“Beləliklə, avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu və biz Laçın şəhərini qaytardıq. Bu, tarixi hadisədir. Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq.”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, 21 sentyabr 2022-ci il, Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması mərasimində
26 avqust 2022-ci il Laçının çoxəsrlik tarixində xüsusi yer tutan əlamətdar tarixlərdən birinə çevrildi. Həmin gün Laçın şəhərinin və Zabux, Sus kəndlərinin Azərbaycanın nəzarətinə qaytarılması ilə 30 ildən artıq davam edən işğal sona çatdı. Bununla Laçının tarixində yeni dövr – doğma sakinlərin yurda qayıdışı, şəhərin yenidən qurulması və gələcəyə hesablanmış inkişaf mərhələsi başladı.
Laçın Azərbaycan tarixində özünəməxsus yeri olan şəhərlərdən biridir. Zəngin təbiəti, əlverişli coğrafi mövqeyi, yaylaqları, meşələri, çayları, tarixi və mədəni irsi ilə seçilən Laçın uzun illər ölkəmizin mühüm bölgələrindən biri kimi inkişaf edib.
1923-cü ildə Abdallar yaşayış məntəqəsinin adı Laçın olaraq dəyişdirilib və şəhər statusu verilib. 1930-cu il avqustun 8-də Laçın rayonu yaradılıb və Laçın şəhəri rayonun inzibati mərkəzi olub.
Lakin 1992-ci il mayın 18-də Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi şəhərin və rayonun tarixində ağır və faciəli bir dövrün başlanmasına səbəb olub.
İşğal nəticəsində rayonun əhalisi doğma torpaqlarından didərgin salınıb, yüzlərlə hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Şəhər və kəndlərin sosial-iqtisadi infrastrukturu dağıdılıb, tarixi-mədəni irsə ciddi ziyan vurulub. İşğal illərində Laçının təbii sərvətlərindən qanunsuz istifadə edilməsi, yaşayış məntəqələrinin və coğrafi adların dəyişdirilməsi, qanunsuz məskunlaşdırma siyasətinin aparılması da rayonun tarixi simasına və demoqrafik vəziyyətinə təsir göstərib.
Laçının işğalı Azərbaycanın ərazi bütövlüyü və milli təhlükəsizliyi baxımından xüsusi strateji əhəmiyyət daşıyırdı. Rayonun işğalı ilə Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılmışdı. Bu baxımdan Laçının azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesində mühüm strateji nəticə oldu.
Zəfərdən Böyük Qayıdışa: Laçının yeni inkişaf mərhələsi
2020-ci ildə Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər Laçının azadlığına gedən yolu açdı. Üçtərəfli bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. Laçın şəhəri, Zabux və Sus kəndləri isə 2022-ci il avqustun 26-da Azərbaycanın nəzarətinə keçdi. Beləliklə, rayonun işğal altında qalan son yaşayış məntəqələrinin də azad edilməsi təmin olundu.
Laçının azadlığından sonra qarşıda duran əsas vəzifələr şəhərin və rayonun bərpası, əhalinin doğma yurda qayıdışının təmin edilməsi və burada müasir yaşayış mühitinin yaradılması idi.
Azərbaycan dövləti tərəfindən bu istiqamətdə genişmiqyaslı layihələr həyata keçirilir. Şəhərdə yeni yaşayış məhəllələri salınır, fərdi evlər və çoxmənzilli binalar tikilir, məktəblər, uşaq bağçaları, tibb müəssisələri, mədəniyyət və digər sosial obyektlər yaradılır.
Laçının gələcək inkişafının əsas istiqamətlərini müəyyən edən mühüm sənədlərdən biri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 13 iyun tarixli qərarı ilə təsdiq edilmiş "Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan"dır. Baş Plan şəhərin müasir şəhərsalma prinsipləri əsasında inkişaf etdirilməsini, yeni yaşayış məhəllələrinin yaradılmasını, nəqliyyat və sosial infrastrukturun genişləndirilməsini, yaşıllıq sahələrinin artırılmasını və şəhərin tarixi-memarlıq xüsusiyyətlərinin qorunmasını nəzərdə tutur.
Baş Planın mühüm xüsusiyyətlərindən biri "15 dəqiqəlik şəhər" prinsipinin tətbiqidir. Bu yanaşma sakinlərin gündəlik ehtiyac duyduğu xidmətlərə və sosial obyektlərə rahat çıxışını təmin etməyə, piyada hərəkətini və müasir şəhər mühitini inkişaf etdirməyə imkan verir.
Laçının bərpasının əsas istiqamətlərindən biri Böyük Qayıdış prosesidir. 2023-cü ilin mayından başlayaraq laçınlıların doğma yurda qayıdışı həyata keçirilir. Şəhərlə yanaşı, Zabux, Sus və Bəylik kəndlərində də yeni yaşayış məhəllələri yaradılıb.
2026-cı ilin iyul ayına qədər Laçın şəhərinə 614 ailənin, yəni 2264 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə isə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib.
Qayıdış prosesi yaşayış evlərinin tikintisi ilə məhdudlaşmır. Sakinlərin məşğulluğunun təmin olunması, sosial xidmətlərə çıxış imkanlarının yaradılması və şəhər və kəndlərdə normal həyat şəraitinin formalaşdırılması istiqamətində də kompleks tədbirlər görülür.
Laçının iqtisadi potensialının bərpası da bu prosesin mühüm istiqamətlərindəndir. Laçın Aqro-Sənaye Parkında müxtəlif istehsal sahələrinin yaradılması nəzərdə tutulur. Mebel, yeyinti və yüngül sənaye, balıqçılıq və digər istiqamətlərdə müəssisələrin fəaliyyət göstərməsi rayonun iqtisadi həyatının canlanmasına və yeni iş yerlərinin yaradılmasına xidmət edir.
Artıq rayonda mebel, ayaqqabı və tikiş istehsalı sahələri fəaliyyət göstərir. Bu müəssisələrdə, əsasən, yerli sakinlərin məşğulluğunun təmin olunmasına xüsusi diqqət yetirilir.
Laçının zəngin su ehtiyatları isə rayonun enerji potensialından səmərəli istifadə üçün geniş imkanlar yaradır. Son illərdə burada bir sıra su elektrik stansiyaları yenidən qurulub və yeni stansiyalar istifadəyə verilib. 2026-cı il iyulun 11-də Hoçaz çayı üzərində yerləşən 14,7 meqavatlıq “Ağbulaq-1”, 14,25 meqavatlıq “Ağbulaq-2” və 4 meqavatlıq “Şeylanlı” su elektrik stansiyalarının açılışı keçirilib. Rəsmi məlumatda bildirildiyi kimi, hazırda Laçının 8-10 MVt-lıq elektrik tələbat gücü tam olaraq yaşıl enerji hesabına qarşılanır, artıq enerji isə ölkənin enerji sisteminə ötürülür.
Nəqliyyat infrastrukturu da şəhərin yeni inkişaf modelinin əsas elementlərindəndir. Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi rayonun digər ərazilərlə əlaqələrinin daha da yaxşılaşdırılmasına, iqtisadi və turizm imkanlarının genişləndirilməsinə şərait yaradır.
Laçın Beynəlxalq Hava Limanının 2025-ci il mayın 28-də istifadəyə verilməsi isə rayonun nəqliyyat imkanlarını yeni mərhələyə çıxarıb. Hava limanı işğaldan azad edilmiş ərazilərin nəqliyyat əlaqələrinin genişləndirilməsi ilə yanaşı, regionun turizm potensialının inkişafı baxımından da əhəmiyyət daşıyır. Rəsmi məlumatda hava limanının işğaldan azad edilmiş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanı olduğu bildirilir.
Laçında həyata keçirilən layihələrin əhatə dairəsi şəhər və rayonla məhdudlaşmır. 2026-cı il iyulun 11-də “Həkəriçay” su anbarının təməlinin qoyulması region üçün strateji əhəmiyyət daşıyan layihələrdən biridir. Layihənin həyata keçirilməsi Laçınla yanaşı, ətraf rayonların içməli su təminatının yaxşılaşdırılmasına xidmət edəcək.
Beləliklə, Laçında bərpa prosesi yaşayış evlərindən sənaye və energetikaya, nəqliyyatdan sosial infrastruktura qədər geniş sahələri əhatə edir.
Laçının gələcəyi: yaşıl enerji, iqtisadi inkişaf və turizm
Laçının yeni inkişaf mərhələsində iqtisadi potensialla yanaşı, təbii və mədəni sərvətlərdən səmərəli istifadə, turizmin inkişafı və ekoloji dayanıqlılığın təmin edilməsi də mühüm yer tutur.
Rayonun zəngin təbiəti, dağlıq relyefi, meşələri, çayları və tarixi-mədəni irsi onun turizm imkanlarını əhəmiyyətli dərəcədə artırır. Bu potensialın reallaşdırılması məqsədilə müasir turizm infrastrukturu yaradılır.
2025-ci ildə Zerti kəndində “Laçın” İstirahət Kompleksinin istifadəyə verilməsi bu istiqamətdə mühüm addımlardan biri olub. Həkəri çayı ətrafında yaradılan bulvar və istirahət məkanları, yeni turizm obyektləri və həyata keçirilməsi nəzərdə tutulan digər layihələr Laçının gələcəkdə Azərbaycanın əsas turizm mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanlar yaradır.
Mədəniyyət sahəsində də mühüm layihələr həyata keçirilir. 2023-cü ildə “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı olub. Layihə Laçının və bütövlükdə Qarabağın tarixinin, mədəniyyətinin və müasir həyatının audiovizual vasitələrlə təqdim olunmasına imkan verir.
Laçının mədəni əhəmiyyəti beynəlxalq səviyyədə də öz təsdiqini tapıb. Şəhər 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan olunub və həmin il çərçivəsində şəhərdə müxtəlif mədəni tədbirlər keçirilib. 2023-cü ildən etibarən Laçın şəhəri gününün qeyd olunması da şəhərin yeni həyatının mühüm rəmzlərindən birinə çevrilib. 26 avqustun Laçın şəhəri günü kimi təsis edilməsi Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə rəsmiləşdirilib.
Laçının inkişafında Prezident İlham Əliyevin şəhərə və rayona mütəmadi səfərləri də mühüm yer tutur. 2021-ci il fevralın 14-də Güləbird kəndində Azərbaycan Bayrağının ucaldılması və Su Elektrik Stansiyasının açılışı ilə başlayan bu mərhələ sonrakı illərdə çoxsaylı layihələrin reallaşdırılması ilə davam edib.
2022-ci il iyunun 26-da Kəlbəcər-Laçın avtomobil yolunda, “Qorçu” elektrik yarımstansiyasında, “Həkəriçay” su anbarı layihəsində və Laçın Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıq keçirilib. Həmin ilin sentyabrında Laçın şəhərində Azərbaycan Bayrağı ucaldılıb və yeni enerji infrastrukturunun təməli qoyulub.
2023-cü il mayın 28-də Laçın şəhərinin Baş Planı dövlət başçısına təqdim olunub, şəhərə qayıdan sakinlərlə görüş keçirilib. Həmin ilin avqustunda isə “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyaları, mebel fabriki, “Hoçazfilm” yaradıcılıq studiyası, “Həkəri Balıq Təsərrüfatı” və digər obyektlər istifadəyə verilib, Zabux kəndində görülən işlərlə tanışlıq olub.
2024-cü il mayın 10-da Sus kəndində görülən işlərlə tanışlıq keçirilib, “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyaları istifadəyə verilib.
2025-ci il mayın 27-28-də isə Laçında yeni sənaye müəssisələri, Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzi və “Laçın” İstirahət Kompleksi istifadəyə verilib, Bəylik kəndinin açılışı olub, sakinlərə evlərin açarları təqdim edilib. Həmin səfər çərçivəsində Laçın Beynəlxalq Hava Limanının açılışı keçirilib və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla, Pakistanın Baş naziri ilə bir sıra görüşlər təşkil olunub.
2026-cı il iyulun 11-də isə “Həkəriçay” su anbarının təməli qoyulub və Hoçaz çayı üzərində yeni su elektrik stansiyalarının açılışı keçirilib. Bu layihələr Laçının enerji və su təsərrüfatı potensialının daha da genişləndirilməsinə hesablanıb.
Prezident İlham Əliyevin Laçına səfərlərinin xronologiyası şəhərin azad edildikdən sonra keçdiyi inkişaf yolunu aydın şəkildə göstərir. Burada azadlıqdan sonra ilk mərhələdə infrastrukturun qurulması, ardınca yaşayış mühitinin yaradılması, Böyük Qayıdışın başlanması, iqtisadi və sosial layihələrin reallaşdırılması, hazırda isə uzunmüddətli və dayanıqlı inkişaf modelinin formalaşdırılması həyata keçirilir.
Bu gün Laçın öz tarixinin yeni mərhələsini yaşayır. İşğaldan azad edilmiş şəhərdə həyat bərpa olunur, sakinlər doğma yurda qayıdır, yeni yaşayış məhəllələri salınır, məktəblər və sosial obyektlər istifadəyə verilir, sənaye və turizm infrastrukturu yaradılır, yaşıl enerji layihələri genişləndirilir.
26 Avqust – Laçın şəhəri günü bu baxımdan yalnız tarixi hadisənin ildönümü deyil. Bu tarix Azərbaycanın ərazi bütövlüyünün bərpasını, tarixi ədalətin təntənəsini, Laçının azadlığını və laçınlıların doğma torpaqlarına qayıdışını özündə birləşdirən əlamətdar gündür.
Laçının bugünkü inkişafı göstərir ki, şəhərin bərpası ayrı-ayrı layihələrin məcmusu kimi deyil, vahid və uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsi kimi həyata keçirilir. Şəhərin Baş Planı, Böyük Qayıdış, yaşıl enerji layihələri, müasir nəqliyyat infrastrukturu, sənaye və aqrar istehsal, turizm və mədəniyyət layihələri bir-birini tamamlayaraq Laçının gələcək simasını formalaşdırır.
Laçın bu gün Zəfərin nəticələrinin, Böyük Qayıdışın və quruculuğun real ünvanlarından biridir.
Şəhər qarşıdakı illərdə yalnız bərpa olunmuş yaşayış məkanı kimi deyil, müasir şəhərsalma, yaşıl enerji, iqtisadi inkişaf, turizm və mədəni həyatın vəhdət təşkil etdiyi mühüm regional mərkəz kimi formalaşmaq yolunda irəliləyir.
26 Avqust – Laçın şəhəri günü Laçının keçmişini xatırlamaqla yanaşı, onun gələcəyinə baxışın da ifadəsidir.
Laçın: dövlət qayğısı ilə yenidən qurulan şəhər
Laçının işğaldan azad olunmasından ötən dövr ərzində rayonda genişmiqyaslı bərpa və quruculuq layihələri həyata keçirilib. Bu prosesin bütün mərhələlərində Prezident İlham Əliyevin xüsusi diqqəti və nəzarəti təmin olunub. Dövlət başçısının Laçına səfərləri zamanı yeni layihələrin təməlləri qoyulub, mühüm infrastruktur obyektləri istifadəyə verilib, sakinlərin yaşayış şəraiti ilə tanışlıq keçirilib və Böyük Qayıdışın gedişi qiymətləndirilib.
2021-ci il fevralın 14-də Güləbird kəndində Azərbaycan Bayrağının ucaldılması ilə başlayan bu səfərlər silsiləsi Laçının yeni tarixinin mühüm səhifələrindən birini təşkil edir. Həmin gün Güləbird Su Elektrik Stansiyasının istifadəyə verilməsi rayonun enerji potensialının bərpası istiqamətində ilk mühüm addımlardan biri oldu. Elə həmin il Laçın Beynəlxalq Hava Limanının təməlinin qoyulması ilə rayonun gələcək nəqliyyat infrastrukturunun əsası yaradıldı.
2022-ci ildə Laçının bərpası üzrə əsas infrastruktur layihələrinin icrası sürətləndirildi. Prezident İlham Əliyevin iyun ayında Laçına səfəri zamanı Kəlbəcər-Laçın avtomobil yolunda, “Qorçu” elektrik yarımstansiyasında, “Həkəriçay” su anbarı layihəsində və Laçın Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıq keçirildi.
Həmin ilin sentyabrında dövlət başçısının Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdığı mərasim isə xüsusi tarixi əhəmiyyət daşıdı. Şəhərdə yeni enerji infrastrukturunun yaradılması məqsədilə “Laçın” qovşaq yarımstansiyasının təməli qoyuldu.
2023-cü ildə Laçının bərpasında yeni mərhələ başlandı. Mayın 28-də şəhərin Baş Planının təqdim olunması ilə Laçının uzunmüddətli inkişaf istiqamətləri müəyyənləşdirildi. Eyni zamanda, doğma yurda qayıdan sakinlərlə görüş keçirildi. Bu mərhələdən etibarən Laçında quruculuq prosesinin əsas istiqamətlərindən biri şəhər həyatının tam şəkildə bərpası və əhalinin daimi məskunlaşmasının təmin edilməsi oldu.
2023-cü ilin avqustunda Prezident İlham Əliyevin Laçına səfəri zamanı şəhərdə və rayon ərazisində çoxsaylı sosial, iqtisadi və infrastruktur layihələri həyata keçirildi. “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyaları, mebel fabriki, “Hoçazfilm” yaradıcılıq studiyası, Laçın rayon 2 nömrəli tam orta məktəbi və “Həkəri Balıq Təsərrüfatı” istifadəyə verildi. Mehmanxana kompleksinin təməli qoyuldu, Zabux kəndində aparılan işlərlə tanışlıq keçirildi və sakinlərlə görüş oldu.
Bu səfərin digər mühüm məqamı Laçın şəhəri günü ilə bağlı tədbirlərdə iştirak idi. 26 avqustun Laçın şəhəri günü kimi qeyd edilməsi şəhərin azadlığı və yeni inkişaf mərhələsi ilə bağlı tarixi yaddaşın qorunmasına xidmət edir.
2024-cü ildə Laçının kəndlərinin bərpası və enerji potensialının artırılması istiqamətində işlər davam etdirildi. Prezident İlham Əliyevin may ayında Sus kəndinə səfəri zamanı burada yaradılan şəraitlə tanışlıq keçirildi, sakinlərlə görüş oldu. Həmin gün “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyaları istifadəyə verildi.
2025-ci il Laçının sosial-iqtisadi inkişafında yeni imkanların formalaşdırılması ilə səciyyələndi. Prezident İlham Əliyevin may ayında Laçına səfəri zamanı “LATIFA” Laçın tikiş fabrikinin, “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialının və Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışları keçirildi. Laçın kanat yolunun təməli qoyuldu.
Bəylik kəndinin açılışı keçirildi, kəndə köçən sakinlərə evlərin açarları təqdim olundu. “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyaları, “Laçın” İstirahət Kompleksi istifadəyə verildi.
Laçın Beynəlxalq Hava Limanının açılışı isə şəhərin yeni inkişaf tarixinin ən mühüm hadisələrindən biri oldu. Həmin gün Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanışlıq keçirildi. Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin iştirakı ilə yüksək səviyyəli görüşlərin keçirilməsi şəhərin regional əhəmiyyətinin artdığını göstərdi.
2026-cı il iyulun 11-də Laçında “Həkəriçay” su anbarının təməlqoyma mərasiminin keçirilməsi və Hoçaz çayı üzərində yerləşən yeni su elektrik stansiyalarının açılışı rayonun enerji və su təminatı baxımından inkişafının növbəti mərhələsini müəyyənləşdirdi.
Prezident İlham Əliyevin Laçına səfərlərinin xronologiyası göstərir ki, şəhərin bərpası ardıcıl və kompleks şəkildə həyata keçirilir. Enerji və nəqliyyat infrastrukturundan başlayan proses yaşayış məhəllələrinin və sosial obyektlərin yaradılması, sənaye və turizm sahələrinin inkişafı, kəndlərin bərpası və əhalinin Böyük Qayıdışının təmin edilməsi ilə davam edir.
Bu gün Laçın həm tarixi torpaqlarımıza qayıdışın, həm də işğaldan azad edilmiş ərazilərin yeni inkişaf modelinin mühüm nümunəsidir. Burada həyata keçirilən layihələr şəhərin yalnız bu gününü deyil, qarşıdakı onilliklər üçün inkişaf perspektivlərini də müəyyənləşdirir.
Laçında görülən işlərin əsas məqsədi aydındır: doğma torpaqlarına qayıdan insanların təhlükəsiz və rahat yaşayışını təmin etmək, şəhərin iqtisadi potensialını bərpa etmək və Laçını müasir, dayanıqlı və inkişaf edən şəhərə çevirmək.
Laçının bugünkü siması Zəfərdən sonra həyata keçirilən dövlət siyasətinin və Böyük Qayıdışın real nəticələrindən biridir.

