqiqətən də bölgənin sadə sakinlərini düşünsəydi, heç vaxt Ağdam-Xankəndi yolundan Qarabağ bölgəsinə yüklərin çatdırılmasına etiraz etməzdi. Bu yol Azərbaycanın əsas nəqliyyat marşrutlarından birinə - “İpək Yolu” və ya M2 avtomobil yolu kimi tanınan və beynəlxalq bazarlara etibarlı əlaqəni təmin edən magistral yolu ilə bağlıdır. Uzunluğu 59 kilometr olan, dağlıq və serpantinli ərazidən keçən Laçın-Xankəndi yolu ilə müqayisədə bu yol Ağdamla Xankəndi arasında cəmi 18 kilometrdir. Bu gün Ağdama səfərləri çərçivəsində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, o cümlədən BMT-nin Rezident Əlaqələndirici Ofisinin və BMT-nin digər qurumlarının nümayəndələri də yolun işləkliyinə və yüklərin daşınması üçün hazırlığına şahid olmaq imkanı əldə ediblər”.

“DAĞLIQ QARABAĞ”DA İDDİA EDİLƏN SOYQIRIMI YOXDUR.
Soyqırımı ilə bağlı iddiaların da eyni dərəcədə əsassız və yalan olduğunu qeyd edən daimi nümayəndə bildirib ki, Errmənistanın Azərbaycana qarşı manipulyasiya və aldadıcı kampaniyası özünü müstəqil ekspert kimi təqdim edən Luis Moreno Okamponun qondarma “rəyi”ndə də nümayiş olunur.
Onun iddialarının qüsurlu olduğunu bu yaxınlarda müstəqil, tanınmış beynəlxalq hüquq eksperti cənab Rodni Dikson ilkin hesabatında qeyd edib. Cənab Diksonun gəldiyi nəticədə də göstərildiyi kimi, Moreno Okamponun təqdim etdiyi iddialar əsassızdır, natamamdır və qeyri-dəqiqlik nümayiş etdirir. Belə ki, hazırda Azərbaycanın Qarabağ bölgəsində soyqırımı törədildiyini iddia etmək üçün heç bir əsas yoxdur. Konkret olaraq, cənab Dikson hesab edir ki, Okamponun rəyi “faktlar”da açıq şəkildə selektiv yanaşma tətbiq edir, xüsusən də Ermənistanın Azərbaycanın etnik erməni sakinlərini təmin etmək üçün alternativ yollar təkliflərini rədd etməsini bildirməməsi rəyin selektiv xarakterini bir daha sübut edir.
Humanitar bəhanələrlə edilən bu cür manipulyasiyalar artan qanunsuz və təxribat xarakterli hərbi fəaliyyətlərlə eyni zamanda baş verir. Ötən həftələr ərzində beynəlxalq hüququn, o cümlədən Azərbaycan, Rusiya Federasiyası və Ermənistan liderlərinin 10 noyabr tarixli üçtərəfli Bəyanatının 4-cü bəndi çərçivəsində Ermənistanın öhdəliyinin kobud pozuntusu olaraq, Azərbaycan ərazisində qeyri-qanuni qalan erməni silahlı qüvvələri hərbi-mühəndislik işlərini və digər hərbiləşmə işlərini daha da artırıb.
Azərbaycanın suveren ərazisində qeyri-qanuni yerləşdirilmiş radioelektron döyüş texnikasından istifadə xüsusi narahatlıq doğurur. Son həftələr ərzində təkcə “Azərbaycan Hava Yolları”nın deyil, xarici ölkələrin mülki təyyarələri də onların təhlükəsizliyi üçün ciddi təhlükə yaradan radioelektron müdaxilələrə məruz qalıb.
Ermənistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən hərəkətlərinə son qoymalı, daxili işlərimizə qarışmaqdan çəkinməli və münaqişədən sonrakı normallaşma danışıqlarına səmimi şəkildə qoşulmalıdır. Bölgədə davamlı sülh üçün tarixi fürsətin qaçırılmaması həyati əhəmiyyət kəsb edir.
Ermənistan rəhbərliyinin Azərbaycanın, Qarabağ regionu daxil olmaqla, suverenliyinin və ərazi bütövlüyünün tanınması ilə əlaqədar şifahi bəyanatları sülhün həqiqətən də əlçatan olması ilə bağlı ehtiyatlı nikbinliyə zəmin yaratdı. İndi Ermənistan bu bəyanatı real əmələ çevirməli və Azərbaycanın suverenliyini, o cümlədən Qarabağda yaşayan yerli erməni sakinlərinin “humanitar ehtiyacları” bəhanəsi ilə şübhə altına almaqdan çəkinməlidir.
Son bir neçə ay ərzində beynəlxalq tərəfdaşların fəal iştirakı ilə normallaşma prosesinin intensivləşdirilməsi üzrə birgə səylər ümidverici nəticələr verib. Bu diplomatik dialoqlar davamlı sülhün və dövlətlərarası münasibətlərin qurulmasına yönəlmiş gələcək ikitərəfli sazişin bir sıra maddələri üzrə fikir ayrılıqlarının aradan qaldırılmasında və nəzərəçarpacaq irəliləyişin əldə edilməsində həlledici rol oynayıb.

AZƏRBAYCAN MƏSULİYYƏTLİ ÖLKƏDİR
“Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiyası siyasətini həyata keçirir və Azərbaycan Konstitusiyasında və Azərbaycanın imza atdığı bütün müvafiq beynəlxalq insan hüquqları mexanizmlərində nəzərdə tutulmuş bütün hüquq və azadlıqlara zəmanət verir. BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit olunmuş bütün qanuni vasitələrlə suverenliyimizi və ərazi bütövlüyümüzü müdafiə etmək əzmində olduğumuz kimi, qeyd edilən hər iki yola sadiqliyimiz sarsılmazdır.
Əminik ki, beynəlxalq ictimaiyyət və ilk növbədə, Təhlükəsizlik Şurası bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi yolu ilə hər iki ölkənin legitim maraqlarına uyğun olaraq, bərabər və qarşılıqlı hörmətə əsaslanan bu yanaşmanı dəstəkləyəcək”, - deyə Yaşar Əliyev bildirib.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff