booked.net

8 Mart - Beynəlxalq Qadınlar Günüdür


Cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etmişdir. Bununla belə, ölkəmizdə milli qadın siyasəti tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət statusu almış oldu. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsinin IV bəndində bərabərhüquqluluq prinsipinin, seçmək və seçilmək hüququnun təsbit edilməsi ilə öz qanuni təsdiqini tapdı. Nəticədə, Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə oldu.

Azərbaycanlı qadınların seçki hüquqlarının möhkəmləndirilməsi istiqamətində atılan növbəti addım bu hüquqların Azərbaycan Xalq Cümhuriyyətinin Müəssislər Məclisinə seçkilər haqqında  Əsasnamədə  təsbiti  oldu. AXC-nin Müəssislər Məclisinə seçkilər çox vaxt və ciddi hazırlıq tələb edirdi, mürəkkəb siyasi vəziyyət isə hər gün yeni məsələlərin həllini irəli sürürdü. Buna baxmayaraq, parlament bir sıra hüquqi aktlar, o cümlədən “Müəssislər Məclisinə seçkilər haqqında” Qanun qəbul etdi. 1919-cu il iyulun 21-də qəbul edilən qanunda dövlətin hakimiyyət orqanlarına qadınların seçmək və seçilmək hüquqları bir daha öz təsdiqini tapdı.

Milli istiqlal hərəkatı, eləcə də, mövcud olduğu 23 ay ərzində Cümhuriyyəti ayaqda tutmaq, demokratik prinsipləri hakim mövqeyə qaldırmaq, xalq arasında elmi təbliğ etmək uğrunda bir çox tanınmış şəxsiyyətlər əzmlə çalışmışlar. Onların arasında ziyalı qadınlarımızın da öz töhfəsi olmuşdur.

Ölkəmizin sonrakı tarixi dönəmində, o cümlədən Azərbyacanın yenidən müstəqilliyinə qovuşmasından sonrakı mərhələdə Ümummilli Lider Heydər Əliyevin dövlət-qadın siyasətinin inkişafında müstəsna xidmətləri var. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayıraraq, onların hərtərəfli fəaliyyətinə geniş meydan vermiş, lider qadınlar yetişdirmişdir. 

Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 6 mart 2000-ci il tarixli fərmanın icrası ilə əlaqədar olaraq aparılan uğurlu işlər belə statistik nəticəyə gəlməyə əsas verir ki, respublikada qadınların təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti, rəhbər vəzifələrdə təmsil olunma səviyyəsi əvvəlki illərə nisbətən getdikcə yüksələn xətt üzrə inkişaf edir. 

Ümummilli Lider Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı demişdir: “Bu bayram, doğrudan da bizim bütün bayramlarımız içərisində ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar.” 

Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynamışdır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti bu gün hər bir Azərbaycan xanımı üçün bir nümunədir. Mehriban xanım Əliyevanın parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sayəsində gördüyü işlər əsl örnəkdir.

İcra olunan ekoloji və Azərbaycanı dünyaya tanıtdırmış mədəni layihələr, xalqımızın dini dəyərlərinə göstərilən qayğı, savadlı, peşəkar, sağlam nəslin formalaşmasına xidmət edəcək önəmli təşəbbüslər, əhalinin həssas təbəqəsinə göstərilən xüsusi diqqət,  ölkəmizin dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlıq məkanı kimi təqdim olunması Mehriban xanım Əliyevanın bir daha yüksək idarəçilik qabiliyyətinə malik, Ulu öndər Heydər Əliyev irsinə və milli dəyərlərə sadiq, xalqın sevgisini və rəğbətini qazanmış əsl Azərbaycan qadını olduğunu sübut edir. 

Azərbaycan qadınları gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və xalqa, cəmiyyətə layiqli övlad kimi yetişdirilməsi naminə ağır və şərəfli vəzifələri layiqincə yerinə yetiriblər. Qadınlarımızın aktiv fəaliyyəti həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyidir. Hazırda Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər.

Dövlət müstəqilliyimizin bərpasından sonra ötən illər ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri məmnunluq doğurur. Ölkəmizdəki sabitlik və demokratik mühit qarşıdakı illərdə də qadınlara fitri istedadlarını, yaradıcılıq imkanlarını tam həyata keçirmələri üçün bütün lazımi şəraiti təmin edir. Hazırda qadınlarımız cəmiyyətdə gedən proseslərdə ötən illərə nisbətən daha fəal iştirak edirlər. 

Qəbul olunmuş bir sıra dövlət proqramları, o cümlədən ”2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasında mühüm əhəmiyyət kəsb edir. 1998-ci il sentyabrın 25-də  Azərbaycan qadınlarının ilk qurultayı keçirilmişdir. Respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdiklərini nümayiş etdirən qurultayda mühüm məsələlər müzakirə olunmuşdur. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir. 

Prezident İlham Əliyev 6 mart 2023-cü il tarixində 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrikdə ümidvar olduğunu bildirib ki, zəngin mənəviyyatlı Azərbaycan qadınları qarşıdakı illərdə də qurub-yaratmaq şövqləri ilə cəmiyyət həyatına yüksək dəyərlər bəxş edəcək və müstəqillik salnaməmizə yeni, işıqlı səhifələr yazacaqlar.



Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff