booked.net

26 avqust – azad, abad Laçının Şəhəri Günüdür


26 avqust – azad, abad Laçının Şəhəri Günüdür. Belə ki, Laçın şəhəri günü Prezident İlham Əliyevin ötən il imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində təntənəli şəkildə qeyd edilir. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində ötən ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır.
Prezident İlham Əliyevin 2022-ci  ilin bu günü paylaşdığı mətndə deyilir: "Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!".
Beləliklə, avqustun 26-da Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Artıq bir ildir ki, Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı dalğalanır.

TARİXİ  QƏLƏBƏ   GÜNLƏRİNİN  ƏBƏDİLƏŞDİRİLMƏSİ
Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb. Azərbaycan Respublikasının ecazkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqaz dağları silsiləsində yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir və bədnam düşmənlə sərhəddə yerləşmək zamanla Laçının müsibətlər yaşamasına səbəb olmuşdur.Kiçik Qafqaz dağlarının qartalı - Laçın rayonu, zəngin faydalı qazıntılarla, o cümlədən 3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları, civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir.Birinci Qarabağ müharibəsində strateji əhəmiyyətə malik Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Bu dəhliz tarixi Zəngəzur torpaqlarından keçid kimi Dağlıq Qarabağı birləşdirirdi və düşmənə sonradan digər torpaqlarımızı da işğal etməyə imkan yaradırdı.
İşğalın nəticəsində rayonda dövlət və xüsusi mülkiyyətə ciddi zərər yetirilib. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib.Qarı düşmən Ermənistan işğalçı tərəf olaraq, Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevirməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub. Azərbaycan hökümətinin dəfələrlə etiraz etməsinə baxmayaraq işğal müddətində qarşı tərəf Livandan və Suriyadan gəlmələri tarixi Azərbaycan torpaqlarında məskunlaşdırmaqdan çəkinmirdi.Düşməni ilə münasibətdə belə öz insanpərvərliyini nümayiş etdirən Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı (https://e-qanun.az/framework/54767) ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub.
2020-ci il noyabrın 26-da “Laçının azad olunmasına görə” medalı təsis edilib və 5775 nəfər igid Azərbaycan oğlu bu fəxri ada layiq görülüb.Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabları 2021-ci ilin 14 fevral və 16 avqust tarixlərində Laçın rayonuna səfərləri olmuşdur. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş komandanı İlham Əliyev fevralın 14-də Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı.Erməni işğalından azad olunan digər Vətən parçalarımız kimi Laçın royuna da müasir formada yenidən qurulur və 30 illik həsrətdən bu yerlərin doğma sakinlərinə təhvil verilir.

LAÇIN RAYONUNUN YENI İNKİŞAF DÖVRÜ
Prezident İlham Əliyev: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.
2021-ci ildə Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən və ermənilər tərəfindən tamamilə dağıdılan 14,25 meqavat gücündə “Ağbulaq”, 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” Su Elektrik stansiyaları Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq tam yenidən qurulub. Hazırda “Merik”  və “Ağbulaq” Su Elektrik stansiyalarında son tamamlama işləri aparılır. “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyaları 2023-cü il avqustun 25-də, “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyaları isə 2024-cü il mayın 10-da işə salınıb. Laçın rayonunda ümumi gücü 40,5 MVt, illik enerji istehsalı potensialı 120 milyon kilovat-saat olan 5 kiçik su elektrik stansiyası yenidən qurularaq istismara verilib. Ümumilikdə Laçın rayonunda ümumi gücü 65,5 MVt, illik elektrik enerjisi istehsal potensialı 194 milyon kilovat-saat olan 9 su elektrik stansiyası fəaliyyət göstərəcək.
Rayonun yol-nəqliyyat infrastrukturu. Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 75,8 kilometrdir və mövcud yoldan 32 kilometr qısa olacaq. I və II texniki dərəcəli bu yol ikizolaqlı və dördzolaqlıdır. Yeni yolun üzərində cəmi 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4163 metr olan 23 körpü də inşa edilir.
Bölgənin beynəlxalq status və əhəmiyyətini artıran layihələr. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Təməli 2021-ci ildə qoyulan 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Hava limanı Qorçu kəndi yaxınlığında dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilir və postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri olacaq. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr olacaq. Hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Aeroportun beynəlxalq standartlara uyğun layihələndirilən terminal binasının sahəsi 5 min kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edə biləcək. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək.
Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək.

LAÇINDA GENİŞMİQYASLI  ABADLIQ-QURUCULUQ İŞLƏRİ APARILIR
Bütövlükdə Laçında 700-dən artıq bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır.
Laçın rayon 2 nömrəli tam orta məktəbinin 510 şagird yeri var, məktəbin üçmərtəbəli binasının sahəsi 4550 kvadratmetrdir. Binada 24 yerlik doqquz, 18 yerlik beş və 12 yerlik dörd sinif otağı, 1 informatika, 1 texnologiya kabineti, 3 laboratoriya, 18 yerlik məktəbəhazırlıq otağı və 24 yerlik hərbi hazırlıq kabineti var. Həmçinin, Azərbaycan Prezidentinin Sərəncamı ilə Laçın rayonunun 176 şagird yerlik Zabux kənd tam orta məktəbi binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası da aparılır.
Laçının bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Ən müasir səviyyədə inşa olunacaq mehmanxanada rayona səfərə gələnlərin rahatlığı üçün hər cür şərait yaradılacaq. Mehmanxana kompleksi 100 otaqlı hotel binasından və 10 kottecdən, eləcə də kafe və restoranlardan, əyləncə və istirahət mərkəzlərindən ibarət olacaq. Hotel binasında 500 yerlik çoxfunksiyalı tədbir və iclas zalları da qonaqların istifadəsinə veriləcək.
Ötən ilin avqustun 25-də Laçın rayonunda “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı olub. Qarabağın çoxşaxəli nadir yaradıcılıq məkanı layihəsi olan “Hoçazfilm” studiyası Laçın şəhərində iki inzibati binadan və bir çəkiliş pavilyonundan ibarətdir. Studiyanın adı Laçın rayonunun əsas rəmzlərindən sayılan Hoçaz qayalıqlarının adından götürülüb. Studiya Laçın başda olmaqla, ümumilikdə Qarabağ regionunun işğal və işğaldan sonrakı dövrlərinin salnaməsini yaratmaqda regional audiovizual mərkəz kimi fəaliyyət göstərəcək. Studiya çəkiliş məqsədilə regiona gələn yerli və xarici film istehsalçılarına bölgənin zəngin təbiəti, imkanları ilə bağlı bələdçilik və lokasiya xidmətləri göstərəcək, onları müvafiq avadanlıqla təmin edəcək. Studiya, həmçinin yerli və xarici media, dövlət təşkilatları, dövlət və özəl kinostudiyalar ilə əməkdaşlıq əsasında regiondan audiovizual kontent təqdim edəcək.
Laçında bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir. Bu işlərdən biri də Laçın rayonunun sənaye zonasında yaradılan mebel fabrikidir. Müəssisədə yataq və qonaq otaqları dəstlərinin, qapıların və digər mebel məhsullarının istehsalı nəzərdə tutulub. Fabrikin illik istehsal gücü 3 min kubmetrdir. Burada Avropa ölkələrinin, Türkiyə və Çinin istehsalı olan avadanlıqlardan, Türkiyə və Rusiyadan alınan xammaldan istifadə olunacaq. İstehsal sahələrində ümumilikdə 100 nəfərin işlə təmin olunması nəzərdə tutulub. Prefabrik modul evlərin istehsalı müəssisəsində isə ildə 200 ev hazırlanacaq. Bu evlərin daş evlərdən üstünlüyü ondan ibarətdir ki, onlar zəlzələyə davamlı və yüksək dayanıqlılıqla yanaşı, ekoloji cəhətdən təmizdir. Həmçinin uzunömürlü və yanğına davamlı olan bu evlərin digər bir üstünlüyü isə qiymətinin daha sərfəli olmasıdır. Bu müəssisədə də 100 nəfər daimi işlə təmin olunub. Xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin illik istehsal gücü 17 min baş heyvan kəsiminə imkan verir. Bu müəssisədə 30 nəfər işlə təmin olunacaq.
Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək.

LAÇIN AZƏRBAYCANIN GƏLƏCƏK İQTİSADİ İNKİŞAFINDA MÜHÜM ROL OYNAYACAQ
Laçın rayonunda heyvandarlığın inkişafı üçün böyük imkanlar var. Laçın rayonunda yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. Ötən ilin avqustun 25-də “Həkəri Balıq Təsərrüfatı” fəaliyyətə başlayıb. Qarabağ zonasında ilk nərəyetişdirmə təsərrüfatı olan bu müəssisədə il ərzində 35 ton Kür nərəsi, 1,5 ton çökə və 5 ton forel yetişdiriləcək. Gələcəkdə müəssisənin fəaliyyətinin genişləndirilməsi planlaşdırılır. Belə ki, nərə əti istehsalının ildə 70 tona, kürünün 3 tona, forel ətinin isə 10 tona çatdırılması nəzərdə tutulur.
.Əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir. Şəhərin giriş hissəsindəki körpünün sol istiqamətində salınan çaykənarı bulvar Laçın sakinlərinin və bura gələn qonaqların sevimli istirahət məkanlarından olacaq. Artıq Həkəri çayında astana və göl yaradılıb. Gölün üzərində asma körpü inşa edilib, ətrafında yaşıllıqlar salınıb, kotteclər tikilib. Burada çimərlik də fəaliyyət göstərəcək. İnsanların rahat istirahət etməsi üçün çimərliyin ətrafında əyləncə mərkəzinin yaradılması nəzərdə tutulub.
Ötən ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərinə 534 ailənin, yəni 1971 nəfərin daimi məskunlaşması təmin edilib
Laçında bütün lazımi şərait yaradılır. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Tibb məntəqəsi hazırlanır. Məktəb yeni dərs ili üçün hazır olacaq. Onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır, 1100-dən çox iş yeri yaradılacaq.
Laçın rayonunun Zabux kəndi. Ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 245 ailənin köçürülməsi nəzərdə tutulur. İlkin mərhələdə kəndə 223 ailə köçürüləcək. Eyni zamanda, kənd sakinlərinin rahatlığı və məşğulluğu nəzərə alınaraq bir sıra infrastruktur binalarının da inşası həyata keçirilib. Kənddə 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi də inşa edilib. Zabuxda evlərin, sosial obyektlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə edilir. Dövlət Proqramına əsasən indiyədək Zabux kəndində 217 ailə, 823 nəfərin daimi məskunlaşması təmin edilib.
Laçın rayonunun Sus kəndi. Tamamilə yenidən tikilərək istifadəyə verilən kəndə ümumilikdə 59 ailə - 214 nəfərin köçürülməsi nəzərdə tutulur. Hazırda kəndə 20 ailənin (75 nəfər) köçürülməsi təmin olunub. 25 hektar ərazini əhatə edən kənddə 13 ikiotaqlı, 28 üçotaqlı, 14 dördotaqlı və 4 beşotaqlı fərdi ev tikilib. Kənddə 132 yerlik orta məktəb, 50 yerlik uşaq bağçası da inşa olunub. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün istirahət parkı və müxtəlif uşaq meydançaları yaradılıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Laçına səfərləri tarixi hadisədir.
14 fevral 2021-ci il tarixli səfərində  Güləbird kəndində Azərbaycan bayrağını ucaldıb. Su elektrik stansiyasının açılışını edib.
16 aqust 2021-ci il tarixli səfərində Laçın Beynəlxalq Hava Limanının təməlqoyma mərasimində iştirak edib.
26 iyun 2022-ci il tarixli səfərində  Kəlbəcər-Laçın avtomobil yolunun inşası prosesi ilə, “Qorçu” elektrik yarımstansiyasında görülən işlərlə, “Həkəriçay” su anbarı layihəsi ilə və Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanış olub.
21 sentyabr 2022-ci il tarixli səfərində Kəlbəcər-Laçın avtomobil yolunda yeni inşa edilən tunellə tanış olub. Laçın şəhərində Azərbaycan Bayrağı ucaldılıb və Laçın şəhərində inşa ediləcək “Laçın” qovşaq yarımstansiyasının təməlqoyma mərasimində iştirak edib.
28 may 2023-cü il tarixli səfərində Laçın şəhərinin Baş planın təqdimatı və Laçın şəhərinə köçmüş sakinlərlə görüşü olub.
25-26 avqust 2023-cü il tarixlərində “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışında ştirak edib.
Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə, Kəlbəcər–Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində görülən işlərlə tanış olub. Mehmanxana kompleksinin təməlqoyma mərasimində iştirak edib.
Laçın rayonunun sənaye zonasında mebel fabrikinin, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra, “Həkəri Balıq Təsərrüfatı”nın açılışında iştirak edib.
Laçının Zabux kəndində görülmüş işlərlə tanışlıq və sakinlərlə görüşüb və Mənzərəli terrasda və Bayraq Meydanının qarşısında keçirilən “Laçın Şəhəri Günü” bayram şənliklərində iştirak edib.
10 may 2024-cü il tarixli səfərində Laçın rayonunun Sus kəndində görülmüş işlərlə tanışlıq və sakinlərlə görüşüb və  “AzərEnerji” ASC-nin “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyalarının (KSES) açılışında iştirak edib.



Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff