booked.net

Prezident İlham Əliyev cari ilin 21 iyul tarixində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edib


Bu günədək çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi Şuşa şəhəri indi də müstəqil Azərbaycanın tarixində ilk dəfədir dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya toplayıb.

Prezident İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.
Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlərlə birgə, dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk nyusla mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri müzakirə ediblər.

                                         “Şuşa Bəyannaməsi qarşımızda yeni üfüqlər açır”
Prezident  İlham Əliyevin forumdakı çıxışı və tədbir iştirakçılarının suallarına cavabı hazırkı dövrün çağırışlarının yüksək səviyyədə çavablandırılması istiqamətində yol xəritəsi oldu. Dövlət başçısı İlham Əliyev həm Azərbaycanın, həm də regionun gələcəyi ilə bağlı fikirlərini açıqladı.  Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Şuşa Qlobal Media Forumu dünyaya nümunə olan Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, müttəfiqliyinin təqdimatında öz sözünü dedi. Belə ki, sual-cavab formatında keçirilən forumda ilk sualın iki qardaş ölkənin münasibətlərinin bugünkü inkişaf səviyyəsi ilə bağlı olması növbəti dəfə bu məkandan-Qarabağı tacı, türk dünyasının mədəniyyət paytaxtı Şuşadan dünyaya mesaj oldu. Bu birlik regionda sabitliyin, təhlükəsizliyin qarantıdır. Prezident İlham Əliyev bu reallığı diqqətə çatdırdı ki, Prezident Rəcəb Tayyib Ərdoğanla şəxsi dostluğu təkcə regionda deyil, dünyada məlum bir faktdır. Bu, regional inkişaf və sabitlik baxımından çox mühüm amildir. Eyni zamanda, Türkiyə və Azərbaycan xalqları arasında da münasibətlər, əlbəttə ki, uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulub. Bu, çox gözəl təməldir və ölkələrimiz məhz bu təməl üzərində inkişaf edir, bir-birini dəstəkləyir.
Dövlət başçısı İlham Əliyevin çıxışında xüsusi yer alan “İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətlərini rəsmiləşdirdi və biz bunu məşhur Şuşa Bəyannaməsini imzalayaraq müttəfiqlik səviyyəsinə qaldırdıq” fikirləri iki qardaş ölkənin münasibətlərinin gələcəyi barədə aydın təsəvvür yaradır. Şuşa Bəyannaməsi xalqlarımız və ölkələrimiz üçün çox böyük sərvətdir. Bu Bəyannamə qarşımızda yeni üfüqlər açır.”
Qlobal məsələlərdə və regionda Türkiyənin rolunun çox önəmli olduğunu vurğulayaraq ölkə rəhbəri, “Bu rol həm Azərbaycanda, həm onun hüdudlarından kənarda çox yüksək qiymətləndirilir. Dövlət başçısı İlham Əliyev forumdakı çıxışında bu məqamlara diqqət yönəltdi ki, Rəcəb Tayyib Ərdoğan seçkilərdən sonra ilk dövlət səfərini Azərbaycana etdi. Eyni zamanda, cənab İlham Əliyev Türkiyə Prezidentinin   inauqurasiya mərasimində iştirak etdi. Bütün bu addımlar iki qardaş ölkənin münasibətlərinin təqdimatı, qardaşlığın əsl nümunəsidir. Qarşıdan gələn illərdə də Türkiyə və Azərbaycan regionda daha önəmli rol oynayacaq.” 
Qlobal Media Forumu Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzuna bir daha işıq saldı: “Ölkə Prezidenti İlham Əliyev Azərbaycanın sabitlik məkanı, birləşdirici aktor kimi möhkəmlənən mövqeyini əsaslı şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırdı. Vurğulandı ki, Azərbaycan rəqabət deyil, əməkdaşlıq məkanıdır. Rusiya və ABŞ silahlı qüvvələrinin yüksək nümayəndələri, ordu qərargahlarının komandanları, NATO komandanları görüşlər üçün hər zaman Bakını seçiblər. Bu, ölkəmizə etimadın, etibarın göstəricisidir. Belə görüşlər dəfələrlə keçirilib. Bu da onu göstərir ki, Azərbaycan maraqları birləşdirən ölkədir.”
Prezident İlham Əliyev regionun perspektivlərindən bəhs edərək, diqqəti Azərbaycanın Ermənistanla münasibətlərdə yeni səhifənin açılması, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi məqsədilə sülh müqaviləsinin imzalanması təklifinə yönəltdi. Bir daha bu reallıq qeyd edildi ki,  əslində regional inkişaf, əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır.
 “Böyük Qayıdış proqramı çərçivəsində görülən işlərdən geniş bəhs edildi.  Belə ki, ölkə başçısı 30-dan çox şəhər və kəndin Baş planının təsdiqləndiyini, həm Qarabağ, həm Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox insanın qayıdacağını bildirdi. Təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur. Cənab İlham Əliyev həyata keçirilən hər bir layihənin onda böyük qürur, xoşbəxtlik hissi yaratdığını belə ifadə etdi: “Xoşbəxtlik nədir, bir çoxları özünə sual verir. Amma hər dəfə bu inkişafı görəndə mən özümə deyirəm, yəqin ki, xoşbəxtlik, bax, budur.” 
Azərbaycan hər bir sahədə zəngin, təkmil təcrübəsi ilə dünyanın diqqətindədir: “Tarixi Zəfərimizdən dərhal sonra başlanan bərpa-quruculuq işləri Azərbaycanın təkmil dirçəliş modelinin təqdimatıdır. Qısa zamanda görülən işlər dövlətimizin qətiyyətinin, malik olduğu iqtisadi imkanların göstəricisidir. Tezliklə Böyük Qayıdış proqramının tam şəkildə uğurla başa çatdırılması ilə Azərbaycanın həyatında yeni mərhələ başlayacaq. Azərbaycan daim  dinamik inkişaf nümunəsi ortaya qoyur. Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq Media Forumunun qlobal miqyas alması bütün bu realllıqların təbliğində əhəmiyyətli rol oynayacaq. 49 ölkəni təmsil edən 150 nümayəndənin hər biri bu reallıqların təbliğatçısı olacaq”.

                            “Azərbaycan Avropanın əhəmiyyətli qaz tədarükçüsünə çevrilib”
Prezident İlham Əliyevin üç saata yaxın yerli və xarici media nümayəndələrinin suallarını cavablandırarkən Azərbaycanın, regionun gələcəyi, həmçinin dəyişən dünyada baş verən hadisələrlə bağlı söylədiyi fikirlər ölkə və dünya mətbuatında geniş şərh olunmaqdadır. Prezident İlham Əliyevin çıxışının mahiyyətində daha çox gələcəklə bağlı hədəflər öz əksini tapıb. Dövlət başçısı Azərbaycanın gələcəyi ilə bağlı fikirlərini belə ifadə etdi ki, prinsip etibarilə strateji inkişaf istiqamətləri bir çox illər bundan əvvəl müəyyən edilib. Yeganə məqam odur ki, həyat öz dəyişikliklərini əlavə edir və dəyişən reallıqları planlarımıza inteqrasiya etməli oluruq. İşğal altındakı ərazilərin azad olunmasından sonra sosial-iqtisadi məsələlər ön planda dayanır. Çünki Azərbaycanda siyasi proseslər düzgün istiqamətdə gedir. Cəmiyyətdə gələcəyimizin əsas məsələləri üzrə həmrəylik var. Birinci planda, dayanıqlı inkişaf məsələləri dayanır. İstənilən şəraitdə və vəziyyətdə iqtisadiyyatın dayanıqlı olmasını təmin etməliyik. Valyuta ehtiyatlarımızı artırırıq, idarəetmə sistemini təkmilləşdiririk. Bütün bunlar əlavə imkanlar qazandırır.
Hazırkı dövrün əsas çağırışı olan Ermənistanla münasibətlərin tənzimlənməsinə gəldikdə isə dövlət başçısı bildirib ki, sülh müqaviləsinin imzalanmasına nail olsaq, Cənubi Qafqazda vəziyyət sağlamlaşacaq və bu bölgə yüksək risk zonasından çıxmış olacaq. İnvestorlar, ilk növbədə, potensial və mümkün riskləri nəzərə alırlar. Ermənistanla münasibətlərin tənzimlənməsi bu sualı gündəmdən çıxaracaq. Münasibətlərin normallaşması həm Azərbaycan, həm də Ermənistan iqtisadiyyatı üçün daha genişmiqyaslı planların gerçəkləşdirilməsinə imkan verəcək. Təbii ki, burada Qarabağın və Şərqi Zəngəzurun malik olduğu potensial da nəzərdə tutulur. Hazırda bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasının prioritetliyini nəzərə alsaq, işğaldan azad edilmiş ərazilərimizin bu sahədə zəngin potensiala malik olduğu inkaredilməzdir.
Prezident İlham Əliyev Şuşada keçirilən Media Forumunda çıxışı zamanı deyib ki, Azərbaycan qazının tədarük coğrafiyası genişlənir. O, 2023-cü ilin sonuna kimi daha iki Avropa ölkəsinin idxalçılar siyahısına qoşulacağına ümid etdiyini bildirib. Türkmənistan Avropa İttifaqı ilə əməkdaşlığa qərar verərsə və Transxəzər boru kəmərinin tikintisi ilə bağlı razılığa gələrsə, bu siyahı daha da genişlənə bilər. Azərbaycan qazı da Şərqə - Pakistana gedəcək. İslamabad və Bakı arasında saziş imzalanacaq.
Bakı və İslamabad Azərbaycanın mayeləşdirilmiş təbii qazının (LNG) ilk dəfə Pakistana gedəcəyi tarixi hadisəni qeyd edir. Prezident İlham Əliyev və Pakistanın Baş naziri Şahbaz Şərif arasında ilkin razılaşmaya əsasən, çatdırılmalar hər ay tankerlər tərəfindən güzəştli qiymətlərlə həyata keçiriləcək. İyunun əvvəlində Şahbaz Şərif Bakıda səfərdə olub. Pakistanın neft və qaz naziri Musadiq Malik Pakistan mətbuatına bildirib ki, İslamabad Azərbaycandan 12 LNG tankeri alacaq. Bu, qış mövsümündə ölkədə qaz qıtlığı probleminin həllinə kömək edəcək.
Azərbaycan 2023-cü ildə 24,5 milyard kubmetr ixrac etməyi planlaşdırır ki, bunun da 12 milyard kubmetri Avropaya çatdırılacaqü. Macarıstan və Slovakiya Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Rumıniya kimi Azərbaycan qazının artıq daimi alıcılarına əlavə olunacaq. Albaniya ilə də danışıqlar aparılır. “Azərbaycan bu ölkənin 700 milyon kubmetr qaza olan tələbatını tam ödəməyə hazırdır. Lakin Albaniyada yerli qaz paylama sisteminin olmaması səbəbindən çətinlik var. Hazırda onun tikintisinin mümkünlüyü məsələsi müzakirə olunur.
Qeyd edək  ki, Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi və TANAP (Trans-Adriatik Boru Kəməri) vasitəsilə Avropaya nəql olunur. Prezident İlham Əliyev Avropa ölkələrində qaz hasilatını və satışını artırmaq üçün TANAP-ın genişləndirilməsi planlarını açıqlayıb. Bundan əvvəl o, həmçinin qeyd edib ki, Azərbaycanın Avropaya qaz tədarükünü 2027-ci ilə qədər ən azı 20 milyard kubmetrə çatdırmaq potensialı var. İlham Əliyev Budapeştdə Macarıstanın Baş naziri Viktor Orbanla görüşündə Azərbaycanın ən azı 100 il Avropa üçün etibarlı qaz tərəfdaşı olaraq qala biləcəyi fikrini bildirib, bunun üçün lazımi resurslar və siyasi iradə var.
Prezident İlham Əliyev vurğulayıb ki, “Trans-Əfqan kəmərinin tikintisinin təşəbbüskarı olmaq və ona sərmayə qoymaq bizim işimiz deyil”. Azərbaycan rəhbəri qeyd edib ki, təşəbbüs ilk növbədə qaz tədarükçüsü olan ölkədən, yəni Türkmənistandan gəlməlidir. “Xəzər dənizinin şərq sahilindən əlavə qaz həcmlərini təmin etmək üçün, birincisi, Transxəzər qaz kəmərini onun dibi ilə çəkmək, ikincisi, Bakıdan Avropaya doğru uzanacaq “Cənub Qaz Dəhlizi”ni inşa etmək lazımdır”, deyə Prezident planı açıqlayıb. Dövlət başçısının sözlərinə görə, əsas məsələ bu mühüm layihələrin maliyyələşdirilməsidir.
Beləliklə, Türkmənistanın öz karbohidrogenlərini Avropa bazarına çatdırmaqda maraqlı olmasına baxmayaraq, onların uğurla həyata keçirilməsi üçün layihənin maliyyələşdirilməsi kimi bəzi maneələr aradan qaldırılmalıdır. İlham Əliyev onu da qeyd edib ki, hazırda Avropa bankları mədən layihələrini maliyyələşdirməyə hazır deyil və Transxəzər layihəsi üçün vəsait toplamaq ciddi çətinlik yaradacaq. Azərbaycan keçmişdə “Cənub Qaz Dəhlizi” layihəsini həyata keçirərkən müxtəlif qurumlardan, o cümlədən Avropa İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumlardan vəsait cəlb edib. Lakin hazırda bu iki Avropa qurumu belə layihələri maliyyələşdirmir, əksinə, maliyyələrini yaşıl enerji sahəsində layihələrə yönəldirlər.
Türkmən qazının Avropaya nəqli məsələsi həddən artıq siyasiləşib, əslində bu, siyasətdən çox kommersiya məsələsidir. Türkmənistanla Avropa Komissiyası arasında türkmən qazının tədarükü ilə bağlı danışıqlar aparılır və kommersiya strukturları bu danışıqlarda iştirak etmir. Bu səbəbdən Transxəzər qaz kəmərinin hansı xarakter daşıyacağını təsəvvür etmək çətindir. Türkmənistan qazının kimin, hansı həcmdə və nə qədər müddətə alıcı olacağını anlamaq vacibdir ki, Azərbaycan Cənub Dəhlizinə çıxışı təmin edə bilsin. Konsorsium olmadığı üçün layihənin həyata keçirilməsindən danışmaq hələ tezdir. Brüssel və Aşqabad mövcud kommersiya imkanlarını nəzərə alaraq qarşılıqlı istək ifadə etsələr, o zaman Türkmənistan qazının Avropaya nəqli reallığa çevrilə bilər.

                           “Siz mənim gündəlik işimdə mənə yardımçı olursunuz…”
Şuşa Qlobal Media Forumda Prezident İlham Əliyevin media nümayəndələrinə təəssüratları barədə dediyi fikirlər də maraqlıdır: “Mən sizə deyə bilərəm ki, ölkəmizin həyatı ilə bağlı bir çox mühüm məsələləri sosial mediadan öyrənirəm. Media ilə təmaslarımda həmişə deyirdim ki, siz mənim gündəlik işimdə mənə yardımçı olursunuz. Çünki hər bir prezidentin bir-birinə bənzər fəaliyyəti var. Xüsusilə də Azərbaycan kimi ölkədə insan 24 saat işləməlidir və istənilən xəbərə, yaxşı və ya pis xəbərə hazır olmalıdır. Eyni zamanda, fəaliyyətin miqyası o qədər böyükdür ki, bəzən bir də görürsünüz, cəmiyyətin nəbzini müəyyən qədər hiss etməmək olur. Çünki cəmiyyətin nəbzini hər zaman hiss etmək lazımdır. Mən ölkədə səyahət edirəm, insanlarla görüşürəm və təbii ki, sosial mediadan istifadə edirəm. Azərbaycanda baş verən bir çox hadisələr və mənə məruzə edilməmiş bəzi hadisələr, istər bürokratik maneələr və ya bilərəkdən mənə məruzə edilməyən müəyyən məsələlər olubdur və ya mən digər məsələlərlə məşğul olmuşam, hətta mənim nəvələrim mənə müəyyən məlumatları verirlər. Övladlarım sosial mediada gördüklərini mənə deyirlər və mən özüm də sosial medianı izləyirəm. O, mənə çox yardımçı olur. Bəzi məsələlər var ki, məni də müəyyən dərəcədə qıcıqlandırır. Ölkəmizdə ədalətsizlik, bürokratiya, pis idarəçilik və ya digər mənfi hallar, əlbəttə ki, bizim həmvətənlərimiz, hər bir vətəndaş kimi məni də qıcıqlandırır. Ona görə də mənim kommunikasiya kanallarım fərqlidir, müxtəlifdir. Postmüharibə dövrünü və hazırkı vəziyyəti nəzərə alsaq, təhlükəsizlik məsələləri, sülh prosesi, enerji diplomatiyası, qlobal təhlükəsizlik və Azərbaycanın inkişafı mənim gündəlik fəaliyyətimin böyük hissəsini, əsasını təşkil edir. Ona görə də belə bir şəraitdə müəyyən məsələlər mənim diqqətimdən yayına bilər. Həm sosial media, həm ənənəvi KİV-lər mənə kömək edir ki, məsələlərdən xəbərdar olum və ona dərhal reaksiya verim. Sizə deyə bilərəm ki, bir çox hallarda müəyyən dövlət məmurlarının reaksiyası verilir, hətta bir ağacın belə kəsilməsi, - mən onu mediadan bilmişəm, - o, məmurlarda da intizam yaradır…”.

Azərbaycan Qarabağ Zəfəri ilə dünyada yeni bir tarix   yazdığı kimi, informasiya sahəsində də bu tarixi yazmağı bacardı. Üç gündür dünyanın diqqət mərkəzində olan qlobal media form Azərbaycandan dünyaya bir çox informasiyalar ötürdü.

                        Prezident İlham Əliyevin Şuşa mesajları dünya mediasında geniş əks-səda doğurub.
Azərbaycan Prezidenti İlham Əliyevin “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumundakı çıxışı dünya mediasının diqqət mərkəzindədir.
 ABŞ-ın “The Associated Press” agentliyi və “New York Insider” xəbər portalı Şuşa Qlobal Media Forumunun keçirilməsinin əsas məqsədi, Prezident İlham Əliyevin tədbirdəki çıxışının əsas məqamları ilə bağlı yazılar dərc edib. Məqalələrdə bildirilib ki, Forum 4-cü Sənaye İnqilabının media sənayesinə transformativ təsirini araşdırmaq üçün dünyanın hər yerindən media mütəxəssislərini, hökumət rəsmilərini, vətəndaş cəmiyyəti nümayəndələrini və ekspertləri bir araya gətirib.
Xəbərlərdə diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Forumdakı çıxışında əsas mövzuları, o cümlədən yeni media sahəsində irəliləyişləri və Azərbaycanın regionda strateji əhəmiyyətini vurğulayaraq deyib: “Qabaqcıl texnologiyaların və rəqəmsallaşmanın geniş şəkildə tətbiqi ilə media mənzərəsi sürətlə inkişaf edir. Bu, həm yerli, həm də beynəlxalq media orqanları tərəfindən biznes modellərinin yenidən təsəvvür edilməsinə təkan verir. Azərbaycanda davam edən media islahatları medianın müasir standartlara uyğunlaşdırılmasına və qlobal tələblərə cavab verən kreativ ideyaların təşviqinə yol açıb”.
Birləşmiş Krallığın “Daily Trends” qəzetinin dərc etdiyi “Şuşa Qlobal Media Forumu: Dünyanın media liderləri arasında ilhamverici birlik” sərlövhəli xəbərdə bildirilib ki, tədbirin məqsədi qlobal media meyillərini təhlil etmək, milli imkanları gücləndirmək, beynəlxalq əməkdaşlığı inkişaf etdirmək və media sektorunda dördüncü sənaye inqilabi dövründə təqdim olunan çağırışları və imkanları araşdırmaqdır. Xəbərdə Prezident İlham Əliyevin əsas mövzularla, o cümlədən yeni media sahəsində irəliləyişlər və Azərbaycanın regionda strateji əhəmiyyəti ilə bağlı fikirləri yer alıb.
Rumıniyanın nüfuzlu KİV-ləri, “AGERPRES” milli xəbər agentliyi, “Ziare Live”, “Agerpres”, “news24hours” xəbər portallarında, “Ultima ora” qəzetində Azərbaycan Prezidenti İlham Əliyevin Forumda çıxışından əsas məqamlar dərc olunub. Məqalələrdə diqqətə çatdırılıb ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən Forum çərçivəsində Prezident İlham Əliyev 49 ölkədən 120 media qurumunu təmsil edən qonaqlarla görüşüb. Azərbaycan Prezidenti Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsinin, davamlı sülhə nail olunmasının və təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıb.
Xəbərdə nəzərə çatdırılıb ki, tədbir iştirakçıları ilə görüşdə çıxış edən Azərbaycan Prezidenti ölkədə kütləvi informasiya vasitələrinin müstəqilliyinin cəmiyyətin inkişafı üçün ən vacib şərtlərdən biri olduğunu söyləyib. Media orqanları dövlətimizin başçısının söylədiyi “Ölkə daxilində heç bir təhlükə yoxdur, ölkədə sabitlik hökm sürür, cəmiyyətdə həmrəylik səviyyəsi həmişəkindən yüksəkdir, ölkənin iqtisadi inkişafı heyranedici şəkildə gedir. Azərbaycan iqtisadiyyatı özünü təmin edir. Biz öz resurslarımız hesabına özümüzü təmin edirik və yaxşı idarəetmə həyata keçiririk” fikirlərini ön plana çıxarıblar.
Pakistanın “DND” xəbər portalı da Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi mühüm məqamlara diqqət çəkib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Şuşada xarici KİV nümayəndələri ilə üç saatdan çox davam edən səmimi söhbətində onun rəhbərliyi altında Azərbaycana müstəsna iqtisadi yüksəliş, diqqətəlayiq ictimai-siyasi sabitlik, nümunəvi müdafiə və strateji uğurlar gətirən siyasi, inzibati və xarici siyasət fəlsəfəsini bölüşüb.
Albaniyanın “Agjencia Telegrafike Shqiptare” nəşrinin yaydığı xəbərdə Prezident İlham Əliyevin Forumda İkinci Qarabağ müharibəsindən sonrakı vəziyyətlə bağlı səsləndirdiyi fikirlər yer alıb. Xəbərdə diqqətə çatdırılıb ki, Prezident İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycanın və Türkiyənin münasibətlərinin rəsmiləşməsi, məşhur Şuşa Bəyannaməsindən bəhs edib. Azərbaycan dövlətinin başçısının Prezident Rəcəb Tayyib Ərdoğanla şəxsi dostluğu ilə bağlı fikirləri də diqqətə çatdırılıb: “Prezident Ərdoğanla şəxsi dostluğumuz, məncə, artıq təkcə regionda deyil, dünyada tanınır. Bu, həqiqətən də regional inkişafın və sabitliyin mühüm amilidir”.
Şuşa Qlobal Media Forumu ilə xəbərlər Rusiya mediasının da diqqət mərkəzindədir. Bu ölkənin rəsmi TASS agentliyi, habelə “Vestnik Kavkaza” xəbər portalı Prezident İlham Əliyevin Rusiya-Azərbaycan münasibətləri, Azərbaycanın Moskva ilə Vaşinqton arasında münasibətlərin bərpası üzrə danışıqlar məkanı ola biləcəyi barədə fikirləri yer alıb. Qeyd olunub ki, dövlət başçısı Moskva ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu, həmçinin konkret nəticələrə əsaslandığını bildirib.
Gürcüstanın “1tv.ge” saytı da Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan arasında Qara dənizdə strateji əhəmiyyətə malik sualtı elektrik kabelinin çəkilməsi haqqında imzalanmış sazişin uğurla həyata keçirilməsi, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, cənubi Qafqazın regional inkişafı ilə bağlı fikirlərinə xüsusi yer verilib.
Hindistanın “BusinessLand” xəbər portalının yayımladığı materialda Prezident İlham Əliyev üç saatlıq iclasda sualları cavablandırarkən Qarabağ Zəfəri və postmüharibə dövrü ilə bağlı fikirlərinə xüsusi yer verilib. Sayt işğaldan azad olunmuş ərazilər və müharibə məsələlərinə toxunan Prezident İlham Əliyevin aşağıdakı fikirlərini oxucularının diqqətinə çatdırıb: “İkinci Qarabağ müharibəsi başa çatandan bu günədək təxminən üç il keçib, biz getdikcə daha çox sayda birbaşa bəyanatlar eşidirik ki, Qarabağ Azərbaycanın ərazisidir. İşğal dövründə belə bəyanatlar olsaydı, çox güman ki, İkinci Qarabağ müharibəsi başlamazdı. Təəssüf ki, uzun illər - 28 il ərzində Minsk qrupu çərçivəsində gedən danışıqlar heç bir nəticə vermədi. Ümumiyyətlə, həll üçün hər hansı düstur ortaya qoyulmadı”.
Şuşa Qlobal Media Forumu Moldova mətbuatının da gündəmində yer alıb. Belə ki, “Noi.md” və “Yam News” saytlarında yer alan yazılarda Prezident İlham Əliyevin regional inkişafın Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılı olması barədə fikrinə yer verilib: “Biz Cənubi Qafqazda vəziyyəti sabitləşdirməliyik, dayanıqlı sülhə nail olmalıyıq, gələcək üçün təhlükəsizlik təmin edilməlidir. Həm qlobal məsələlərdə və xüsusilə bizim regionda Türkiyənin rolu çox önəmli və vacibdir, o, sabitləşdirici rol oynayır. Türkiyənin siyasəti regional təhlükəsizliyi və regional inkişafı təmin etməkdir və o rol həm Azərbaycanda, həm onun hüdudlarından kənarda çox yüksək qiymətləndirilir”.
Özbəkistanın “Daryo” xəbər portalında Azərbaycan Prezidentinin Cənubi Qafqazın inkişafı üçün mühüm əhəmiyyət kəsb edən amillərlə bağlı fikirləri dərc edilib. Bu baxımdan dövlət başçısının Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olması barədə fikri xüsusi vurğulanıb.
Misirin MENA xəbər agentliyinin saytında və nüfuzlu “Əl Əhram” qəzetində “Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərin inkişafının prioritet məsələ olduğunu bildirib” sərlövhəli məqalə dərc edilib. Yazıda diqqətə çatdırılıb ki, Şuşa Qlobal Media Forumunda iştirak edən dünyanın müxtəlif ölkələrindən gəlmiş jurnalistlərin suallarını cavablandıran Azərbaycanın dövlət başçısı uzun illər işğaldan əziyyət çəkən ölkəsinin sülhə və inkişafa nail olmaq istədiyini bildirib.
Məqalədə qeyd olunub ki, Misirin MENA agentliyinin müxbiri Məcid Şalkinin mina təhlükəsizliyi ilə bağlı sualını cavablandıran Prezident İlham Əliyev müharibə bitəndən sonra minaların azad olunmuş ərazilərdə üç yüzdən artıq insanın həyatına son qoyduğunu və ya onları ağır şəkildə yaraladığını deyib. O vurğulayıb ki, bu, müharibə cinayətidir və həmin minaların xəritəsini təqdim etməyən Ermənistan Azərbaycana qarşı terroru davam etdirir.
“Belbaladi” və “Əl Hərir” informasiya portallarında dərc olunan materiallarda qeyd edilib ki, Forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev medianın insanların maarifləndirilməsi və onların problemlərinin həllində mühüm rol oynadığını söyləyib. Azərbaycanın dövlət başçısı, həmçinin ənənəvi media ilə yanaşı, sosial medianın da mühüm rolunu qeyd edib.
Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Qlobal Media Forumunda mühüm qlobal və regional məsələlərə toxunub. Prezident Türkiyənin İkinci Qarabağ müharibəsində Azərbaycanın yanında olması, rəsmi Bakının Moskva ilə münasibətləri, Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi, müharibədə qazanılmış Qələbədən sonra regionda yaranmış yeni reallıqlar, Ermənistanın mina terroru və sülh prosesi kimi məsələlərdən bəhs edib. Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistan Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina etsə, sülh sazişinin bu ilin sonuna qədər imzalanması mümkündür. Lakin bu, olmasa, o halda sülh olmayacaq. Bu isə bölgə üçün yaxşı ssenari deyil, sabitlik, təhlükəsizlik bəxş etməyəcək. Eyni zamanda, çox həssas geosiyasi vəziyyəti nəzərə alaraq gələcəkdə də çətinliklər yaradacaq.
Kanadanın “Digital Journal”, Fransanın “France11”, İspaniyanın “Informe Espana”, Belarusiyanın “SB-BY” eləcə də digər xarici KİV-lərdə də yayımlanan materiallarda qeyd edilib ki, Şuşa Qlobal Media Forumunda mühüm qlobal və regional məsələlərə toxunub. Xəbərlərdə 49 ölkədən 200-dək xarici qonağın qatıldığı Şuşa Qlobal Media Forumunun əhəmiyyəti qeyd olunub, bu mötəbər tədbirin açılış mərasimində Azərbaycan Prezidentinin iştirakı və dövlətimizin başçısının fikirləri diqqət mərkəzində saxlanılıb.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff