booked.net

Azərbaycanın iştirakı olmadan regionda hansısa layihənin həyata keçirilməsi mümkünsüzdür


Ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində getdikcə daha da qüdrətlənən bir ölkəyə çevrilib. Torpaqlarımızın işğaldan azad edilməsi isə respublikamızı böyük investorlar üçün daha cəlbedici edir. Çünki bu ərazilərimizin böyük iqtisadi potensialı və təbii ehtiyatları var: bu ərazilər həm yerli və xarici investisiyaların cəlbi, həm də əhalinin məşğulluğunun təmin edilməsi baxımından dövlət siyasətinin bir parçası olacaq. Azad edilən rayonlar işğaldan əvvəl üzümçülük, pambıqçılıq, taxılçılıq, heyvandarlıq sahəsində xüsusi paya malik idi. Bu ərazilərin aqrar istehsal və ixrac potensialı kifayət qədər böyükdür. Xüsusilə Şuşa, Füzuli, Kəlbəcər və Zəngilan əraziləri böyük turizm potensialına malikdir. Dünyanın ən qədim insan məskənlərindən olan Azıx mağarasının Füzuli rayonu ərazisində yerləşməsi də ölkə turizminin inkişafında əhəmiyyətli rol oynaya bilər. Yaxın zamanlarda Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” adlı iki su elektrik stansiyasının inşa edilməsi planlaşdırılıb və bununla işğaldan azad edilən ərazilərin elektrik enerjisi ilə fasiləsiz təminatına imkan yaranacaq.
-İnşa olunan yollar bölgənin inkişafını sürətləndirəcək və regionun tranzit əhəmiyyətini artıracaq.
2021-ci il fevralın 26-da cənab prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bildirdi ki, işğaldan azad olunmuş torpaqlara yolların çəkilməsi, infrastrukturun yenidən bərpa olunması yolunda addımların artıq başlanıb. İnşa olunan yollar bölgənin inkişafında əhəmiyyətli rol oynayacaq. Aeroport ilə yanaşı Şuşa şəhərinə iki avtomobil yolu çəkilişi sürətlə davam etdirlir. Həmin yollardan birinin adı “Qələbə yolu”dur. Nisbətən Aran ərazidən keçən digər yol da aeroportdan birbaşa gediş-gəlişi təmin etmək üçün nəzərdə tutulub. Bu da xaricdə yaşayan azərbaycanlılar, həmçinin digər ölkələrin vətəndaşları Qarabağa gəlməyinə imkan verəcək. Bu layihələrin reallaşması regionun tranzit əhəmiyyətini də xeyli artırmış olacaq.
Azərbaycan Qarabağ regionunda böyük iqtisadi layihələr həyata keçirmək əzmindədir. Bunun üçün dövlətimizin kifayət qədər vəsait var.
Ermənistan işğalından azad olunmuş torpaqlarımızda həyata keçirilən bərpa və quruculuq layihələri ölkəmizin yaxın illərdəki sosial iqtisadi inkişafına böyük təkan verəcək. Sözsüz ki, həmin layihələrə həm dövlət, həm də özəl sahibkarlar tərəfindən milyardlarla dollarlıq sərmayə yatırılmalıdır.
Yalnız bir fakt: İşğaldan azad edilmiş Ağdam şəhərinin xarabalıqları üzərində yenisinin inşası perspektivini nəzər salsaq, bu mənzərə bir qədər də aydın görünər. Dövlət başçısı qeyd edir ki, müharibədən əvvəl orada təqribən 40 minə yaxın insan yaşayırdı. İndi əhalinin sayı artıb, olub 50 mindən çox. Odur ki, 50 minlik, bəlkə də 70 minlik bir şəhər planlaşdırılmalıdır, infrastruktur yaradılmalıdır. Ondan sonra binalar inşa edilməlidir, o cümlədən məktəblər, xəstəxanalar. Bu, böyük bir zaman tələb edir. Azərbaycanın yarışacağıəsas tərəf müqabili zamandır.
Sözsüz ki, bütün güclərin səfərbər edildiyi və dövlət başçısının qətiyyəti qarşısında bu zaman kəsiyi heç də uzaq görünmür.
Azad edilmiş torpaqlarımızda bərpa işlərinin aparılmasının sürətləndirməsi üçün dost ölkələrdən olan şirkətlər bərpa işlərinə cəlb olunması da hədəflənir.. Şəhərlərin planlaşdırılması, obyektlərin, o cümlədən infrastruktur obyektlərinin, yolların, körpülərin, elektrik stansiyalarının tikintisi ilə bağlı sifarişlər artıq edilib. İşin həcmi çox böyükdür. 10 min kvadrat kilometrdən çox ərazi azad edilib. Buna görə Azərbaycanın bütün dostları üçün kifayət qədər işin olduğu vurğulandı. Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib. İndi əcnəbi investorlar Azərbaycana daha fəal şəkildə sərmayə qoyacaqlar. Hamı başa düşür ki, hərbi əməliyyatların yenidən başlanması riski sıfra endirilib.
"Azərbaycanın Ermənistan üzərində şanlı qələbəsindən sonra Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı".
"Dağlıq Qarabağ münaqişəsi" tarixdə qaldı və ölkəmiz 30 ildən çox erməni vandalizminin qurbanı olan əzəli yurd yerlərimizi dirçəltmək haqqında düşünür. Torpaqlarımızın minalardan təmizlənməsi ilə yanaşı, artıq müəyyən ərazilərimizdə kənd təsərrüfatı işlərinə başlanıb.
Bölgədə yaxın vaxtlarda kənd təsərrüfatı sahələrinin daha da genişləndirilməsi, turizm, mədənçilik, tikinti materialların istehsalı, yük daşımaları kimi xeyli mənfəət potensialına malik sahələrdə layihələrin icrasına başlanması nəzərdə tutulur.
Azərbaycan Avrasiyada enerji təhlükəsizliyini təmin edən mühüm tərəfdaş ölkədir. Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də istismara verildi. Yeddi ölkəni birləşdirən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizi dünyanın ən böyük enerji infrastrukturu layihələrindən biridir.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir və ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Biz öz tərəfdaşlarımızla birgə Azərbaycanın nəqliyyat infrastrukturunu Lapis Lazuli nəqliyyat dəhlizi ilə birləşdirdik və nəqliyyat sahəsində çoxtərəfli əməkdaşlıq üçün geniş imkanlar yaratdıq.
İqtisadiyyatımızın 2020-ci ildə də dayanıqlılığını qoruyub saxlaması çox müsbət göstəricidir. Sözsüz ki, azad edilmiş ərzilərimizin bərpa olunması yeni iqtisadi imkanlar yaradacaq. Həmin ərazilərimizin zəngin flora-faunası, yeraltı və yerüstü resursları iqtisadiyyatımıza böyük dividentlər gətirəcəyi şübhəsizdir. Quruculuq işləri həyata keçiriləndən, insanlar o torpaqlara qayıtdıqdan, torpaqların əkilib-becərilməsindən, sosial-iqtisadi infrastrukturun yaradılmasından sonra biz həmin bölgələrin inkişafına nə qədər böyük təkan verəcəyinin, müsbət təsir göstərəcəyinin şahidi olacağıq.
Azad edilən ərazilərin bərpası və inkişafı istiqamətində dövlət tərəfindən həyata keçiriləcək tədbirlər və həmin rayonların iqtisadi
potensialı ölkəyə, xüsusilə də qeyri-neft sektoruna yeni yerli və xarici investisiyaların cəlb olunmasına da zəmin yaradacaq.
İndi xarici investorlar Azərbaycana daha fəal şəkildə sərmayə qoyacaq. Çünki artıq hərbi əməliyyatların yenidən başlanması riski yoxdur. Prezident İlham Əliyev bildirib ki, Azərbaycana gəlincə, bizim tərəfimizdən heç bir təcavüzkar hərəkətlər olmayacaq. İrimiqyaslı layihələr, sözsüz ki, böyük maliyyə vəsaiti tələb edir. Ən maraqlı və ürəkaçan fakt budur ki, həmin layihələrin reallaşdırılmasında iştirak etmək üçün dünyanın çox sayda investorları indidən ölkəmizə müraciət edirlər.
Mətbuat konfransından bəlli oldu ki, bərpa işləri sistemli və planlı şəkildə aparılacaq. Sözsüz ki, icra olunacaq layihələr bir neçə milyard dollar vəsait tələb edəcək. Üç hava limanı inşa edilir. 100 kilometrlərlə dəmir yolu çəkiləcək. Bəlkə minlərlə kilometr avtomobil yolu çəkiləcək, həm şəhərlərarası, həm kəndlərarası. Bütün kəndlərə asfalt yol çəkiləcək. Bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr bu ilin sonuna qədər icra ediləcək. Ondan sonra içməli su və bununla bağlı işlər, kənd təsərrüfatı işləri, ondan sonra bir milyon insanı ora qaytarmaq üçün nə qədər inşaat işləri aparılmalıdır. Məktəblər, xəstəxanalar, idman kompleksləri, mədəniyyət ocaqlarının tikilməsinin nəzərdə tutulur.
Dövlətimiz bütün bu böyük işlərin, irimmiqyaslı alyihələrin reallaşdırılması üçün lazım olacaq vəsaitin ayrılmasında qərarlıdır.
Qarabağın çoxşaxəli iqtisadi potensialı mövcuddur.
İşğaldan azad edilmiş torpaqların iqtisadi potensialı geniş və çoxşaxəlidir. Bu torpaqlar üzümçülük, tütünçülük, pambıqçılıq, baramaçılıq, meyvə-tərəvəz, bostançılıq və heyvandarlığın inkişafı üçün olduqca yararlıdır. Füzuli, Ağdam rayonları işğaldan əvvəlki dövrlərdə pambıq, taxıl, üzüm istehsalına görə ölkədə aparıcı rayonlar sırasında idilər. Cəbrayıl, Qubadlı, Zəngilan rayonları da üzümçülükdə fərqlənirdi. Laçın, Kəlbəcər, Qubadlı və Zəngilanda
heyvandarlıq çox inkişaf etmişdi. Göründüyü kimi, işğaldan azad edilən ərazilərimizin təbii imkanları, kənd təsərrüfatı potensialı bölgədə iqtisadiyyatın daha tez bərpa olunmasına şərait yarada bilər.Buna əsasən Müvafiq işlərin görülməsi artıq başlanıb və 7 min hektardan çox ərazidə payızlıq buğda əkilib. Qarabağ ərazisi bərpa olunan enerji resursları ilə zəngindir.
Qarabağ Azərbaycanda yerli su ehtiyatlarının formalaşdığı əsas rayonlardan biridir.
Füzuli rayonunda beynəlxalq hava limanının inşası, yaxın gələcəkdə istifadəyə verilməsi işğaldan azad edilən ərazilərin inkişafı baxımından vacib layihələrdən hesab olunur. Bu, xüsusən də Yuxarı Qarabağ və işğaldan azad edilən digər rayon və şəhərlərə xarici turistlərin gəlməsi baxımından əlverişlidir. Həmçinin, Füzulidə hava limanının inşa edilməsi imkan verəcək ki, turistlər daha sərfəli, qısa yolla birbaşa işğaldan azad edilən ərazilərimizə getsinlər.
Füzuli rayonu həm də Yuxarı Qarabağa gedən nəqliyyat qovşaqları üzərindədir. Nəticə etibarı ilə hava limanı həm də Naxçıvanla Azərbaycanın qərb bölgələrini birləşdirəcək dəhlizin daha səmərəli istifadəsinə imkan verəcək.
Aeroportların tikilməsi təkcə Füzuli şəhəri ilə məhdudlaşmır. Zəngilanın çox mühüm logistika mərkəzinə çevriləcəyini nəzərə almaqla Laçında və Zəngilanda da aeroportların tikilməsi planlaşdırılır.Bu il ərazilərin bərpası üzrə kifayət qədər geniş xüsusi investisiya proqramı təsdiq edilib. Bağlanmış müqavilələr əsasında ilk ödənişlər də edilib.
Qarabağın böyük kənd təsərrüfatı potensialı var.
İşğaldan azad edilmiş ərazilərdə indi artıq kənd təsərrüfatı fəaliyyətinə də başlanıb, 7 min hektardan çox ərazidə payızlıq buğda əkilib. Bunun üçün əvvəlcə ərazi minalardan təmizlənib. Bu sahədə də Azərbaycan geniş beynəlxalq əməkdaşlığa hazırdır və müxtəlif şirkətlərdən çoxlu təkliflər daxil olur. Müəyyən iş növləri barədə müxtəlif ölkələrdən sifarişlər alınır. Bunlar şəhərlərin planlaşdırılması, obyektlərin, o cümlədən infrastruktur obyektlərinin, yolların, körpülərin, elektrik stansiyalarının tikintisi ilə bağlıdır.
-Qarabağ alternativ enerji mənbəyinə çevriləcək: Qarabağ “yaşıl enerji” zonasıdır.
Prezident İlham Əliyev hələ müharibədən əvvəl iki iri beynəlxalq şirkətin ümumi həcmi 440 meqavata bərabər günəş və külək elektrik stansiyaları tikintisinə sərmayə yatırması barədə müqavilələr imzalandığını və azad edilmiş ərazilərdə də bunun üçün yaxşı imkanlar olduğunu xatırladaraq dedi: “Kəlbəcər-Laçın zonasında külək stansiyaları, çünki orada çox güclü küləklər olur, Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları, çünki orada günəş şüalarının il ərzində miqdarı da çox böyükdür və əgər belə demək olarsa, günəş şüalarının keyfiyyəti də buna imkan verir. Beləliklə, bu gün Azərbaycanın müvafiq strukturlarına əcnəbi tərəfdaşlarla bu məsələlər üzərində işləmək tapşırığı verilib. Yəni bu, çox böyük perspektivə malikdir.
Qarabağ artıq “yaşıl enerji” zona elan edilib. Bunun üçün, ilk növbədə, investorların həmin sahəyə yatırım qoyacağı gözlənilir.
Qarabağ regionun müasir və ən inkişaf etmiş ərazisinə çevriləcəkdir
Prezident İlham Əliyevin yanvarın 4-də imzaladığı sərəncamla işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradılıb.
Sənəddə deyilir: “İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması istiqamətində hər bir şəxsin göstərəcəyi dəstək tarixi qələbəmizə, qüdrətli və güclü Azərbaycan naminə milli birlik ideyasına, suveren və təhlükəsiz yaşamaq məqsədimizə mühüm töhfə olacaq. Bu sahədə bütün potensialın fədakarlıqla səfərbər edilməsi ölkəmizin inkişafında birgə uğur salnaməsi yaradaraq qələbəmizi daha da parlaq edəcəkdir”.
İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturun yaradılması məqsədilə 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait ayrılıb. Artıq iki ayda görülən işlər və büdcədən ayrılan vəsait göstərir ki, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması üçün böyük siyasi iradə var.
Azərbaycan öz ərazilərinin xeyli hissəsini həm hərbi, həm də sülh yolu ilə qaytarıb. İndi həmin ərazilərin bərpa edilməsi, köçkünlərin qaytarılması və bu insanların normal həyatının təmin edilməsi əsas vəzifə kimi nəzərdə tutulur. Bu, şəraitdən, strateji planlardan asılı olaraq mərhələli şəkildə həyata keçiriləcək. Şəhərlərin və kəndlərin inkişafının baş planlarının tərtib edilməsi prosesi artıq başlanıb. Vətəndaşların qayıtması üçün əsas mərhələlər bunlardır. Pilot layihələrin icrası da başlanıb. Bir layihə - “ağıllı kənd” layihəsi artıq icra olunur. 30 il ərzində öz torpaqlarından qovulmuş insanlar üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaradılacaq. Dövlətimizin qayğı və diqqəti sayəsində onların layiqli və rahat yaşaması, çalışması üçün bütün şərait yaradılacaq.
Azad edilmiş torpaqlarda “Ağıllı kənd” layihəsinin icrası. əsasən 5 komponent üzrə aparılacaq. Bunlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir.
Bu yeni layihə artıq reallaşmaqdadır. Zəngilan rayonunun üç kəndində - Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçiriləcək. Cari ilin sonuna qədər layihə tam başa çatacaqdır. Orada təqribən 1000-ə yaxın insan yerləşəcək. Lazımi infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək və insanlar oraya qayıdacaqlar.
Prezident İlham Əliyev azad edilmiş torpaqlarda böyük iqtisadi layihələrin icra olunacağı barədə danışarkən vurğulamışdır ki, infrastruaktur yaradılmalı, binalar inşa edilməlidir, o cümlədən məktəblər, xəstəxanalar tikilməlidir.
Yaxın pespektivdə minlərlə kilometr avtomobil yolları çəkiləcək, elektrik enerjisi ilə bağlı layihələrin bu ilin sonuna qədər icra edilək, eyni zamanda içməli su, kənd təsərrüfatı və inşaat işləri də aparılacaq.
Dövlət başçısı bu sahədə əsas vəzifənin həmin ərazilərin bərpa edilməsi, keçmiş köçkünlərin qaytarılması və bu insanların normal həyatının təmin edilməsi olduğunu qeyd etmişdir. Bildirmişdir ki, bunu şəraitdən, strateji planlardan asılı olaraq mərhələli şəkildə etmək lazımdır.
Dövlətin 2,2 milyard manat investisiyası bir başlanğıcdır. Qarabağın bərpası barədə təklif edilmiş investisiya proqramından bu il həyata keçiriləcək layihələrdən təxminən bir milyard manatı praktik olaraq paylanıb. Layihələr infrastruktur layihələridir, onlara vəsait ayrılır. Bu, elektrik enerjisi, yollar, dəmir yolları, minalardan təmizləmə və sairə sahələrdir.
Biz əminik ki, İlham Əliyev cənablarının apardığı bu siyasət işğaldan azad olunmuş ərazilərin bərpası, yenidən qurulacaq şəhərlərin, rayonların sülh və əmin-amanlıq, eləcə də əməkdaşlıq şəraitində inkişafı təkcə regionumuz üçün yox, dünya ölkələri üçün bir örnək olacaq.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff