booked.net

Şamaxıda Üzüm və Şərab Festivalı davam edir


Şamaxı rayonunun Meysəri kəndində ənənəvi Üzüm və Şərab Festivalı keçirilir.
Şamaxı Rayon İcra Hakimiyyəti, “Abqora” restoranı və “Nəsimi bağları” kompleksinin təşkilatçılığı ilə keçirilən festival Şamaxının qədim üzümçülük və şərabçılıq ənənələrinin təbliği, rayonun turizm potensialının tanıdılması və yerli istehsalın təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
Festivalın açılış mərasimində çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bildirib ki, bu günlər Şamaxı üçün bir sıra əlamətdar hadisələrlə yadda qalır. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şamaxıya səfəri çərçivəsində rayonun turizm və mədəniyyət potensialının inkişafına xidmət edən bir sıra mühüm obyektlərin, o cümlədən otellərin, istirahət mərkəzlərinin, yaradıcılıq və mədəniyyət məkanlarının açılışı keçirilib.
İcra başçısı vurğulayıb ki, Şamaxıda həyata keçirilən inkişaf layihələri rayon sakinləri ilə yanaşı, bölgəyə səfər edən yerli və xarici qonaqlar üçün də yeni imkanlar yaradır.
Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ənənəyə çevrilən Üzüm və Şərab Festivalının Şamaxının zəngin üzümçülük və şərabçılıq irsinin tanıdılmasına, rayonun turizm cəlbediciliyinin artırılmasına və yerli iqtisadi fəallığın genişləndirilməsinə töhfə verdiyini bildirib.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında festivalın Azərbaycanda üzümçülük və şərabçılığın inkişafına, şərab mədəniyyətinin formalaşmasına və yerli şərab məhsullarının tanıdılmasına xidmət etdiyini qeyd edib.
Nazir Azərbaycanın üzümçülük və şərabçılıq sahəsində qədim ənənələrə malik olduğunu vurğulayaraq, dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və dəstək nəticəsində son illərdə mühüm inkişaf proseslərinin baş verdiyini bildirib.
Məcnun Məmmədov üzümçülərin əməyinə xüsusi diqqət çəkərək yüksək keyfiyyətli üzümün yetişdirilməsi, məhsulun emal müəssisələrinə çatdırılması və şərab istehsalı prosesində fermerlərin mühüm rol oynadığını qeyd edib. O, keyfiyyətli şərabların hazırlanmasında çalışan şərabçı və texnoloqların əməyini də yüksək qiymətləndirib.
Festival iştirakçıları Azərbaycanın qədim üzümçülük və şərabçılıq ənənələri, eləcə də Şamaxının turizm imkanları ilə tanış olublar. Meysəri kəndində yerləşən “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində keçirilən festivalda müxtəlif istehsalçılar öz məhsullarını təqdim ediblər.
Festival çərçivəsində müxtəlif yaş qrupları üçün əyləncəli proqramlar, müsabiqələr və viktorinalar təşkil olunub. Qonaqlar gün ərzində müxtəlif interaktiv fəaliyyətlərdə iştirak ediblər.
Festivalın balaca qonaqları üçün də xüsusi əyləncə proqramı hazırlanıb. Uşaq zonasında interaktiv oyunlar keçirilib, animatorların iştirakı ilə müxtəlif əyləncəli proqramlar təqdim olunub.
Festivalın axşam proqramında isə tanınmış müğənnilərin iştirakı ilə konsert və şou proqramı nümayiş etdirilib.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff