Prezident İlham Əliyev: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər.
26 avqust – azad, abad Laçının Şəhəri Günüdür. Belə ki, Laçın şəhəri günü Prezident İlham Əliyevin ötən ay imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində təntənəli şəkildə qeyd edilir. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində ötən ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır.
Prezident İlham Əliyevin ötən ilin bu günü paylaşdığı mətndə deyilir: "Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!".
Beləliklə, avqustun 26-da Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Artıq bir ildir ki, Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı dalğalanır.
"AZƏRBAYCAN RESPUBLIKASININ İŞĞALDAN AZAD EDİLMIŞ ƏRAZİLƏRİNƏ BÖYÜK QAYIDIŞA DAIR I DÖVLƏT PROQRAMI" ÜZRƏ LAÇIN RAYONUNDA ÇOXSAYLI LAYİHƏLƏRIN HƏYATA KEÇIRILMƏSI NƏZƏRDƏ TUTULUB.
Avqustun 26-da Prezident İlham Əliyev "Laçın Şəhəri Günü" ilə əlaqədar keçirilən bayram tədbirində çıxışı zamanı söyləyib ki, istər bu gün, istərsə də 44 gün davm edən müharibədə sübut etmişik ki, bizim iradəmizə heç kim təsir edə bilməz: "Bütün dünyaya sübut etmişik ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Bunu biz müharibə dövründə göstərmişik, 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərmişik".
Bizə qarşı aparılan kampaniyanın, çirkin təbliğatın iradəmizə təsir edə, bizi yolumuzdan döndərə bilməyəcəyini xatırladan dövlətimizin başçısı vurğulayıb: "Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə. Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, o qədər də Ermənistan üçün yaxşı olacaq və bölgə üçün yaxşı olacaq".
Bəli, bu qələbə, bu uğur güclü ordumuzun və mərd və əyilməz xalqımızın birliyi, gücü nəticəsində əldə olunub. Çünki Azərbaycan xalqı Liderinə inanır və 30 il davam edən torpaq həsrətinə məhz xalqımızın inandığı Qaolib Lider, Ali Baş Komandan Prezident İlham Əliyev "Dəmir Yumruq" siyasəti ilə Güclü Ordumuzun qəhrəman əsgər və zabitlərinin igidliyi ilə düz 44 gündə son qoydu. Çünki Prezident İlham Əliyev nəyi, nə vaxt və necə etməyi özü bilir və yüksək tribunalardan, müsahibələrində, görüşlərində dəfələrlə vurğulayıb ki, nəyi, nə vaxt və necə etməyi özü bili: "Mən nəyi, nə vaxt və necə etməyi özüm bilirəm".
"Xatırlayıram, 50 yaşım tamam olanda mən laçınlılarla Qarabağda, Qarabağın Ağcabədi rayonunda, Taxtakörpü qəsəbəsində görüşmüşdüm və demişdim ki, torpaqlarımız azad olunandan sonra sizin üçün Laçında daha gözəl şərait yaradacağıq və belə də oldu". Bu sözləri Prezident İlham Əliyev "Laçın Şəhəri Günü" ilə əlaqədar keçirilən bayram tədbirində çıxışı zamanı söyləyib.
Əlli yaşını Ağcabədidə, 60 yaşını Şuşada, Cıdır düzündə qeyd etdiyini xatırladan dövlətimizin başçısı bildirib: "Bu gün də Laçın Şəhəri Günündə sizinlə birlikdə bu bayram tədbirlərində iştirak edirəm. Bu böyük xoşbəxtlikdir, mənim üçün, sizin üçün, hər birimiz üçün. Biz xoşbəxt günləri yaşayırıq və əminəm ki, xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır. Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük, dirçələn torpaqları görürük".
Əlbətdə ki, bu gün istər işğaldan azad olunmuş torpaqlarımıhda, istərsə də regionlarımızda görülən işlər, hər bir azərbaycanlının Prezidenti olduğunu, sözü ilə əməlinin üst-üstə düşməsinin məntiqi sübutudur. "Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz",-deyən Azərbaycan Prezidenti İlham Əliyev hər dəfə işğaldan azad olunmuş torpaqlara səfərləri bir daha göstərir ki, işğaldan azad olunmuş əraziləri qısa zaman kəsiyində bərpa etməsi üçün önündəki yeganə maneə zamandır. Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz.
Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" üzrə Laçın rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Bütün bunlar onu göstərir ki, doğma Laçınımız tezliklə öz əvvəlki şöhrətini bərpa edəcək və yenə də cənnət məkana çevriləcəkdir.
Bu gün artıq Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində həyata keçirilən işlər və tədbirlər, atılan addımlar Qarabağın cənnətə çevirilməsinə hədəflənmişdir. Prezident İlham Əliyev Həkəri çayının sahilində keçirilən "Laçın Şəhəri Günü" bayram tədbirində çıxışı zamanı deyib: "Köhnədən qalan, işğaldan əvvəlki dövrə aid olan bir neçə yöndəmsiz bina mövcud idi. Bildiyiniz kimi, burada Ermənistan dövləti hərbi cinayət törədərək qanunsuz məskunlaşma aparırdı. Xüsusilə xarici ölkələrdən, Yaxın Şərqdən erməniləri buraya dəvət edib onları bizim, azərbaycanlıların evlərində yerləşdirmişdi. Bu, bir daha demək istəyirəm ki, hərbi cinayətdir. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, Ermənistanın havadarları buna göz yumurdular. Bu, onlar üçün məqbul idi. Çünki Ermənistan dövləti kimi, Ermənistanın xaricdəki havadarları da hesab edirdilər ki, bu torpaqlar əbədi işğal altında qalmalıdır. Bizim iradəmiz, bizim gücümüz, bizim yumruğumuz onların da başına dəydi. Çünki bizim torpağımızda ikinci Ermənistan, ikinci erməni dövlətinin yaradılması təkcə Ermənistan rəhbərliyinin məhsulu deyildi".
Prezident İlham Əliyev "Laçın Şəhəri Günü" bayram tədbirində çıxışı zamanı onu da bildirib ki, İkinci Qarabağ müharibəsi nəticəsində dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi, ancaq Laçın şəhəri və iki kənd – Zabux və Sus kəndləri bizim nəzarətimizdə deyildi: "Ona görə ki, keçmiş Laçın dəhlizi bu şəhərdən, bu kəndlərdən keçirdi. Biz qısa müddət ərzində yeni yol çəkərək həm Laçına, həm də Zabux və Sus kəndlərinə qayıtdıq və bu gün səhər zabuxlularla mənim görüşüm olub. Onlar dünən axşam uzun fasilədən sonra – 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Laçınlılar isə mayın 28-dən etibarən artıq buradadırlar. Mayın 28-də - Müstəqillik Günündə mən birinci qrup laçınlılara onların evlərinin açarlarını təqdim etdim və beləliklə, Laçının dirçəliş dövrü başlamışdır. O vaxtdan bu günə qədər 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşmış və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Yəni, bu ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm kənd sakini Laçında yaşayacaq. Bu, böyük xoşbəxtlikdir".
Bəli, bu gün Prezident İlham Əliyevin siyasəti nəticəsində azad Laçın yeni inkişaf mərhələsinə qədəm qoyur, sakinlərini öz ata-baba yurdlarında xoş və firavan həyat gözləyir. Laçın ərazisində tikilməkdə olan beynəlxalq hava limanı xüsusilə böyük əhəmiyyət daşıyır. Cənab Prezident, həmçinin laçınlılara xoş müjdə də verdi. Belə ki, minlərlə insan bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq. Bu, onu göstərir ki, laçınlıların öz yurdlarında xoşbəxt həyatı o qədər də uzaqda deyil.
Yenidənqurma və bərpa işlərini Azərbaycan özü təkbaşına, heç bir beynəlxalq təşkilatın və ya dövlətin köməyi olmadan yerinə yetirir. Heç bir maliyyə yardımı almadan, daxili imkanları hesabına, öz gücü ilə hər şeyi edir. Onun sözlərinə görə, həyata keçirilən yenidənqurma və bərpa işlərini Azərbaycan özü təkbaşına yerinə yetirir. Heç bir maliyyə yardımı almadan, daxili imkanları hesabına, öz gücü ilə hər şeyi edir. Bütün bu görülən işlər onu deməyə əsas verir ki, xalqımızın rifahı daha da yaxşılaşacaq, ölkəmizin qüdrəti yüksələrək Qarabağımız daha yenidən dirçələcək! .Və ötən bir il ərzində həm siyasi, həm də iqtisadı baxımdan mühüm nailiyyətlərə imza atan Azərbaycan Prezidenti İlham Əliyevin apardığı düzgün siyasət bir daha onu göstərir ki, "2023-cü il Heydər Əliyev ili" də Azərbaycanın yüksəlişində növbəti uğurlu dövr olacaq. Növbəti il üçün əsas maliyyə planı xalqımızın rifahının daha da yaxşılaşmasını və ölkəmizin qüdrətinin yüksəlməsini, Qarabağımızın yenidən dirçələcəyini və iqtisadi inkişafın davamlılığını təmin edəcək.
Prezident, Ali Baş Komandan İlham Əliyev çıxışlarında da dəfələrlə bildirmişdir ki, bu qələbə zamanında ordu sahəsində görülən işlərin nəticəsidir: "Ona görə biz güclü dövlət yaratmışıq, mən son illərdə dəfələrlə demişdim və bax, həyat mənim sözümü təsdiqlədi ki, bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır. Bizim hazırlıq işlərinin aparılmasında əsas amil xalq-iqtidar birliyi olmuşdur. Çünki bizim siyasətimiz xalq tərəfindən dəstəklənir, bizim siyasətimizə böyük inam var. Müharibə və onun nəticələri bir daha Azərbaycan xalqını əmin etdi ki, bu inamı bizə Azərbaycan xalqı bəxş etmişdir. Çünki nəyi demişiksə, onu da etmişik".
Dövlət başçısı çıxışlarında dəfələrlə vurğulayıb ki, biz cəsarət göstərdik, milli ruh nümayiş etdirdik və istədiyimizə nail olduq: "Bir daha demək istəyirəm ki, İkinci Qarabağ müharibəsi şanlı tarix kimi, şanlı qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazılıb. Azərbaycan bundan sonra müzəffər ölkə kimi yaşayacaq, Ermənistan bundan sonra məğlub edilmiş ölkə kimi yaşayacaq".
Bəli, sözü imzası qədər güclü olan lider, Ali Baş Komandan Prezident İlham Əliyev 44 gün davam edən İkinci Vətən müharibəsində nəyi, nə vaxt edəcəyini bildiyi üçün "Güclü ordu - güclü dövlət" strategiyasının və "dəmir yumruq" siyasətinin nəticəsində bu qələbə qazanıldı. Çünki dövlət başçımız iqtisadi sahədə əldə etdiyimiz gücü Ordumuzun müasir texnologiyalarla təchiz edilməsinə və peşəkarlığının artırılmasına yönəltdi. Hərbçilərin mənzil-məişət şəraiti yaxşılaşdırıldı, hərbçilərimiz beynəlxalq təlimlərə qatıldılar. Son 20 il ərzində Prezident İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə bəyan edirdi ki, Ermənistan Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinə ciddi səy göstərməsə, Azərbaycan torpaqlarını müharibə yolu ilə geri qaytaracaq. Və bunu da etdi. 2020-ci il sentyabrın 27-də başladığımız 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyev cənablarının "dəmir yumruğu" düşmənlərimizi acı və tarixi məğlubiyyətə düçar etdi.
Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Ermənistanın məğlubiyyəti haqqında kapitulyasiya aktıdır. Bu Bəyanatı imzalamaqla Dağlıq Qarabağ ifadəsi gündəmdən çıxdı və Azərbaycanda belə bir ərazi vahidi artıq mövcud deyil. Və bu gün qürurla bütün dünyada sözümüz keçərli, başımız ucadır. Bu, Müzəffər Azərbaycan ordusunun gücüdür, potensialıdır. Bir sözlə, Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunmaq üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi və güclü dövlət konsepsiyasını reallaşdırmağa nail oldu. Və mənfur düşmən də unutmamalıdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə, indi də atdığı düşünülmüş və sistematik addımlar Qarabağın qısa zaman kəsiyində dirçəldilməsinə istiqamətlənib.
TARİXİ QƏLƏBƏ GÜNLƏRİNİN ƏBƏDİLƏŞDİRİLMƏSİ
Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb. Azərbaycan Respublikasının ecazkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqaz dağları silsiləsində yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir və bədnam düşmənlə sərhəddə yerləşmək zamanla Laçının müsibətlər yaşamasına səbəb olmuşdur.Kiçik Qafqaz dağlarının qartalı - Laçın rayonu, zəngin faydalı qazıntılarla, o cümlədən 3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları, civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir.Birinci Qarabağ müharibəsində strateji əhəmiyyətə malik Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Bu dəhliz tarixi Zəngəzur torpaqlarından keçid kimi Dağlıq Qarabağı birləşdirirdi və düşmənə sonradan digər torpaqlarımızı da işğal etməyə imkan yaradırdı.
İşğalın nəticəsində rayonda dövlət və xüsusi mülkiyyətə ciddi zərər yetirilib. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib.Qarı düşmən Ermənistan işğalçı tərəf olaraq, Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevirməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub. Azərbaycan hökümətinin dəfələrlə etiraz etməsinə baxmayaraq işğal müddətində qarşı tərəf Livandan və Suriyadan gəlmələri tarixi Azərbaycan torpaqlarında məskunlaşdırmaqdan çəkinmirdi.Düşməni ilə münasibətdə belə öz insanpərvərliyini nümayiş etdirən Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı (https://e-qanun.az/framework/54767) ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub.
2020-ci il noyabrın 26-da “Laçının azad olunmasına görə” medalı təsis edilib və 5775 nəfər igid Azərbaycan oğlu bu fəxri ada layiq görülüb.Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabları 2021-ci ilin 14 fevral və 16 avqust tarixlərində Laçın rayonuna səfərləri olmuşdur. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş komandanı İlham Əliyev fevralın 14-də Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı.Erməni işğalından azad olunan digər Vətən parçalarımız kimi Laçın royuna da müasir formada yenidən qurulur və 30 illik həsrətdən bu yerlərin doğma sakinlərinə təhvil verilir.
- GENİŞMİQYASLI QURUCULUQ İŞLƏRİ:
• bütövlükdə Laçında 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır;
• cari ilin avqustun 25-də Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışı olub. Ümumilikdə 510 şagird yerlik məktəbin üçmərtəbəli binasının sahəsi 4550 kvadratmetrdir. Binada 24 yerlik doqquz, 18 yerlik beş və 12 yerlik dörd sinif otağı, 1 informatika, 1 texnologiya kabineti, 3 laboratoriya, 18 yerlik məktəbəhazırlıq otağı və 24 yerlik hərbi hazırlıq kabineti var. Həmçinin, Azərbaycan Prezidentinin Sərəncamı ilə Laçın rayonunun 176 şagird yerlik Zabux kənd tam orta məktəbi binasının layihələndirilməsi, əsaslı təmiri və bərpasına başlanılıb;
• cari ilin avqustun 25-də Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməli qoyulub. Laçının bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Ən müasir səviyyədə inşa olunacaq mehmanxanada rayona səfərə gələnlərin rahatlığı üçün hər cür şərait yaradılacaq. Mehmanxana kompleksi 100 otaqlı hotel binasından və 10 kottecdən, eləcə də kafe və restoranlardan, əyləncə və istirahət mərkəzlərindən ibarət olacaq. Hotel binasında 500 yerlik çoxfunksiyalı tədbir və iclas zalları da qonaqların istifadəsinə veriləcək;
• cari ilin avqustun 25-də Laçın rayonunda “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı olub. Qarabağın çoxşaxəli nadir yaradıcılıq məkanı layihəsi olan “Hoçazfilm” studiyası Laçın şəhərində iki inzibati binadan və bir çəkiliş pavilyonundan ibarətdir. Studiyanın adı Laçın rayonunun əsas rəmzlərindən sayılan Hoçaz qayalıqlarının adından götürülüb. Studiya Laçın başda olmaqla, ümumilikdə Qarabağ regionunun işğal və işğaldan sonrakı dövrlərinin salnaməsini yaratmaqda regional audiovizual mərkəz kimi fəaliyyət göstərəcək. Studiya çəkiliş məqsədilə regiona gələn yerli və xarici film istehsalçılarına bölgənin zəngin təbiəti, imkanları ilə bağlı bələdçilik və lokasiya xidmətləri göstərəcək, onları müvafiq avadanlıqla təmin edəcək. Studiya, həmçinin yerli və xarici media, dövlət təşkilatları, dövlət və özəl kinostudiyalar ilə əməkdaşlıq əsasında regiondan audiovizual kontent təqdim edəcək;
• Laçında bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir. Bu işlərdən biri də Laçın rayonunun sənaye zonasında yaradılan mebel fabrikidir. Müəssisədə yataq və qonaq otaqları dəstlərinin, qapıların və digər mebel məhsullarının istehsalı nəzərdə tutulub. Fabrikin illik istehsal gücü 3 min kubmetrdir. Burada Avropa ölkələrinin, Türkiyə və Çinin istehsalı olan avadanlıqlardan, Türkiyə və Rusiyadan alınan xammaldan istifadə olunacaq. İstehsal sahələrində ümumilikdə 100 nəfərin işlə təmin olunması nəzərdə tutulub. Prefabrik modul evlərin istehsalı müəssisəsində isə ildə 200 ev hazırlanacaq. Bu evlərin daş evlərdən üstünlüyü ondan ibarətdir ki, onlar zəlzələyə davamlı və yüksək dayanıqlılıqla yanaşı, ekoloji cəhətdən təmizdir. Həmçinin uzunömürlü və yanğına davamlı olan bu evlərin digər bir üstünlüyü isə qiymətinin daha sərfəli olmasıdır. Bu müəssisədə də 100 nəfər daimi işlə təmin olunub. Xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin illik istehsal gücü 17 min baş heyvan kəsiminə imkan verir. Bu müəssisədə 30 nəfər işlə təmin olunacaq;
• Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək.
MÜZƏFFƏR ALI BAŞ KOMANDAN İLHAM ƏLIYEVIN AZAD OLUNMUŞ LAÇINA SƏFƏRLƏRI:
14.02.2021:
• Güləbird kəndində Azərbaycan bayrağının ucaldılması;
• Su elektrik stansiyasının açılışı.
16.08.2021:
• Laçın Beynəlxalq Hava Limanının təməlqoyma mərasimi.
26.06.2022:
• Kəlbəcər-Laçın avtomobil yolunun inşası prosesi ilə tanışlıq;
• “Qorçu” elektrik yarımstansiyasında görülən işlərlə tanışlıq;
• “Həkəriçay” su anbarı layihəsi ilə tanışlıq;
• Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanışlıq.
21.09.2022:
• Kəlbəcər-Laçın avtomobil yolunda yeni inşa edilən tunellə tanışlıq;
• Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması;
• Laçın şəhərində inşa ediləcək “Laçın” qovşaq yarımstansiyasının təməlqoyma mərasimi.
28.05.2023:
• Laçın şəhərinin Baş planın təqdimatı;
• Laçın şəhərinə köçmüş sakinlərlə görüş.
25/26.08.2023:
• “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışı;
• Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanışlıq;
• Kəlbəcər–Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində görülən işlərlə tanışlıq;
• Mehmanxana kompleksinin təməlqoyma mərasimi;
• Laçın rayonunun sənaye zonasında mebel fabrikinin açılışı;
• “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı;
• Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışı;
• “Həkəri Balıq Təsərrüfatı”nın açılışı;
• Laçının Zabux kəndində görülmüş işlərlə tanışlıq və sakinlərlə görüş;
• Laçın şəhərində Mənzərəli terrasda və Bayraq Meydanının qarşısında keçirilən “Laçın Şəhəri Günü” bayram şənliklərində iştirak.
Ali Baş Komandan, Prezident İlham Əliyevin "Laçın Şəhər Günü"ndə Laçına səfəri və səfər zamanı verdiyi mesajlar bir daha sübut edir ki, işğalçı ölkə ölkə nə qədər təxribat aparsa da, Qalib Liderimiz Prezident İlham Əliyev siyasətinin qətiyyətli və cəsarətli siyasəti nəticəsində Ermənistan reallıqlarla hesablaşmalıdır və istəsə də, istəməsə də yeni reallıqları qəbul etməlidir. Heç vaxt unutmamalıdır ki, "Dəmir yumruq" yerindədir.