booked.net

Azərbaycan sədrliyi üzərinə götürdüyü beynəlxalq təşkilatlara uğurla rəhbərlik edir


2021-ci ildə 60 illiyi qeyd olunan, sıralarında 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatında həm də Birləşmiş Millətlər Təşkilatı, Afrika İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı kimi dünyanın 10 beynəlxalq nüfuzlu təsisatının, əlavə olaraq müşahidəçi statusu ilə 17 dövlətin iştirak etməsi bu təşkilatın çox ciddi və qlobal əhəmiyyət daşıyan əməkdaşlıq platforması olduğundan xəbər verir. Üzvlərinin sayına görə Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra dünyanın ən böyük beynəlxalq qurumudur. Azərbaycan bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu həyata keçirir və bu səbəbdən Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olmaq qərarını verib. Ölkəmizin ərazi bütövlüyü təşkilat çərçivəsində üzvdövlətlər tərəfindən birmənalı şəkildə tanınıb və haqlı mövqeyimiz beynəlxalq səviyyəli məsələlərdə daim dəstəklənib.
2019-cu ilin oktyabrın 25-də ölkəmizdə Qoşulmama Hərəkatı üzvlərinin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirilib. XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak etmişdirlər. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılmış və Azərbaycan 120 ölkəni birləşdirən bu mötəbər quruma sədrlik etmişdir. Ötən müddət ərzində ölkəmiz beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atıb. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib.
Koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik" mövzusunda keçirilən Zirvə görüşü mühüm beynəlxalq əhəmiyyət kəsb etdi və koronavirus təhlükəsinə qarşı mübarizədə səylərin birləşdirilməsində önəmli rol oynadı. Azərbaycan Prezidentinin koronavirusa qarşı operativ qərarları, atdığı uğurlu addımlar geniş təqdir olundu. Dünya Birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan koronavirus təhlükəsi yarandığı ilk günlərdən pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib. Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub. Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir. Hərəkat dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirir, beynəlxalq hüququn təməl prinsiplərindən çıxış edir.
Dövlətimizin başçısının rəhbərliyi ilə aparılan genişmiqyaslı işlərin və atılan doğru addımların nəticəsində Qoşulmama Hərəkatına üzv dövlətlər Ermənistanın ölkəmizin ərazisini işğal etməsi və işğal faktını təsdiqləyən BMT-nin dörd qətnaməsinə istinad edərək, lap əvvəldən haqlı mövqeyimizi dəstəklədilər. Eləcə də 2020-ci ilin iyulunda Tovuz rayonunda Ermənistan tərəfindən törədilmiş təxribatla bağlı Qoşulmama Hərəkatı üzvləri tərəfindən Ermənistanın törətdiyi cinayətlərin dayandırılması ilə bağlı vahid mövqe nümayiş etdirildi. Eyni zamanda, Vətən müharibəsi dövründə Birləşmiş Millətlər Təşkilatının üzvü olan bəzi dövlətlər BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməni heçə sayaraq, qərəzli addımlar atmağa cəhd etdikləri anda Qoşulmama Hərəkatının üzv dövlətləri qərəzli addımların qarşısını alınmasında xüsusi fəallıq göstərdilər. Onlar qəbul ediləcək sənədin mətnində sözügedən dörd qətnaməyə istinad edilməli olduğunu bildirərək, bunun həm Azərbaycanın pozulmuş hüquqlarının müdafiəsi xarakteri daşıdığını bildirdilər. Bu, həm beynəlxalq hüququn, həm də “Bandunq prinsipləri”nin tələbi idi. Azərbaycanın apardığı uğurlu diplomatik kurs nəticəsində bir çox ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli münasibətlər qurulub. Eyni zamanda, dünyanın bir çox dövlətləri də regionun lideri olan Azərbaycanla dostluq münasibətlərinin yaradılmasında daim maraqlıdırlar. Ölkəmiz sədrliyi üzərinə götürdüyü beynəlxalq təşkilatlara uğurla rəhbərlik edir, eləcə də yüksək səviyyəli görüşləri uğurla keçirərək qaldırılan problemlərin həllinə nail olur.
Qoşulmama Hərəkatının Bakı Zirvə görüşündə aldığı mandata əsasən, Azərbaycan sədr qismində təşkilat üzrə gənclərin institusional şəbəkəsinin yaradılmasının mümkünlüyünü nəzərdən keçirir. Eyni zamanda, Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin əməkdaşlığının parlamentlərarası istiqamətini də inkişaf etdirmək niyyətindədir. Tarixdə ilk dəfə Avropa İttifaqının rəhbərləri Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə iştirak ediblər. Avropa İttifaqına üzv dövlətlər Qoşulmama Hərəkatının BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləyib. Qoşulmama Hərəkatı və Avropa İttifaqı BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində bir sıra məsələlərlə bağlı əməkdaşlıq edir. Ötən il Hərəkatın gündəliyində duran vacib məsələlərdən biri uğurla həll edilib. 30 ilə yaxın idi ki, Ermənistan ərazimizin təqribən 20 faizini işğal altında saxlayırdı. 2020-ci ilin sentyabrında Ermənistan Azərbaycana qarşı irimiqyaslı hərbi hücuma keçib. Bu təcavüzə cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıbvə işğal altındakı ərazilərin böyük hissəsini azad edib. Azad edilmiş torpaqlarımıza təşkil edilən istər xarici səfirliklərin, istərsə media nümayəndələrinin səfərləri zamanı onlar da erməni xislətinin əsl mahiyyətini dərk etdilər. Onların varvarlığına hər addımda şahid oldular: qəbiristanlıqlar yerlə-yeksan edilmiş, dini abidələrimiz dağıdılmış, evlərimizdən əsər-əlamət qalmamışdı. Əlbəttə ki, Ermənistanın məqsədi əsrlər boyu həmin ərazilərdə yaşamış azərbaycanlıların izini silmək olmuşdu. Xarici jurnalistlər Ağdamın dağıntıları qarşısında donub qalmış, insanlıqdan kənar bir mənzərənin- əsl vəhşiliyin nə olduğunu öz gözləri ilə görmüşlər. Onlardan biri bu şəhər haqqında yazısını belə adlandırmışdı - “Qafqazın Xirosiması”. Füzuli şəhəri işğaldan azad olunandan sonra Ordumuz orada Azərbaycan bayrağını qaldırmaq üçün bir dənə də salamat bina tapa bilmədi. Onların hamısı Ermənistan tərəfindən dağıdılışdı. Əlbəttə ki, dövlətimiz o yerləri yenidən dirçəldəcək. Bu məqsədlə artıq geniş quruculuq işlərinə start verilib. Qaçqın və köçkünlərimizin öz doğma yurdlarına qayıtması üçün böyük tədbirlər həyata keçirilir.
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin 2021-ci il 13 iyul tarixində keçirilmiş aralıq konfransında çıxışı zamanı bildirdi ki, əsas çətinlik Ermənistan tərəfindən basdırılmış çoxsaylı minalardır. 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra mina partlaması nəticəsində 30-a yaxın Azərbaycan vətəndaşı həlak olub, 100 nəfərdən çox insan isə yaralanıb. Bundan əlavə, minalar azad olunmuş ərazilərdə yenidənqurma prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir. Belə geniş ərazilərin minalardan təmizlənməsi olduqca böyük zaman və resurs tələb edir. Ermənistan mina xəritələrini verməkdən boyun qaçırır. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş bütün ərazilərin mina xəritələrini Azərbaycana versin. Dövlətimizin başçısı konfrans iştirakçılarını əmin etdi ki, Azərbaycan Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun artırılmasına töhfə verilməsi, Hərəkat çərçivəsində həmrəyliyin gücləndirilməsi, ədalət və beynəlxalq hüququn müdafiəsi sahəsində əlindən gələni əsirgəməyəcək.

https://sia.az/az/news/politics/881643.html

Könül Məmmədova
YAP Şamaxı rayon təşkilatının Şura üzvü, Tərəqqi medallı




Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff