Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verib.
Dövlət başçısının müsahibəsi Azərbaycanın regionda və beynəlxalq miqyasda möhkəmlənən mövqeyinə, artan roluna bir daha işıq salmaqla bərabər, ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərinin bəyan edilməsi baxımından da xüsusi əhəmiyyət kəsb etdi.
2022-ci ildə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasından sonra iki ölkə arasında əlaqələrin hazırkı inkişaf səviyyəsinə diqqət çəkən ölkə Prezidenti dəyişən dünyada bu amillərin Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına heç bir mənfi təsir gücündə olmadığını vurğulayıb. Dövlətimizin başçısı, əksinə, Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması faktını həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addım kimi qiymətləndirib və bu sənədi ölkələrimizin iki etibarlı tərəfdaş olduqlarının nümunəsi kimi qeyd edib və hər iki ölkənin iqtisadi-ticari əməkdaşlıq üçün fəal şəkildə yeni sahələr tapmağa davam edəcəklərinə əminliyini bildirib.
Prezident İlham Əliyev müsahibəsində NATO ilə Rusiya arasında yaşanan gərginliyə də toxunub və bunun açıq-aşkar qarşıdurmaya gətirib çıxarmayacağı qənaətində olduğunu bildirib, fikrini belə əsaslandırıb: "Birincisi, ona görə ki, hamı bunun bütün dünya, bütün ölkələr və əlbəttə, regionla həmsərhəd olan ölkələr üçün fəlakətli nəticələrini dərk edir. İkincisi, yenə də ümid edirəm ki, Birləşmiş Ştatlarda administrasiya dəyişikliyi həm də xarici siyasət istiqamətlərində dəyişiklik olacaq. Cənab Trampın birinci prezidentlik dövründəki təcrübəsi, eləcə də onun və komandasının üzvlərinin seçkiqabağı kampaniyası zamanı və ondan sonra verdikləri bəyanatlar buna ümid etməyə imkan verir."
Dövlətimizin başçısı fikirlərini, həmçinin bununla da əsaslandırıb ki, heç bir ölkə, hətta deyək ki, NATO regionundan və ya Rusiya ərazilərindən uzaqda yerləşən ölkə olsa belə, özünü təhlükəsizlikdə hiss etməyəcək. Demək ki, həm Vaşinqtonda, həm Moskvada, eləcə də digər paytaxtlarda siyasi müdriklik kifayət edəcək ki, belə qorxulu ssenari həyata keçməsin.
Müttəfiqlik öhdəliklərimizin çoxşaxəli xarakterini vurğulayan Prezident İlham Əliyev müsahibəsində buna nümunə olaraq Azərbaycanın həm Rusiya, həm də NATO üzvü Türkiyə ilə müttəfiqliyini xatırladıb və dünyada bu cür yeganə ölkə olmağın unikallığını bəyan edib.
Ölkə başçısı İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində vaxtaşırı müəyyən mediada yayımlanan və maraq doğuran "Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı" məsələsi ilə bağlı da dövlətimizin mövqeyini bəyan edib, bu əməkdaşlığın Azərbaycan müstəqilliyini bərpa edəndən sonra, 1992-ci ilin əvvəlindən başladığını bildirib. Türkiyə və onun hərbi strukturları Azərbaycan Ordusunun müasirləşdirilməsində və onun həm döyüş qabiliyyətinə, həm də əməliyyatların planlaşdırılmasına, vəziyyətin təhlilinə, hərbi kəşfiyyatın potensialına uyğun olaraq yüksək standartlara çatdırılmasında böyük rol oynadığını minnətdarlıqla vurğulayıb.
"Azərbaycanda Türkiyənin hərbi bazasına ehtiyac varmı?" sualına gəlincə, Prezident İlham Əliyevin cavabı konkret olub: " -Xeyr, qısa desək, lazım deyil."
Azərbaycan ilə Rusiya, istərsə Türkiyə ilə Azərbaycan arasında imzalanmış Müttəfiqlik haqqında Bəyannamədə təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var. Həmin bənd mahiyyət etibarilə bu və ya digər ərazidə hər hansı daimi hərbi infrastrukturun yaradılmasını tamamilə lüzumsuz edir.
Cənab Prezident İlham Əliyev müsahibəsində daha bir məsələyə- Makron hökumətinin Ermənistana tədarük etdiyi silahların təyinat etibarı ilə hücum silahları, öldürücü silahlar olmasına da diqqət çəkib və bunun Azərbaycan üçün praktiki təhlükə yaratdığın qeyd edib. Həmin səbəbdən də ölkəmizin 2025-ci ildə növbəti hərbi büdcəsi rekord büdcə olacaq- təxminən beş milyard dollar. Baş vurduqları ən müxtəlif yollara baxmayaraq, Ermənistan bizimlə silah yarışında tab gətirməyəcək. Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar.
Davamlı olaraq silahlanan Ermənistanın Sülh sazişinə hazır olduqları barədə yalançı bəyanatları qəbuledilməzdir. Sənədin 17 maddəsinin 15-i razılaşdırılsa da, ikisinin hələ də razılaşdırılmaması rəsmi İrəvanın qeyri-konstruktiv mövqeyi, hələ də revanşist xəyallarının yedəyində gəzən avantürist rejiminin günahı ucbatındandır.
Azərbaycanla sərhəddə Ermənistanın Avropa İttifaqının "müşahidəçi" missiyasını yerləşdirməsi, bu missiyanın tədricən NATO-nun missiyasına çevrilməsi ölkəmiz üçün əlavə gərginlik yaratmaq meyllərindən xəbər verir.
2023-cü ilin sentyabrında, Azərbaycanın birgünlük antiterror əməliyyatı keçirənə qədər Qarabağ ermənilərinin Azərbaycan dövlətinə reinteqrasiyası planı rəsmi olaraq dərc edilsə də, onlar bu humanist qərara məhəl qoymadılar. Amma Qərbi Azərbaycan İcması qayıtmaq, reinteqrasiya üçün belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət etsə də, hələ də cavab alınmayıb.
Prezident İlham Əliyev müsahibəsində Rusiya şirkətlərinin Qarabağın bərpasında iştirakı ilə bağlı sualı da cavablandırıb və Tatarıstan tərəfindən ilk investisiya layihəsinin həyata keçirilməsini, Həştərxan vilayətinin qubernatorunun tapşırığına əsasən Qarabağda uşaq bağçasının tikintisinə başlanılmasını məmnunluqla qeyd edib.
Dövlətimizin başçısı Azərbaycanın təbii ehtiyatlarından danışarkən, ölkəmizdə təbii qazın sübut olunmuş ehtiyatlarının 2,6 trilyon kubmetr səviyyəsində olduğunu qeyd edib, mövcud təbii resurslar səbəbi ilə ölkəmizin əlavə enerji mənbələrinə ehtiyac duymadığı qənaətini də bölüşüb.
Müsahibədə bu yaxınlarda Azərbaycanın nəhəng iqlim sammitinə ev sahibliyi etməsinə də xüsusi yer ayrılıb. Prezident dünyanın böyük maraq və diqqətlə izlədiyi bu beynəlxalq tədbirin belə möhtəşəm keçirilməsinə nail olmaq üçün Azərbaycanın bir çox çətinliyin öhdəsindən məharətlə gəldiyini,qeydiyyatdan keçən 76 min iştirakçı üçün gərəkli işlərlərin yüksək səviyyədə görüldüyünü qürur hissi ilə qeyd edib: "...biz onun öhdəsindən şərəflə gəldik."
Bəzi ölkələr tərəfindən Azərbaycana qarşı paxıllıqla müşayiət olunan qərəz elə, ən əvvəl, onların öz gözləri qarşısında "əriyib" yox oldu.
İqlim mövzularına gəlincə, COP29-da bu məqsədlə illik xərclərin məbləğini razılaşdırmaq mümkün oldu: 300 milyard dollar. Həmin uğurlu nəticə Azərbaycanın ciddi səyi, böyük diplomatik təcrübəsi, ilk növbədə, Qoşulmama Hərəkatında sədrlik təcrübəsi sayəsində qazanıldı.
Fransa ilə münasibətlərə gəlincə, dövlətimizin başçısı Fransa ilə heç vaxt problemimizin olmadığını qeyd edib. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Prezident seçildikdən sonra ilk rəsmi səfərini Fransaya etdiyini, 2003-cü ildə, ilk ölkə olaraq özünün də Fransadan dəvət almasını və birinci səfərinin bu ölkəyə etməsini xatırladıb.
İndiki Makron hakimiyyətinin tutduğu ədalətsiz mövqeyi konkret faktlarla tamaşaçıların diqqətinə çatdıran ölkə başçısı, Azərbaycanı əsassız suçlayan bu ölkənin tarixən həyata keçirdikləri qətliamlardan söz açıb, indi fransız kolonializminin iyrənc simasının hər kəsə məlum olduğunu bildirib. Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirməsi dünya ictimaiyyətinin gözü önündədir.
Anti-Azərbaycan qüvvələr “Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə gecə-gündüz xalqımıza, ölkəmizə qara yaxıb, Ermənistan üzərində qələbəmizə kölgə salmağa çalışsalar da, məqsədlərinə nail ola bilməyəcəklər.
Prezident İlham Əliyev müsahibəsinin sonunda Azərbaycan- Rusiya əlaqələrinin ildən-ilə genişlənməsinin, həm siyasi, həm iqtisadi və mədəni sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin iki xalq arasında dostluq əlaqələrinin möhkəmlənməsinə yeni töhfələr verəcəyinə əminlik ifadə edib.